13.09.2021

DÜNYANI TƏƏCCÜBLƏNDİRƏN ÇİN

Adoğlan İsayev

Əhalisinə görə dünyada birinci, ərazisinə görə üçüncü ölkə olan Çin Xalq Respublikası dünyanı heyrətləndirməkdə davam edir.
Avqustun sonlarından Çin məktəblərində aşağı siniflərdə təhsil 4 dərs, yuxarı siniflərdə 5 dərs təsdiq olundu. Dərslər bir xeyli yüngülləşdirildi, ağır proqramlar dərsliklərdən çıxarıldı, Bədən tərbiyəsi, idman və əyləncə xarakterli dərslərə daha çox yer verildi. Ev tapşırıqları ləğv edildi, hazırlıq kursları, "repetitorlar" artıq qeyri-qanuni sayılır, qadağan olunub.
Qeyd edək ki, Çində bütün təhsil pulsuzdur, dövlət maliyyələşdirir. Yalnız valideynlərin hazırlıq kurslarına, uşağı böyütmək, məktəbə hazırlamaq, tərbiyələndirmək kurslarına icazə verilir.
Dövlətin məqsədi, şagirdlərin uşaq və gəncliyini əlindən almamaq, uşaqların məktəbdənkənar potensialını üzə çıxartmaq, inkişaf etdirməkdir.
Bu gündən Çində televiziyalarda, qəzet və jurnallarda, sosial şəbəkələrdə üçüncü cinsin nümayəndələrinin reklamı, iştirakı, göstərilməsi də qadağan edilir. Kişilərdən sırğa taxanlar, dodağını boyayanlar, qadın geyimi geyinənlər, qaşlarını götürənlər, qadınlardan kişi paltarı geyinənlər, saç düzümü ilə seçilənlər də üçüncü cinsin nümayəndələri sayılacaq.
Çin dünyanın ən böyük iqtisadiyyatına malik olduğu kimi, həm də milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, inkişaf etdirilməsi sahəsində də liderliyi ələ almaq istəyir.
Qeyd edək ki, bir milyard yarım əhalisi olan Çin Xalq Respublikası ən qədim sivilizasiya mərkəzlərindən biridir. İkinci dünya müharibəsindən sonra 3 dəfə SSRİ-nin tərkibinə 16-cı respublika kimi daxil olmaq üçün müraciət edib. Lakin Stalin heç bir şərtlə razılıq verməyib.
Çin həm maddi, həm mənəvi sahədə çox böyük inkişaf yolu keçir. Çoxlarının bəyənmədiyi Çində işsizlik problemi yoxdur, yüngül və ağır sənaye malları, nəqliyyat vasitələri dəfələrlə ucuzdur. Yol, körpü və binaların tikintisi 10-20 dəfə ucuzdur. Şübhəsiz ki, Çin ideal dövlət deyil, amma orda rüşvət yox səviyyəsindədir, yeni iş yerlərinin açılışı, ölkədən hazır məhsulların xarici bazarlara çıxarışı hökumət tərəfindən dəstəklənir. Çində sosial təminat yüksək səviyyədə təşkil olunub, təqaüdün 40 faizi ərzaq xərclərini ödəmək üçün kifayət edir.Təqaüdçülər hər il ölkə daxilində və xaricdə istirahət edə bilirlər. UŞAQ PULU verilir.
Hələ bizim eradan əvvəl duzun istehsalına və satışına qadağa qoyulub, bu günə qədər də davam edir. Bununla yalnız dövlət məşğul ola bilər, əks təqdirdə çox böyük cəza tədbirləri tətbiq olunur.
İlk kağız, ilk kitab, çap maşını, ipək, çay, saxsı qablar, daha nələr, nələr... Çin dünyanı gücü, silahı, əhalisi ilə yox, zəhmətkeşliyi, yeni istehsal sahələri, müasir texnologiyaları ilə fəth edir.
Çində yüzdən artıq millət yaşamağına baxmayaraq, heç vaxt irqi milli və dini zəmində münaqişə qeydə alınmayıb. Hər bir vətəndaş özünü çinli sayır və bununla qürur duyur.
Çinin heç bir ölkəyə ərazi iddiaları yoxdur, hamı ilə mehriban qonşuluq və səmərəli əməkdaşlıq şəraitində yaşamağa üstünlük verir.
Təəssüf ki, yazdıqlarımız, doğma Azərbaycanımız haqqında yox, Çin haqqındadır.

Комментариев нет:

Отправить комментарий