Biz müharibəni sırf Rusiyanın öz neytrallığını pis-yaxşı qoruması hesabına udmuşuq. Fakt budur ki, hərbi texnikamız nə qədər modern, əsgərimiz nə qədər şücaətli olsa da, Rusiya qələbəmizin qarşısını ala bilərdi – bunu inkar etməməliyik.
Baş nazir Paşinyanın istər RF müdafiə naziri Sergey Şoyquyla, istərsə də XİN rəhbəri Sergey Lavrovla görüşündəki davranışından “klassik erməni hikkəsi” yağırdı. O, nazirlərlə görüşəndə sifətinə “növbətçi təbəssüm” belə vermədi. Üstəlik, ermənilər görüş keçirilən kabinetə Rusiya bayrağını qoymağa belə tənəzzül etməmişdilər. Bunlar elə-belə söhbətlər deyil.
Rusiyanın ali mənsəbli dövlət xadimlərinin köç-külfətli şəkildə İrəvana yollanmasının tək səbəbi Rusiyadan incik düşmüş ermənilərin könlünü almaq, onları “hər şey yaxşı olacaq” qənaətinə kökləməkdir. Rusiya bütün gücüylə çalışır ki, hələ 2 il öncədən bir ayağı Qərbə sarı sürüşmüş Ermənistanı qoşa ayaqla xizəyə minməkdən çəkindirsin. Bundan ötrü Rusiya Ermənistana bir qamçı çəkib, indi ona qoğal verməyin vaxtıdır. Rusiya bizdən əmindir, bilir ki, Qərbə tərəf çox uzaq getdiyimiz yer Türkiyənin yanı olacaq. Türkiyə isə hazırda Rusiyanın təbii, sənədsiz müttəfiqidir.
Fəqət ermənilər 44 günlük müharibədə uğradıqları acı məğlubiyyətin baiskarlarından (digər ikisi Türkiyə və bizik) biri kimi gördükləri Rusiyani bağışlayacaqlarmı? Demək çətindir. Böyük ehtimalla bu baş verməyəcək.
Ona görə də Rusiya və Ermənistanın arasının getdikcə daha çox pozulacağını ehtimal edərək biz Rusiyaya yönəlik ritorikamızı bir qədər dəyişməliyik.
Yadınızdadırsa, elə bu günlərdə Rusiyanın təhlükəsizlik xidmətinin şefi Sergey Narışkin hər iki ölkədə Rusiyadan narazı olan millətçi qüvvələrin fəallaşdığını bildirdi. Bu, o deməkdir ki, ruslar hər şeyin fərqindədirlər.
Prinsipcə, bizim kəskin anti-Rusiya mövqeyi tutmağımızın məntiqi əsası yoxdur. Ermənilər müharibəni uduzublar, narazıdırlar, bizə nə olub? Biz ki müharibəni sırf Rusiyanın öz neytrallığını pis-yaxşı qoruması hesabına udmuşuq (fakt budur ki, hərbi texnikamız nə qədər modern, əsgərimiz nə qədər şücaətli olsa da, Rusiya qələbəmizin qarşısını ala bilərdi – bunu inkar etməməliyik).
Bu baxımdan bir az siyasətcil olmalıyıq, istər peşəkar mediada, istərsə də sosial şəbəkələrdə qonşu dövlətlərə yönəlik “hamı bizə düşməndir” ritorikasından çəkinməliyik. Bu məsələdə dövləti idarə edənlərin siyasətinə güvənmək lazımdır, ən azı 3-4 ay səbr etməliyik ki, görək bu işlərin axırı necə olur. Ondan sonra ağa durur, Ağacan durur.
Ümumiyyətlə götürdükdə isə hələ 15-20 il öncənin statistikasına görə 2 milyondan artıq soydaşımızın sığındığı, barındığı dövləti 1 və ya 2 nömrəli düşmən elan etmək milli mənafeyimizə ziddir. Biz regionda güclənmək, mövcudluğumuz qorumaq üçün qonşuluqdakı güclü dövlətlərin yalnız biriylə deyil, hamısıyla dinc, yanaşı, dostcasına yaşamaq siyasəti yeritməliyik.
Başqa variant yoxdur. Ermənilər qonşularıyla “əbədi düşmənçilik” xətti yeridib xoşbəxt oldularmı?
Siyasət emosionallığı sevməz. Dünən kimsə beş maşında rus bayrağı qaldırıb deyə haray qoparmaq lazım deyil. Ona qalsa 44 günlük müharibə zamanı Pakistanın bayrağı da maşınlarımızı bəzəyirdi və Pakistan xalqı, eləcə də dövləti bu mənzərədən xoşhal idi. Həmin hərəkət bizim milli suverenliyimizi təhdid etmədiyi kimi, beş-on rus bayrağının da suverenliyimizə təhdidi yoxdur.
Aydın məsələdir, bu duyğu bizdə uzun illər rus müstəmləkəsi olmağımızdan doğur. Ərəblər də Türkiyə bayrağına eyni cür həssasdırlar. Ancaq reallıq budur ki, keçmişdə baş verənləri unutmamaq şərtilə irəli baxmaq lazımdır. Keçmişlə yaşamağa qalsa, gərək yaponlar Naqasaki və Xirosima müsibətinə görə heç vaxt ABŞ-la heç bir münasibət qurmayayaydılar.
Xalid Kazımlı
Комментариев нет:
Отправить комментарий