01.06.2020

Bəzi nazirliklərdə vəzifəyə təyin olunmaq üçün rüşvət tələb edilir

“Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get vətəndaşlara xidmət et, get vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm”.
Bu fikirləri Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu məsələ ilə bağlı mövqe birmənalıdır: “Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, – hələ bu siqnallar araşdırılır, – vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Biz bunu dəfələrlə görmüşük”.
Prezidentin sözlərinə görə, sadalanan bu rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır: “Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir”.

Комментариев нет:

Отправить комментарий