Fəxrəddin Abbasov DTX-da nələr danışıb?
Fəxrəddin Abbasov DTX-da dindirilən zaman deyib ki, Rusiyanın Moskva şəhərində yaşamaqla elmi və analitik fəaliyyətlə məşğul olub. Rusiyada fəaliyyət göstərən müxtəlif xəbər portalları üçün Cənubi Qafqaz, İran, Türkiyə və Yaxın Şərq ölkələrindəki geosiyasi proseslərlə yanaşı, Azərbaycanda gedən siyasi proseslər, Azərbaycanda yaşayan talışların hüquqları, problemləri, tarixi, öz müqəddaratını təyin etmək haqqı barədə məqalələr yazıb.
2002-2005-ci illərdə Sankt-Peterburq şəhərində “Toliş” qəzetinin baş redaktoru olub. Həmin qəzetin 25 buraxılışı olub və ancaq talışların tarixi, mədəniyyəti, folkloru, dili, adətləri, mətbəxi haqda məqalələr çap edib.
Abbasov ifadəsində Azərbaycan dövlətini özünə düşmən bildiyini və hazırda da həmin fikirdə olduğunu bildirib.
İfadəsində F.Abbasov erməni Qarnik Asatryanla tanışlığı haqda danışıb.
Bildirib ki, 2001-ci ildə internetdə Asatryanın talışlar haqqında yazdığı arayışı oxuyub və həmin arayışda talışlar haqqında bir çox səhv məlumatların, yəni talışların işlətdikləri sözlərin bəzilərinin erməni sözü olduğunu bildirdiyini görüb.
Abbasovun sözlərinə görə, Asatryan özünü İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri kimi təqdim edib.
“Mən həmin yazıya kəskin bir cavab yazdım. Bu söhbətlər 2004-cü ildə baş verib. Həmin yazıdan sonra Asatryan mənə zəng elədi”, – deyə Abbasov ifadəsində bildirib.
Fəxrəddin Abbasov deyib ki, Asatryan onun ev telefonunun nömrəsini hardan tapdığını deməyib.
“İlk zəngində dedi ki, cavab yazımı yenicə oxuyub. Mənimlə tanış olmaq, yazdığı arayışa görə üzr istəmək üçün zəng etdiyini bildirdi. Bundan sonra mənə bir neçə dəfə zəng elədi. Bütün zənglər də onun tərəfindən İrəvandan edilirdi. Hər zəng edəndə ümumi söhbətlər edirdik. Asatryan İran ermənisi olduğunu, valideynlərinin evdə ermənicə yox, farsca danışdıqlarını demişdi. 2005-ci ilin fevralında zəng edərək mayın 19-21 tarixlərində Ermənistanda “Beynəlxalq talışşünaslıq” konfransının keçiriləcəyini dedi. Məndən həmin konfransda talışların iştirak etmək istəyinin olub-olmamasını soruşdu. Mən ondan konfransın siyasi, yoxsa elmi xarakter daşıdığını soruşdum. Dedi ki, elmi xarakter daşıyır. Mən talış hərəkatının beynəlxalq aləmə çıxışının həmin vaxt çox zəif olduğunu, ermənilərin beynəlxalq əlaqələrindən, informasiya vasitələrindən istifadə etməyin vacibliyini nəzərə alaraq konfransda iştirak etmək istədiyimi dedim. Sonra konfransın proqramına daxil etməsi üçün vazaru@yandex.ru elektron poçt ünvanımdan qarnikasatryan@gmail.com elektron poçt ünvanına “Тalış ədəbi dilinin formalaşmasının bəzi problemləri” başlığını göndərdim. Talışların internetdə ünsiyyət qurduqları forumda məlumat verdim və konfransda kimin iştirak etmək istədiyini soruşdum. Həmin vaxt forumda olan Lənkəran rayonunun Şağlaser kənd orta məktəbində tarix müəllimi işləmiş, 1990-cı illərin əvvəllərində Rusiya Federasiyasının Yekaterinburq şəhərinə köçərək ailəsi ilə orada yaşayan Zahirəddin İbrahimov mənimlə gəlmək istədiyini dedi. Biz birlikdə İrəvana getdik. Həmin konfransa İrandan, Avropa ölkələrindən, Gürcüstandan, Rusiyadan iştirakçılar gəlmişdi. Konfrans 3 gün davam etdi, amma vaxt məhdudiyyəti olduğu üçün məruzə edə bilmədim. Lakin çıxışlar etdim. Çıxışlar yalnız elmi mövzuda, yəni talışların dili, tarixi, mədəniyyəti, demoqrafiyası və sair mövzuda idi. Konfrans bitdikdən sonra Zahirəddin İbrahimov Rusiyaya qayıtdı. Mənim pasportumda problem yarandığı üçün 3 gün İrəvan şəhərində qaldım. Sonra problem həll edilmədi və 18 gün orda qaldım”.
Fəxrəddin Abbasov həmin ərəfədə görüşlərini də davam etdirib.
O Ermənistan Milli Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb, Ermənistanın 2 televiziya kanalına müsahibələr verib. “Sonra İrəvan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının dekanı Manukyan soyadlı şəxs məni və Asatryanı İrəvan şəhərində dördmərtəbəli bir imarətə apardı. Orda Samvel Andranikoviç Babayan adlı erməni generalla tanış olduq. Samvel Babayan dedi ki, Azərbaycan ordusunda xidmət edən talışlar vasitəsilə onlara ordu haqqında məlumat toplayım. Bunu edəcəyim təqdirdə talışların azadlıq hərəkatında bizə maddi dəstək verəcəklərini dedi. Amma mən həmin təklifdən imtina etdim. Həmin görüşdən sonra Moskvaya qayıtdım”, – deyə F.Ababsov ifadəsinə əlavə edib.
2005-ci ilin iyul ayında Moskvadan Bakıya gələn Fəxrəddin Abbasov 2008-ci ilin oktyabr ayınadək Binə qəsəbəsində yaşayıb. Həmin dövrdə fərdi qaydada həyət evlərinin dam örtüklərinin vurulması ilə məşğul olub, eyni zamanda 2006-cı ilin mart ayından talışların qədim adətlərinin adı ilə bağlı olan “Şəvnışt” (Gecə qonaqlığı) qəzetini çap etdirib. Sonra Moskvaya köçərək orada yaşamağa başlayıb.
Abbasov ifadəsində 2009-cu ildən etibarən “Müstəqil Talışıstan” ideyası ilə çıxışlar etməyə başladığını bildirib. O talış xanlığının indiki Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının ərazisində yaradılmalı olduğunu öz çıxışlarında söyləyib: “Mən talışlara müraciət edərək birləşib öz haqlarını tələb etmələri üçün çağırışlar etmişəm. Lənkəranın “Talış Respublikası”nın paytaxtı olacağını, həmin vaxt çatdıqda isə Azərbaycan adlı dövlətin olmayacağını demişəm”.
2010-cu ildən etibarən Rusiyada yaşamaq icazəsi alan Fəxrəddin Abbasov ifadəsinin davamında ermənilərlə növbəti danışığının 2015-ci ildə baş tutduğunu deyib: “Xatırlamadığım nömrədən zəng gəldi. Mənə Asatryandan salam gətirdiyini, biznesmen olaraq tikinti işi ilə məşğul olduğunu, öz işlərinə görə Rusiyaya gəldiyini və mənimlə görüşüb tanış olmaq istədiyini bildirdi. Onu evə dəvət etdim. Həmin şəxs özünü Aleksandr kimi təqdim etdi. Söhbətin istiqamətini talış mövzusuna yönləndirdi. Onun Ermənistan xüsusi xidmət orqanının əməkdaşı olduğunu hiss etdim. Lakin evimə qonaq gəldiyi üçün birbaşa bunu onun üzünə demədim. Ümumi söhbətdən sonra mənimlə yenə görüşmək istədiyini dedi, amma mən imtina etdim”.
F.Abbasov ifadəsinin davamında kütləvi informasiya vasitələrində yazdığı bir çox məqalələrində, eləcə də video-görüntülü çıxışlarında Dağlıq Qarabağın orada yaşayan ermənilərin torpağı olması və ermənilərə məxsus olması haqda fikirlər səsləndirdiyini də etiraf edib.
O bu fikrini belə əsaslandırıb. Deyib ki, bu mövqeyi ilə ermənilərin talış hərəkatına dəstəyini qazanmaq istəyib: “Bunun nəticəsi kimi ABŞ-da yaşayan erməni varlı iş adamlarından birinin İrəvanda ofis binası alaraq, orda “Talışıstan milli televiziyası”nı yaratmasına və maliyyələşdirməsinə nail oldum. Mən də çıxışlar hazırlayıb həmin kanala göndərirdim. Televiziyanın yaradıcısı və rəhbəri Asatryan idi. Bundan əvvəl 2013-cü ildə “Talışıstanın səsi” radio kanalı fəaliyyətə başlamışdı. Radio Şuşa şəhərindəki ötürücü qurğu vasitəsilə yayımlanırdı. Bu layihənin də rəhbəri Asatryan idi. Amma həmin layihə uğurlu olmamışdı. Radio yaradılan ərəfədə Qarnik Asatryan məni ora dəvət etdi. Amma sənədlərdə problem olduğu üçün gedə bilmədim. 2014-cü ildə Asatryan mənə zəng edərək azərbaycanlı Zabil Məhərrəmovun İrəvanda onun yanında olduğunu dedi. Asatryan Zabil Məhərrəmovu təxminən 2013-cü ildə fəaliyyət göstərən “Zabil TV” internet televiziya kanalında işlədiyi dövrdən tanıdığını bildirdi. Həmin ərəfədə bir neçə dəfə Zabillə görüşdük. Sonra bildim ki, Zabil həmin televiziya kanalında işləməyə başlayıb. Kanal yeni yaradılanda məndən veriliş aparmaq üçün Azərbaycan talışı tapmağımı istədi. Mən isə özümün yaratmadığım işə qol qoymayacağımı dedim. Amma onların ikisi ilə də mütəmadi olaraq danışırdım. Zabil 500 dollar maaş alırdı. Maaşının azlığından şikayət edirdi. Mən də Asatryana zəng edib Zabilin maaşını qaldırmasını istədim. O da maaşı 1000 dollar elədi. Kanal işə başlayanda iki-üç dəfə rus dilində mətnlərin titrlərini talış dilinə tərcümə edilməsində Zabil Məhərrəmova kömək etmişəm. Asatryanın xahişi ilə isə cənubi Qafqaz regionunun geosiyasi prosesləri ilə bağlı analitik video-çıxışlar hazırlamışam. Çıxışlarıma görə pul almamışam”.
Abbasov ermənilərə bu və digər formada göstərdiyi dəstəyin səbəbin belə izah edib: “Məqsədim gələcəkdə dünyada yaşayan bütün ermənilərin də talış hərəkatına dəstəyini qazanmaq idi”.
Fəxrəddin Abbasov ifadəsində göstərib ki, bir müddət sonra Zabillə Asatryan arasında problemlər yaranıb: “Zabil Qarnik Asatryan üçün başağrısı olmuşdu. Çünki Zabil teleulduz olub artıq heç nəyi bəyənmirdi. Zabil Məhərrəmova İrəvanda birotaqlı mənzil, yeməyini bişirən, paltarını yuyan dul qadın verilmişdi. Bir gün Asatryan zəng edərək Zabilin pul üçün hay-küy saldığını dedi. Bildirdi ki, Zabil oğlunun sənəd işləri üçün 2 min dollar istəyir. Zabil belə bəhanələrlə Asatryandan dəfələrlə pul alıb. Uzun müddət Zabil televiziyaya tək nəzarət etmək üçün mübarizə apardı. Deyirdi ki, kanala rəhbərliyi özü etməlidir. Bir müddət sonra Zabil dedi ki, Asatryanın yerinə elmlər namizədi, dosent Vardan Voskanyan rəhbər olub. Vardan Voskanyanla da danışığımız oldu. Mən ondan Zabilə 3 min dollar aylıq maaş verməsini istəmişdim. Mənə məlumat verəcəyini dedi. Sonra məlum oldu ki, onlar Zabili kanaldan uzaqlaşdırıblar. Zabili işə buraxmadılar, 3 gün ərzində də ölkəni tərk etməsini tələb etdilər. Zabil Moskvaya qayıtdı. Onunla görüşəndə Ermənistanın ortasında oturub ermənilərlə dava etdiyi üçün tənbeh etdim. Zabil Məhərrəmov 10 gün mənim evimdə qaldı. Onun yeməyini bişirdim, paltarını yudum, çimizdirdim ki, sonra “qulluğumda durmadı” deməsin. Amma Zabil feysbukda “Fəxrəddin Abbasov mənim evimi yıxdı” yazırdı. Yazırdı ki, guya Ermənistanda ona çatacaq pulu kəsib mənə verirmişlər”.
İfadəsinin davamında Abbasov İlhamə Cəfərzadə adlı aparıcı haqda da danışıb. Bildirib ki, “Talışıstan milli televiziyası”nın “türk verilişləri” redaksiyasının aparıcılarından biri olan İlhamə Cəfərzadə adlı şəxs erməni aktrisa Marietta Vartanyan olub.
“O hicab geyinərək gözünə eynək taxıb veriliş aparırdı. Həmin kanalda heç vaxt talışlar işləməyib. Yalnız Zabil idi. Asatryan verilişlər üçün türk tapa bilmirdi. Deyirdi ki, türk dilində, Azərbaycan dilində bilən çoxsaylı ermənilər var, amma onlar erməni ləhcəsi ilə danışdıqları üçün istəmir. Ona İrəvanda ərləri erməni olan xeyli azərbaycanlı qadının olduğunu dedim. Asatryan isə bir nəfərin olduğunu, amma çirkin olduğunu söylədi. Həmin qadının gözünə eynək taxmasını, başına da hicab bağlamasını məsləhət verdim ki, beləcə türkə oxşayacaq. Eynəklə normal intelligent insana oxşayacağını dedim. Həmin qadını İradə kimi təqdim elədi”, – deyə Abbasov söyləyib.
İfadədəsinin sonunda Moskvada saxlanılması haqda danışan Fəxrəddin Abbasov bildirib ki, kirayədə yaşadığı mənzilə gələn polis əməkdaşı onun axtarışda olduğunu deyib.
Abbasov Rusiya Federasiyasının miqrasiya qanunvericiliyin tələblərini pozduğu üçün məhkəmə tərəfindən 5000 rubl cərimələnməklə ölkəni tərk etməli olması barədə qərar qəbul edilib.
Fəxrəddin Abbasov məhkəmədəki ifadəsində özünü qətiyyən təqsirli bilmədiyini deyib.
Комментариев нет:
Отправить комментарий