09.02.2017

Araz Məmmədov və Rüfət Əhmədzadə Bakı Apellyasiya Məhkəməsinə etiraz ərizəsiylə müraciət etdilər

Fevralın 2-də legion.az-da ““İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi məhkəmədə mötəbər şəxsin adından istifadə edir?” başlıqlı yazı dərc olunmuşdu. Sözügedən yazıda bildirilirdi: “2016-cı il noyabrın 8-də Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdıyev “İlin Dörd Fəsli” MMC-nin jurnalist Rüfət Əhmədzadəyə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı 243 min manatlıq iddiasını rədd etmişdi.
“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlı jurnalistin qərəzsiz, obyektiv və sırf “Yeni Bakı” sakinlərinin müraciəti əsasında apardığı araşdırmalara qarşı tutarlı bir arqument tapmadığında, son çarəni söyüş dolu təhdidlərdə görmüşdü. Bu məsələ ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tədbirlər də görülüb. Ola bilsin ki, bu məğlubiyyəti həzm etməyən Mehman Muradlı “İlin Dörd Fəsli” rəhbərliyində Legion.az saytı haqqında yanlış təsəvvür yaradaraq MMC adından yanvarın 13-də Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, Nərimanov RM-in qətnaməsinin ləğv olunması, “faktları təhrif edən”, “şirkətin işgüzar nüfuzuna xələl gətirən” müəllifin cəzalandırılması üçün iddia qaldırıb. Və, məhkəmədə istədiyinə nail olmayan və təhdidləri qarşısında jurnalist Rüfət Əhmədzadənin sınmadığını görən Mehman Muradlı daha “orijinal” vasitəyə əl atıb.
Əldə etdiyimiz məlumata görə, M.Muradlı cəmiyyətin müxtəlif təbəqələri tərəfindən hörmətlə qarşılanan mötəbər şəxsin adından istifadə edərək, Bakı Apellyasiya Məhkəməsinə təzyiq göstərməyə çalışır. Amma inanırıq ki, “İlin Dörd Fəsli” MMC-nin rəhbəri Elnur Hüseynov da konfliktin dərinləşməsinə razı olmaz.
Sual yaranır: Mehman Muradlı Rüfət Əhmədzadədən qisas almaq üçün məhkəmədə həmin mötəbər şəxsin adından hansı səviyyədə istifadə etməyi düşünür?” (legion.az).
Qeyd edək ki, fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə, “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətinə baxılacaq. Məsələ ilə bağlı, Qafqaznews.az-a danışan hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirib ki, sözügedən məhkəmə prosesində “Legion İnformasiya Agentliyi” MMC və Rüfət Əhmədzadənin hüquqlarını o müdafiə edəcək.

qafqaznews.az

Комментариев нет:

Отправить комментарий