İkinci Qarabağ Müharibəsindən sonra itkin düşən erməni hərbçilərin qohumlarına özünü azərbaycanlı “Əziz Muradov” kimi təqdim edən Ermənistan vətəndaşı həbs edilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, “Facebook” sosial şəbəkəsində özünü “Əziz Muradov” olaraq təqdim edən erməni milliyətindən olan şəxs itkin düşən hərbçilərin qadın qohumları ilə əlaqə saxlayıb. “Əziz Muradov” itkin əsgərlərin doğmalarına onların Azərbaycanda harada saxlanıldığı və saxlanma şəraiti barədə yalan məlumatlar verib. Özünü azərbaycanlı kimi təqdim edən həmin şəxs itkin düşənlərin qadın yaxınlarından- arvadları, qızları, bacıları və analarından ona özlərinin çılpaq fotolarını, videolarını göndərmələrini tələb edib. Əks halda o əsir götürülən erməni əsgərləri öldürməklə və ya təhqir etməklə hədələyib.
Məlumata görə, Facebook istifadəçisi olan həmin erməni 16 yaşından kiçik qız da daxil olmaqla bir qrup qadını istismar edib və onları hədələyib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həbs ediyi “Əziz Muradov” törətdiyi əməli etiraf edib və üzr istəyib.
"Facebook-da azərbaycanlı kimi - Əziz Muradov ad və soyadı ilə qeydiyyatdan keçdim. Fürsətdən istifadə edib itkin düşənlərin valideynlərindən, bacılarından və arvadlarından onların çılpaq fotolarını istədim. Məqsədim həmin qadınları öz şəkilləri ilə şantaj etmək, onları qardaşlarına, oğullarına və ya ərlərinə göstərməklə hədələmək idi. Həmin qadınları hədələmişdim ki, əgər çılpaq şəkillərini göndərməsələr, əsir düşən oğullarına, qardaşlarına, ya da ərlərinə zərər verəcəm. Törətdiyim hərəkəti etiraf edirəm, peşmanam, bunu cinsi ehtiyacdan ötrü etmişəm”, - deyə “Əziz Muradov” istintaqa ifadəsində bildirib.
“Əziz Muradov”un hədəfinə düşən erməni ailələrdən birinin Qaraxanyanlar olduğu bildirilir. Bu ilin yanvar ayında aparılan axtarış tədbirləri zamanı müharibə iştirakçısı, 43 yaşlı Arsen Qaraxanyanın meyiti tapılıb. 4 uşaq atası olan Arsen Hadrut sakini olub. Ailəsi üç ay ondan xəbər ala bilməyib. Erməni hərbçinin arvadı bildirib ki, ərindən 3 ay xəbər çıxmayanda onlar “Əziz Muradov”dan Arsen haqda “məlumat” öyrəniblər. Belə ki, “Əziz Muradov” Qaraxanyanlara bir video göndərib. Yazıb ki, “Arsen sağdır, bizimlədir”. “Soruşduq ki, səhhəti necədir, dedi “yaxşıdır, amma onunla heç bir əlaqəsi yoxdur”, - deyə Arsenin arvadı istintaqa bildirib.
İtkin düşən hərbçinin qardaşı Karen deyib ki, “Əziz Muradov” ona Arsenin arvadı ilə danışmaq istədiyi bildirib: “Mən bilmirəm qardaşımın arvadının adının Varduhi olduğunu necə öyrəndi. Sonra o şəxs qardaşımın həyat yoldaşı ilə danışmaq istədi. Ancaq qardaşım arvadı özünü azərbaycanlı kimi təqdim edən şəxslə danışmaqdan imtina etdi, dedi ki, türklərdən qorxur. “Əziz Muradov” ayın 15-inə kimi bizimlə əlaqə saxladı, əvvəl yazırdı ki, “Arsen sağdır, onu 7 il həbsdə saxlayacağıq”. Biz ona yazdıq ki, qardaşımla danışmaq istəyirik. Amma həmin şəxs qardaşımın arvadı ilə danışa bilməyəndən sonra dedi ki, “mənə daha sual verməyin, Arsen artıq öldürülüb”.
Ermənistan Milli Təhlükəsizlik Xidməti bu işlə bağlı izahat verən onlarla zərərçəkmişin olduğunu bildirib. Axtarışlar nəticəsində təqsirləndirilən şəxsin mənzilindən istifadə etdiyi mobil telefon, habelə cinayət işi üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilib.
Milli Təhlükəsizlik Xidməti “Əziz Muradov”un hansı maddə ilə ittiham olunduğunu açıqlamayıb.
Artıq “Əziz Muradov”un gerçək adı açıqlanıb və ona verilən cəza elan olunub. Belə ki, erməni qadınlarını cinsi istismara məruz qoyan bu “azərbaycanlı” əslində Ermənistan vətəndaşı olan Alik Ayrapetyan imiş. Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib və nəticədə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, hüquq-mühafizə orqanları müharibə ilə bağlı 1600-dən çox cinayət işini araşdırır. 560 nəfərə qarşı adam öldürmə, adam oğurluğu, oğurluq, qəsdən əmlakı məhv etmə və ya zədələmə, terrorçuluğu maliyyələşdirmə, milli, irqi və ya dini ədavəti qızışdırma, qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə ittihamları irəli sürülüb. /turkustan/
Комментариев нет:
Отправить комментарий