01.02.2016

“Naxçıvandakı sonuncu süpürgəçi doktor olandan sonra müdafiə edəcəm”

İsveçrədə mühacirətdə yaşayan tanınmış yazar Elbəyi Həsənli prezident İlham Əliyev tərəfindən AXC-Müsavat iqtidarının xarici işlər naziri Tofiq Qasımov haqqında səsləndirilən ittihama yazdığı cavabı Moderator.az-a göndərib:

"İlham Əliyev bir qrup gənci başına yığıb bir illik AXC-Müsavat iqtidarı dönəmində ölkəyə rəhbərlik edən şəxslər- hazırkı siyasi opponentləri barədə şərt tənqidi fikirlər səsləndirib. Tənqid olunanların bəzisi prezidentin ittihamlarına eyni intonasiya ilə cavab verib. Amma bir nəfər var ki, o, bunun da üstündən sükutla keçəcək. İlham Əliyev həmin çıxışında Tofiq Qasımov haqqında deyir:“Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni yumşaq desək, statusuna adekvat olmayan bir adam idi”.
Tofiq Qasımov uzun müddətdir ki, İsveçrədə yaşayır. Müsavatçı alim Hacı Hacılı ilə yaxındır. Hacı bəy bu məsələ ilə bağlı düşüncələrini bizimlə bölüşdü: “Bəli, Tofiq bəy bu dəfə də susacaq. Ancaq mən onu kifayət qədər yaxından tanıyan birisi kimi öz adımdan bir-iki kəlmə deyərdim. Hörmətli Prezidetntin nəzərinə çatdırmaq istərdim ki, Tofiq Qasımov kiçik elmi işçi yox, akademiya sistemində ən yüksək elmi vəzifə sayılan böyük elmi işçi vəzifəsində çalışırdı. Ikincisi, o nəzəri fizika sahəsində nəinki Azərbaycanın, hətta o vaxtki SSRİ-nin ən güclü alimlərindən biri sayılırdı, dünya şöhrətli alim Qurevicin aspirantı olmusdu, rus dilini də mükəmməl bilirdi. Tofiq Qasımovun ailəsində rus dili hələ də ikinci işlək dil kimi qalır…
Fizika Institunun o vaxtki direktoru, həm də AMEA-nin prezidenti Həsən Abdullayevin nədən doktorluq dissertasiyası müdafiə etmədiyini irad tutmasına Tofiq bəyin cavabı da maraqlı olub. Akademiya divarları arasında ifrat yerliçilik siyasəti yürüdən alimə Tofiq bəy beləcə də deyib: “Həsən müəllim, Naxçıvandakı sonuncu süpürgəçi gəlib doktor olandan sonra mən də müdafiə edəcəm”.
Onu da kimsə unutmasın ki, Tofiq Qasımov “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 2 müəllifindən biridir..."
Qeyd edək ki, Tofiq Qasımov da hal-hazırda İsveçrədə yaşayır. /moderator.az/

Комментариев нет:

Отправить комментарий