18.11.2018

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunub.
Adı şərab biznesində hallanan sabiq rektor və Milli Məclisin deputatı Abel Məhərrəmovun İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən tədbirdə akademikə yaraşan davranışlar sərgiləmədiyi üçün vəzifəsindən azad edildiyi iddia edilir.
Sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. Həmin məlumatları sizlərə təqdim edirik.
Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmovdur. O, hazırda Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Adil Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.
Yaşca Abel Məhərrəmovdan kiçik olan Adil Məhərrəmov daha öncə də yüksək postlar tutub. O, 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olub. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib. 1973-1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin “Azon” zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləyib. 1983-1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışıb. 1986-2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin (sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) “Ulduz” Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru olub. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində Nazirin müşaviri vəzifəsində xidmət edib. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Nazirin müşaviri vəzifəsində çalışıb. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib. 2008-ci ildən Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışan A.Məhərrəmov Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Abel Məhərrəmovun digər qardaşı Rauf Məhərrəmov özündən 20 yaş kiçikdir. O, 1970-ci ildə anadan olub. 1993-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İndiyədək Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, o cümlədən rayon prokurorluğunda müstəntiq, Baş Prokurorluqda idarə prokuroru, idarə rəisinin müavini olub. Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir. Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ötən gün onun işdən azad olunması barədə xəbər yayılsa da, hələ rəsmi şəkildə təsdiqlənməyib.
Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. Onunla bağlı nə qədər çalışsaq da, məhdud məlumat ala bildik. Əldə etdiyimiz məlumata görə, o Prezident Adminstrasiyasında çalışır. Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədridir. O, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.
Abel Məhərrəmovun kürəkənləri də yüksək vəzifələr tutur. Eks-rektorun böyük kürəkəni Azər Sadıqov DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisidir. Buna qədər o DİN Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.
Məhərrəmovun kiçik kürəkəni Daşqın Qənbərov isə BDU-da onun ən yaxın köməkçilərindən idi. Rektorun vəzifəsindən azad edilməsindən sonra onun da universitetdən kənarlaşdırılacağı istisna edilmir. O 1996-cı ildə Bakı Dövlət Universitetinə daxil olub. Təhsilini fərqlənmə diplomu ilə bitirdiyinə görə universitet rəhbərliyi 2006-cı ildə onu Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində “Beynəlxalq hüquq” ixtisası üzrə əyani doktoranturaya qəbul edib. Hüquq üzrə fəlsəfə doktorudur. Elmi tədqiqat işi ilə paralel olaraq universitetdə pedoqoji fəaliyyətlə də məşğul olur. Həmçinin Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqlarıvə informasiya hüquqi üzrə UNESCO” kafedrasının dosentidir. 2000-ci ildə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, 2002-ci ildə sədrin I müavini seçilib. 2006-cı ilin 27 noyabrından BDU THİK-nin sədri vəzifəsində çalışır. 2009-2010-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən “Yaxşıların Yaxşısı” fəxri adına layiq görülüb və xatirə medalı ilə təltif olunub. 2010-cu və 2011-ci illərdə BDU-nun rektoru akademik Abel Məhərrəmov tərəfindən “İl ərzində peşəkar, səmərəli və məhsuldar fəaliyyətinə gorə” Fəxri Fərmanlarla təltif olunub. 2010–cu ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2014-cu ildə “Azərbaycan həmkarlar ittifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunub. Bu medal həmkarlar sistemində ən ali mükafatdır. /qaynarinfo.az/

Комментариев нет:

Отправить комментарий