Azərbaycan Prezidenti İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində son zamanlar ATƏT Minsk Qrupunun həmsədr ölkələrin rəhbərlərinin Qarabağın statusu məsələsini tez-tez gündəmə gətirməsinə sərt formada münasibət bildrdi.
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı”,- deyən Ali Baş Komandanın bu sözləri Ermənistanın 30 illliyi ilə əlaqədar ABŞ prezidenti Baydenin baş nazir Paşinyana təbrik məktubuna gözəl bir cavab oldu.
Prezident bəyan etdi ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın: “Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaq”.
Maraqlıdır, dövlət başçısının bu sözlərindən sonra Qarabağın statusu istiqamətində işlər hansı formada inkişaf edə bilər? Bu sualla politoloq Nəzakət Məmmədovaya müraciət etdik.
adalet.az-a açıqlamasında Nəzakət xanım bildirdi ki, Minsk qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsindən Cənubi Qafqazda öz mövcudluğunu saxlamaq üçün istifadə edir. Bunların arasında nisbətən Rusiya tarazlaşdırılmış mövqe tutmağı düşünür: “Putin 44 günlük müharibədən sonrakı çıxışlarında Azərbaycan və Ermənistan arasında balansı qorumağa çalışır. Qarabağa aid suala cavab verərkən ilk növbədə o bildirdi ki, hadisələrin birdən-birə hərbi əməliyyatlar mərhələsinə keçməsi uzun illər yığılıb qalmış problemlərin nəticəsi idi və xarici müdaxilə nəticəsində baş verdiyini düşünmür. Putin bununla Ermənistanın, Fransanın və bəzi başqa ölkələrin guya Türkiyənin təhriki ilə Azərbaycanın müharibəyə başlaması versiyasını təkzib edərək, bunu proseslərin məntiqi yekunu kimi əsaslandırdı. Çünki indiyədək dəfələrlə atəşkəsin pozulması, qarşıdurma halları olmuşdu və son nəticədə bu silahlı münaqişənin müharibəyə çevrilməsi ilə nəticələndi. Putinin sözlərinə görə, Rusiyanın uzun illər ərzində Minsk qrupunun həmsədri kimi də mövqeyi ondan ibarət olub ki, 7 rayon Azərbaycana geri qaytarılmalıdır. Rusiya Prezidenti daim Qarabağın beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. Ermənistan özü də Dağlıq Qarabağın müstəqilliyini tanımayıb və həm də buna görə hüquqi cəhətdən Qarabağ Azərbaycandır”.
“Rusiya Azərbaycanın müstəqillik dövründə Qarabağdakı inzibati-ərazi dəyişikliklərini belə qəbul etmir, öz köhnə Sovet xəritələrini və oradakı ərazi bölgüsünü əsas götürür. Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına çalışacaq. Bunun müqabilində status məsələsini gündəlikdən çıxara bilər. SSRİ-nin çöküşü Qarabağ məsələsindən başladığı kimi, onun bərpası da Qarabağdan başlaya bilər. Son seçkilərdə Rusiyada kommunistlərin ikinci yeri tutması bunun bir siqnalıdır. Rusiya Qarabağda infrastruktur qurmaqla sanki başqa müstəqil bir dövlətin ərazisində deyil, özünün cənub sərhədlərində təhlükəsizlik tədbirləri görür. Ehtimal ki, öz çıxışında lazım gələrsə, Azərbaycan tərəfi ilə razılaşdırılmaqla sülhməramlıların sayının artırılmasını mümkün hesab edən Rusiya prezidenti onların sayının artırılmasına nail olacaq”, - politoloq bildirmişdir.
Комментариев нет:
Отправить комментарий