23.02.2017

NARAHAT ÜRƏYİN PIÇILTILARI

Böyükxan Bağırlı

Həkim-şair Əfrahimin son illərdə çap olunan kitabını bir neçə dəfə oxuyandan sonra istedadlı şairimizin yaradıcılığı haqqında təəssüratımı açıqlamağı özümə mənəvi borc hesab etdim. Bəri başdan deyim ki, kitab elə ilk misralarından oxucunu çəkib aparır. Hara aparır, necə aparır? Bunu kitabı birnəfəsə oxuyandan sonra duyursan, hiss edirsən, həyəcanlanırsan. Vətəndaş narahatlığı, yurd, el-oba, torpaq təəssübkeşliyi büsbütün bu kitabdakı misraların canına, qanına hopub. Adətən insan ağır vəziyyətdə olan, ağrısı, acısı onu üzüb əldən salan doğmasına, can-ciyərinə, simsarına baxanda əzab çəkir, ürək ağrısı keçirir. Müəllif bu məlum hissləri "Göylərdən uca Vətən" şeirində elə poetik dillə təqdim edir ki, "dərdi su yerinə axan Vətən"in balası kimi içində axan isti göz yaşları səni yandırır, bütün vücudunu sarsıdır:

Gözü mənə baxan Vətən,
Mən sənə baxa bilmədim.
Dərdi su yerinə axan Vətən,
Damla olub suyunda axa bilmədim.

Bu poetik etiraf əslində vətəndaş etirafıdır. Həm də Vətən sevgisi aşılayan çox səmimi etiraf:

Başı göylərdən uca Vətən,
Gözün üstündə yer verdin mənə,
Ayağın altında ölə bilmədim. -

demək əslində çox uğurlu tapılmış ədəbi deyim tərzidir və məcazi məna daşıyır. Təpərli oxucunu misra-misra "Vətənin oduna yanmağa" səfərbər edir.
"Ana torpaq", "Vətən ki, dəyişən deyil", "Vətən" şeirlərində artıq bu fikrin yeni poetik çalarla, yeni poetik yozumlarla inkişafının şahidi oluruq. 
Əfrahim poetik palitrasında tünd, isti rəhg seçmir və fikir müstəqim şəkildə təqdim olunur:

Mehinlə saçım daranar,
Külək başıma dolanar,
Təbriz adlı bir yaram var,
Nəfəsinlə sarı, Vətən!

Bu, artıq Vətən yarasından əzab çəkən şair harayıdır.
Əfrahimi yaxından tanıyıram. Xaraktercə narahat adamdır. Bəlkə bu ona sənətindən keçib, həkimdir. Özü də sənətini sevən həkim. İşində olduğu kimi vətəndaş narahatlığı, cavabdehliyi onun bütün ədəbi yaradıcılığının leytmotivini, ana xəttini təşkil edir. Bu baxımdan "Bu gecə atları apardı Həmzə" şeiri daha xarakterikdir. Bu şeirdə xalqımızın rəhmdilliyi, ürəyigenişliyi tutarlı detallarla əlvan, poetik boyalarla təsvir olunur. Sonda Keçəl Həmzə kimi nankorlar ona-xalqımıza yerə-göyə söğmayan baş ağrısı gətirir. Şair xalq eposundan ustalıqla bəhrələnərək ürək yanğısı ilə haray salır:

...Bu dərin quyunu kim qazdı bizə?-
Bu gecə atları apardı Həmzə.
...Hardasan, Xan Eyvaz, ey Dəli Həsən?
Hardadır dəlilər yolları kəsə?
Bu gecə atları apardı Həmzə.

Əfrahim şeirlərində təsvir olunan detallar o qədər həyatidir ki, şirin, incə, realist müşahidələrinə heyran olursan. Məsələn, "Şair Vaqif İbrahimin xatirəsinə" şeirində gözəl, realist bir tablo yaradıb:

Sahildəki
Bir daşın
Üstündə əyləşmişdi
Şair Vaqif İbrahim.
Balıq tuturdu.
Allah, bu necə işdi?-
Bir də gördü
Tilovuna
Balıq əvəzinə
Şeir düşdü...
Düşdü...

Bəli, şair qələmi ilə əsl rəsm əsəri yaradılıb.
Aşağıdakı misralara da diqqət yetirək:

...Biz qurban olmamış boyuna, Vətən,
Bizi də çəkdilər oyuna, Vətən.
Dedik damla olaq suyuna, Vətən,
Qarışdıq sulara, sellər apardı.

deyən şairin Vətən sevgisi, el-oba məhəbbəti ilə döyünən ürəyi o qədər aydın görünür ki, onu heç bir rentgen plyonkası bu qədər təmiz cizgilərlə əks etdirə bilməz.
"Yollar qayadan asılır", "Ələndik, ələk bilmədi", "Bu yurd əvvəlki yurd deyil", "Dərd, əl ağacın deyiləm", "Ürək, məni rahat burax" və başqa yazılarında da poetik obrazlar canlıdır, müşahidələr daha sərratdır, deyim tərzi düşündürücü və seçiləndir. Əfrahim poeziyasının əsas cəhətlərindən biri sözə qənaətlə yanaşmaq, xəsisliklə sənət süzgəcindən keçirməkdir. Göz yaşı kimi şəffaf dağ çaylarınin dibindəki çaylaq daşları, suotu ləçəkləri apaydın göründüyü kimi hər bir şeirdə, hər bir misrada oxucu Əfrahimin şair, sənətkar ürəyinin pıçıltılarını eşidir.
Torpaq məhəbbəti ilə, ata-ana həsrəti ilə, sevgi müqəddəsliyi ilə  üz-üzə qalan oxucunun ürəyini sonda "Bu şəhər həsrət yeridir" poeması söz-söz, misra-misra titrədir. Orijinal ifadə vasitələri, bədii keyfiyyətləri ilə diqqəti cəlb edən bu poema  yığcam və lakonikliyinə baxmayaraq böyük mətləbləri açması ilə çox təsirlidir.
Bunlar bizə Əfrahimdən innən belə də bir-birindən daha gözəl, daha təravətli şeirlər ummağa əsas verir. Ona uğurlar arzulayırıq!

Комментариев нет:

Отправить комментарий