06.02.2016

Efirə buraxılmayan Kamran Həsənli od püskürdü

Azərbaycan efirinə şou proqramları gətirən, şoumen kimi sevilən teleaparıcı Kamran Həsənli bir müddətdir ki, efirlərdə görünmür. Düzdür, belə hal ilk dəfə deyil ki, baş verir, istedadlı şoumen dəfələrlə çalışdığı telekanallardan ya uzaqlaşıb, ya da uzaqlaşdırılıb. Baxmayaraq ki, müəllifi və aparıcısı olduğu bütün verilişlər qısa zamanda kifayət qədər izləyici auditoriyası qazanıb. Həmçinin ölkənin ziyalı elitası tərəfindən də həmin verilişlər yüksək qiymətləndirilib, maraqla izlənib. İndi telekanallarda müxtəlif səpkili şou proqramlar nümayiş olunsa da, amma nədənsə əksəriyyəti uğursuz alınır, həm xalq tərəfindən, həm də MTRŞ tərəfindən tənqidlərə məruz qalaraq bağlanılır. Bəs görəsən Azərbaycan teleməkanını “alaq otlarının” bürüdüyü, zövqdən çox zövqsüzlüyün nümayiş olunduğu bir vaxtda Kamran Həsənli hansı səbəbdən keyfiyyətli şou proqramla efirə qayıtmır?
Moderator.az şoumenlə əlaqə saxlayaraq bu və ya digər suallara cavab tapmağa çalışıb.
Kamran Həsənli ilk öncə efirlərdə görünməməyinin səbəbinə aydınlıq gətirib: “Bildiyiniz kimi indiyə qədər bir neçə telekanalda işləmişəm, son 4-5 ildə isə həmin kanalların rəhbərlikləri ilə mübahisələrim yaranıb. Demək olar ki, bütün iclaslarda telekanal rəhbərlikləri ilə müzakirələrim olub. Düzdür, son illərdə aparıcılar bu müzakirələrə qoşulmurlar, çünki onlar buyruq quludurlar, ancaq deyiləni yerinə yetirirlər. “Aparıcılarımız” xarici görkəmi ilə, tapşırıqla televiziya aparıcısı adını qazanıblar. Televiziya rəhbərləri ilə mübahisələrimiz ona görə yaranırdı ki, onlar efirə intellektin, keyfiyyətin gəlməsini qətiyyən istəmirdilər. Hazırda telekanallarda gördüyümüz bu keyfiyyətsizliyin məsuliyyəti onların üzərindədir. Bildiyimiz kimi televiziya bir güzgüdür, millətin güzgüsü və biz ora baxanda özümüzü görməliyik. İndi həmin o güzgüdəki əksimizin necə əyri olduğunu görürük. Bu gün televiziyalarda gördüklərimiz çox laqeyd, olduqca mənasız, boşbeyin insan obrazı yaradır. Millətimizin min illərdir qazandığı qarşılıqlı hörmət kodeksi vardı, televiziyalar son illərdə həmin bu kodeksi dağıtmağa nail oldu. Bizə hörmət etməməyi aşıladı, cəmiyyətə qarşılıqlı hörmətsizliyi  qazandırdı. Ümumiyyətlə cəmiyyətdə gördüyümüz və bəyənmədiyimiz əyər-əskiklərin yüzdə doxsan faizinin səbəbi Azərbaycan teleməkanlarıdır. Onlara deyərdim ki, ehtiyatlı olsunlar, çünki keyfiyyətsiz televiziya hər zaman soyuducu ilə mübarizədədir. Yəni nə qədər ki, soyuducu doludur televiziya qalib gəlir, elə ki, soyuducu boşalır o zaman qalib gələn soyuducu olur. Verilişlər tamaşaçını əsəbləşdirir, qıcıqlandırır, o üzdən də Azərbaycan tamaşaçısı son illər yerli telekanallara baxmır, daha çox Türkiyə və Rusiya telekanallarını izləyirlər. Başa düşdükləri dildə daha keyfiyyətli verilişlər tapıb baxırlar.
Teleaparıcı yenidən televiziyaya qayıtmaq istədiyini də vurğulayıb: “Mənim peşəm, həyat kredom televiziyadır, mən onunla yaşayıram. Amma beş-altı ildir ki, mən hansısa proqramı açıram və proqram reytinq qazanır, tamaşaçıların xoşuna gəlməyə başlayır, o zaman nədənsə həmin televiziya rəhbərləri narahat olmağa başlayırlar. Və məni kənarlaşdıraraq yerimə başqa aparıcı gətirirlər, bununla da həmin verilişi məhv edirlər. Maraqlıdır ki, öz kanallarında olan “Söz sözü gətirdi”, “Kinokampaniya” “Sizin saat”, “Toylar kralı”, ən sonda da “Günəbaxan” kimi uğurlu layihələri məhv edirlər. Veriliş uğur qazanan zaman mənə sübut etməyə çalışırlar ki, yox, belə deyil, sən kənara çəkil. Bəzən özüm yaratdığım layihəni də əlimdən alıb başqasına verirlər, bəzən də öz layihələrinə dəvət edirlər, ancaq nədənsə qəfildən kənarlaşdırırlar. Həm də verilişin pik məqamında, insanların intellektual müzakirələrə daha çox ehtiyacı olan zaman”.
Kamran Həsənli yayımlanması qadağan olunan verilişlərindən də danışıb: ““Space” kanalında bəzi verilişlərim efirə verilməmişdi. Ümumiyyətlə “Space”də böyük müzakirələrim, mübahisələrimiz olurdu. İlk dəfədir sizə deyirəm ki, hər iclasda “Space”in rəhbərliyi bizə sübut etməyə çalışırdı ki, “Sevimli Şou” Azərbaycanın ən uğurlu verilişidir və bütün verilişlər də belə olmaldıır. Buna görə də hər zaman bizim müzakirəmiz, hətta mübahisəmiz olurdu. Bildirirdim ki, belə proqramlar televiziya üçün, eləcə də xalqımız üçün üz qarasıdır. Çünki ölkəyə gələn hansısa turist  axşam elə bir verilişi izləyərsə düşünəcək ki, bütün Azərbaycan xalqı o səviyyədədir. Çünki hörmətli bir kanalın axşam praym-taym-ında elə bir verilişin getməsi o deməkdir ki, millətimizin düşüncəsi o tərzdədir. Ona görə də hər iclasda rəhbəriklə mübahisəmiz olurdu və rəhbərlik də çalışırdı sübut etsin ki, uğurlu veriliş məhz belə olmalıdır. Demək ki, televiziya rəhbərlərimizin əksəriyyətinin zövqü, düşüncəsi belədir və keyfiyyətsiz verilişlərin səbəbi də onların başında olan zövqsüzlük və televiziya anlayışının olmamasıdır”. /moderator.az/

Комментариев нет:

Отправить комментарий