10.11.2020

Rusiyalı ekspert: Bu, Azərbaycanın şəksiz qələbəsidir

“Fikrimcə, bu gün böyük hadisə baş verib. Bu, Azərbaycanın qələbəsi və heç şübhəsiz ki Ermənistanın məğlubiyyətidir. Ermənistan lideri Nikol Paşinyan döyüşləri davam etdirməyin mümkün olmadığı üçün, guya hərbçilərin onu sövq etmələri nəticəsində bu sazişi imzaladığını açıq şəkildə deyib”.
Bu fikirləri “Report”un Rusiya bürosuna açıqlamasında beynəlxalq münaqişələrə dair rusiyalı ekspert Yevgeni Mixaylov dilə gətirib.
“Yəni Paşinyan özü korrupsiya ilə, açıq rus düşmənçiliyi ilə, ordunu peşəkarlardan təmizləməsi ilə dövlətin axırına çıxdığını etiraf edib. Görünür Paşinyanın təslim olması üçün inandıran da elə tək-tük qalan peşəkarlardır. Hazırda müharibə başa çatıb, amma Yerevanda ifrat millətçilər hakimiyyətə gəlsə, döyüşləri davam etməyi tələb edə bilərlər. Hərçənd bu artıq xam xəyaldır. Məncə məsələnin həllinə zamin olan Moskva belə şeyə yol verməz”, - deyən ekspertin fikrincə, Ermənistanın bundan əvvəl Dağlıq Qarabağ üçün muxtariyyət əldə etmək fürsəti vardı, amma bunu bada verdilər: “Müharibədən əvvəl Yerevanın Qarabağ üçün nəsə bir status haqqında danışmağa şansı olub. İndi isə bunu yada salan yoxdur. Azərbaycan qalib gələrək ərazilərini qaytardı. Belə olan halda hansı statusdan danışmaq olar?”
“Hər halda baş verənləri dəyərləndirmək, Ermənistanla Azərbaycan arasında münasibətlərin bundan belə necə qurulacağını düşünmək üçün müəyyən vaxt keçməlidir. İndi isə Azərbaycan qalibdir və bütün danışıqlardakı mövqeyi məhz buna əsaslanacaq”, - rusiyalı ekspert fikrini çatdırıb.

Комментариев нет:

Отправить комментарий