03.02.2017

Rusiyada həbs edilən kəşfiyyatçılar – ABŞ Putinin dörd bir yanını cəsus şəbəkəsi ilə hörübmüş

Həmid Herisçi

2014-cü ilin Novruz bayramına yaxın vaxtlar Rusiyada ardıcıl, silsilə kibercinayətlər start götürərək 2016-cı ilin dekabrına qədər dayanmaq nədi... düzü, heç yavaşlamaq bilmir.
Qara hakerlər əvvəlcə girişirlər Aleksandr Duqinin- bir nömrəli Kreml ideoloqunun şəxsi bilgisayarına. O vaxtlar bu təcrübəli filosof bütün dünyadakı Rusiya tərəfdarlarının uzun siyahısını hazırlayıb lazımi məxfi ünvanlara çatdırmaq istəyirdi.
Siyahıdakı mühüm şəxslər, Kremlin razılığından sonra, Rusiya mass-mediasına maneəsiz çıxış haqqını qazanmalıymışlar, sən demə. Hakerlər adına “Duqinin siyahısı” deyilən həmin məxfi dosyeni hop edib elə havadaca oğurlayırlar. Siyahı keçir rusofob Qərb məxfi qurumlarının iti caynağına. Siyahıdakılar nəzarətə görürülür. Barələrində tədqiqat, türklər demiş, “güdü, pusu” başlayıb, bir-iki nəfərin şübhəli ölümü ilə nəticələnir lap axırda.
Amma nə su bir yerdə dayanır, nə Rusiya ştirlitsləri. Tezliklə bəlli olur ki, bu kibercinayət adına “Şaltay-Boltay” deyilən məxfi haker ordusu tərəfindən həyata keçirilib. Bəlli olur ki, kibercinayətkarlar təkcə elə bircə Duqinlə kifayətlənməyiblər. Hədəfləri demək olar, bütün Rusiya siyasi elitasının üzvləri, o cümlədən baş nazir Dmitri Medvedyevdi, biləsiz. Hakerlər hətta onun tvitter səhifəsinə girib, ora ağızlarına gələni yazıblar.
***
Rusiya xüsusi xidmət qurumları arasında məxfi informasiya təhlükəsizliyinə cavabdeh iki dublikat qurum var. Birincisi, FTX Əks-kəşfiyyat şöbəsinin müavini Andrey Gerasimovun tabeçiliyindəki İnformasiya Təhlükəsizliyi Mərkəzi şöbəsidir. İkincisinin isə həm adı çox qəlizdi, həm də təyinatı. Rəhbəri Andrey İvaşko da, deyilənə görə, çox qəliz, mürəkkəb çiyni poqonlulardan biridi.
Hər iki qurum arasında ciddi qarşıdurma bu günün- dünənin söhbəti deyil. Çoxdanın söhbətidir. Aleksandr Duqin, deyilənə görə, bu İvaşkoya yaxın “Çarqrad” saytında çalışır.
“Duqinin siyahısı”nın Qərb kəşfiyyat qurumlarının caynağına düşdüyünü bilincə, İvaşkonun “uzun plaş və xəncər” cəngavərləri hərəkətə keçib, tezliklə “Şaltay-Boltay” hakerlərinin izinə düşürlər. İzləmə, dinləmə bir müddət davam etdikdən sonra ortaya heyrətamiz faktlar çıxıb, çoxlarının, hətta Vladimir Putinin diqqətini də özünə cəlb edir. Bəlli olur ki, Andrey Gerasimovun müavini Sergey Mixaylov əməlli-başlı cəsusdur. Tabeçiliyindəki Dmitriy Dokuçayev, Ruslan Stoyanov, jurnalist Vladimir Anikiyev də o cümlədən. Nəzarətə götürülmüş qanunsuz cinayətkar dəstə üzvləri bir müddət izləndikdən sonra barələrində həbs-qətimkan tədbiri seçilir.
Qeyd edim ki, Sergey Mixaylovun çalışdığı İnformasiya Təhlükəsizliyi Mərkəzi FTX-nin bir növ ana nüvəsi, ən məxfi şöbəsi sırasındadır. Poçt adresi “Hərbi hissə 64829” göstərilən bu qurum üzvləri, deyilənə görə, heç bir şəraitdə özlərini ətrafdakılara faş etməməli, tam məxfi şəraitdə fəaliyyət göstərməli idilər.
Bəzi iddialara görə, həmin Sergey Mixaylov öz həbsindən bir-iki gün əvvəl “Sberbank” İdarə Heyətinin rəhbəri German Qreflə danışıqlar aparırmış. Ana hədəf sonuncunun razılığı ilə milyonlarla sadə bank istifadəçisinin şəxsi dosyelərinə yiyələnməkmiş. Guya bunun əsasında Rusiyada nəhəng “İnternet FTX” sistemi yaranmalı, bütün əhali tam nəzarətə alınmalı imiş. Tezliklə, görünür, Rusiyada digər silsilə həbslərin baş verəcəyi istisna deyildir. Qlobalistləri indiki Rusiyada heç sevmirlər. Qref isə qlobalistdir. Misal üçün, Krım Rusiyaya birləşsə də, “Sberbank” orda hələ də öz şöbəsini açmağa tələsmir. Bütün bunlar Qref ətrafında dedi-qoduları artırır. Ötən ilin yayında Rusiyanın iqtisadi inkişaf naziri Ulyukayevin həbsi də bəlkə rüşvət deyil, cəsusluq faktı ilə bağlıdır. İstintaq zamanı digər şübhəliləri diksindirməməyə xatir, o həbsi hələlik rüşvət biabırçılığı kimi sənədləşdiriblər.
***
Həbslər ötən ilin 4-5 dekabr tarixində FTX-nin Lyubankadakı məşhur iclas zalında baş verib. Həbsin təfərrüatları belə təsvir olunur rus mətbuatında: “FTX kollegiyasının növbəti iclası, əvvəlcə çoxlarına darıxdırıcı görünsə də, peşəkarlar hiss edirlər ki, bəs indi, bax elə bu sürətlə axan saniyələr ərzində, nəsə çox ciddi bir hadisə baş verib, yaddaşlara birdəfəlik həkk olunacaq. Belə də olur. Axıra yaxın zalda qəfil maskalılar peyda olub, Mixaylovun başına işıqburaxmaz parçadan tikilmiş qara torbanı keçirirlər. Mixaylov başında qara torba bütün iclas iştirakçıları arasından keçirilir. Başı əyilmiş, beli bükülü vəziyyətdə Mixaylov maskalıların əhatəsində aşağıdakı qara “Volqa”ya qədər müşayiət olunur”.
***
Mixaylovun ifşasına gətirib çıxarmış məxfi əməliyyatı FTX zabitləri verdikləri anonim müsahibələrdə belə təsvir edirlər: “Bir neçə il öncə çox böyük bir Rusiya İT kompaniyasının Mixaylovla sözü düz gəlmir. Yaranmış qarşıdurma axır biznesmenləri təngə gətirir. Şirkətin özəl təhlükəsizlik əməkdaşları, sabiq FSB, QRU zabitləri, işə peşəkarcasına yanaşaraq Mixaylovun kimliyini aydınlaşdırmaq qərarına gəlirlər. Bəlli olur ki, Mixaylov mənşəcə Belarusiyadandı. 90-cı illərin qarmaqarışıqlığı zamanı Rusiyaya köçərək burda vətəndaşlıq alıb. Ancaq sabiq FTX əməkdaşları Mixaylovun izlərini Belarusiyada aşkarlaya bilmirlər. Məlum olur ki, belə insan burda heç vaxt yaşamayıb. Quyunu çox dərin qazan sabiq əməliyyatçılar bildiklərini gəlib FTX-yə, Daxili tədqiqatlar şöbəsinə ötürürlər. Tədqiqat başlayıb, axırda məlum həbslərlə nəticələnir”.
***
“Şaltay-Boltay” hakerləri mövzusunun bir sədası da Amerika mətbuatından gəlib elə bax, bu son günlərdə. “The Washington Post” qəzetinin aparıcı jurnalisti Brayan Krebs mövzunun nəbzini tutub. Yazdığı sensasion silsilə məqalələrdə qeyd edir ki, bəs Mixaylov ona vaxtilə Rusiyanın milyonlarla oğurluq məxfi sənədini ötürüb. Brayan Krebs bu sənədlər əsasında “Spam Nation” bestsellerini yazdığını da boynuna alıb həmin məqaləsində.
Mixaylovun tabeçiliyində bir başqa İT mütəxəssisi Stoyanov da varmış. Məhz onun vasitəsilə Amerika kəşfiyyatçısı, Kimberli Zens adlı bir qadın “Şaltay-Boltay” dəstəsi ilə əlaqəyə girib, əvvəlcə Mixaylovu öz toruna salır, sonra digərlərini. Cəsus qadının əri Dmitriy Levaşov da, deyilənə görə, bu cəsus şəbəkəsinin aktiv fəallarından biri imiş.
Kimberli Zens hələ 2007-ci ildə “Rusian Business Netvork” (RBN) adlı məxfi FTX haker şirkətini nəzarətə götürüb, başlayır onu bitdə-bitdə öyrənməyə. Sonra həmin “The Washington Post” qəzetində, 2007-ci ilin oktyabrında imzasız bir məqalə çap edərək sübut edir ki, bu şirkət vasitəsilə rus hakerlər Qərb banklarından nə az, nə çox, düz 150 milyon dollar pul oğurlayıblar.
Məqalənin çapından sonra “Rusian Business Netvork” (RBN) fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Şirkəti kim qapayır o zaman? Cavab verirəm öz sualıma- indi həbsdə yatan FTX zabiti Sergey Mixaylov.
Kimberli Zens qarmağa keçirdiyi FTX strukturlarını az sonra ABŞ xeyrinə fəaliyyətə cəlb edərək gör bir hara, hansı müqəddəs, güngörməz ünvana yiyələnir?
FTX İnformasiya Təhlükəsizliyi şöbəsinə!
Kimberli Zensin MKİ ilə əməkdaşlığa cəlb etdiyi hakerlər arasında Dmitriy Alperoviç adlı birisi də varmış. Məhz bu şəxs 2016-cı ilin sentyabrında ABŞ mətbuatında çıxış edərək FTX-ni, şəxsən Putini Demokrat Partiyası saytlarını dağıtmaqda ittiham edib, biləsiz.
Belə yerdə deyərlər, NO KOMMENT. Yəni ŞƏRHSİZ.
***
Moskvadakı həbs titrəməsi, görünür, hələ bir müddət davam edəcək. Siyahının böyüyəcəyi istisna deyil. Həbsə atılanlar arasında Rusiya kəşfiyyat, iqtisadiyyat elitasının digər üzvləri də ola bilər.
“Yeni Musavat” mövzunun nəbzini buraxmamaq qərarındadır.  

musavat.com

Комментариев нет:

Отправить комментарий