21.11.2018

“Nikoil Bank”ın keçmiş sədri Vasiliy Xamaza:
“Azərbaycanda hər yerdə, hamıya rüşvət vermək lazımdır. Bütün səviyyələrdə münasibətlər belə qurulmuşdur. Büdcə təşkilatlarında çalışanlar maaşı zərflərdə alırdılar. Belə bir sistem hamı tərəfindən qəbul edilmişdir. Biz də rüşvət verməyə məcbur idik. Bütün böyük “ödəmələr” Müşahidə Şurasının sədri ilə razılaşdırılırdı. 50 min manatlıq rüşvət xırda pul sayılırdı. Misal kimi deyə bilərəm ki, məhkəmə prosesləri zamanı “ödənişlər” məcburi idi. Hətta haqlısansa, məhkəməyə qərar çıxarılması üçün ödəmək lazım idi. Hakimlərə pulu hüquqşünaslar aparırdı. Sonradan məhkəmə icraçılarına da rüşvət vermək lazım gəlirdi. Rüşvətin həcmi məhkəmədə udulan məbləğdən asılı olurdu. Əks halda bizim udduğumuz iddia əsasında məhkəmə icraçıları işə başlamırdılar. Ümumiyyətlə hər kəsə və hər şeyə görə rüşvət vermək lazım gəlirdi- icazə, lisenziya, yanğınsöndürənlər və s. 2007-ci ildə qonşu ölkələrin birinin Mərkəzi Bankından böyük həcmdə depozit ala bildik. Bu ölkə ilə bağlı siyasi vəziyyəti nəzərə alaraq, adıçəkilən əməliyyat üçün nəinki Azərbaycan Mərkəzi Bankından, hətta Milli Təhlükəsizlik Nazirliyindən də icazə aldıq. Bir ildən sonra depoziti faizlərlə qaytardıq. Bundan sonra Azərbaycan Mərkəzi Bankı bizi şiddətli tənqid etdi. Mərkəzi Banka məsələni araşdırmaq üçün getdikdə orda mənə bildirdilər ki, mən həmin depozit məsələsində onların etimadını doğrultmamışam və kağızda onların “etimadının” hansı rəqəmlə ölçüldüyünü yazdılar. Məsələ ilə bağlı bizim bankın Müşahidə Şurasının sədrinin yanına getdikdə, o mənə “hamı verir, sən də verməlisən” dedi”.

Комментариев нет:

Отправить комментарий