22.10.2020

Heydər Əliyev: "Mənim dövrümdə Ermənistana bir qarış da torpaq verilməyib!" - TARİXİ MÜSAHİBƏ

Azərbaycanın 20-ci əsrin ikinci yarısını əhatə edən tarixinə öz möhürünü vurmuş, ölkəmizə üst-üstə 23 il rəhbərlik etmiş Heydər Əliyevin 1990-cı ildə verdiyi müsahibəni ixtisarla sizə təqdim edirik.
Tanınmış jurnalist, mərhum Elmira Əmrahqızına (Əhmədovaya) verilmiş müsahibə 1990-cı ildə "Ulduz" jurnalının 6-cı sayında çap olunmuşdur.

 Əziz oxucu! Sənin mühakimənə təqdim etdiyim bu materialın dərin məsuliyyətini yaxşı başa düşürəm. Çünki oxuyacağınız bu müsahibə hər şeyi həqiqətin və yenə də həqiqətin tərəzisində ölçmək baxımından çox vacibdir. Bu sətirləri yazarkən mənə elə gəlib ki, xalqımıza hava, su, işıq kimi gərək olan həqiqətin arxasınca gedirəm və nağıllarda təsvir olunan yolayrıclarında qalmışam. Gah ağ qoçun, gah da qara qoçun tərkindəyəm. Çünki müsahibim olan adama bizim münasibətimiz belə olub. Gah işıqlı, gah zülmətli... Və bu qaranlıqla işıq bizim xalqın qərarında, hökmündə yanbayan yaşayıb. Ona ovuclarımız ağrıyana qədər əl çalmışıq, qədərin çərxi dönəndə isə arxasınca qələm çalmışıq...

- Faciəli yanvar hadisələrindən xeyli keçməsinə baxmayaraq, xalqın çöhrəsindən matəmin izləri çəkilmir. Yəqin ki, uzun müddət də getməyəcək. Bu ağır dəqiqələrimizdə nə demək istərdiniz?
- Ən əvvəl onu demək istərdim ki, Azərbaycanda bu iki ildə vəziyyətin son dərəcə mürəkkəbləşməsi məni çox narahat edir, incidir. Bu, mənim üçün əsl faciədir. Ancaq təəssüf ki bəzi səbəblərə görə bu işlərə qarışmamışam. Yanvarda vəziyyətin daha böhranlı hala düşməsi mənə məlum idi. Böyük intizar və narahatlıq hissi ilə yaşayırdım. Ancaq yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana Sovet ordusunun böyük qoşun hissələrinin göndərilməsi və bunun ucbatından xalqımın böyük qurbanlar verməsi, günahsız adamların qətlə yetirilməsi məni son dərəcə ağrıtdı. Onu da qeyd edim ki, Azərbaycanda başlanan xalq hərəkatı və onun qaldırdığı bəzi çox ciddi problemlər respublikanın keçmiş rəhbərliyini çox narahat edib və bu məsələləri mənim adımla bağlamağa çalışıb, bu da tam yanlışdır. Mənim Xalq Cəbhəsi ilə heç bir əlaqəm olmayıb, rəhbərləri ilə tanış deyiləm. Bu illərdə çalışmışam ki, respublikanın heç bir işinə qarışmayım. Lakin yanvar hadisələrindən bir gün qabaq mənə ittifaq rəhbərliyindən belə bir təklif gəldi ki, Azərbaycanda vəziyyət çox pisləşib, mənim öz imkanlarımdan istifadə etməyimə böyük ehtiyac var ki, gərginlik aradan götürülsün. Yuxarıdan aldığım bu təklifdən sonra çox fikirləşdim, hətta Azərbaycan xalqına böyük bir məktub da yazdım. Gecəni isə yatmadım, demək, mənə müraciət ediblər, demək, mənim doğma respublikama, xalqıma köməyim dəyə bilər. Ancaq təəssüf ki, bu söhbət yanvarın 19-da olub. 20-də bildim ki, Bakıda böyük faciə baş verib. Belə bir halda heç bir tədbir görə bilməzdim. Mən özüm üçün onu borc bildim ki, bir azərbaycanlı kimi, respublikanın keçmiş siyasi rəhbəri kimi bu hadisələrə öz fikrimi bəyan edim. O vaxt Moskvadan uzaqda sanatoriyada müalicə olunurdum. Onu da bilirdim ki, fikrimi bəyan etməyim mənə çox ağır oturacaq. Ancaq buna baxmayaq yanvarın 21-də, Moskvada respublikanın səfarətxanasına gəldim, mətbuat konfransında çıxış etdim.

- Azərbaycanda baş vermiş həmin hadisələrə necə siyasi qiymət verərdiniz?
- Yanvarın 21-də Azərbaycanın səfarətxanasında öz fikrimi açıq dedim və yenə təkrar edirəm: ölkənin siyasi rəhbərliyi tərəfindən görülmüş bu tədbir düzgün deyildi. Buna etirazımı bildirim. Belə hesab edirəm ki, gərək vəziyyət bu dərəcəyə catdırılmayaydı. Bu gərginlik bir gündə yaranmayıb, Azərbaycanda, Ermənistanda, DQMV-də aylarla, illərlə gedən proseslər gətirib buna çıxarmışdı. Gərək respublika rəhbərliyi, xüsusən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Vəzirov, ittifaqın rəhbərliyi bu proseslərin qarşısını vaxtında alaydı ki, hərbi aksiyaya yol verilməyəydi. Azərbaycana qoşun göndərilməsi, çoxlu insan tələfatı bizim Konstitusiya əleyhinə, demokratiya əleyhinə olan addımdır. Biz ölkədə hüquqi dövlət yaradırıq, lakin eyni anda hüquqi dövlətə uyğun olmayan hərəkət edirik. Bu tədbiri pislədiyimə görə təəssüf ki, mənim üstümə hücumlar artdı. Fevralın 4-də “Pravda” qəzeti “Aliyevşina ili plaç po sladkomu vremeni” adlı başdan-ayağa quraşdırma, böhtan, əsası olmayan bir məqalə dərc etdi.

- Müəllif Əfəndiyev bütün respublika qəzetlərində belə bir məqalə yazmaması və ona imza atmaması barədə bəyanat vermişdir...
- Elədir. Müəllif mənə fevralın 6-da, 8-də, 10-da öz dəst-xətti ilə yazılmış üz fototeleqram göndərib, o teleqramlarında məndən üzr istəyib yazır ki, bu, böhtandır. O "Pravda" qəzetinə də eyni məzmunlu teleqram göndərib. Mən qəzetin redaktoru Frolova teleqram vurub tələb etdim ki, bu məqalə barədə öz fikrimi izah etməyə imkan versinlər. Sonra telefonla da danışdım. O mənə dedi ki, hələ məsələni aydınlaşdırmamışam, bizim müxbir Bakıdan qayıdıb, hər şeyi aydınlaşdırıb sizə məlumat verərik. Artıq bir ay keçməsinə baxmayaraq, səs-soraq yoxdur. Bu necə demokratiyadır, necə aşkarlıqdır? Bütün bunlar da məni çox incidir.

- Yalanı da "Pravda" qəzeti danışır...
- Bəli, adı "Pravda" qəzetidir, özü isə yalan danışır. Başa düşdüm ki, mənim başıma bir toxmaq vurdular, yəni sən səsini çıxartma! Lakin mən səsimi çıxardıram. Çünki xalqım belə ağır vəziyyətdə olan vaxtda mən səsimi boğa bilmərəm. Baxmayaraq ki, nə səhhətim yaxşı deyil, nə də ətrafımdakı siyasi iqlim. Ancaq bunların heç birinə baxmayaraq, nə qorxuram, nə də çəkinirəm. Mən həqiqət yolunda, ədalət yolunda həmişə çalışmışam və bu yoldan heç vaxt geri dönməyəcəm. Respublikada yaşamasam da, xalqımlayam, ürəyim xalqımın ürəyi ilə bir vurur. Ən böyük arzum budur ki, tezliklə bu bəlalardan qurtaraq.

- Respublikamızda son ildə gərginləşən milli konflikt çoxdan başlayıb. Qonşularımız bəlkə də 10-20 il buna hazırlıq görüblər, Azərbaycana qarşı xüsusi provokasiya və təcavüz planları hazırlayıblar. Sizin bunlardan xəbəriniz olubmu və heç olmasa, qapı arxasında bu məsələlər müzakirə olunubmu?
- Bilirsiniz, erməni millətçiləri DQMV-nin Ermənistana verilməsini həmişə öz niyyətlərində tutublar. Xatirimdədir, 1966-cı ildə Azərbaycanla Ermənistanın sərhəd rayonlarında torpaq məsələləri çox kəskin vəziyyət almışdı. O vaxtlar Ermənistan KP MK-nın birinci katibi Koçinyan idi. Belə bir fikir də yaranmışdı ki, bu məsələyə yuxarıda baxılsın. Mən o vaxtlar MK-da işləmirdim, dəqiq deyə bilmərəm. Zənnimcə, bu işə Brejnev qarışıb demişdi ki, bu məsələni qaldırmaq olmaz. Bəzi tarixi materiallardan bilirəm ki, 1948-ci ildə böyük bir qrup azərbaycanlı məcburən Ermənistandan Azərbaycana köçürülüb. Bu, səhv siyasət olub, təəssüf ki həmin haqsızlığa o vaxtkı Azərbaycan rəhbərləri də razılıq veriblər və bunun nəticəsində Ermənistan ərazisində əsrlər boyu yaşamış adamlar yurdlarından qovulub Azərbaycanın əsasən səhra rayonlarında, olduqca ağır iqlim və həyat şəraitində yaşamağa məcbur olmuşlar. 1948-49-cu illərdə Ermənistan rəhbərliyi DQMV-nin Ermənistana verilməsi məsələsini də qoymuşlar, ancaq buna Azərbaycan rəhbərliyi lazımi cavabı vermişdi. Ədalətlə demək lazımdır ki, Moskvanın o zamankı siyasi rəhbərliyi də həmin iddianın ziyanlı və lüzumsuz olduğunu bildirmişdi. Məsələ bununla bitmişdi. 1960-cı ildə Ermənistan KP MK-nın birinci katibi Koçinyan başda olmaqla bəzi millətçi ruhlu ziyalılar, yazıçılar bu məsələni yenidən qaldırmışdılar və bu dəfə də Moskvada qarşısı alınmışdı. Mən işlədiyim dövrdə bilirdim ki, DQMV-də millətçilik ruhu ilə yaşayan adamlar var və onlar Ermənistandakı həmfikirləri ilə sıx əlaqə saxlayır, DQMV-nin Ermənistana verilməsi haqda öz fikirlərini həyata keçirməyə cəhd göstərirlər. Əlbəttə, bütün bunlar gizli aparılırdı. Yaxşı yadımdadır, 1973-cü ildə DQMV-nin rəhbərliyini dəyişdik, yeni rəhbərlik seçdik. Qeyd edim ki, DQMV-nin yeni rəhbərləri belə fikirlərin inkişafına yol vermirdilər. Birinci katib seçiləndən bir ay sonra, 1969-cu ilin sentyabrında Ermənistan KP-nin birinci katibi Anton Koçinyana zəng edib, onunla görüşmək istədiyimi bildirdim. Görüşümüz Qazax rayonu ilə İcevan rayonunun sərhədində oldu. Mən məsələni qəti qoydum və Koçinyana təklif etdim ki, Ermənistandakı millətçi adamları öz ərazi iddialarından çəkindirmək üçün əməli, konkret işlər görsün. Zənnimcə o görüşümüz səmərəli oldu. Çünki sonrakı dövrlərdə respublikalarımız arasında bizi narahat edən məsələlər baş vermədi. 1975-ci ildə DQMV-nin plenumunda vilayət partiya komitəsinin katibi Gevorkov beynəlmiləlçilik tərbiyəsinə həsr etdiyi məruzəsində bəzi millətçi ünsürləri tənqid etmiş, o cümlədən Ermənistandakı millətçi ruhlu adamların DQMV-də sabitliyi pozmağa çalışdıqlarına dair konkret faktlar gətirmiş, indi hamı üçün öz çirkin əməlləri ilə məşhur olmuş Zori Balayanın adını çəkmiş, daşnak Andronikin xalq qəhrəmanı kimi təbliğ olunmasını tənqid etmişdi. Məhz buna görə də millətçi ünsürlər yenidən baş qaldırdı və ilk növbədə Gevorkovun, eləcə də DQMV partiya komitəsinin əleyhinə cürbəcür hərəkətlər başlandı. Moskvaya, başqa yerlərə teleqramlar vuruldu, vəziyyət gərginləşdi. İki ay sonra Moskvada Dəmirçyanla görüşüb dörd saat söhbət etdik. Ona bildirdim ki, DQMV-nin problemlərini vilayətin və Azərbaycanın rəhbərliyi həll etməlidir, Qarabağın işlərinə ayrı-ayrı şəxslərin qarışması ümumi münasibətimizə ancaq ziyan vurar və biz buna yol verə bilmərik. Bu dəfə yenə ara sakitləşdi.

- Qarabağdan başqa da onların ərazi iddiaları olub. Axırıncı dəfə Qazax rayonunun xeyli sərhəd torpağı verilib. Bu barədə siz nə deyə bilərsiniz? Heç olmasa, sonuncu torpaq iddiasına təsir göstərə bilərdinizmi?
- Bu suala cavab verirəm. Ancaq əvvəlcə bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Mən 1987-ci ilin may ayında xəstələndim. Sağalandan sonra bir-iki ay işlədim. O dövrdə Ermənistandan bir məktub aldım. Müəllifi Qarabağ cəmiyyətinin rəhbərlərindən olan İqor Muradyandır. Təəssüf, məktub yanımda deyil. Bu, həyasız bir adam tərəfindən yazılmış məktubdur. Məktubda mən təhqir olunuram, hədələnirəm. Məktub müəllifi bildirir ki, onlar mənimlə mübarizə aparacaqlar, çünki Qarabağın Ermənistana verilməsinə mane oluram. Məktubda erməni terroristləri tərəfindən öldürülmüş azərbaycanlıların və türklərin siyahısı göstərilib. O məktubu ailə üzvlərimdən başqa heç kəs görməyib. Bir neçə ay bundan qabaq Ermənistanda rus dilində çıxan "Kommunist" qəzetində Zori Balayanın "Artsaxın ağrısı və ümidi" adlı məqaləsi çap olunmuşdu. O da haqqımda çox hədyanlar yazır, Qarabağın Ermənistana verilməməsində məni günahlandırır. Məqalədə göstərir ki, o və Silva Kaputikyan mənim barəmdə Moskvaya cürbəcür məktublar göndərib. İqor Muradyan isə mənim məhkəməyə cəlb olunmağımı tələb etmişdi. Sonralar bildim ki, Moskvada işləyərkən erməni millətçiləri Balayan, Kaputikyan, Muradyan mənim haqqımda cürbəcür məktublar göndərmişlər.

- Sizin arxanızca respublikamızdan da anonim məktublar gəlib?
- Bəli, təxminən, 1986-87-ci illərdə mənim haqqımda böhtan dolu anonim məktublar respublikamızdan və Ermənistandan gəlmişdir. Və mənə sonralar aydın oldu ki, İ.Muradyan və Z.Balayan kimiləri mənim əleyhimə uzun müddət işləyiblər. Torpaqlar haqqında sualınıza cavab verim. 1969-cu il iyulun 14-dən 1982-ci ilin dekabrın 3-nə kimi Az.KP MK-nın birinci katibi olmuşam. Bu müddətdə Azərbaycan ərazisinin bir qarışı da Ermənistana verilməyib. Bu faktdır. Baxmayaraq ki, Ermənistan tərəfindən ayrı-ayrı yollarla torpaqların alınmasına cəhdlər olurdu, lakin mən bunların qarşısını həmişə almışam.

- Onlar hansı yolları təklif edirdilər?
- Açıq heç nə demirdilər. Bəzi rəhbər işçilər vasitəsilə mənə çatdırırdılar ki, biz gərək Ermənistanla Azərbaycanın xəritəsini dəqiqləşdirək. Guya burada müəyyən səhvlər buraxılıb. Mən isə hamıya deyirdim ki, bizim sərhədimiz məlumdur və heç nəyi dəyişdirməyə ehtiyac yoxdur. Yadımdadır ki, Kəlbəcər rayonu ilə sərhəddə qızıl mədəni var idi. Orada qızıl axtarmaq bəhanəsi ilə ermənilər bizim torpağa keçmişdilər. Bunu bilən kimi respublika Nazirlər Sovetinə, Kəlbəcər rayon rəhbərliyinə göstəriş verdim ki, yubanmadan onları çıxartsınlar və biz məsələni həll etdik. Ancaq siz deyirsiniz ki, mən bu torpaqların verilməsinə təsir göstərə bilərdim, ya yox?

- Qazaxda olan hadisə. Toqquşma...
- Bəli, bunu mən bildim. Eşitmişdim ki, orada ermənilər və azərbaycanlılar arasında vuruşma olmuşdur. Ancaq işin nə yerdə olduğunu, hansı tədbirlər görüldüyünü bilmədim. Bilirsiniz, mən işləyən dövrdə həm Siyasi Büroda, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində mənim öz sahəm var idi. Mənim Azərbaycandan gəlməyimə və xüsusən də Azərbaycanın işinə qarışmağıma burada çox qısqanc yanaşırdılar. İkincisi, təəssüf ki məndən sonra Azərbaycana rəhbərlik edən yoldaşlar, xüsusən Kamran Bağırov məndən məsləhət almağa özlərində ehtiyac hiss etməmişlər. Ona görə də bu işlərə qarışmamışam və qarışmağa mümkünatım da yox idi.

- Bəs Ermənistana xeyli sahənin verilməsini eşitdikdə bu sizə necə təsir etdi?
- Nə qədər sahənin verilməsini bilmədim. Onu bildim ki, Bağırovla Dəmirçyan sərhəddə görüşüb, ümumi razılığa gəliblər.

- İki il davam edən bu konflikt kəskin ziddiyyətlərə aparıb. Necə bilirsiniz, bu konfliktdən vaxtında çıxmaq olardımı?
- Qətiyyətlə deyirəm ki, bu konfliktin qarşısını almaq olardı. Hər şey Qarabağ məsələsindən başlayıb və bu fikirdəyəm ki, həmin məsələ yeni qaldırılan vaxtı Azərbaycan KP MK rəhbərliyi ciddi, qəti təbdirlər görməliydi. Ermənistan rəhbərliyi ilə sıx əlaqə saxlamalıydı, çünki məsələni qaldıran Ermənistan Respublikası olub. Bir fikirlə heç vaxt razılaşmaram ki, guya bu məsələni Dağlıq Qarabağ əhalisinin özü qaldırıb. Mən DQMV əhalisi ilə dəfələrlə görüşmüşəm, vilayətin bütün rayonlarında olmuşam, ermənilərlə də çox söhbət etmişəm. Bir nəfər də deməyib ki, Qarabağ verilsin Ermənistana. Bir faktı da xatırladım. DQMV-nin 50 illik yubileyi idi. Vilayət "Xalqlar Dostluğu" ordeni ilə təltif olunurdu, oradakı çıxışımda dediyim bir cümləni erməni millətçiləri indi də bağışlaya bilmirlər. Mən bəzi əhval-ruhiyyələri hiss edərək demişdim ki, “DQMV Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq”. Yenə təkrar edirəm, bu konflikt Qarabağ əhalisinin təşəbbüsü ilə deyil, Ermənistanda yaşayan Balayan, Muradyan kimi adamların, onların millətçi təşkilatlarının fəaliyyəti nəticəsində qalxıb və ilkin mərhələdə bu vəziyyətin qarşısı mütləq alınmalı idi. Sonra azərbaycanlılar Ermənistandan kütləvi surətdə didərgin salındılar. DQMV-dən, öz doğma torpağından, Stepanakertin (indiki Xankəndi - red.) fabrik və zavodlarından qovanda da bunun qarşısını almaq olardı, çünki hələ nə Sumqayıt hadisəsi var idi, nə də böyük qurbanlar. Azərbaycan və Ermənistan respublikalarının rəhbərliyi ziddiyyətin bu dərəcəyə çatmaması üçün əməli işlər görməliydi. Bu məsələlərə SSRİ-nin siyasi rəhbərliyi də ciddi yanaşmalıydı. Təəssüf, bunlar olmamışdır. Sonra Sumqayıt baş verdi, azərbaycanlılar Ermənistandan qovuldular. 1988-ci ilin fevralında güclənən konfliktlərə, ümumiyyətlə, Qarabağ məsələsinə SSRİ Ali Soveti Rəyasət Heyəti yalnız iyun ayında baxdı. Həmin vaxt əslində nə qərar qəbul etdilər? Heç nə! Mənə elə gəlir ki, əgər konflikt başlayanda - 1987-ci ilin sonlarından ölkə rəhbərliyi “DQMV Azərbaycanın tərkibindədir və Azərbaycanın suverenliyini pozmaq olmaz!” deyə öz qəti, aydın, həlledici mövqeyini bildirsəydi, hər şeyin qarşısı alınardı, belə faciələr də baş verməzdi.

- Ümumiyyətlə, o dövrdə başlanan hadisələrin üstündən sükutla keçdilər. 1987-ci ildə Ermənistandan qovulan azərbaycanlılar haqqında nə mərkəzi, nə də respublika mətbuatı yazdı, heç özümüzünkülər də bu barədə danışmağa imkan vermədi...
- Belə hesab edirəm ki, bu, respublika rəhbərliyinin, xüsusən Vəzirovun ən böyük siyasi səhvlərindəndir. Şübhəsiz ki, həm də Sovet rəhbərlərinin siyasi səhvidir. Bir şeyə məəttəl qalıram: 200 min azərbaycanlı 2-3 gün ərzində öz yurd-yuvalarından qovalanıb töküldülər Azərbaycanın şəhər və kəndlərinə, ac-yalavac yaşayırlar. Respublika hökuməti isə buna siyasi qiymət vermir. İndi SSRİ hökuməti Azərbaycandan çıxmış ermənilərin vəziyyəti haqqında xüsusi qərar qəbul etmişdir. Bəs nə üçün o vaxt Ermənistandan sürgün olunan azərbaycanlıların aqibəti haqqında düşünülməmişdir, lazımi qərar qəbul edilməmişdir? Buna cavab tapa bilmirəm.

- Azərbaycanda gedən hadisələrin fonunda AXC hərəkatını necə qiymətləndirirsiz?
- Ölkədə cürbəcür yeni, qeyri-formal təşkilatların yaranması Azərbaycandakı ictimai-siyasi ab-havaya öz təsirini göstərmişdir. Ancaq AXC-in yaranmasının əsas səbəbi Qarabağ hadisələri olmuşdur. Həm də bu proses eyni zamanda Qarabağ hadisələrinin respublika və ölkə rəhbərliyi tərəfindən vaxtında, lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində baş vermişdir. Düzdür, mən AXC-in heç bir məramnaməsi, proqramı ilə tanış deyiləm. Moskvada yaşadığıma görə ancaq respublika mətbuatında yazılanları oxuyuram. Mənə çatan məlumatlardan onu deyə bilərəm ki, AXC Azərbaycanda böyük qüvvədir, xalqa təsir edə bilir. Onun daxili quruluşunu da bilmirəm. 20 Yanvar hadisələrindən sonra bildim ki, guya AXC-in xüsusi müdafiə komitəsi olubdur.

- Müdafiə komitəsi Qarabağın, Ermənistanla sərhəd rayonlarının qorunması üçün yaradılmışdı. Bunun Bakı hadisələrinə heç bir dəxli yoxdur...
- Mən qəzetlərdən oxuduğumu deyirəm. Hətta müdafiə naziri Yazova sual verdilər ki, nə vaxt Azərbaycandan çıxacaqsınız? O dedi ki, Azərbaycan Xalq Cəbhəsinin müdafiə komitəsinin bütün quruluşunu ləğv etməyincə biz oradan getməyəcəyik. Deyirlər, AXC-də cürbəcür qruplar, təmayüllər var. Ancaq ümumi fikrim budur: AXC Azərbaycan xalqının hüququnu müdafiə etmək üçün böyük qüvvədir. Mənə elə gəlir ki, əgər AXC olmasaydı, Azərbaycanın suverenliyinin qorunması çətin olardı. Təəssüf ki, respublikanın siyasi rəhbəri Azərbaycanın suverenliyi haqqında heç düşünmürdü. Mənə məlumat çatdı ki, Şuşanın yaxınlığında Topxana meşəsi dağıdılıb. Ora Yerevandan çoxlu inşaat materialları gətirilib və zavod tikintisinə başlanır. Bu məsələni də AXC qaldırıb. Bəs respublika rəhbərliyi bunun qarşısını vaxtında niyə almayıb? Rəhbərliyin Topxananın dağılmasına biganə yanaşması məni çox narahat etdi. AXC-nin vaxtında gördüyü işlər nəticəsində Topxana meşəsinin yerində zavod tikilməsi ləğv olundu. Xalq Cəbhəsi öz nüfuzunu göstərdi və sübut etdi ki, respublika hökumətindən daha çox AXC xalqın suverenliyini, tarixini, ənənəsini, abidələrini qorumaq fikrindədir. Əgər AXC belə bir məramla çıxış edirsə, bunu ancaq alqışlamaq lazımdır.

- Sizcə, Azərbaycan öz gələcəyi üçün hansı yolu seçməlidi?
- Bunu gərək Azərbaycan xalqının özü təyin etsin.

- Respublikada sizi istəyənlər də, istəməyənlər də güclü bir şəxsiyyət olduğunuzu etiraf edirlər. Son illər istər mətbuatda, istərsə camaatın söz-söhbətində tənqidlərə məruz qalırsınız. Bu tənqidlərin içərisində haqlı da var, haqsız da var...
- Ədalətsiz, böhtan xarakteri daşıyan tənqidlər son iki ildə baş vermişdir. Əlbəttə, bu, ayrı-ayrı şəxslərin işidir. Onlar bir para jurnalistləri ələ alıb, cürbəcür vasitələrlə belə məqalələrin yazılmasına və çap olunmasına nail olurlar. Elə götürün “Pravda” qəzetindəki məqaləni. O məqalənin bütün məzmununa baxanda başa düşə bilmirəm, axı mənim günahım nədədir? Təəssüf ki, o adamlar başa düşmürlər ki, məni ləkələməklə xalqın tarixinin böyük bir hissəsini ləkələyirlər. Həqiqət gec-tez öz yerini tapacaq. Bu böhtanlar, quraşdırmalar görülən işlərin mahiyyətini itirə bilməz. Şübhəsiz ki, o dövrdə mənim şəxsi fəaliyyətimdə, respublika partiya təşkilatının fəaliyyətində müxtəlif səhvlər olubdur. Bəzilərini düzəltmişik, bəzilərini yox. Qalanlarını sonradan gələnlər düzəltməli idilər. Bu, dialektikanın qanunudur. Ümumiyyətlə, mənim dövrüm tərəziyə qoyulsa, müsbət qiymətləndirilməlidir. Bunu tarix göstərəcək. Tarix hər şeyi öz yerinə qoyacaq.

- Brejnevin Bakıya gəlməsi ilə bağlı təntənəli qəbullar, ona bağışladığınız qiymətli, brilyant qaşlı üzük, onun şərəfinə tikilmiş dəbdəbəli saray barədə nə deyə bilərsiniz?
- Burada da çox böhtanlara yol verilib. Birincisi, Brejnevin təntənəli qəbul məsələsi. Gəlin açıq danışaq. O dövrdə harada Brejnevi təntənəsiz qəbul edirdilər? Brejnev gedirdi Bolqarıstana, ona BXR Xalq Qəhrəmanı adını verirdilər, gedirdi Çexoslovakiyaya, Almaniyaya, yenə həmçinin. Bu təntənələr o dövrün dəbi, ənənəsi idi. Mən bu ənənədən çıxa bilərdimmi? Ona görə yox ki, qorxurdum. Xeyr. Mən bunu təbii hesab edirdim. 1960-cı ildə Xruşşov Bakıya gəlmişdi. Mən də onun qəbulunda şəxsən iştirak edirdim. Onu daha təntənəli qəbul etmişdilər. Brejnevin getdiyi bütün respublikalardakı təntənəli qəbulların hamısında iştirak etmişəm. Hətta biz, müttəfiq respublikalar bu təntənəli qəbullar barəsində təcrübəni, bəzi təntənə elementlərini bir-birimizdən öyrənirdik, çalışırdıq ki, heç kəsdən geri qalmayaq. Bunun üçün heç kəsi günahlandırmaq olmaz. Ancaq indi belə çıxır ki, Brejnev təkcə Azərbaycanda təntənəli qəbul olunub. Bunu da bilməlisiniz ki, Brejnev şəxsiyyət kimi yox, ölkə rəhbəri kimi qarşılanırdı. Çalışırdıq ki, respublika əhalisini Rusiyaya, Ümumittifaq dövlətinə, partiyanın MK-na sədaqət ruhunda tərbiyə edək. Ona münasibət, hörmət, ehtiram onun tutduğu yüksək vəzifəyə aid idi. O ki qaldı üzüyə... Mən ona qaşlı üzük verməmişəm. Bu yalandır, uydurmadır. Brejnev son dəfə Bakıya gələndə təyyarədən düşəndə sol əlinin barmağında kişi üzüyü var idi, məndə bunu sübut edəcək fotolar var. Bu, qaşlı üzük deyildi, adi metaldan, dördbucaq formalı idi. Mən bu üzüyü onun barmağında Moskvada da görmüşdüm. O bəzən belə şeylər gəzdirirdi. Azərbaycanda Brejnevin şərəfinə saray tikilməsi məsələsi... Bu da yalandır. Azərbaycan böyük respublikadır, Bakı da böyük şəhərdir. Moskvadan, xarici ölkələrdən Bakıya çox qonaqlar – prezidentlər, baş nazirlər, krallar gəlirdilər. Lakin belə adamları yerləşdirmək üçün qonaq evimiz, rezidensiyamız yox idi. Müqayisə edin: 1970-ci ildə Azərbaycanda neçə mehmanxana var idi, 1970-1980-ci illərdə neçəsi tikilib. Yadımdadır, Azərbaycanın 50 illik yubileyini keçirəndə qonaqları yerləşdirə bilmirdik. Bir dəniz kənarında "İnturist", Salyanski kazarmanın yanında isə "Naxçıvan" mehmanxanaları var idi. 2-3 il çətinlik çəkdik. Lenin meydanındakı “Azərbaycan” və “Abşeron”, vağzalın üstündəki “Qarabağ” və başqa mehmanxanalar tikildi. Mən çox ölkələrdə oldum. Qara dəniz sahillərindəki cürbəcür mülkləri gördüm. Bizim respublikamız bu sahədə geri qalırdı, kasıb idi. Qərara gəldik ki, respublikamızda lazımi bir qonaq evi tikilsin. 1974-cü ildə Amerika prezidenti Nikson birinci dəfə idi ki, Moskvaya gəlirdi. Onun SSRİ-yə səfər proqramında Bakıya gəlişi də nəzərdə tutulmuşdu. Mənim üçün bu çox qəfildən oldu. Prezidenti yerləşdirmək üçün layiqli qonaq evinin, ya mehmanxananın olmasını yoxlamaq üçün Moskvadan, bir çox təşkilatlardan, Xarici İşlər Nazirliyindən, Dövlət Təhlükəsizlik Komitəsindən nümayəndələr gəldilər. Qayıdanda Moskvaya məlumat verdilər ki, Niksonun Azərbaycana getməsi üçün heç bir şərait yoxdur. Niksonun gəlib-gəlməməyinin mənim üçün böyük fərqi yox idi. O Bakı əvəzinə Kiyevə getdi. Lakin respublikanın rəhbəri kimi, bir azərbaycanlı kimi bu, mənə çox toxundu. Bu necə dövlətdir ki, qonaq qəbul etməyə yeri yoxdur? Odur ki qonaq evi tikməyi qərarlaşdırdıq və bu çox uzun çəkdi, çünki qonaq evinin inşasını böyük tikinti təşkilatlarına deyil, Nazirlər Sovetinin Təsərrüfat İdarəsinin kiçik inşaat trestinə həvalə etdik. Orada Brejnevdən başqa xarici ölkələrin dövlət başçıları, nümayəndələri, indiki Siyasi Büronun bir sıra üzvləri də yaşayıblar. “Brejnev üçün ev tikilib” məfhumunun özü gülünc və məntiqsizdir. Məgər Brejnev Bakıda yaşamalı idi ki, ona ev tikək? Bir də kim güman edə bilərdi ki, Brejnev Bakıya gələcək, ya gəlməyəcək? Mən çox şadam ki, o ev tikilib. O həm xarici, həm də daxili quruluşuna görə gözəl memarlıq abidəsidir. Əgər belə bir memarlıq nümunəsini Azərbaycan xalqı üçün tikib qoymuşuqsa, deməli xeyirxahlıq işi görmüşük. Bu evi mən özümə deyil, respublikama, xalqıma tikmişəm.

- Bir insan kimi arzunuz?
- Ən böyük arzum Azərbaycanın vəziyyətinin yaxşılaşmasıdır. Mənim həyatım Azərbaycanla bağlı olub. Yeddi ildir ki, Azərbaycandan kənara düşmüşəm. Respublikamızın çətin vəziyyətə düşməsi məni çox incidir. Bəlkə də indiyə kimi məni heç nə bu qədər ağrıtmayıb. İstərdim ki, tezliklə torpaqlarımızda əmin-amanlıq yaransın. Azərbaycanın suverenliyi hər yerə həkk olunsun, heç vaxt pozulmasın və xalqımızın potensial imkanlarından daha səmərəli istifadə edilsin. Başlıca arzularım bunlardır.

- Çox sağ olun. Bəlkə siz məndən elə sual gözləyirsiniz, mən onu vermədim? Belə bir sualınız varmı? Söhbətlərimizə nə əlavə etmək istərdiniz?
- Əlavəm? İstəyirəm xalqımızda birlik olsun, milli qürur hissi daha güclü olsun, tariximizi sevən, el üçün yanmış şəxsiyyətlərimizin qədrini bilək... Niyəsə yadıma Nəriman Nərimanov düşdü. 1970-ci ildə N.Nərimanovun 100 illik yubileyi ərəfəsində materiallarla tanış olanda onun həyatının son dövrlərinin nə qədər faciəli olduğu məni çox ağrıtdı. N.Nərimanovun 100 illiyi 1970-ci ildə tamam oldu, yubileyini isə 1972-ci ildə keçirdik. Soruşa bilərsiniz ki, niyə? Çünki bu yubileyi keçirmək üçün iki il mübarizə aparmaq lazım gəldi. Çünki N.Nərimanova “millətçi” damğası vurulmuşdu.

- Stepan Şaumyanın oğlu tərəfindən təqiblər olurdu?
- Məni təqib etməyə onun iqtidarı çatmazdı. Moskvada olanda Azərbaycandan çıxmış ermənilərlə, o cümlədən Şaumyanın ailəsi ilə görüşüb söhbət etmişdim, əhval-ruhiyyələrini bilmişdim. Şaumyanın ailə üzvlərinin bu barədə fəaliyyət göstərməsi haqqında məndə məlumatlar yox idi. Ancaq millətçi ruhlu ermənilər açıq yox, gizli maneələr törədirdilər, cürbəcür kanallarla Mərkəzi Komitədə elə rəy yaradırdılar ki, guya N.Nərimanov böyük səhvlər buraxıb və bu səhvlər millətçilik nəzəriyyəsindən irəli gəlib, guya o yubileyi keçirilməyə layiq şəxsiyyət deyil. Nərimanovun abidəsini qoymaq bizim üçün nə qədər çətin olub! Mənim sinəmdə çox sirlər var! Heç kəsə demədiklərimi indi sizə açıram. Qoy xalqım bilsin! Bəzilərini indi açıram. İki dəfə Suslovun, Brejnevin yanına getdim, ancaq onlara Nərimanov barədə başqa informasiyalar vermişdilər. Əjdər İbrahimov İsa Hüseynovla birlikdə “Mosfilm”də N. Nərimanova həsr olunmuş dəyərli film çəkmişdi. Bizdən qabaq həmin filmə Moskvada baxmışdılar və ermənilərin təsiri altında olan Mərkəzi Komitənin bəzi məsul işçiləri həmin filmi qadağan etmişdilər. Bir sözlə, filmi buraxmırdılar, nə yubiley keçirməyə, nə də abidəni qoymağa imkan vermirdilər. Çalışdım, mübarizə apardım, neçə adamı inandırdım və axır ki, istəyimə nail oldum. Mərkəzi Komitədə N.Nərimanovun 100 illik yubileyinin keçirilməsinə dair qərara nail oldum. “Pravda” qəzetində N. Nərimanovun 100 illik yubileyinə həsr olunmuş böyük məqaləm getdi. N. Nərimanovun yubileyini böyük təntənə ilə keçirtdik. Bakıda möhtəşəm abidəsini ucaltdıq. N. Nərimanov haqqında gözəl filmə də icazə aldıq... Təəssüf ki, Moskvada filmi müəyyən qədər ixtisar etdilər, adını da dəyişdirdilər. Əvvəl adı “Doktor Nərimanov” idi. N. Nərimanovun adı geniş yayılmasın deyə adını “Ulduzlar sönmür” qoydular. Onun ev-muzeyini yaratdıq. N. Nərimanovun yubileyinə hazırlıq dövründə biz Ulyanovsk vilayətinin rəhbərliyinə müraciət etdik. N. Nərimanov Leninin silahdaşı olduğu üçün onun xatirəsinin Leninin vətənində əbədiləşdirilməsi haqqında təklif verdik. Razılıq aldıq. 1979-cu ildə Ulyanovsk şəhərində N. Nərimanovun böyük abidəsi ucaldı. Şəhərin böyük bir prospektinə N. Nərimanovun adı verildi. Ulyanovska getdim, abidənin təntənəli açılışında iştirak etdim. Bu niyə yadıma düşdü? Mən istəyirəm ki, xalqımızda birlik olsun. Kim idi N. Nərimanovun ayağının altını qazanlar? Bizim azərbaycanlılar. Onun öz silahdaşları. Onlar (adlarını tarixçilərimiz daha düzgün deyə bilərlər) Levon Mirzoyanla, Mikoyanla, Sarkislə birləşib, Kirovu yoldan çıxarıb N. Nərimanov əleyhinə blok düzəltmişdilər. Bax, bizim xalqın ən böyük bəlası bundan ibarətdir. N. Nərimanovun Leninə məşhur məktubu çox gözəl məktubdur, tarixdə ifşaedici bir sənəd kimi qalmışdır. Sonra həmin məktubu Moskvaya gətirdim. Dedim: Burada nə var? Güman edirəm ki, tarixçilərimiz elmi surətdə tədqiq edib, ona qiymət verməlidirlər. N.Nərimanov məktubda deyirdi ki, Azərbaycan Respublikasında sosializm quruluşu gərək Azərbaycan xalqının milli xüsusiyyətləri, milli ənənələri ilə əlaqədar olsun. Rusiyada olan üsulu burada kor-koranə tətbiq etmək olmaz... Məktubun əsas məzmunu bundan ibarət idi. Düzdür, burada çox ideyalar var, mən ancaq qısa məğzini deyirəm. Odur ki, yenə təkrar edirəm, arzum budur ki, xalqımız arasında birlik olsun. Tək N.Nərimanovun dövründə deyil, sonrakı mərhələlərdə də bizim respublikanın siyasi rəhbərliyində birliyin olması, öz şəxsi mənafeyinə görə başqasını satmaq, ona “millətçi” damğası yapışdırmaq və s. xoşagəlməz hallar millətin vəhdətini pozub. Tarixi izləsəniz, görərsiniz, respublikamızın başına bəlalar belə şeylərdən gəlib. Mir Cəfər Bağırovun ətrafındakılar kimlər idilər? Ermənilər, yəhudilər... 1937-38-ci illərdə adamlarımızı, xüsusən ziyalarımızı qıranlar kimlər idilər? Qriqoryanlar, Markaryanlar... Onların əli ilə H.Cavid, Y.Çəmənzəminli... məhv edilib. İndi Azərbaycan çox çətin dövr keçirir. İndi öz xeyri üçün bir-birinin üstünə şər atmaq, bir-birini pisləmək, ləkələmək meyli güclənir. Gəlin ayıq olaq, tarixdən ibrət dərsi götürək! Fikirləşək görək bunlar ilk növbədə sərfəlidir!

Комментариев нет:

Отправить комментарий