19.02.2016

Noam Xomski: KİV vasitəsilə insanları idarə etməyin 10 üsulu

Noam Xomski amerikalı linqvisti, filosof, ictimai xadim, bir sıra kitabların müəllifi və siyasi analitikdir. Massaçusets Texnoloji İnstitutunun dilçilik üzrə əməkdar professoru və 20-ci əsrin görkəmli elm xadimi. Onun dilçilik nəzəriyyəsi və idrak nəzəriyyəsi sahəsindəki fundamental əsərləri elmi və müəllimlər cəmiyyətində layiqli ad qazanmışdır. 
Noam Xomski kütləvi informasiya vasitələrinin köməyi ilə “manipulyasiya etməyin 10 üsulunun” siyahısını tərtib etmişdir.
1. Diqqətin yayındırılması. Vətəndaşların diqqətini real əhəmiyyəti olmayan mövzulara keçirtməklə daima əsl sosial problemlərdən yayındırmaq. Vətəndaşların daima nə iləsə məşğul olmaqlarına və düşünməyə vaxtlarının qalmamasına nail olmaq. Cəmiyyəti idarə etməyin əsas elementini informasiya məkanını daima az əhəmiyyətli məlumatlarla dolduraraq, insanların diqqətini siyasi və iqtisadi hakim dairələrdə qəbul olunan mühüm problem və qərarlardan yayındırmaq təşkil edir. Diqqəti yayındırmaq üsulu vətəndaşlara elm, iqtisadiyyat, psixologiya, neyrobiologiya, kibernetika sahəsində mühüm biliklər əldə etməyə imkan verməmək üçün olduqca əhəmiyyətlidir.
2.  Problemlər yaratmaq, sonra da onların həll üsullarını təklif etmək. Bu üsül həm də “problem-reaksiya-həll” adlanır. Əhali arasında müəyyən reaksiya yaratmaq üçün hər hansı bir “vəziyyət”, problem yaradılır ki, insanlar özləri bunun həlli üçün  hakim dairələrdən bu dairələrin özlərinə sərf edən tədbirlər görməyi tələb etsinlər. Məsələn, şəhərlərdə zorakılıq spiralını açmağa yol vermək, ya da qanlı terror aktları təşkil etmək ki, vətəndaşlar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında qanun qəbul etməyi və vətəndaş azadlıqlarını məhdudlaşdıran siyasət yürütməyi tələb etsinlər. Ya da iqtisadi böhran yaratmaqla sosial hüquqların pozulmasını və şəhər xidmətləri işini məhdudlaşdırmağı zəruri pislik kimi qəbul etməyə məcbur etmək.
3. Tədricən tətbiq etmə üsulu. Hər-hansı bir qeyri-populyar tədbiri həyata keçirməyə nail olmaq üçün onu sadəcə olaraq tədricən, günbəgün, ilbəil tətbiq etmək kifayətdir. Məhz bu yolla keçən əsrin 80-90-cı illərində prinsipial olaraq yeni sosial-iqtisadi şərtlər (neoliberalizm) qəbul etdirildi. Dövlətin funksiyasının sıfıra endirilməsi, özəlləşdirmə, inamsızlıq, qeyri-stabillik, kütləvi işsizlik, artıq ləyaqətli bir həyat təmin edə bilməyən maaş. Əgər bunların hamısı eyni vaxtda baş versəydi yəqin ki, inqilaba gətirib çıxarardı.
4. Həyata keçirmə vaxtının uzadılması. Qeyri-popular qərarı sırımağın digər üsulu onu “ağrılı və zəruri” bir şey kimi təqdim etmək və həmin vaxt onun gələcəkdə tətbiq olunmasına vətəndaşların razılıq verməsinə nail olmaqdır. Gələcəkdə hər hansı bir qurbana razı olmaq indikindən daha asandır. Birincisi ona görə ki, bu dərhal baş verməyəcək. İkincisi də ki, kütlənin çox hissəsi “sabah hər şeyin yaxşılığa doğru dəyişəcəyinə” və ondan tələb olunan qurbanlardan yaxa qurtara biləcəyinə sadəlövhcəsinə ümid edir. Bu, vətəndaşlara dəyişikliklərə öyrəşmək və vaxtı gələndə onları itaətkarlıqla qəbul etmək üçün daha çox vaxt verir.
5. Xalqa balaca uşaqlar kimi müraciət etmək. Geniş kütlə üçün nəzərdə tutulmuş təbliğat xarakterli çıxışların əksəriyyətində elə dəlillər, personajlar, sözlər və intonasiya işlədilir ki, sanki söhbət inkişafdan geri qalan məktəb yaşlı uşaqlardan, ya da əqli qüsurları olan şəxslərdən gedir. Bir insan dinləyicini nə qədər çox aldatmaq istəyirsə, o qədər çox infantil ifadələrdən istifadə etməyə çalışır. Niyə? Əgər kimsə bir insanla sanki onun 12 və daha az yaşı varmış kimi davranılırsa, təlqinə əsasən o insanın cavab reaksiyası da 12 və daha az yaşlı uşağa xas olaraq qeyri-tənqidi olacaq.
6. Düşünməkdən daha çox emosiyalara əhəmiyyət vermək. Emosiyalara təsir etmək insanların rasional analiz qabiliyyətini və nəticədə ümumiyyətlə baş verənləri tənqidi dərk etmək qabiliyyətini bloklamağın klassik üsuludur. Digər tərəfdən emosional faktordan istifadə şüuraltıya qapı açmaqla ora fikirlər, arzular, qorxular, məcburiyət və sabit davranış modelləri daxil etmək imkanı verir.
7. Bacarıqsızlıq yaymaqla insanları cəhalətdə saxlamaq. Ona nail olmaq ki, insanlar onları idarə etmək və öz iradələrinə tabe etmək üçün istifadə olunan vasitə və yolları dərk etmək qabiliyyətinə malik olmasınlar. Cəmiyyətin aşağı siniflərinə təqdim olunan təhsilin keyfiyyəti mümkün qədər kasad və aşağı səviyyəli olmalıdır ki, cəmiyyətin aşağı siniflərini yuxarıdakılardan ayıran cəhalət elə səviyyədə olsun ki, aşağı siniflər onun öhdəsindən gələ bilməsinlər.
8. Vətəndaşları bacarıqsızlıqla fəxr etməyə sövq etmək. Əhaliyə qanmaz, bayağı və tərbiyəsiz olmağın dəbdə olduğu fikrini yeritmək.
9. Özünə qarşı təqsir hissini gücləndirmək. İnsanları həyatlarında baş verən bədbəxtliklərin onların əqli imkanlarının, qabiliyyətlərinin və ya göstərdikləri səylərin çatışmazlığı nəticəsində baş verdiyinə inanmağa məcbur etmək. Nəticədə iqtisadi sistemə qarşı çıxmaq əvəzinə insanlar hər şeydə özlərini günahlandırır və özlərini məhvetməyə başlayırlar ki, bu da digərlərilə yanaşı fəaliyyətsizliyə gətirib çıxaran sarsılmış vəziyyət yaradır.
10. İnsanlar haqqında onların özlərindən çox bilmək. Son 50 il ərzində elmin inkişafındakı uğurlar adi insanların bilikləri ilə hakim siniflərin malik olduqları və istifadə etdikləri məlumatlar arasında get-gedə artan uçuruma gətirib çıxarıb.

Tərcümə: Elmira Quliyeva             solfront.org

Комментариев нет:

Отправить комментарий