06.02.2016

Sahibkar Vergilər İdarəsini reketçilikdə ittiham edir

"Məndən tələb edirlər ki, hər ay "sabit vergi" olaraq 150 manat ödəyim"

"Göyçay şəhərində ticarətlə məşğul oluram və maksimum dərəcədə qanunvericiliyə riayət etməyə çalışıram - satılan bütün mallara NKA çeki çıxarılır və satıcıyla mütləq şəraitdə əmək müqaviləsi bağlanır, vaxtında hesabatlarımı verir, DMSF və dövlət büdcəsinə ödənişlərimi vaxtında həyata keçirirəm. Lakin 2015-ci ilin avqust ayında baş verən hadisə vergi orqanlarındakı özbaşınalıq sayəsində səbr kasamı doldurdu”.
Bu sözləri Meydan TV-yə ünvanladığı şikayət məktubunda Göyçay rayon sakini Fuad İntiqam oğlu Hüseynov yazır.
Əli Kərim küçəsi, ev 5 ünvanda yaşayan Fuad Hüseynov vergi ödəyicisidir (VÖEN: 6000608122) O, Türkiyənin İstanbul Universitetində ali təhsil alıb.
"2006-cı ildə Vətənə qayıdaraq əldə etdiyim bilik və təcrübələrimi öz həmvətənlərimlə bölmək istəmişəm. 2007-ci ildən Azərbaycanda inandığım tək partiya olan YAP-a könüllü olaraq üzv olmuşam, 2010-cu ildə regionun ən fəal gənclərindən biri kimi partiyam tərəfindən mükafatlandırılmışam” - deyən şikayətçinin sözlərinə görə, vergi əməkdaşlarının təzyiqinə məruz qalıb:
"21 avqust 2015-ci il tarixində Göyçayda yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Mahir mənə zəng edərək görüşmək istədiyini bildirdi və mən dərhal nahar fasiləsindən sonra onunla görüşdüm. Mahir müəllimdən eşitdiklərim qanımı dondurdu. Belə ki, Mahir müəllim yeni bir qaydaya əsasən hər bir ticarət obyektinin "nazirlikdən” təyin olunmuş standard bir məbləğdə hər ay vergi olaraq ödəniş etməyimə razılıq verməyimi istədi. Və mənim 44 kvadrat metr sahəsi olan icarəyə götürdüyüm obyektə "yuxarıdan” 150 manat aylıq ödəniş "məsləhət görülüb”. Bununla razılaşmayacağımı, açıq-aşkar qanuna zidd hərəkət etməyəcəyimi bildirdim. Bu işin başında kimin olduğunu və onunla görüşmək istədiyimi söylədim”.
Mahir müəllimin sözündən sonra sahibkar 9 saylı Ərazi Vergilər İdarəsinin operativ nəzarət şöbəsinin rəisi Əlisultan adlı şəxslə görüşüb: "Əlisultan müəllimlə söhbətdən belə anladım ki, mənə edilən bu təklifə razılıq verib-verməmək öz əlimdədir. Lakin nəzərimə çatdırdı ki, bununla razılaşanların ticarət obyektlərinə bir il müddətində heç bir vergi işçisi tərəfindən müdaxilə, yoxlama, xronometraj, audit, səyyar yoxlama keçirilməyəcək. Razılaşmayanların isə obyektlərinə dərhal yoxlamalar təyin ediləcək. Bildirdikdə ki, bəs bizim Vergi Məcəlləmizdə "sabit vergi” anlayışı yoxdu, dedi: "Onsuz da biz ümumi hesabda necə var sahibkardan alırıq, istər hissə-hissə, istərsə də cərimələr, sanksiyalar vasitəsilə”. Mənim fikrimcə, bu söylənənlər Vergi Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Hətta Əlisultan müəllim bildirdi ki, onların təklifi ilə razılaşanlar istər nəzarət kassa aparatından istifadə edər, istər etməz, bir il müddətinə qoruma altındadır! İrad tutdum, dedim ki, mənə "kəsilən” 150 manat vergi hər bir halda mənim Vergi Məcəlləsini kobud surətdə pozmağıma şərait yaradır. Belə ki, 150 manat, sadələşdirilmiş vergi ödəyicisinin hesabat ayı üzrə toplam 7500 manat dövriyyəsi olduqda ödənilməlidir və əgər bundan az dövriyyə əldə edirsə, sahibkar əzilmiş olacaq, digər halda 7500 manatdan çox dövriyyəsi olsa, həmin sahibkar Dövlət Xəzinəsindən oğurlamış, vergidən boyun qaçırmış sayılmazmı?! Cavab yenə yuxarıdakılara bənzər şəkildə oldu: "Razılaşan sahibkara buna görə irad tutan, cərimə tətbiq edən olmayacaq!” Ümumiyyətlə, Əlisultan müəllimlə söhbətimizdən belə anladım ki, məsləhət görülən qeyri-qanuni fəaliyyətdir, nəinki, qanuni sahibkarlıq. Sanki vergi məmurları dövlətimizin qanunlarını pozmağa dəvət edirdilər. Əlisultan müəllimlə söhbətdən bir də bunu anladım ki, əslində yeni qurulmuş bu "reket” şöbəsinə rəhbərlik 9 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Elxan Süleymanlıya tapşırılıb”.
Fuad Hüseynov həmin gün Elxan Süleymanlıyla görüşmək istəsə də, onun işdə olmadığı, yalnız bazar ertəsi, yəni 24 avqust 2015-ci il tarixində görüşə biləcəyini bildiriblər: "Həmin tarixdə idarəyə yaxınlaşdıqda vergi məmurlarının əllərində siyahılarla maşınlara doluşub "iş” dalınca getdiklərinə şahid oldum. Elxan müəllimin kabinetinə çıxdıqda bir məmur hələ də qalmışdı, və Sabir adlı həmin şəxs Elxan müəllimlə ona verilmiş siyahını dəqiqləşdirirdi. Siyahılar dəqiq hazırlandığı üçün çox gözləmədim, Elxan müəllimdən bu yeni "cərəyan"ın nə olduğunu soruşdum. Dedi ki, bu rəqəmləri bizə nazirlik göndərib və əgər mən istəsəm təkrar xahiş edib, "stavkama” yenidən baxılmasını təşkil edə bilər. Mən qəti surətdə "sabit vergi” ilə razılaşmayacağımı, qanunlara riayət edəcəyimi bildirdim. Elxan müəllim də Əlisultan müəllim kimi, razılaşmadığım təqdirdə yoxlamaların təyin olunacağını və dolayı yolla incidiləcəyimi çatdırdı. Ümumiyyətlə, Elxan müəllim də Əlisultan müəllimin dediklərini təkrar etdi. Yəni, bu işin sistemli olduğu, hansısa bir məmurun özbaşınalığı olmadığı aşkar idi. Mən ən sonda yenə bu təklifin qanunsuz olduğunu bildirdim və idarədən çıxdım”.
Şikayətçi daha sonra yazır: "Bu əməllər AR bütün qanunlarına ziddir və sanki 9 saylı Ərazi Vergi İdarəsi bir mafioz struktur kimi çıxış edərək, "qılıncı” altından keçənlərə "krışalıq” edəcək, keçməyənlərə isə var gücü ilə təzyiq göstərəcək. Bu idarədəkilərin deyəsən möhtərəm prezidentimizin sahibkarlığa dəstəyi ilə bağlı heç bir məlumatı yoxdur?!
Çıxış yolu olaraq, dövlət başçımıza, vergilər nazirinə, Baş Prokurorluğa və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməyə qərar verdim. Lakin çoxsaylı müraciətlərimə və video formatda dəlil və sübutlara baxmayaraq, mənim şikayətim heç bir formada təmin edilmədi. Hətta 11 noyabr 2015-ci il tarixində Korrupsiyaya qarşı Mübarizə İdarəsində ifadəm alınsa da, indiyədək heç bir cavab verilməyib. Ümid edirəm, 9 saylı Ərazi Vergi İdarəsi tezliklə təmizlənər, özbaşınalıq və reketçiliyin qarşısı alınar, cavabdehlər məsuliyyətə ən ağır şəkildə cəlb olunar, qanunun aliliyi isbat olunar, haqq-ədalət bərqərar olar və sahibkarlar da fəaliyyətlərini intizamlı şəkildə davam etdirərək, dövlət büdcəmizə öz töhfələrini verərlər”.
Fuad Hüseynov deyir ki, bu hadisələrdən sonra sahibkarlıq fəaliyyətini dayandırıb: "Mənim ardı-arası kəsilməyən şikayətlərimin nəticəsi olaraq 01 oktyabr 2015-ci il tarixindən etibarən Elxan Süleymanlı 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi, Əlisultan Əliyev isə onun müavini postuna yüksəldiliblər”.
Deyilənləri "yalan" adlandıran Əlisultan Əliyev isə deyir ki, onların günahsız olduğu artıq sübuta yetirilib: "Bu məsələ bir dəfə respublika səviyyəsində müzakirə olundu və bizim tabe olduğumuz nazirlik də məsələyə münasibət bildirdi. Bununla da məsələ qapandı. Məsələ bizim səlahiyyətimizdən çıxıb. Ona görə də mən suallarınıza şərh verə bilmərəm. Əgər bu işdə bizim hər hansı günahımız olsaydı, bu barədə bizə bildirilərdi. O da, siz də Vergilər Nazirliyinə müraciət edə bilərsiz. Biz heç kimə qərəzli mövqe tutmuruq. Vergilər Nazirliyində Vergi Ödəyicilərinə Xidmət İdarəsi var. Sizin hər hansı sualınız varsa, ora ünvanlayın, onlar da cavab versinlər".
Məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov da deyir ki, Vergilər İdarəsinin sahibkarlardan "sabit gəlir" vergisi tələb etməsi, onlarla partnyorluq müqaviləsi bağlamaq istəməsi qanuna ziddir: "Belə bir qanun yoxdur. Məndə olan məlumata görə, Bakıda da sahibkarlara belə təkliflər olunur. Bu, tamamilə qanunazidd hərəkətdir". /xeberman.com/

Комментариев нет:

Отправить комментарий