26.09.2021

“Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”

Sosial şəbəkələrdə rusca, yoxsa Azərbaycan dilində təhsil polemikası başlayıb. Rus dilində təhsil məsələsi cəmiyyəti iki yerə bölüb desək, yanılmarıq. Hərə öz fikrini bir şəkildə əsaslandırır. Bu mənada yazıçılarımız, ziyalılarımız nə düşünürlər? Bilmək maraqlı olardı.
"Kim deyir ki, rus dilində təhsil alan uşaq milli xarakterli xəyallar qura bilmir? İnsanın beyin kodu ulu nənələrimizə gedib çıxırsa, o elə azərbaycanlı kimi düşünəcək. Yüz minlərlə rusdilli 44 günlük zəfər savaşında sosial şəbəkələrdə rus dilində döyüşə girdilər. Mən Google-un Azərbaycan seqmentində lazım olan əhəmiyyətli məlumatları tapa bilmirəm, amma rus dilini bildiyimə görə bunu tapıram. Rus dilini bilmək insanın xarakterini millilikdən çıxarmır. Yapon dilini bilən samuray olmur. İngilis dilini bilən imperialist xislətli olmur. Zimbabve Prezidenti Muqabe ingilis dilində təhsil aldı, prezident seçiləndə ingilisləri ölkədən çıxardı. Uşaqlarımızın rus dilində təhsil almasının əsas səbəbi rus dilində "ofisiant axtarılır" tipli elanlara görə deyil". Bu fikirləri bizimyol.info ilə yazıçı Azər Qismət bölüşüb.
"Yenə rusdilli, azərbaycandilli söhbəti başlandı? Adamın rus sektorunda oxuması faciə deyil. Guya rus sektorunda oxuyan şagird Puşkini Nizamidən üstün tutur? Rus filmlərindən qanunlara əməl edilməsini öyrəndim, bunu öz ölkəmdə möhkəmləndirirəm. Rus filmlərindən öyrəndim ki, dövlət büdcəsini dağıtmaq olmaz, indi o fikirlə bunu edəni bağışlamaram. Məgər valideyn görmür ki, Azərbaycan məktəblərinin çoxunda müəllimlər sinifdə qeybət qırıb dərs keçmirlər, uşağı da bazar təfəkküründə yetişdirirlər? Məgər rus məktəbində şagirdə deyilir ki, Azərbaycanı sevmə, Rusiyanı sev? Ondan qorxulur ki, rus dilində danışanın Rusiyaya, ingilis dilində danışanın Amerikaya simpatiyası artır? Dil adamın beynini milliləşdirir ki? Faciə rus sektorunda oxumaq deyil. Təfəkkürdə dəyişiklik etmək lazımdır. Əgər Rusiya efirlərində düşmənlərə cavab verəsi rusdilli politoloq tapa bilmiriksə, o biabırçılıq tənqidə məruz qalmalıdır. Yəni sən bu dili ölkəmizin xeyrinə istifadə etmirsənsə, o hal tənqid olunmalıdır. Faciə rus sektorunda oxumaq deyil, ondan məqsədəuyğun şəkildə istifadə olunmamasındadır",- deyə yazar bildirib.
"Faciə ondadır ki, Qərb sənin ölkəndə ailə dəyərlərini, instututlarını məhv etməyə çalışır. Transgen məhsullarla genimizə müdaxilə edirlər. Qida təhlükəsizliyi agentliyinin işi təkcə dönərxanalarda reyd keçirib eşşəklərin kəsilməsini aşkar etməkdən ibarət deyil. Hər il xarici ölkələrdən transgen pomidor toxumları gətirilir, kartof, soğan və s. Fermer istəyir ki, məhsuldarlığı çox olsun, xəstəliyə dözümlüdür, iqtisadi gəliri yüksəkdir. Guya ona görə laboratoriyalarda belə tip toxumlar hazırlanıb ki, dünyada adamların qidaya olan təlabatını ödəsinlər? Elə düşünənlər Afrikanın torpaqlarını münbitləşdirməyə milyardlar ayırardılar, Ərəbistan səhralarını əkinə yararlı hala gətirərdilər. Xeyr, planet insanlarını çökdürməyə hesablanıb bütün bunlar. Genimiz dəyişir, sonsuzluq artır. Məsələ qaldırılmalıdır ki, yerli sortlarımız bərpa edilsin, alınmırsa, Əkincilik İnstitutu yenilərini yaratsın. Organik mağazalar açılsın, adamlar seçim etsinlər, ya transgen, ya organik. Eynicinslilərin nikahını təbliğ edirlər ki, demoqrafik vəziyyətə mənfi təsir göstərsinlər, ailələrdə uşaqlar doğulmasın. Hər gün saxta profillərlə sənin bayatıların, nağılların ələ salınır, qəhrəmanların aşağılanır, şəhidlərin barmağa dolanır, torpağı azad edənə xaricdən idarə edilən qüvvələr tərəfindən qəsdən peşmanlıq yaradılır. Hamısı da 5 manata satılanların ucbatından. Faciə bunlardır ki, xaricdən sənin bünövrənə müdaxilə olunur. Bunların yanında rus sektorunda təhsil almaq nədir ki... Azad Mirzəcanzadə rus dilində təhsil almışdı, yüzlərlə milli düşüncəli alimlər yetişdirdi",- deyə Azər Qismət bildirib.

Комментариев нет:

Отправить комментарий