22.02.2017

BANK FIRILDAQLARI və ya dövlət xalqla necə “məzələnir”

Rafiq Cəlilov

İki devolvasiya yaşadıq, biri də üfüqdən boylanır, amma nədənsə hakimiyyət xalqı düşünmür, xalqa bu boyda ziyan vuran iqtidar yetkililəri hələ arsız-arsız tv ekranlara çıxıb “xalqın xoş güzaranı” nağılını elə şirin-şirin bu bədbəxt xalqa danışır ki, gəl görəsən. Xalq da bu nağıla inanıb, növbəti dəfə aldanmaq üçün üz tuturlar dövlət idarələrinə, orda da onları nəyi var ələ salıb yollayırlar oppalara. Təbii ki hər bir yazı sübutsuz bəhrə verməz, maraqsız olar. Keçək sübutlardan ən kiçiyinə (böyüyünü özünüz də görürsüz).
1. Dövlət statistika komitəsi məlumat yayır ki, işsizlik 5 faiz səviyyəsindədir (Demək olar ki, dünyada bü səviyyə ancaq lider dövlətlərdə olur.)
2. Dövlət Sosial-Müdafiə Fondu elan edir ki, işsizlərə 70+ manat civarında işsizlik pulu veriləcək. 1-ci elanı “yalançının ...” söyüş-qarğışı ilə qarşılayan “işsiz”, nədənsə ikinci elanın səmimiliyinə və düzlüyünə inanaraq cum edir məşğulluq idarəsinə ki, “işsizlik müavinəti” alsın və burda onu, onun kimi sadəlövh, bu iqtidarın hər yalanını doğru bilən minlərlə işsizin yaratdığı basabas qarşılayır. Təbii ki uzun növbədən, bir neçə dəfə gedib-gələndən sonra “qəhramanımız” işsizlər siyahısına düşə bilir, amma ona müavinət verən olmur, heç olmayacaq da, çünki həmin o “5” faizlik kivota çoxdan icra hakimiyyəti, məhkəmı, prokurorluq, polis və bələdiyyə rəhbərlərinin qohum-əqrabası tərəfindən “doldurulub” və onlar illərdir hökumətdən “havayı pul” alırlar, məşğulluq idarəsi statistika komitəsinin elan etdiyi 5 faizi keçə bilməz,  keçsə çörəkvay olacaq. Beləcə günlər aylara, aylar illərə çevrilir, qərinələr dəyişir, amma bədbəxt “qəhramanımız” və onun kimi yüz minlər dəyişmirlər ki, dəyişmirlər, yenə də axşamlar tv qarşısına keçib, nədənsə “ondan başqa hamıya şamil edilən” uğurlu iqtisadi inkişaf, yeni iş yerləri, artan əmək haqqı nağıllarına şirin-şirin qulaq asır, qulaq asdıqca ağzı sulanır, ağzı sulandıqca iştahı artır, iştahı artdıqca növbəti nağılları səbirsizliklə gözləyir.
Məqsədimiz bank fırıldaqlarını ifşa etmək idi, nə isə uzaqdan başladıq. Yuxarıda bir şeyi unutduq, “qəhramanımızın” üstəlik banka da “dollar krediti” borcu var və bu krediti, dövlətin uğurlu pul siyasəti nəticəsində iki dəfədən çox ucuzlaşan manatın “bərəkətsiz” olması ucbatından ödəyə də bilmir. Təbii ki, normal dövlətlərdə elə ilk devolvasiyadan sonra, etdikləri bu qeyri-qanuniliyi aradan qaldırmaq üçün banklar bütün kredit borclarını manata çevirməli, faizləri 2 dəfəyədək aşağı salmalı idilər. (Hələ onların dollarla kredit vermə səlahiyyətlərinin olub-olmaması başqa mövzudur). Etmədilər. Çünki xalqın nağılhəris olduğunu çox gözəl bilirlər. Üstəlik ilk devolvasiyadan sonra əhali bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyə çalışırdı. Əslində elə ilk devolvasiyadan sonra “nağılsevər” xalq aldığı kreditin manata çevrilməsini tələb etməli idi, etmədilər, dövlətin “güzəşt” paketini gözləyəyə-gözləyə ikinci devolvasiyaya tuş gəldilər, nəticədə ikinci devolvasiyadan sonra əhali artıq maddi tükəndi, artıq əksəriyyət borcun ödənilməsi barədə yox, qarnının doyması barədə düşünməyə başladı. Təbii ki, bu vəziyyətdə banklar əhaliyə güzəştə getməli idilər, amma getmədilər, çünki onları “hifz edən” məmurlar pulu dollar ilə almalarını tələb edirlər və bu yerdə bankların köməyinə yeni bir nağıl gəldi: Siz ödənişləri 1 manat 05 qəpik ilə edin, son ayda güzəşt olacaq. Maraqlandım, son aydakı güzəşt əslində güzəşt yox, tələdir, fərz edin ki, 2000 dollar kreditiniz var və siz hər ay təqribən 190 dollar ödəməlisiz, siz, kredit tez bitsin deyə 190 dolar əvəzinə köhnə kurs ilə 200 dollar, yəni 210 manat ödəyirsiz, 210 manat isə təqribən 130 dollar edir, demək siz hər ay minimum 60 dollar banka borclu qalırsız və bu borc, ilin sonunda 720 dollar + faizləri ilə sizin ödəməli olduğunuz həmin 210 manatın üstünə gəlir, demək siz yenə də banka götürdüyünüz və artıqlaması ilə ödədiyiniz məbləğdən də çox borclu qalırsız.
Çıxış yolu nədir? Şəxsən mən çıxış yolunu bu kreditlərin manata çevriləcəyi və faizlərinin ləğv ediləyəcəyi günəcən ödənişlıərin edilməməsində görürəm, kimlərinsə varlanması, dollarla samovar qaynatması kefini yaşaması üçün xalq öz boğazından kəsməməlidir, bəsdirin bu qadər “nağılsevər” oldunuz, heç olmasa ömrünüzdə bircə gün, bircə saat realist olun, həqiqətin gözünə dik baxmağı öyrənin.
P.S. Azərbaycan qanunlarının elə də işləmədiyi Naxçıvana 1.05 manat ödəniş həsədi aparmaq lazım deyil, həmin ödənişə nail olmaq üçün hərəkətə keçmək lazımdır.

Комментариев нет:

Отправить комментарий