12.02.2017

Qorxulusu hansıdır?

Elxan Zaman

Virtual dostum Hamlet Miriyevin "məscidlərin artması çox böyük təhlükədir" deməsi bu yazını yazmağıma səbəb oldu.
Hamlet bəyin diqqətinə çatdırım ki, təkcə İçərişəhərdə, səhv etmirəmsə, 17 irili-xırdalı məscid olub. Məscidlərin funksiyası nə idi ki, kiçik bir ərazide bu qədər məscid tikintisi üçün ehtiyac duyulmuşdu? 
İçərişəhərdə bir Cümə məscidi var ki, orta əsrlərdə cümə namazlarına bütün Bakı məhz bu məscide toplaşardı, qalan məscidlər isə məhəllə məscidləri idilər. Məhəllə məscidləri təkcə məhəllə sakinlərinin ibadət yeri deyildi, o həm də məhəllə sakinləri üçün ilkin məktəb (mədrəsə) rolunu oynayırdı. Həmin dövrdə məhəllə məscidləri həm gündəlik ibadət, həm mədrəsə və həm də məhəllə sakinlərinin ünsiyyət yeri olurdu, məhəllənin bütün problemləri məhz həmin məhəllə məscidlərində müzakirə edilir, həll olunurdu. Buna bugünki dille bələdiyyə idarəsi, JEK də demək olardı. Yəni məscidlər həm də öz dövrlərinin MİS (JEK) rolunu oynayırdı. 
Məscid həmin dövrün çox vacib idarəçilik, maarifçilik və təşkilatçılıq mərkəzi sayılardı. Məsələlər hər bir kəsin iştirak və müzakirəsi ilə həllini tapardı. 
Hamlet bəy, siz doğrudanmı JEK-ləri, məktəbləri, insanların müzakirələr apardıqları məkanları, bələdiyyə idarələrini təhlükəli hesab edirsiz? 
Bugün məscidler bu funksiyalarını itirdiklərindən insanlar, qonşular məhəllədə yığışıb, ölkənin demirəm, heç öz məhəllələrinin məsələlərini nəinki həll, heç müzakirə belə etmirlər. İdarəçilik və qanunvericilik müzakirələri müəyyen qism (məmur və deputatlar) insanlar tərəfindən monopoliyaya alınıb və insanlar nəinki idarəçilikdə iştirakdan, elementar müzakirələrdən belə məhrum ediliblər. İndi həmin qism özünü xüsusi binalarda xalqdan gizlənməklə dövləti idarə edir. Onlara söz deməyə belə əlimiz çatmır.
Həm də ki müsəlman məscidin Allah evi olduğuna inanardı, ona görə də orda yalan danışmaqdan qorxardı. İndikilər isə öz nəfslərinin binasında Allahdan belə "gizlənərək" gözümüzün içinə yalan danışırlar...
Qorxulusu hansıdır?

Комментариев нет:

Отправить комментарий