27.02.2017

Tuvalılar Böyük Vətən Müharibəsində

 Ukraynada vuruşan Tuva kavaleriyası alman qoşunlarını vəlvələyə salmışdı. Köhnəlmiş və kirli kimi görünən milli paltarlar geyinmiş, boyunlarından yekə-yekə gözmuncuqları asmış tuvalılar arıq-uruq atların belində qırğı kimi şığıyarkən indiyədək belə mənzərə ilə rastlaşmamış alman əsgərlərini vahimə bürüyürdü. Əsir düşmüş Reyxstaq zabiti dindirilmə zamanı bildirmişdi ki, onlar qıyıqgöz tuvalıları şüuraltı olaraq “Atillanın ordusu kimi qəbul etmişdilər və bu səbəbdən döyüş qabiliyyətini tamamilə itirmişdilər”. Tuvalı döyüşçülər cəbhədə onunla ad çıxarmışdılar ki, əsir götürmüdülər və düşmən sayca çox olanda belə təslim olmayıb son damla qanlarına kimi vuruşurdular. İş o həddə çatmışdı ki, alman hərbçiləri tuvalılara “der Schvarze Tod”- “Qara Ölüm” adı qoymuşdular.
 Böyük Vətən Müharibəsi dövründə Tuva xalqı Sovet Ordusuna 40 min döyüş atı, 50 min cüt xizək, 10 min kürk gödəkçə, 10 minlərlə cüt valenka ayaqqabı, 60 ton yun, çoxlu ərzaq və oduncaq verdi. Cəbhədəki əsgərlərə Tuvadan 389 vaqon müxtəlif hədiyyələr göndərildi. Bundan başqa, Tuva 30 milyon rubl dəyərində olan bütün qızıl ehtiyatını və öz ərazisində ildə 11 milyon rubl dəyərində qızıl çıxarışını SSRİ-nin ixtiyarına verdi. 1944-cü ildə Tuva aratları Ukrayna kolxozlarına 26 min baş mal-heyvan yolladılar. Həmin mal-heyvan Ukraynada kənd təsərrüafının dirçəldilməsində mühüm rol oynadı. Ümumilikdə Tuvadan SSRİ-nin müharibə nəticəsində dağılmış regionlarına 750 min baş mal-heyvan göndərildi. Nəzərə almaq lazımdır ki, 1921-ci ildə yaradılmış Tuva Xalq Respublikası müstəqil respublika olmuşdu və yalnız 1944-cü ildə (könüllü şəkildə) SSRİ-nin tərkibinə girmişdi.
 1943-cü ildə 25-ci tank polkunun tərkibində Tuva tankçıları cəbhəyə yola düşdülər. Tuva könüllüləri Ukrayna, Moldaviya, Rumıniya, Macarıstan, Çexoslovakiyanın faşist işğalçılarının azad edilməsində mətinliklə vuruşdular. Kiçik leytenant Çurquy-oola göstərdiyi şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı adı verildi. O cümlədən T.Nürsət, X.Uynuk-ool, K.İdam, B.Bieçe-ool, S.Portuy-ool, T.Qızıl-Tasa, O.Dırtık kimi fərqlənmiş tankçılar müxtəlif orden və medallarla təlfif olundular.
 1944-ci ilin qışında 200 Tuva atlısı kapitan T.Keçil-oolun rəhbərliyi altında gecə ikən sürətli hücuma keçərək Rovno şəhərindəki kərpic zavodunda müdafiə mövqeyi qurmuş almanlara hücum edərək onları həmin ərazidən qovub çıxardılar. Sonra onlar dəmir yolu qovşağına hücum edərək düşmənə əsaslı zərbə endirdilər. Təkcə öndə gedən baş leytenant O.Oolak 12 faşisti qılıncla doğradı. Tuvalılar 60-a yaxın alman əsgərini öldürdülar və onlar qaçmağa məcbur oldular. Rovno vilayətinin azad edilməsi zamanı tuvalılar iki dəfə mühasirəyə düşsələr də, hər dəfə az itki ilə mühasirədən çıxa bildilər. Tuvalıların etdiyi müdafiə mövqeyə almanların piyadalardan və tanklardan ibarət ordusunun hücumu zamanı onlar çoxlu itki versələr də, düşməndə heyrət doğuran qəhrəmanlıq göstərdilər. Qızğın döyüşdə 11 pulemyotçu və tank hücumuna qarşı silahları işlədən qrup həlak oldu. Pulemyotçu serjant Mon-quş Çotun göstərdiyi şücaət isə dillərdə əzbər oldu. Qəlpə pulemyotunu zədələdikdən sonra o avtomatdan atəş açmağa başladı, lakin patronları qurtardı və almanların mühasirəsinə düşdü. Üç alman əsgəri ona yaxınlaşıb əlindəki avtomatı almaq istəyərkən Mon-quş birini avtomatın qudağı ilə vurdu, silahda qalan axırıncı patronla atəş açıb ikincini öldürdü, sonra isə sıçrayıb üçüncünü yıxaraq boğmağa başladı. Mon-quş onun avtomatını götürüb səngərin içinə tullandı və qaçaraq almanlardan uzaqlaşa bildi. 1944-cü ilin yazına kimi gedən qanlı döyüşlərdə Tuva eskadronu müharibə meydanında ad qoydu. 26 may 1944-cü ildə Sovet hökuməti tərəfindən tuvalıların şücaəti layiqincə qiymətləndirildi. Kapitan T.Keçil-ool, baş leytenant M.Bayskılan və sıravi O.Sençiy Qırmızı Bayraq Ordeni ilə təltif olundular. Tuva eskadronunun 21 döyüşçüsü 1-ci dərəcəli Vətən Müharibəsi Ordeni, 3 döyüşçüsü Qırmızı Ulduz Ordeni, 17 döyüşçüsü isə Şöhrət Ordeni aldılar. Böyük Vətən Müharibəsi zamanı ümumilikdə Sovet Ordusunda 8 min tuvalı xidmət etdi, onlardan 5 mini göstərdikləri şücaətə görə müxtəlif mükafatlara layiq görüldü.

İbrahim Sel, “Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu”

Комментариев нет:

Отправить комментарий