Tutduğu vəzifələrin uzun siyahısı bir səhifəyə sığmaz. Sinəsini bəzəyən orden-medalların çəkisi tərəzinin bir gözünü xeyli aşağı əyər. Ən vacibi - o, indi Rusiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədridir. Demək, indən belə Rusiya ilə aramızda nə qədər düyünlü-düyünsüz söhbətlər varsa, hamısı bax bu şəxsin dar süzgəcindən keçəcək.
Belələrinin psixoloji portreti adətən öncədən çəkilib yuxarılara təqdim olunur. Bioqrafiyası zərrəbinlə öyrənilir. Barəsində xüsusi qovluq açılır. Bütün dosyelər, kompromatlar yığılır ora. Üzərinə “Tam məxfi” qrifi vurulub yerləşdirilir dəmir seyflərin əlçatmaz dərinliyinə.
Gəlin, indi mən sizi bu məxfi dosye ilə yaxından tanış edim.
***
DOSYE: DMİTRİ OLEQOVİÇ ROQOZİN. 21 dekabr tarixində Moskvada dünyaya göz açıb. Ulduz falı 50 faiz Stalininki ilə, 50 faiz Mixail Saakaşvilininki ilə demək olar eynidir. Stalinə loyallığı, görünür, şəxsi bioqrafiyasının bu gizli ştrixi ilə bağlıdı. Saakaşvili ilə isə onun göydəki... bəli, məhz göydəki bəxt ulduzları barışmır. Hələ ki bu döyüş kosmosdan yerə enməyib. Yerə enincə, döyüşün həqiqi qalibi axırda bəlli olacaq.
Çəkisi - 89 kiloqram. Hündürlüyü 179 sm. Ən çox sevdiyi meyvə bizim yapon xurması, xirnikdir. Azərbaycan tərəvəzlərinin əvəzsiz dadını heç vaxt unudan deyil. Milli mətbəximizə xüsusi dəyər verir. Biləndə xirniklə, pomidorla dolu 500 TİR yeni il ərəfəsində Rusiya-Azərbaycan sərhədində ilişib qalıb, tənbəllik eləməyib. Bakıdan avtomobilini sürüb düz sərhəd qapısına. Rusiya qapılarını məhz özü açıb bu uzun karvanın burnu ucunda. Karvanı Rusiyaya buraxıb. Sonra öz tvitter səhifəsində görün bir nə yazıb: “Qarşıdan Yeni il gəlir. Biz gözləyirik Azərbaycandan Rusiyaya gətirilən meyvə-tərəvəz, habelə digər məhsullar sərhədi maneəsiz keçəcək. Bayramadək rusiyalıların masasına çatdırılacaq. Biz bu məhsulların keyfiyyətini həmişə yüksək qiymətləndiririk”.
Qısası, operativ, əlüstü iş görənlərdəndi. İşləri düyünləmir. Əksinə, düyünləri açmağa, müşkülləri həll etməyə meyllidi.
İstənilən an o, “uf” demədən yüzlərlə, minlərlə lüzumsuz kadrı qələminin bircə imzasıyla gedər-gəlməzə, təqaüdə, istefaya göndərə bilər. Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri təyin olununca, düyməni basaraq katibəsini təcili içəri çağırıb. Komissiya üzvlərinin siyahısını isti-isti, təcili sifariş edib. Qələmini süngüyə çevirərək siyahı üzərində bir xeyli işləyib. Sonra dövrü mətbuatdan bəlli olub ki, energetika naziri Natiq Əliyev, müdafiə sənayesi naziri Yavər Camalov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov komissiya üzvlüyündən çıxarılıblar.
Hazırladığı təzə siyahı isə görünür, hələ müzakirə mövzusudur.
***
Hələ 9-cu sinif şagirdi ikən bir əlaçı kimi vaxtından əvvəl, imtahansız-filansız Moskva Dövlət Universitetinin 1-ci kursuna qəbul olunub. Ancaq deyəsən, jurnalist həmkarları ilə münasibətləri bir o qədər cur deyil. O da Donald Tramp kimi öz açıqlamalarını tvitterə ötürür, nəinki dövrü mətbuata. Bölüşdüyü statuslar həmişə pərdəarxası mənasıyla seçilir. Misal üçün, Bakıdan yazdığı “Soyuq və günəşli Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının birgə iclası başlayıb”. Tvitter statusu görün bir nə qədər çox mənalıdır. Statusda aramızdakı soyuqluğa da işarə var, qaynar münasibətlərə də.
Roqozin sözün həqiqi, hərfi mənasında şahin baxışlı xüsusi dövlət xadimidir. Əvvəla, o, təcrübəli pilotdur. “Rosaviatsiya”nın 2015-ci ildə verdiyi xüsusi lisenziyaya görə Roqozin helikopterin sükanı arxasında rahat əyləşib onu istədiyi ünvana sürə bilər. Amerika jurnalı “Forbes” Roqozini “Rus xarici siyasətinin baş şahini” adına deyirsiz təsadüfən layiq görüb, hə?
Qısası, Dmitri Oleqoviç dünyaya, o cümlədən Azərbaycana təkcə yerdən deyil, göydən də baxmağı bacarır. Rusiya müdafiə sənayesinin bu baş memarı Azərbaycan səmasına bizdən də yaxşı bələddi. Bilir ki, dünyanı tən ortadan bölən meridian xətt - adına “Haushoffer qövsü” deyilən yarıq, Rusiya-Azərbaycan-İran hava ərazisini birləşdirir. Bircə saatlığa bu dəhlizi qapat, vəssalam, Şərqdən-Qərbə, Qərbdən-Şərqə gedən bütün aviasiya trafiki anında pozulacaq. İndi NATO təyyarələri bu xəttin ancaq Azərbaycan hissəsindən ötüb öz uzaq hədəflərinə - Əfqanıstana yetişə bilirlər. Amma bir gün Azərbaycan Roqozinin xahişi ilə bu dəliyi bağlasa, görün, nə baş verər bütün dünyada? Ara qızışar, məzhəb itər. NATO qalar yana-yana. Şərqdən Qərbə, Qərbdən Şərqə bircə addım belə ata bilməz. Dünyada, bir görün, nə qədər silkələnmələr baş tutar?
***
Dmitri Oleqoviç Roqozinin şahin xisləti, iti baxışları həm də onun sərrast atıcı olması ilə də əlaqədardır. Xüsusi şəxsi kolleksiyasında yüzlərlə nadir silah nümunəsi toplanılıb. Hə... unutmuşdum az qala. Roqozin özü həm də silah ixtiraçısıdır. Rusiyada qeydə alınmış 2570851 saylı patentin sahibidir. Deyilənə görə, bu sənədə o, ixtira etdiyi tam yeni tüfəngə görə layiq görülüb.
Oğlu - 34 yaşlı Aleksey Roqozin də Rusiya hərbi-sənaye kompleksində atasının yerişini təkrarlayır elə bil. 2010-cu ildən cavan olmasına baxmayaraq “Promtexnologiya” silah fabrikində çalışır. Vəzifəsi də əladır - direkror müavini.
***
Oxatan bürcü altında doğulmaq faktı da Roqozinin iti baxışlarını, cəldliyini elə lap uşaqlıq günlərindən təyin edən ən vacib cəhətlərindən biridir.
KQB-də qulluq etmək arzusu lap elə uşaqlıq günlərindən başlayaraq Roqozini daim təqib edib. Tələbəliyinin birinci ilində seçib evləndiyi Tatyana Serebryakova, deyilənə görə, yüksək vəzifəli KQB zabitinin qızıdı. Yəni Roqozin öz seçimini edərkən, bir oxatan kimi, çox uzaq hədəfləri güdür həmişə. Onun əsas baş hədəfləri yaxında deyil, çox-çox uzaqlardadı.
***
İndi keçək Roqozinin siyasi səhvlərinə.
Müasir Kreml sakinlərinin ucdantutma hamısı prezident Vladimir Putini nümunə götürərək onun kimi iki əlli, yəni ambidekstr olmaq istəyir. Roqozin də bu siyahıda istisna deyildir.
Ancaq ambidekstr olmaq arzusu Roqozini elə ilk günlərdən sərt imtahanlara məruz qoyub.
Ambidekstr olmağın bir şərti də hər iki əldən eyni anda atəş açmaq bacarığıdır. Atıcılar arasında “Makedonsayağı atış üsulu” deyilən bu döyüş taktikası Roqozinə həmişə baha başa gəlib. Dmitri Oleqoviç bir dəfə bu bacarığını lentə çəkərək onu tvitter səhifəsinə yerləşdirib. Sonra istəyib bu istedadını bütün Rusiyaya tirajlasın. Klipin çəkilişi zamanı ehtiyatsızlıq ucbatından Roqozin görün bir nə qələt edib?!
Öz ayağını kor gülləylə yaralayıb...
Sonra tələm-tələsik hərəkət edərək tvitter səhifəsindəki o köhnə videolentini silib tamam. Yeni il ərəfəsində Kremldə keçirilən qəbuldan kənarda qalıb. Putinin iti baxışlarından bütün bunlar yayınmayıb. Növbəti dövlət iclaslarının birində Putinin Roqozinin ünvanına işlətdiyi “Qalstukunuzu niyə yaxşı düyünləmirsiz?” iradı, görünür, boş yerdən yaranmayıb.
Bəziləri isə bunu başqa səbəblərlə izah edirlər. Deyirlər, Roqozinin rəhbərliyi altında tikilmiş “Vostoçnı” kosmodromunda fəhlələr aylarla maaşdan məhrum qalırmışlar. Kosmodromdan havaya raket buraxılışı ilk təşəbbüsdən alınmayıb. Nəticədə Putinin qaşları çatılıb. Qalstuk barədə məlum iradını da Putin məhz o zaman- 14 may 2016-cı ildə səsləndirib.
***
Dmitri Oleqseyeviç Roqozinin çox saylı istedadları sırasında aktyorluq da var. Roqozin barəsində məqalə müəllifi Zoya Svetova bunu nəzərə alaraq görün bir nə deyib: “1981-ci ildə Roqozin öz sənədlərini Ümumittifaq Kinematoqraflar İnstitutunun aktyorluq fakültəsinə verib konkursdan qələbəylə çıxsa da, ay dadi-bidad, tezliklə sənədlərini geri götürür. Gedib girir Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə. Beləliklə ölkəmiz o zaman bir istedadlı aktyoru itirir. Əvəzində bir jurnalist, bir siyasətçi qazanır özünə”.
Yox... Zoya Svetova, deyəsən, Roqozini yaxşı tanımır. Onun istedadı təkcə elə aktyorluq, jurnalistika, siyasətlə məhdudlaşmır. Unutmayın, Roqozinin istedadları sırasında yazıçılıq da var. Məsəl üçün, o, bir neçə il əvvəl “Boron Joltok” adlı avtobioqrafik əsərini qələmə alıb. Bu əsərində o, anası Natalya Borisovna Mitkeviç-Joltokun qədim şəcərəsi ilə çox öyünür. Bəlli olur ki, 1908-15-ci illərdə Roqozinin ulu babası general-mayor Nikolay Mitkeviç Joltok Moskva polismeysteri olub. Sonra Denikinlə birgə Leninə qarşı son damla qanınadək vuruşaraq qəhrəmancasına həlak olub.
Roqozin bu əsərində öz nəslinin Avropa qanadını çox qabartsa da, qədim türk kökləri barədə danışmağı nədənsə unudur. Biz də məcbur qalırıq indi ona bu türk köklərini xatırlatmağa.
Demək belə. Məni yaxşı-yaxşı dinləyin. Roqozinin ulu babası Baygildey Rozqozin (Rza+xoca) hələ 1560-cı ildə Rusiya qulluğuna girərək Moskva tərəfindən Noqay yurduna səfir təyin edilib. Roqozinin bir başqa qohumu Taşlık Vasilyeviç Razqozin 1596-cı ildə Tver şəhərində vəzifə sahibi imiş.
Dmitri Oleqoviçə məsləhət görərdim, öz nəslinin Avropa köklərini deyil, məhz türk kötüklərini öyrənib qələmə alsın. Avropa Şurası Krım hadisələrinə görə Roqozini çoxdan qara siyahısına salıb axı. Yəni Avropa istiqaməti Roqozin üçün çoxdan qapalıdır. Prespektivsizdi. Məsələn, 10 may 2014-cü ildə Rumıniya hökuməti öz hava ərazisindən istifadə etməyi Roqozinə yasaq edib. Roqozin öz köhnə adətincə Rumıniyanın cavabını özünün tvitter səhifəsində verib. Deyib bəs növbəti dəfə Rumıniya üzərindən hərbi bombardman təyyarədə uçacaq.
Yox yerdən yaranmış diplomatik skandalı başqaları həll edib.
Sözümün “mustafa”sı odur ki, Roqozin Avropa deyil, Avrasiya mənşəlidir. Qoy o öz türk köklərini unutmasın. Ruzi-bərəkət bizdədi.
Bizdən fərqli olaraq Avropada bu gün onu heç kim gözləmir.
musavat.com
Комментариев нет:
Отправить комментарий