Suallarımızı "Aramızda qalsın" serialında Ələmdar obrazı ilə tanınan aktyor Nofəl Şahlaroğlu cavablandırdı.
Nofəl Şahlaroğlu 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, 2006-cı ildə magistraturanı fərqlənmə ilə bitirib. Həmin ildə də Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasına daxil olub. Hazırda filologiya üzrə fəlsəfə doktorudur.
- Sonuncu dəfə üç il əvvəl müsahibə vermisiniz. Həmin müsahibənizdə qeyd etmisiniz ki, tez-tez müsahibə vermirsiniz. Səbəbi nədir?
- Səbəbi Azərbaycan jurnalistkasının, istər televiziya, istərsə də radio jurnalistikasının həddindən artıq savadsız olmasıdır. Məsəl üçün, mən axırıncı dəfə tamaşada oynayanda bir jurnalist tamaşadan sonra yaxınlaşıb mənə sual verdi ki, "danışın da”. Dedim, "nədən danışım?”, dedi, "bir şey danışın”. Mən də başladım ki, "göydən üç alma düşdü, biri vardı, biri yox”. Dedim, "nədən danışım axı? Sən tamaşaya gəlmisən, bax, özün üçün sualları müəyyənləşdir, ondan sonra yaxınlaş sual ver”. Bir dəfə də bir saytdan jurnalist gəlmişdi məndən müsahibə alacaqdı. İlk sualı bu oldu ki, "sizin atanız xalq artistidir də, onun sizə təsiri olub?”. Mən də cavabımda "Yox, o ayrı evdə yaşayır, mən ayrı, necə təsiri ola bilər?” dedim. İnsan özü dərk etmir ki, əgər mən o evdə yaşayıramsa, atamla tez-tez teatra getmişəmsə və bu gün aktyor kimi fəaliyyət göstərirəmsə, baxmayaraq ki, təhsil aldığım sahə başqa sahədir, deməli, atamın təsiri olub. Bax ona görə mən müsahibələrdən qaçıram.
- Jurnalistlərimizin savadsızlığından danışırsız. Bildiyimə görə sizin də elmi dərəcəniz var. Bəs niyə elmin daşını atıb artistliklə məşğulsunuz?
- Düzdü mən filologiyanı bitirmişəm. Amma bir şey də var. Mən xalq artisti Şahlar Quliyevin oğluyam. Uşaqlığım teatrda keçib, incəsənət universitetinə tez-tez gedib gəlirdim. 12 ildir də televiziya sahəsində çalışıram. Necə təsiri olmaya bilərdi.
- Niyə İncəsənət Universitetini deyil, BDU-da təhsil almaq qərarına gəldiniz?
- Niyə? İndi onu izah edəcəm. Əslində mənim üçün çox asan idi İncəsənət Universitetinə daxil olmaq. Özüm oranı seçmədim. Çünki İncəsənət Universiteti 90-lardan sonra çox tükənmişdi. Gəlin indi baxaq universitetin vəziyyətinə, görün nə yerdədir. Mən bu gün ora getsəm müəllim kimi çalışa bilərəm. Amma getmirəm, çünki çox bərbad vəziyyətdədir. Orada artıq o əvvəlki peşəkar adamlar yoxdur. Adi estrada aktyorluğundan dərs deyənlərə baxın. Bir-iki nəfəri çıxmaq şərtilə hamısı qeyri-peşəkardırlar. Varmı əvvəlki adamlar? Yoxdur! Hər şey zaman keçdikcə daha da cılızlaşır. Bir çoxları bunu bilmir, amma yaxşı filoloq potensial dublyaj aktyorudur. Aktyor əgər öz dilinin qrammatikasını yaxşı bilmirsə o yaxşı aktyor deyil. Həmçinin olsun film sahəsində çalışan digər peşə adamları. İstər rejissoru olsun, istər ssenaristi və s.
- Aktyorluqla yanaşı öz sahənizdə də çalışa bilərdiniz...
- Bilirsiniz necədir, mən istəsəm bu gün də gedib Elmlər Akademiyasında çalışa bilərəm. Bəs məvacib, bəs maaş? Həm də vaxt söhbəti var. Eyni anda ikisini idarə etmək bir az çətin məsələdir. Filologiyanı bitirmişəmsə bu o demək deyil ki, sırf o sahədə çalışmalıyam. Bu sahə mənə daha rahatdır. Həm də filologiyanı bitirməyimin də işimdə rolu böyükdür. Yenə deyirəm yaxşı filoloq elə həm də yaxşı ssenaristdir, dublyaj aktyorudur. Diqqət yetirsək əksər filmlərin ssenari müəllifləri elə filoloqlar, yazıçılardır. Ən gözəl nümunə elə Anarı göstərmək olar.
- Yazıçı kimi necə özünüzü sınamısınız?
- Yazıçı kimi yox sınamamışam, şeir yazmışam. Amma şair deyiləm. Sadəcə bir-iki cızma-qaram olub, deyək.
- Siz də sərbəst şeirə üz tutmusunuz? İndi hamı sərbəst şeir yazır...
- Yox, sərbəst şeir yazmamışam, heca vəznində yazmışam yazmağına. Bir-iki şeirim olub sərbəst şeirdə. Əli Kərimdən sonra sərbəst şeir yazmaq o qədər asan deyil.
- Kitablarla aranız necədir? Çox mütaliə edirsiniz?
- Kitablarla aram təbii ki, yaxşı. İşdən vaxt tapanda kitab oxuyuram. İşimə görə bir az vaxtım az olur, amma oxuyuram.
- Məsələn, hansı kitabları oxumusunuz?
- Sayım hamısını? (gülür)
- Əsas olanların adını qeyd edə bilərsiniz. Xarici ədəbiyyat, ya da Azərbaycan ədəbiyyatı, fərqi yoxdur...
- Rəhmətlik Dadaş Adnanın bir sözü vardı "Elə kitablar var ki, onları 30-dan sonra oxumaq lazımdır”. Mən "Səfillər"i 15 yaşında oxumuşam. Amma onu 30 yaşımda oxumalı idim. Yəni elə əsərlər var ki, onları 17-18 yaşında oxuya bilmərsən. Oxuya bilərsən, amma başa düşməyəcəksən. Dostoyevskinin əsərlərini 11-ci sinifdə oxumuşam və heç nə başa düşməmişəm. Amma illər sonra yenidən oxuyanda başa düşdüm ki, Dostoyevski nə demək istəyib. Bir əsər "1837-ci ilin yay ayları idi” ilə başlayırsa mən o əsəri oxumuram. O vaxtlarım deyil. Həmçinin olsun dedektiv əsərlər. Boş və mənasız gəlir. Hamı deyir Markez böyükdür, mən onu böyük hesab eləmirəm. Çingiz Aytmatovu ikinci kursda oxuyurdum, indi isə oxumuram. Adi bir əsərindən bir hissəni deyim. Deyir, "ah yazıq analar”. Analar niyə yazıq olur? Bu yanaşma səhvdir.
- Sizcə kitabların insanların düşüncəsinə təsiri var?
- Təbii ki... Kitab təsir eləyir ki, oxuyuruq, təsir etməsə onda kitablar nəyə lazımdır?
- Bizim insanlar kitablardan sitatlar əzbərləyirlər. Baxırsan ki, kitablar haqqında məlumatlıdır, hər hansısa bir əsərin bütöv mətnini, sujet xəttini əzbər bilir. Amma o kitabların ona fikir olaraq təsiri yoxdur. Mövqeyi, baxışı, hər hansısa bir məsələyə yanaşması dəyişməz olaraq qalıb...
- Bu bilirsiniz nə ilə bağlıdır? Uşaqlıqdan bizə əzbərçiliyi öyrədiblər. Oxuyuruq, amma mənasını dərk etmirik. Əksər şeirlərin, əsərlərin, adi tapmacaların belə fəlsəfəsi var. Biz isə onları yalnız oxuyub, əzbərləməklə kifayətlənirik. Bir müəllimimiz vardı, Allah ona rəhmət eləsin, həmişə deyərdi ki, bir şeyi oxuyanda orada nə demək istədiklərini başa düşün, fəlsəfəsini dərk edin, əzbərləməyin.
- Bəs müasir Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?
- Bir çoxunu oxumuşam. Amma bir məsələ var da. Hərəsinin yaradıcılığında bir məqamı sevirəm. Məsəl üçün, Qan Turalının yaradıcılığında bir məqamı sevirəm, Şəhriyar Del Geraninin üslubunu. Şərif Ağayarın da üslubundan xoşum gəlir. Amma daha o Kəramət Böyükçöldür, nə bilim yeni yazan başqa gənclər də var, onların yazdıqlarını başa düşmürəm. Sərbəst şeiri indi hamı yazır, amma fəlsəfi mənası yoxdur. Bir də Əli Kərimin şeirlərini oxuyun. Görün nə qədər dərin mənası, fəlsəfəsi var. Yazdığın şeirdə fikir olmalıdır, söz yığını yox. Bəzi özünə şair deyənlərin yazdıqları isə söz yığınından başqa heç nə deyil. Təkcə müasir ədəbiyyatımızda yox, köhnələrdə də belələri var idi.
- Əvvəlki yazıçıların, dramaturqların əsərləri tamaşalara qoyulurdu. Yeni yazarların necə, hər hansısa bir əsərini səhnələşdirmək fikrinizdən keçib? Misal üçün, Şərif Ağayarın filan əsəri əsasında tamaşa hazırlamaq...
- Belə bir şey var da, bu saat Azərbaycan auditoriyası nə istəyir? Müasir Azərbaycan teatrı nə istəyir? İlk öncə bu suallara cavab tapmaq lazımdır. Bir də mövzunun aktual olması məsələsi var. Yəni elə əsərlər var ki, onun aktuallığı yoxdur. Yaxud da əvvəl aktual olub, indi aktual deyil. Bizdə elə əsər varmı ki, istənilən dövr üçün aktual olsun? Biz onu heç olmasa 20 il səhnələşdirə bilək. Əsər bir dəfə səhnələşdirmək üçün yazılmamalıdır. Elə yazılmalıdır ki, iki il, beş il sonra da biz ona müraciət edək, yenidən səhnələşdirək. Məsələ budur. Düzdü indi teatrlarımızda 80-ci illərin tamaşalarını yenidən oynayırlar. Amma başa düşmək istəmirlər ki, bu o dövr üçün aktual idi, indi yox. İndi dövr dəyişib, zövqlər dəyişib, həyat tərzimiz, fikirlərimiz, ümumilikdə bir çox dəyişib.
- Yəni deyirsiniz indi teatrda səhnələşdiriləcək səviyyədə əsərlər yoxdur...
- Bəlkə də var, amma mənim qarşıma çıxmayıb. Elə bir əsər görmədim ki, deyim, hə bax bu uzun müddət gedəcək. Bir-iki pyes oxudum gənclərdən, hə yaxşıdır, ancaq bir dəfə səhnələşdirmək olar, vəssalam. Amma əsər bir dəfə üçün yazılmamalıdır axı. Heç olmasa çox demirəm 5 il getsin. Getməyəcək, uzağı bir dəfə. Yazıçılarımız var 70-ci illərdə pyes yazıb, hələ də teatrlarda səhnələşdirilir. Bir şey də var ki, hər adam pyes yaza bilmir. Yaxşı hekayə, povest yazanlar var. Amma pyes, yoxdur.
- Ümumiyyətlə əvvəlki dövrlə müqayisə edəndə indiki yazıçıların, şairlərin yazdıqları çox zəifdir?
- Bununla razı deyiləm. Əvvəlkilərdə də zəiflər var idi. Misal üçün, Sabit Rəhman neçə dənə komediya yazıb, vallah hamısı zəifdir. Bizim artistlərimiz gözəl oynayıblar. Bir çox pyeslər aktyorlarımızın istedadının arxasında gizlənib. Tək Sabit Rəhman yox, eləcə də bir neçə yazıçılarımız var ki, yazdıqları əsərlər çox zəifdir, çox primitivdir.
- Bayaq bildirdiniz ki, jurnalist sizə tamaşadan sonra yaxınlaşıb sual verib. Amma əvvəlki müsahibənizdə demisiniz ki, teatrlarda tamaşalarda rol almırsınız...
- Yox, rol almıram. Axrıncı tamaşa mono tamaşa idi, orada monoloqu mən səsləndirmişəm. Belə tamaşalarda rol almıram.
- Səbəb?
- Səbəbi odur ki, mənə yaxın olan tək teatr estrada teatrıdır, o da təəsüf ki, Azərbaycanda yoxdur. Hər insanın aid olduğu bir yer var, mən də özümü estrada teatrında görürəm. Estrada teatrı da yoxdur, nə vaxtsa olsa gedib orada pulsuz işləyəcəm.
- Yoxdur deyirsiniz. Amma onu yenidən yaratmaq, formalaşdırmaq fikriniz də yoxdur?
- Mən kiməm? Mənim birincisi ona nə maddi, nə də mənəvi gücüm çatmaz.
- Müraciətlər edərək nəsə etmək olar?
- Hansı müraciətlər? O müraciətləri Qorxmaz Əlili vaxtında etmişdi. Nəsə oldu, amma sonra yenə dağıldı. Sonra da ona oxşayan nəsə etmək istədilər, alınmadı. Estrada teatrı çox böyük teatrdır. Onu qurmaq, qorumaq böyük imkanlar tələb edir. Yenə qeyd edirəm, nə vaxtsa yaransa böyük məmuniyyətlə gedib orada canla-başla təmənnasız işləyərəm.
- Hazır olana hər kəs şərik çıxır?
- Hazır deyəndə ki, mənim onu yaratmağım üçün dövlətin dəstəyi lazımdır, kollektiv olmalıdır və s. Tək başına nə edə bilərəm ki? Teatrı yaratmaq bir fərdin görə biləcəyi iş deyil..
- Amma teatra tamaşalara baxmağa gedirsiniz?
- Bəli, gedirəm. Mən Azərbaycanda indiyə kimi Xocalı teatrından başqa bütün teatrlarda olmuşam. Opera heç, opera mənim evimin içində olub. Operada elə bir tamaşa yoxdur ki, ona baxmayım, bütün repertuarı əzbər bilirəm. Bizim teatrlarda bilirsiniz nə yoxdur? İnkişaf. Bizim teatrların əksəriyyəti şadlıq saraylarına oxşayır. İstər içərisi, istərsə də çölü. Teatrın inkişafı təmirdən ibarət deyil. Teatrın inkişafı repertuarından, aktyorların rolundan, rejissor işindən və sairdən asılıdır. Teatrda nəsə eksprementlər etmək lazımdır, fərqli nəsə qatmaq lazımdır. Bizdə isə bunu çox az adam edir. Misal üçün, Gənc Tamaşaçılar teatrında Nicat Kazımov həmişə maraqlı eksprementlər edir, çox bəyənirəm. Qorxmur, ağlına nəsə ideya gəldi həyata keçirir və bu onda çox gözəl alınır. Bax teatr budur, bunu tələb edir. Amma Opera Balet teatrı son zamanlar məni qane etmir. Çünki mənim uşaqlığım orada keçib. Mən kimləri, kimləri görmüşəm orada! İndi isə əvvəlki tamaşalar yoxdur. Şəxsən məni qane etmir. Əksər teatrlarda vəziyyət ürəkaçan deyil. Hərdən gedirəm tamaşalara baxıram, yarıda durub gedirəm. Çünki məni cəlb etmir, zövq ala bilmirəm.
- Təkcə teatr yox, film sahəsində də vəziyyət ürəkaçan deyil. Sovetin vaxtında çəkilmiş filmləri təkrar-təkrar göstərirlər. Nə qədər olar?
- Sovet dövründə çəkilən filmlər nəyə görə uğurlu idi? Çünki indi əvvəlki adamlar yoxdur. Gəlin "Şərikli çörək” filminin heyyətinə baxaq. Mövzu müharibə mövzusudur, çox gözəl. Ssenari müəllifi Alla Axundovadır, musiqi bəstəkarı Vasif Adıgözəlov, Şamil Mahmudbəyov çəkib, operatoru Teyyub Axundovdur. Fikir verdiyiniz dördlüyə? İndi varmı bu insanlar bir araya gəlib elə bir film ərsəyə gətirsinlər? Yoxdur. Məsələ budur.
- Niyə yoxdur?
- Yoxdur da, əvvəlkilər indi yoxdur. Adi götürək Amerikada Avram Linkolin kimi şəxsiyyət indi var? Yoxdur.
- İndi də başqaları var...
- Başqası var, amma Linkolin yoxdur. İndikilər Linkolin deyil axı.
- Hamı Linkolin olmalıdır?
- Bilirsiniz necədir, baxın, götürək İngiltərəni. 20-ci illərdə başqa aktyorlar idi, əjdaha idilər. 50-ci illərdə başqaları gəldi, dedilər bunlar onlardan da yaxşıdır, 60-larda başqaları gəldi, dedilər yox, əslində 20-lərdəki atkyorlar yaxşı idi. İndi də yaxşı aktyorlar var. Amma yenə də əvvəlki aktyorların rolu və yeri başqa idi. İstər-istəməz yerləri görünür. Bizdə də indi yaxşı aktyorlar, rejissorlar, operatorlar var, texnika var. Amma Rasim Ocaqov yoxdur, Rasim Balayev yoxdur, Həsən Seydibəyli yoxdur. Onlarla indiklərin fərqi odur ki, onlar bir filmi ərsəyə gətirəndə bütün güclərini bir yerə qoyurdular, təkcə güclərini deyil, ürəklərini, hislərini, fikirlərini də. İndi varmı elə aktyorlar, rejissorlar? Yoxdur. Adi götürək Cəbiş müəllim obrazını. Adi sıradan bir obrazdır. Amma bu günə kimi aktualdır. İndi maliyyə də var, texnika da var lazım olan bir çox şey var, amma o insanlar yoxdur.
- Demək olar ki, sizi geniş tamaşaçı kütləsinə Ələmdar obrazı tanıtdı. Ona qədər sizi tanıyan yox idi. Ondan sonra isə davamı gəlmədi. Səbəb?
- Ondan sonra da bir neçə film və seriallarda çəkildim. Hazırda da bir film üzərində işləyirik. Sadəcə reklam etməyi, davamlı efirdə olmağı, tez-tez gündəmə gəlməyi sevmirəm. Buna ehtiyacım da yoxdur. Adi bir dəfə İlqar Mikayıloğlunun verilişinə çıxdım, bir dənə parodiya etdim, uzun müddət getdi. Hələ də sosial şəbəkələrdə paylaşırlar.
- Amma digər aktyorlarımız sizlə müqayisədə daha aktivdirlər...
- Olsunlar. Hərənin öz prinsipləri, öz maraqları var. Mənim də öz prinsiplərim. Tamaşaçını bezdirmək, iyrəndirmək olmaz.
- İnternetdə adınızı axtarışa verdim, nağıllar çıxdı. O nağılların məzmununu özünüz yazırsınız?
- Onlar nağıl deyil, interpretasiyalardır, yəni forma dəyişikliyi. Sadəcə insanlara aydın olsun deyə nağıl kimi nəql edirəm. Amma belə bəli məzmunun özüm yazıram.
- Ondan başqa fəaliyyətiniz yoxdur?
- Var, əlbəttə. Hazırda film üzərində işləyirik. Məlikməmmədlə bağlı filmdir, komediya janrında. Baş rolda da özüm oynamışam.
- Ciddi obrazda necə oynadığınız film var?
- Var. "Düşmən” filmində erməni obrazını oynamışam. Üç qısa filmdə çəkilmişəm. Bunlar hamısı da festivallara qatılmış filmlərdir. Bir də ciddi obrazları mən çox sevmirəm. Komediya janrı ruhuma daha yaxındır.
Ayşən Ayxan baku.ws
Комментариев нет:
Отправить комментарий