10.11.2018

BORC ALMAQ İNKİŞAF DEYİL

Ədalət Abdinov

Azərbaycan ibtidai kapitalizm yolunda çabalayır. Respublikada əməldə yox, sözdə inkişaf strategiyası mövcuddur. Aparılan iqtisadi islahatların zəhmətkeşlərə faydası yoxdur, bu islahatlar istismarçı iri sahibkarlara xidmət edir və kapital sahibləri üçün mahiyyətcə yeni xarakter kəsb edir.
Çürük kapitalizmin mövcudluğu şəraitində normal  maliyyə sabitliyi və iqtisadi artımın bərpasından danışmağa dəyməz. Ona görə də bir çox sahələrdə, xüsusilə sənaye, kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda anormal vəziyyətdir. Digər kapitalist ölkələrindən fərqli olaraq Azərbaycanda biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması rüşvətsiz mümkün deyil.
Kapitalizmin maliyyə dəstəkçisi Dünya Bankının zəhmətkeşlərə yox, burjuaziyaya xidməti məlumdur. Bu bank ona fayda gətirən, lakin iqtisadiyyatı qeyri-normal vəziyyətdə olan  ölkələrin “tərəqqisini”  şişirdilmiş hesabatlarında öz təmənnalı məqsədləri naminə əks etdirməkdən belə çəkinmir. Məsələn, 31 oktyabr 2018-ci ildə Dünya Bankı “Doing Business 2019” hesabatı yayıb. Bu sənəddə Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək, ən çox islahat aparan ölkə elan olunub. Əsil həqiqət ondan ibarətdir ki, bu keçirilməsi şişirdilmiş islahatların zəhmətkeşlərə, yoxsul təbəqəyə, işsiz zümrəyə heç bir faydası yoxdur.
Hesabata əsasən Azərbaycan "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləmişdir. ”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olub. Bir sözlə, hesabata inansaq 10 indikatordan 8-i üzrə Azərbaycan irəliləmişdir. Daha dəqiq desək, Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında “lider” mövqeyə yüksəlib.
İndi isə keçək əsil həqiqətə. Bütün bunların arxasında Azərbaycanın aldığı borc dayanır. Daha doğrusu, Dünya Bankı Azərbaycanı özündən asılı vəziyyətdə saxlayır.  Bank öz məqsədləri naminə istədiyini diqtə edə bilir. Bu bankı zəhmətkeşlərin həyatı yox, sələmçiliklə qazandığı pullar maraqlandırır. Ona görə də cəmiyyətin bütün təbəqələrinin yox, birbaşa istismarçı biznes subyektlərinin mənafelərini qoruyur. “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə  "rekorda" imza atmasının mənası budur.

Комментариев нет:

Отправить комментарий