03.02.2016

Hacıbala Əmirin səssiz etirazları

İbrahim Sel

Onun toxunduğu məsələlər bu KAR DÜNYAnın qulaqlarından yan keçsə də, bir təəssüf və etirazın o yazıların içində olduğu danılmazdır...

 Əyalət mətbu orqanlarını mütəmadi olmasa da, izləməyə çalışıram. Çünki həmişə orada özümçün maraqlı nəsə tapıram. Məsələn, “Sözün işığı” jurnalı “Ulduz” jurnalının bəzi, “Azərbaycan” jurnalının isə demək olar ki, bütün saylarından güclü çıxır. Hərdən bu mətbu orqanlarında elə imzalara rast gəlirsən ki, təəccüblənməyə bilmirsən. Həm də indiki köçlər basmış paytaxt ədəbiyyatımızın fövqündə dayanan cənub yazıçılığının önəmli konturlarını təsəvvüründə canlandırırsan…
 “Münasibət” qəzeti də önəm verdiyim mətbu orqanlarından biridir. Buradakı yazarlarla mütəmadi görüşməsəm də, arada onlarla rastlaşıram və yazılarındakı xoşagələn məqamlar barədə özlərinə deyirəm. Könülləri xoş olsun deyə yox, sadəcə pisə pisə, yaxşıya yaxşı demək prinsipinə həmişə sadiq olmağa çalışmışam. Qəzetin baş redaktoru Adil Ağazadə yəqin ki xoşagəlməz məqamlarla bağlı yazdığım sərt mesajları da xatırlayır. 70 yaşında kişi 17 yaşında qıza sevgi şeirə yazırsa, əlbəttə bu anormallıqdır. Və yaxud “Yaşa, rəhbərim, yaşa” kimi sicilləmələri götürək. Hansı ki dövlətçiliyi də aşağılayır. 
 Hər bir qəzetin öz kollektivi, yazar qrupu formalaşır ki, onlar da həmin marka ilə tanınırlar. “Münasibət”in də belə bir yaradıcı kollektivi formalaşıb. Sevindirici haldır ki, “Münasibət” öz səhifələrində cavanlara da yer verir. Qocalar onsuz da heç nə yaza bilmirlər. İstisnalar var.
 HAŞİYƏ: Görəsən, niyə bu şəxslər 50-60 yaşlarına da nüfuzlu söz sahibləri kimi gələ bilmədilər? Söhbət yazmaq, quraşdırmaq, ordan-burdan oğurlayıb vaxtaşırı nəsə çap edərək cibində AYB “knijka”sı gəzdirməkdən getmir, daim oxumaq, axtarışlarda olmaq, çağdaş bədii və nəzəri-filoloji prosesi fədakarcasına yaşamaq, onun üzvi tərkib hissəsinə çevrilməyi tələb edən zor işdən gedir. Sözügedən adamlar bu işin ağırlığına duruş gətirə bilmədi. Axı nə qədər Qarabağ faciəsinə girdirmə ağlaşma əsərləri yazmaq olar? İnanırsınızmı ki, əgər qarabağlılar bu gün vəzifələrdə olmasaydı, məsul işlərdə çalışmasaydı, yalançı Qarabağ harayını özündə (bayağı şəkildə) əks etdirən əsərlərin sayı bu qədər çox olardımı? Şəxsən mən inanmıram! Oxucularda da ikrah hissi yaradır. Qanunauyğun olaraq zaman onları kükrəyib atıb artıq. Qatar getdi, bu artıq təsnifat deyil, təmsilatdır, yəni ruslar demişkən, basnya. SON. 
***
 Bu gün bir çox oxucular “Münasibət” qəzetini Hacıbala Əmir və Möhtəmən Həkim imzalarına görə alırlar desəm yanılmaram. Düzü, bu qəzeti hər dəfə alanda dediyim iki imzanı görməsəm, darıxıram. Hər ikisinin duzlu-məzəli, bizim adamlara xas olmayan, tam fərqli bir üslubu var. Və onlar çoxcəhətli yaradıcılıqları ilə hər dəfə öz oxucularını sevindirə bilirlər.
 Bunu mən bir neçə dəfə demişəm; hər bir oxucu öz yazarından həmişə yaxşı yazı gözləməyə çalışır, amma yaxşı yazılar da hər zaman alınmır. Yaxşını, pisi ayırmaq indi daha müşkül bir iş olduğundan, ucunu alıb ucuzluğa getməyək. Təbii ki milli terminologiya ilə desək, ürəkdən tikan çıxardan yazılar da olur. Başdan ayağa kimi olmasa da, hər bir yazının içində ürək sərinlədən bir şeylərin olduğunu mən hər zaman hiss etmişəm və yazar da mümkün olduqca elə o notu çatdırmaq üçün yazır. Kim onu başa düşür, kim başa düşmür, bunu artıq buraxaq oxucunun hesabına.
 Və mən çox sevdiyim bir misalı hər zaman yada salıram; məşhur yazıçı İlya Erenburq bir nəşriyyata bir roman verir, təxminən 400-500 səhifəlik bir roman. Nəşriyyat da o romanın redaktəsini verir yenicə gəlmiş cavan bir redaktora. Gənc redaktor romanı oxuyur və kiçik redaktədən sonra sevinə-sevinə İlya Erenburqu nəzakətlə nəşriyyata çağırır, onun romana baxmağını istəyir. Erenburq romana baxır, orada iki sözün dəyişildiyini görür və sakitcə romanı qoltuğuna vurub gedəndə, gənc redaktor təlaşla: “İlya Qriqoryeviç, bəs romanı hara aparırsınız?!” deyir. Erenburq yenə də çox nəzakətlə: “Mən romanın burada çap olunmasına etiraz edirəm” bildirir. Redaktor daş atıb başını tutur və yalvarır ki, bəs mən işə təzə gəlmişəm, baş redaktor məni işdən qovacaq. Axı bir səbəb olmalıdır. “Səbəb, oğlum,- deyir Erenburq.- Sizə bir misal çəkim. Öküzün nə olduğunu bilirsiniz və bilirsiniz ki, bəzən öküzü axtalayırlar. Baxın, öküz axtalanmadan öküzdür, o axtalanandan sonra onda öküzlük qalırmı? Sən də mənim romanımda olan iki ən mühüm sözümü çıxarıb atmısan. Ona görə də romanımı geri götürürəm”.
 Təbii, bunun olub-olmadığını dəqiq bilmirəm. Amma sovet ədəbiyyatında belə bir hadisənin olduğunu mən hardansa oxumuşam və ibrətamiz bir olay kimi hafizəmdə ilişib qalıb. Düşünürəm ki, əsəri yazmaq çox incə və zövqlə bağlı bir işdir, bunu gərək yazarın özü kimi hiss edəsən. Əlbəttə ki əgər professional oxucusansa- fürsətdən istifadə edərək bütün professional oxucuları salamlarımı yetirim- bir az diqqətli olmağın kifayət edər.
***
 Yaşadığım regionun qəzetlərində Hacıbala Əmirin yazılarını mütamadi oxuyuram, bütün bu yazılar məni rahatsız etməyə başlayır və fikirlərimi Hacıbalanın ünvanına ismarlamaq üçün klaviaturanın arxasına keçirəm. Hacıbala müəllimin qəribə, özünəməxsus bir üslubu var; baxırsan ki, hekayədir, ancaq mən onlarda bir köşə əhval-ruhiyyəsi də görünür. Onun xırda, maraqlı, orijinal, eyni zamanda sadə süjet xətti olan hekayələrinin alt qatında bir tənqid ritmi yatır. Hacıbala zamanın nəbzini yaxşı tutur; bilir ki indi ancaq belə şeylər oxunur. Hekayə-köşə… Maraqlı eksperimentdir.
 Hacıbala Əmir rast gəldiyi, görüb-eşitdiyi hadisə və əhvalatlar arasından lazım olanı seçməyi, dərk etdiyini yadda saxlayıb istənilən vaxt təxəyyülündə canlandırmağı, ümumiləşdirməyi, təqdim etməyi bacaran qələm sahibidir. Onun əsərləri bəzilərinə əyalət məişəti mövzusunda görünə bilər, lakin bunlar bəlkə də məişət deyil, ağrılı-acılı bir cəmiyyət haqqındadır. Bəlkə də sovet vaxtında, ondan əvvəllər isə maarifçilik hərəkatı dönəmində dəfələrlə qələmə alınan, bir çox jurnalist və yazar tərəfindən işlənən satirik mövzulardır. Amma Əmirin yazar baxışı tamamilə fərqli və iç acılarla doludur. 

Nədən səsimi içimə atım
Mən axşam qaranlığında
Uzaqlığı-yaxınlığı bilinməyən
Kənd evlərinin
Hayqıran haqq səsi deyilmiyəm
                                 (R. Qaraca)    
   
 Müəllif kiçicik bir əyalət qəsəbəsində (şərti adı Qoyunlu) baş verən hadisələrin, onun sakini olan adi insanların həyatını təsvir edir. Amma elə təsvir edir ki, zahirən kiçik görünən bu məkanın, balaca görünən bu adamların taleyi bütöv bir ölkənin, cəmiyyətin və xalqın həyatının ümumiləşdirilmiş obrazı səviyyəsinə qalxa bilir. Bütün insani keyfiyyətləri, mənəvi dəyərləri tapdaq altına salaraq məhv edən, insan şəxsiyyətini, mənliyini, mənəviyyatını, vicdanını əzən müasiri olduğu ictimai-siyasi mühit Hacıbala Əmir qələmində güzəştsiz ittihamla üzləşir. Onun əsərləri acı reallıqlar, ironiya və simvollarla zəngin əsərlərdir. 
 Dediyim kimi, Hacıbala müəllimin çox ləziz bir yazı üslubu var ki, sanki o yazını yazmır, kağıza danışır və kağız da onun danışdıqlarını sənə çatdırır. Bunu ona görə deyirəm ki, bu hekayələr çox asanlıqla oxunur və yadda qalır. Bizim kənd məktəbinin müəllimləri Hacıbala yaradıcılığındakı “prikol”lardan aradan danışıb gülürlər. Çox axıcı bir üslubla, bəzən çox dağıdıcı bir davranışla oxucunu ələ alır bu adam. Müxtəlif məqamları əsərin içinə necə yerləşdirirsə, dağıdıcılıq da, axıcılıq da, ləzizlik də həmin yazının içində oxunaqlı bir üsluba qovuşub oxucunu özünə çəkir. Mən həmişə onun yazılarının içində fırlanıb hanısasa bir ürəkaçan fikir və ya deyim tapmışam, özümçün qeyd edib saxlamışam. Saxlamışam ki kompozisiyalarımda ondan da sitat çəkim, ya da əyalət haqqındakı hekayələrimdə istifadə edim. 
***
 Hacıbala Əmir yazılarının bu qədər həyati və bu qədər ağrılı olmasının bir ucu da məncə onun sənət dünyasına jurnalistikadan gəlməsidir. Bir müddət “Sözün düzü” adlı social problemləri işıqlandıran bir qəzet də buraxdı. Daha çox ictimai-siyasi, sosial problemlərin həllinə yönəlmiş həmin qəzet qeyri-adi satirik rəngarəngliyinə görə yerli camaat arasında əldən-ələ gəzdi. 
 Burada bir yanlışlığım varsa, mübahisəyə girməyə hazıram; bu qənaətdəyəm ki, Azərbaycan ədəbiyyatında ən uğurlu imzalar məhz jurnalistikadan gələnlərdir. Bu bir məktəbdir. Köçlər başkəndimizi basandan sonra jurnalistika fakultələrimiz də özünü doğrultmayan qələm sahibləri verməkdədir məmləkətə (istisnalar yox deyil!). Hacıbalanın bu gün sevə-sevə oxuduğumuz satirik parçaları məhz sovetdən qalma jurnalistik fəaliyyətinin bəhrəsidir. Onun toxunduğu məsələlər bu KAR DÜNYAnın qulaqlarından yan keçsə də, bir təəssüf və etirazın o yazıların içində olduğu danılmazdır...
 Yaşamın ən xırda məsələlərindən- Qasid Nağıoğlu demişkən, ən böyük mətləblər də elə məhz xırdalıqlardan başlanır!- yazanda belə, Hacıbala həqiqətən çox oynaq bir dilə sahib olur və axıcı bir üslubda mülahizə yürüdür. İstər-istəməz bu qənaətə gəlirsən ki, o yanında kiməsə danışırmış, diktofona yazılıb, sonra da kağıza köçürülüb. Bu da çağdaş yazı tərzində vacib şərtlərdən biridir. Yadımdadır, çoxlu ədəbi mütaliə etdiyim vaxtlarda Fərhadoğlu mənim yazılarım haqqında belə deyirdi: mən sənin yazılarında səsini də eşidirəm. Bu, mənim üçün çox böyük dəyər idi. İndi isə vaxt olmadığından mütaliəni azaltmışam, odur ki həmin effekt alınmır. 
 Bir də onu qeyd edək ki, Hacıbala Əmir heç zaman akademikliyə can atmır, terminologiyaya varmır, sadə xalq dilində danışır və bu da onun yazılarının üstünlüyünü saxlayır.
 Məni bu sətirləri yazmağa, özü də internet resurslarında qurdalanmağa tələsdiyim bir vaxtda yazmağa məcbur edən nə tanışlıq borcu, nə də ki yazı yazmaq iştahı deyil. Heç şübhəsiz, Hacıbala Əmirin toxunduğu mövzular bir çoxlarına adi görünə bilər. Bunun belə olacağına mən tam əminəm. Amma mənim daxili aləmimi həmin əsərlərlə bağlayan xırda bir qeydim var. Hacıbala Əmiri mən başa düşürəm. Onun içindəki ağrını öz ağrım kimi hiss edirəm. Təəssüf edirəm ki, biz başqa millətlər üçün çox kiçik sayılan, amma bizim millət üçün çox dəyərli məsələlərlə məşğuluq və bu minvalla dünya millətləri sırasına da can atırıq.
 Təəssüf… Çox gözəl qələm sahibi və ağrılı məqamlar üstündə köklənən Hacıbala Əmirin o mətnlər üçün sərf etdiyi anlara yazığım gəlir. Və düşünürəm ki, ilahi, nə zaman, axı nə zaman biz millət olacayıq və daxilimizdəki Hacıbalanın təsvir etdiyi o qüsurlardan qurtulacayıq. Bunu nə zaman olacağını bilən yoxdur! Ən dəhşətlisi isə biz nəvələrimiz üçün arzuladığımız bir məmləkətin onda birini də qoyub gedə bilməyəcəyik… Heyf.

Çıxalım gəl sarı yollar üstünə,
Gələn gəlsin, gəlməyənlə nə işimiz.
Yollar gedər barlı bağa, bostana,
Biz bilirik, bilməyənlə nə işimiz...
                                          (H.Qaraoğlan)

Комментариев нет:

Отправить комментарий