13.11.2021

“Sahil Babayev, bir gün anlayacaqsız ki, ölkə meşə olmadığı kimi, siz də qulaqkəsən deyilsiniz...”


“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib və 2021-ci ilin ilk 10 ayında isə əsassız pensiyaların ləğvi nəticəsində 500 milyon manat vəsaitə qənaət edilib. Hörmətli nazirin bu açıqlamasından sonra önəmli suallar yaranır. Birincisi, son 3 il 10 ayda saxta, əsassız təqaüd və müavinatın ləğvi nəticəsində 1 milyard manata yaxın qənaət edilibsə, bəs bu saxta, əsassız təqaüd və müavinatları təyin edənlərlə bağlı hansı hüquqi tədbirlər görülüb?! Əgər son 3 il 10 ayda 1 milyard manatlıq dələduzluq olubsa, deməli bu sistemli olub, həcmi və miqyası çox böyükdür. Bəs hanı yüzlərlə açılan cinayət işləri?!”
Demokrat.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib.
O qeyd edib ki, cinayət məcəlləsində dələduzluq maddəsi var: “Bəs niyə vətəndaş  maddi və mənəvi olaraq cəza alır, amma məmurlar yox?! Hardadı yüzlərlə həbslər?! Bunun məsuliyyətini kim daşıyır?! İkincisi isə, təqaüd və müavinatı ləğv edilmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpası, apellyasiyası necə təşkil olunub?! Vətəndaş özünü necə müdafiə edir?! Saxta və əsassız təqaüd və müavinatın təyin edilməsini yoxlayan prosedur qaydaları necədir?! Niyə bunlar şəffaf deyil?! Nədən şikayət edənlər, haqlı olanlar aylardır qəbula düşə bilmir, süründürülür?! Yaxşı, kimsə apellyasiya şikayəti verib haqlı çıxsa, aylardır kəsilən müavinatını hansı hüquqi prosedurla kompensasiya ediləcək?!”
N.Cəfərli, həmçinin nazir Sahil Babayeva xitab edərək qeyd edib: “Sahil müəllim, məşhur bir lətifə var, yəqin ki, bilirsiniz: Meşədə heyvanlar təşviş içində qaçırlar, tısbağa bunları görür, amma səbəbini anlamır, yanından keçən dovşandan səbəbini soruşur. Dovşan da cavab verir ki, meşəyə insanlar gəlib, kimin 3 qulağı varsa, birini kəsirlər! Tısbağa təəccüblə soruşur ki, bəs sən niyə qaçırsan, axı sənin iki qulağın var! Dovşan isə cavabında deyir ki, onlar çox qəribə adamlardır, əvvəl qulaqları kəsirlər, sonra sayırlar. İndi Siz və sizin idarəniz özünüzü meşəyə gələn məhz o qəribə adamlar kimi aparırsınız və bu, çoxsaylı narazılıq yaradır. Bir gün anlayacaqsız ki, ölkə meşə olmadığı kimi, siz də qulaqkəsən deyilsiz. Mütləq anlayacaqsınız”.

Комментариев нет:

Отправить комментарий