"Turan" agentliyi 44 günlük müharibənin iştirakçısı olan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat taborunun komandiri Vova Vartanovla müsahibə yayımlayıb. O müharibədə ermənilərin məğlubiyyətinin əsas səbəbləri barədə maraqlı fikirlər səsləndirib.
V.Vartanov bildirib ki, 92-94-cü illər arasındakı qələbə onları arxayınlaşdırıb. "Məğlub olan Azərbaycan ordusu inkişaf etdi, öz üzərində işlədi, korrupsiyaya qarşı mübarizə apardı, islahatlar etdi, yeni qoşun növləri yaratdı, bunlara çoxlu pul xərclədi. Nəticədə bizim çata bilmədiyimiz bir üstünlük qazandınız"- düşmənin kəşfiyyat komandiri vurğulayıb.
Vova Vartanovun sözlərinə görə, "Qarabağ ordusu"nda aviasiya olmasa da, Ermənistan ordusunda belə təyyarələr mövcud olub: "Türk ordusunun qarşıdurmada iştirak etdiyini gördük və 3-cü Türk Səhra Ordusu tərəfindən Ermənistana mümkün hücumun olacağını gözləyirdik. 102-ci Rusiya bazasının Gürcüstanla belə bir "əlverişli" münasibət olduğu vaxtda hərəkətə keçə biləcəyinə əmin deyildik, yəni Rusiya qüvvələrinin Gürcüstan ərazisindən Ermənistana keçməsini nəzərdə tuturuq. Ona görə belə bir vəziyyətdə Ermənistanın heç bir hərbi birləşməsi Qarabağa doğru irəliləmədi. Yeri gəlmişkən, baş naziri günahlandırırlar ki, səfərbərlik elan etdi, amma nizami ordunu Qarabağa göndərmədi. Oraya könüllü bölmələr göndərildi. O cümlədən, hərbi hissəyə çevrilən taburumuz tamamilə könüllülərdən yaradıldı".
Vova Vartanovun daha sonra dedikləri də olduqca maraqlıdır: "Təkcə Azərbaycan Silahlı Qüvvələrinin dağ-atıcı bölmələrinin Şuşaya daxil olması faktı bizim baş naziri o qədər qorxutdu ki, o çəkindi. Bir yarım-iki gün gözləmək lazım idi, yağışlar başlayacaqdı. Belə olan halda Hadrutdan Şuşa qruplaşması ilə rabitə və təminat əlaqəsi saxlamaq mümkün olmayacaqdı. O özü təslim olacaqdı. Ermənistanın baş nazirində qorxu yaratmağın əsas "kozırı" - Şuşanın ələ keçirilməsi o zaman işə yaramazdı. Baş nazir daha təmkinli və ya cəsarətli olsaydı, 10 noyabrda bu biabırçı müqaviləni imzalamazdı".
Düşmənin kəşfiyyat taborunun komandiri bu məqamla bağlı müxbirin dəqiqləşdirici suallarına belə cavab verib:
- Ancaq bundan sonra Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan və Araik Arutyunyan müharibəni dayandırmaqda israr edirdilər, çünki Xankəndi süqut edə, 25 min hərbçi mühasirəyə düşə bilərdi...
- Hər şey düzdür. Ancaq onlar Azərbaycan Silahlı Qüvvələrinin qruplaşması Şuşaya girməmişdən əvvəl bu məsələdə israr edirdilər. Hərbi baxımdan və Dağlıq Qarabağ əhalisinin gələcək həyatda qalma perspektivləri üçün Şuşanı deyil, Stepanakerti təslim etmək daha doğru olardı. Laçın, Kəlbəcər, Mardakert və Şuşa bölgəsinin bir hissəsini bu dağ ərazilərini özündə saxlayıb, geridə qoyub düzənliklərdən uzaqlaşmaq və dağlara getmək lazım idi. Bu halda Qarabağın arxasında Ermənistan dayanacaqdı. Belə olan halda Qarabağ insanpərvərlikdən deyil, şəxsi maraqlar üzündən burda olan müttəfiqimiz Rusiyadan daha az asılı olardı.
- Sizə elə gəlmir ki, Azərbaycan ordusunu düzgün dəyərləndirmirsiniz?
- Xeyr, məsələ bunda deyil. Mən ordunuzun nə qədər hazırlaşdığını əvvəllər də yaxşı bilirdim. Səfərbərlik resursu bir yana, silahlı qüvvələrinizin motivasiyasının yaxşı olduğunu çox gözəl bilirdim. Səfərbərliklə hər hansı bir uğursuzluqlar, hətta taktiki uğursuzluq olsa böyük problemləriniz olardı. Çünki söhbət itirilən əmlakı qaytarmaqdan gedirsə, mülki insanı döyüşməyə sövq etmək çox çətindir. Bunun üçün həyatını riskə atmaq çox çətindir. İnsanlar vətənləri üçün, ailələri üçün həyatlarından keçir. Ordunuz hətta alpinist bacarığı ilə dağlarda bizə hücum edə bilməzdi. Erməni əhalisi və ordu dağlarda, yüksəkliklərdə, meşələrdə özlərini qoruya, hava hücumlarından gizlənə bilərdi. Hərbi-siyasi rəhbərliyimiz ya uzaqgörən ola bilmədi, ya da qorxaqlıq etdi. Ancaq hərbi baxımdan, Ermənistan dövlətçiliyinin və ya Azərbaycan dövlətçiliyinin tamamilə çökməsinə gətirib çıxara biləcək səviyyədə hərbi əməliyyatlar baş tutmadı, yalnız kapitulyasiya aktı oldu. Hərbi əməliyyatlar davam etsəydi, çox şey dəyişərdi./qaynarinfo/
Комментариев нет:
Отправить комментарий