15.09.2021

Yazdığın məktubu aldım

Kamal Hüseynzadə

Yazdığın məktubu aldım, gözəlim,
Titrədi məktubunu tutmuş əlim.
Soruşursan: nə var o bağda gəlim?
Nə deyim, şanısı var, ənciri var
Bu bağın, bir də bu bağda biri var,
Darıxır.

Buranı görməmisən, pisləmə, gəl,
Görməmişlər kimi kin bəsləmə, gəl,
Öz bağın bil, qapıdan səsləmə, gəl,
Keç evə, qorxma, itin zənciri var.
Bir də ki, zənciri qırmış biri var,
Darıxır.

Yellədir pərdəni yüngül gilavar,
Bacası azca əzilmiş samavar
Göndərir göy Xəzərə əyri buxar,
Divarın Xəzri tərəfdə kiri var.
Bir də burda ürəyi saf biri var,
Darıxır.

Gecə gəl, gör buranın mənzərəsin,
Xəzri çırpır qapısın, pəncərəsin,
Yapışıb bir yana dartır hərəsin,
Elə bil meynələrin təqsiri var.
Bir də ondan daha çılğın biri var,
Darıxır.

Gəl, xitam ver bu bağın matəminə,
Yol da burdan gedir eşq aləminə.
Orda kimdir batan eşqin qəminə?!
Ora dünya qəminin təsiri var.
Burda dünyadan əl üzmüş biri var,
Darıxır.

Комментариев нет:

Отправить комментарий