21.09.2021

Vüqar Səfərli: Devalivasiya zamanı yaxşı pul qazandım

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
bizim.media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Məhkəmədə prokurorun suallarını cavablandıran V.Səfərli bildirib ki, əlamətdar günlərdə KİVDF-nin yazı müsabiqələri keçirilirdi: "Müsabiqələrdə 1-ci yer üzrə 1 000 manat, ikinci yer üzrə 800 manat, 3-cü yer üzrə isə 500 manat pul mükafatları verilirdi. Bundan əlavə müsabiqədə yer tutmayan jurnalistlərə həvəsləndirici yerlər müəyyən edilirdi və hər jurnalistə 300 manat pul mükafatı təyin olunurdu. Bununla yanaşı, mərasimlərdə jurnalistlərlə birlikdə qonaqlar da olurdu. Bu qonaqlar müxtəlif vəzifələrdə çalışan insanlar, nazirlər, nazir müavinləri, dövlət və qeyri-hökumət təşkilatlarının rəsmiləri, millət vəkilləri, nazirlik və komitə rəhbərləri, digər rəsmi şəxslər iştirak edirdilər. Həmin şəxslərdən tədbirlərə gəlməyənlər də olurdu. Tədbirə çağırılan qonaqların siyahını bizim işçilər hazırlayırdı, bir qisminə isə dəvətnamə göndərilirdi. Tədbirlərdə nazirlər və icra başçıları da dəvət olunurdu. Həmçinin tədbirlərə televiziya çəkilişləri üçün əməkdaşlar da dəvət edilirdi. Hər tədbirdə təkcə AZTV-dən 15 işçi olurdu. Həmin tədbirlər tenderlərlə keçirilirdi. Tenderlərdə bütün qiymətlər yazılırdı. İstintaqda bilmişəm ki, Dövlət Satınalma Agentliyi bununla bağlı şərt qoyub ki, bu cür tədbirlərdə stulun birinin qiyməti 60 manatdan artıq olmamalıdır".
Təqdirləndirən şəxsin sözlərinə görə, "Xəmsə" restoranında keçirilən tədbirlərdən birində müəyyən olunan vəsaitdən 6 min 100 manat artıq qalıb, həmin məbləğ tədbirdən sonra büdcəyə qaytarıldı.
Prokuror bildirib ki, V.Səfərlinin adına ümumilikdə 4 milyon 75 min manat vəsait olub. Həmin məbləğlə bağlı məsələyə münasibət bildirən təqsirləndirilən şəxs deyib ki, həmin vəsaiti o devalvasiya zamanı əldə edib: "Həyat yoldaşımın adına olan "Futbol+qol" qəzetinə ayrılan vəsaitlər digər qəzetlərə ayrılan vəsaitlərdən 1 manat da çox deyildi".
O tenderin keçirilməsi qaydaları ilə bağlı məsələyə də münasibət bildirib: "Vəsaitlərə Müşahidə Şurası nəzarət edirdi. Bu prosesə Maliyyə Nazirliyi həyata keçirirdi. Maliyyə Nazirliyi həmişə bizim smeta xərclərimizi normal qiymətləndirirdi. Beynəlxalq Mətbuat Mərkəzinin binasında bizdən başqa da dövlət qurumları yerləşirdi. Həmin qurumlar nə qədər icarə verirdi, ondan xəbərim yoxdu".
Tikinti məsələlərindəki israfçılıq məsələsinə gəlincə V.Səfərli deyib ki, bu prosesə o nəzarət etməyib: "Mən yalnız iş başa çatandan sonra gedib baxırdım. Tikintiyə istəsəm də nəzarət edə bilməzdim. Çünki buna nəzarət edənlər var idi. Yazı müsabiqəsində xərclər hamısı tenderdə göstərilirdi. Yazı müsabiqəsində yeməyin pulundan başqa diplomların xərci var idi, əklillər alınırdı".
Daha sonra KİVDF-nin mühasibi Təhminə Yaqubova dindirilib. O qeyd edibki, 2011-ci ildən KİVDF-də işləyib: "Mən orada yalnız xərclər smetası çərçivəsində işləmişəm. Maliyyə Nazirliyi smetanı təsdiqləyəndən sonra həmin smeta əsasında çalışmışam. Heç bir halda mənə irad tutulmayıb. Mən baş mühasib olmuşam, tədbirlərə hamıdan gec gəlmişəm, qonaqlar saymamışam. Əlimdə sənədlər olub, həmin sənədlərlə ödənişimi etmişəm".

Комментариев нет:

Отправить комментарий