30 ildir Azərbaycanda iki dünyagörüşünün- totalitar kommunist məktəbinin yetirməsi H.Əliyev Azərbaycanın müstəqilliyi, demokratikləşməsi və vahid dövlət halında birləşməsi yolunda öndəri Ə.Elçibəy dünyagörüşünün savaşı gedir. Tərəflərin birində maddi güc və hakimiyyət, digərində isə mənəvi güc və ideal durur. Tərəflərdən biri diktaturanın, dəmir əlin, digəri demokratiyanın, azad düşüncənin simvoludur.
Cəmiyyətə fərqli əxlaq anlayışı qazandıran bu iki qütbün təmsilçilərinin tarixə, həyata baxışında da əksliklər mövcuddur. Biri Sovet İttifaqının əbədiliyinə inanıb və bütün qabiliyyətini bu yola sərf edərək uduzub, digəri Allahdan başqa əbədi bir şey tanımayaraq 30 il öncə “Azərbaycan müstəqil olacaq” söyləyib, bu yoldakı əzablarının bəhrəsini görüb.
70-ci illərdə bu gün isti otaqlarda cəsarət nəğməsi oxuyanların hələ tanımadığı Əbülfəz Əliyev adlı bir universitet müəllimi siyasi motivlərlə KQB həbsxanasına salındı. O zaman Azərbaycandakı kommunist rejiminin başında H.Əliyev dururdu və sovet totalitar sisteminin mahiyyətini az-çox duyanlar üçün bəlliydi ki, bu həbsin sifarişçisi ancaq rejimin başında duran şəxs ola bilərdi. Günümüzdə də eyni subyektləri əhatə edən mənzərə ortaya çıxıb. Bu dəfə də köhnə dissident və keçmiş prezident Elçibəy missiyasının müstəqilliyə qovuşdurduğu Azərbaycanda hakimiyyətə yiyələnmiş və avtoritar rejim qurmuş H.Əliyevin güman edilən pərdəarxası sifarişiylə Elçibəy prokurorluğa çağırılıb, yenidən həbs olunmaq təhlükəsiylə qarşılaşıb. Hər iki hadisənin motivində də qəribə bir bənzərlik var. 70-ci illərin totalitar sovet cinayət anlayışına görə Əbülfəz Elçibəy sovet rejiminin şərəf və ləyaqətini təhqir etmişdi. Bugünün avtoritar H.Əliyev cinayət anlayışına görə isə rejimin başında duran şəxsin şərəf və ləyaqətini təhqir edib.
Şərəf və ləyaqət cəmiyyətin birmənalə dəyər verəcəyi məfhumlar deyil. Xüsusilə də iqtidar sahibi olan kimsələr üçün şərəf və ləyaqət onun əməllərinin faydalıq zəminində necə dəyərləndirilməsinə bağlıdır. Bizim, yəni iqtidarda olmuş Elçibəy komandası üzvləri üçün şərəf və ləyaqət anlayışları baxımından dilimizi qısa edəcək Kəlbəcər faciəsi var. İndiki iqtidar üçün isə Qubadlı, Zəngilan, Ağdam və Ağdərə var. Bizim üçün şərəf və ləyaqət anlayışları baxımından alnımızı dik edən 90 minlik rus ordusunun vətənimizdən çıxarılması, milli bayrağımızın, himnimizin həyata qaytarılması və başqa faktlar var. İndiki iqtidar üçün bəndəniz şəxsən belə faktları nümunə göstərməkdə çətinlik çəkir.
Maraqlıdır ki, Elçibəyin heç bir ciddi əsas olmadan hüquq məsuliyyətinə cəlb olunması planını kim düşünüb? Maşınını saxlayaraq hörmətsizlik edənlər, qohumlarını tutduranlar, onu mitinqlərdə döydürmək istəyənlər doğrudanmı hələ səhvlərini anlamırlar? İstər cinayət işi qaldırılmasını tələb edən ədliyyə nazirinin, istər eks-prezidentə göndərilən çağırış vərəqəsinin üslubu bizim əxlaq kompleksimizə uyğun deyil. Əgər bu işlər rejim başçısının kəşfidirsə, onun neçə illik hakimiyyət təcrübəsinin bir işə yaramadığı bəlli olur. Əgər xırda intiriqalar düzüb qoşmaqdan başqa bir şey bilməyən məsləhətçilərin işidirsə, tam səmimiyyətlə söyləyə bilərik ki, onlar açıqca bizim əlimizə oynayırlar. Onsuz da ədliyyə naziri hüququ cəhətdən kobud səhvlərlə dolu bir bəyanata imza atmaqla özünü cəmiyyətə yaxından tanıtdı. Doğrudur, bundan sonra nazir vəzifəsinə təsdiq olundu. Ancaq bu rejimin qanında belə şeylər var- müharibədə də heç bir uğuru olmayan şəxslərə bir-birinin ardınca general rütbəsinin verilməsinin şahidiyik. İndi də prokurorluq orqanlarını və məhkəmələri tanıyacaqsınız. Nəyi sübut edəcəklər bunlar? Haçansa sovet KQB sisteminin başında duran şəxslərin qonşu dövlətlərdə bir kommunist fəhlə partiyasının yaranmasından xəbərsiz olduğunumu? Burada söhbət terrorçu PKK təşkilatından getmir. Bu təşkilatların terrorçuluq fəaliyyəti əsasən 1984-cü ildən başlayıb. Bundan əvvəl isə dünya kommunist hərəkatının qollarından biri kimi Türkiyyədə fəaliyyət göstərib. Eyni mexanizmi sovet kommunist aparatı və KQB İranda da qurmuşdu. Nədir, yoxsa hər hansı kommunist qurumunun yaradılmasının şərəf və ləyaqətin təhqir olunmasıyla əlaqəsi var? Əgər bu əməl doğrudan da təhqir kimi qiymətləndiriləcəksə, onda sovet sistemi kommunist aparatında xidmət etmək ikiqat təhqir sayılmalıdır. Amma bildiyiniz kimi, indiki rejimin başçısı bu sistemdə çalışdığı üçün qürur duyduğunu dəfələrlə bəyan edib. Mən əminəm ki, bəri başdan bu proses siyasi cəhətdən uduzulmuş və Elçibəyin reytinqini qaldıracaq bir hadisə olacaq. Hüquq tərəfinə gəlincə isə, ötən dəfə şahid kimi dindirildiyi bir məhkəmə prosesində söylədiklərini xatırlatmaq istərdim: “Bütün bu kimi qanunsuz hüquqi sanksiyalar bizim üçün təcrübə sayılır. Siz bizləri cinayətkar kimi tuta bilməyəcəksiniz. Yalnız yalan ittihamlarla və siyasi motivlərlə əsassız olaraq həbsxanaya sala bilərsiniz”.
Ancaq etiraf edək ki, siyasi sifarişlərin hüquq normalarına qalay edilməsiylə də tarixə düşmək mümkündür. Yəni məşhur sovet prokuroru Vışınski kimi, inkvizisiya məhkəmələrinin hakimləri kimi.
Qaldı “nə etməli” sualına, o zaman başlarını qaldırıb heç olmasa, Türkiyə nümunəsinə baxsalar bir şey öyrənərlər. Orada siyasətçilər arasında ən sərt üslubda deyilən sözlərin cavabı məhkəmələrdə deyil, əsasən siyasi polemika zəminində verilir. Bu üslub siyasi mədəniyyətlə bağlı məsələdir. Siyasi mədəniyyətinsə ən bariz göstəricisi demokratik yolla hakimiyyətə gəlməkdir...
“Azadlıq” qəzeti, 24 noyabr 1998 xeber.info
Комментариев нет:
Отправить комментарий