23.02.2017

Qızıl Ordu bəşəriyyəti bəladan xilas etdi

Cəmil Şirvanov

"Qızıl ordu bizim ölkəni 1920-ci ildə işğal edib; 20 yanvar qırğınını törədib" və s. və i. Deyib duranların nəzərinə çatdırmaq istəyirəm.
1) Qızıl ordu 1920-ci ildə ölkəmizi işğal etməyib. Bakıda sosialist inqilabı qalib gəldi. Oyuncaq müsavat hökuməti hakimiyyəti xalqa təhvil verdi. Yalnız bütün bunlardan sonra Qızıl Ordunun kiçik bir bölməsi (vacib şəxslərin mühafizəsi ilə əlaqədar) Bakıya zirehli qatarda gəldi. Maraqlısı budur ki, xilaskar adlandırdığınız Nuru Paşa da həmin qatarda işğalçı adlandırdığınız ordunun başında gələnlərlə bir yerdə gəldi Bakıya.
2) Qızıl Ordu həmin ordudur ki, bəşəriyyəti alman faşizmi adlı bir bəladan xilas etdi.
3) Məhz Qızıl Ordudan çəkinərək Qərb imperiyaları öz koloniyalarının müstəqilliyini tanımalı oldu. 
4) Məhz Qızıl Ordunun sayəsində Vyetnam xalqının ABŞ tərəfindən edilən soyqırımı dayandırıldı.
5) Məhz Qızıl Ordunun sayəsində Mərkəzi Asiyanın və Yaxın Şərqin ABŞ tərəfindən işğalı baş tutmadı. Məhz Qızıl ordunun Əfqanıstana vaxtında girməsi həm də İrandakı İslam İnqilabının beşikdəcə boğulmasına imkan vermədi.
6) 20 yanvar hadisəsi isə tam ayrı mövzudu. Şəxsən mən 20 yanvarda həlak olanları şəhid yox, qurban hesab edirəm. Çünki bu hadisə MKİ-DTK-AXC üçlüyünün provokasiyası, xalqı qırğına verməkdən başqa bir şey deyildi. Hadisədən 25 il keçəndən sonra ABŞ barmağı bir sənədlə "göründü". Hələ bundan sonra nələr açılacaq, nələr! Müqayisə üçün deyim. Azərbaycan hökumətinin Nardarana və Respublikanın digər rayonlarına ordu yeritməsi ilə 20 yanvar zamanı Bakıya Sovet ordusunun yeridilməsi arasında prinsipial fərq yoxdur. Çünki hər iki hadisədə dövlət aparatı konstitusion quruluşun pozulmasına yönələn hərəkətləri qabaqlamaq üçün yerlərə ordu yeritmişdi. Sabah Lənkəranda və yaxud da Gəncədə iğtişaş baş verərsə, ordu yeridilərsə, orduya bir güllə atmaq bəs edər ki, ordu qırğın törətsin. Onda gərək bu ordunu da düşmən elan edək?! Bu məntiqlə yanaşsaq milli ordumuz da 1919-cu ildə də, 1991-dən bu tərəfə də çox "qələtlər" edib. Onda 26 iyun gününü də düşmən ordunun yaranması günü kimi rədd edin!
P. S. Bu siyahının bəndlərini çoxalda bilərəm. Amma məncə kifayət edər.

Комментариев нет:

Отправить комментарий