15.02.2021

Əsədovların Böyük Britaniyaya qədər uzanan biznes imperiyası - KEÇMİŞ SPİKERİ HƏBS GÖZLƏYİR?

Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun yaxın vaxtlarda həbs olunacağı gözlənilir.
Bu barədə “Yeni Müsavat” qəzeti yazıb. Nəşr,  ölkədəki və xaricdəki aktivlərinin mediada peyda olmasından və bir sıra keçmiş yüksək rütbəli məmurların tutulması barədə məlumat aldıqdan sonra eks-spikerin həbsdən qorxmaq üçün bütün əsaslarının olduğunu iddia edir.
Qeyd olunur ki, O.Əsədov spikerlikdən deputat pilləsinə enəndən sonra Milli Məclisin iclaslarına da qatılmağı özünə rəva bilmir. Sulutəpədəki imarətində oturub Türkiyədən Rusiyaya, Rusiyadan Böyük Britaniyaya uzanan böyük biznesini idarə edir.
Qeyd olunur ki, onun imarəti 3-4 hektarlıq sahədə inşa olunub. Ərazidə 2 günbəzli, dəbdəbə içində itib-batan imarət, çay evi, iri hovuz, yaxınlarının villaları, özəl fitnes və bilyard salonları var. Belə imarətlərdən biri də Bakının Şüvəlan kəndi ərazisindədir...
Müəllif qeyd edir ki, Oqtay Əsədov Tennis Federasiyasının prezidentidir deyə, elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir: “Odur ki, saysız-hesabsız imarət və villalarının hündür hasarları içində tennis kortları da mütləq şəkildə inşa olunur. Şüvəlandakı 2 hektardan artıq ərazini əhatə edən dəbdəbəli imarətin ərazisində də xaricdən gətirtdiyi mütəxəssislər tərəfindən biri açıq, digəri qapalı olan 2 tennis kortu və futbol meydançası quraşdırılıb”.
Yazı müəllifi vurğulayır ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Nyu-Yorkun Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1 milyon 825 min dollara 2 otaqlı mənzil almağa razılaşıbmış. Amma son anda bu razılaşma pozulub...
Nəşrin məlumatına görə, Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq mülkü var. O bölgədə ki, orda ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop-divaları yaşayır: “Həmin mülklə bağlı yayılmış sənədlərdə bildirilirdi ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Bu o deməkdir ki, penthauzu Mehman Qocayevə bağışlayıblar. Londonda, milyarderlər məhləsində evi adama ad günü hədiyyəsi olaraq bağışlayıblar”.
Müəllif vurğulayır ki, hədiyyəni alan Bakıda uşaq bağçasının müdirəsi işləyən Zemfira Əsədovadır - Qocayevin qaynanası. Penthauzu Mehman Qocayevə doğum günündə o bağışlayıb.
Yazıda o da qeyd olunur ki, Əsədovların kürəkəni çox bahalı, yüksək sürətli avtomobillərə meyillidir: “Onu adətən 12 silindrli, 200 min avro dəyəri olan AUDI A8L WW12 -də gəzən görürlər”.
Qeyd olunur ki, Zemfira Əsədova həm də Moskvanın Bakı küçəsində yerləşən striptiz kluba sahibdir. Moskva polisinin “Kapriz” striptiz klubunda narkotik alverinə qarşı xüsusi əməliyyat keçirdiyi də bildirilir.
“Kapriz" striptiz klub Oqtay Əsədovun həyat yoldaşının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum” Qrup Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Zemfira Əsədovadır. “Arizarum” Qrup MMC 10 min rubl Nizamnamə kapitalı ilə qeydə alınıb. O dövrdə “Kapriz” striptiz klubunun real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları olub.
Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da (“Zəfər Palas”) yerləşir. “Triumf Palas” Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Zemfira Əsədova bu binada 2 lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır...
Müəllif bildirir ki, Oqtay Əsədovun həmçinin Türkiyədə ekzotik quşların yetişdirilməsi üzrə biznesi var. Sahəsi 12 hektar olan fermada hər biri min dollar olan quşlar yetişdirilir.
"Yeni Müsavat" onu da yazır ki, Oqtay Əsədov Almaniyadan Türk Bodrumuna qədər çoxsaylı daşınmaz əmlaka sahibdir.
Nəşr sonda, keçmiş nazir Səlim Müslümov kimi, yaxın gələcəkdə Oqtay Əsədovun da korrupsiyaya görə həbs oluna biləcəyini vurğulayıb.

Комментариев нет:

Отправить комментарий