07.09.2021

Rüşvətə görə tutulan gömrükçülərin şifrəli yazışmaları - “Litr”, “qırmızı alma”

Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının rüşvət alarkən istifadə etdikləri şifrəli danışıqları üzə çıxıb.
“Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, İdarənin maliyyə inspektoru Azər Baxşıyevin baş inspektor Elmar Mirzəyevlə yazışmalarında rüşvət qismində alınan pulların miqdarı “litr” ifadəsi ilə qeyd edilib.
Azər Baxşıyev istintaqa verdiyi ifadəsində deyib ki, o, “Hyundai Auto Azərbaycan” şirkətinin adına gələn malların gömrükdən keçidini tezləşdirmək məqsədi ilə Elmar Mirzəyevə xahiş edib. E.Mirzəyev isə bunun müqabilində özündə olan bank kartına 50 manat pul köçürülməsini istəyib. O Elmar Mirzəyevlə həmin danışıqda 50 manat pul göndərməyi şifrəli olaraq “1 litr” kimi qeyd edib. Həmçinin o Elmarla olan həmin danışığında ona “yarım litr” də göndərildiyini qeyd edib. “Yarım litr” dedikdə 25 manat pulu nəzərdə tutduğunu deyib.
Elmar Mirzəyev Azər Baxşıyevə “Necəsən? Atarsan da” ismarıcını göndərib, Azər isə “Yaxşıyam, sən necəsən? Mütləq, yadımdadır” cavabını yazıb. Azər Elmara “1 litr atdım, yarım da bira zdan göndərəcəm” ismarıcını göndərib.
İş üzrə təqsirləndirilən daha bir inspektor Orxan Zöhrabov isə ifadəsində göstərib ki, o tələbə yoldaşı Afiq Əliyevin xaricdən sifariş etdiyi avtomobil ehtiyat hissələrinin gömrükdən keçidini tezləşdirmək üçün Elmar Mirzəyevdən xahiş edib. Onlar bu dəfəki şifrəli danışığı “qırmızı alma” adı altında aparıblar. Elmar bu işə görə 2 “qırmızı alma” yəni, 200 manat istəyib. O.Zöhrabov həmin məbləği E.Mirzəyevin bank kartına göndərib.
“Polat Yapı Sanayi və Ticarət” şirkətinin nümayəndəsi Fərid Əzizovla danışığında 50 manat pulu “sarı” deyə adlandırıblar.
Orxan Elmara Afiq Əliyevin adına olan bəyənnaməni göndərərək “Salam, brat, başa düşdün də kimdi, yoluna qoy getsin” ismarıcını göndərib, Elmar Mirzəyev “Səndən iki qırmızı alma” ismarıcını yazıb. Orxan Zöhrabov “Ortada elə iki qırmızıdır” cavabını verib, “kart at” sözünü yazıb.
Qeyd edək ki, Orxan Zöhrabov Nəsimi rayon məhkəməsinin hakimi İlham Cəfərovun qızının əridir. Elmar Mirzəyevin isə Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, general-mayor Sahib Mirzəyevin qardaşı oğlu olduğu bildirilir.
Elmar Mirzəyev, Azər Baxşıyev və Orxan Zöhrabova Cinayət Məcəlləsinin 308.2 (Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunub. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Amin Nəzərli

Комментариев нет:

Отправить комментарий