27.03.2011

"200 MİN DOLLARLIQ MAŞINDA GƏZİRƏM"

Zamin Hacı: "Bu gün bizim ölkədə bir çox mafiyalara qadınlar rəhbərlik edir" 

“Kasıblıq insanın psixologiyasında ağır izlər buraxır. Fikir versəniz, indiki acgöz məmurların atası-babası muzdur olub”



Müsahibimiz məşhur köşə yazarı Zamin Hacıdır. 

- Zamin bəy, beynəlxalq mükafat almağın münasibətilə sizi təbrik edirik. 10 min avro mükafatı almaq üçün Norveçə gedəcəksiz?

- Norveçin Oslo şəhərində yayda təqdim edəcəklər.

- Yol pulunu onlar verəcək?

- Bütün xərcləri fond özü ödəyir. Mən hardan gedib gələcəkdim. Yəqin ki, ömrü boyu Norveçi görə bilməzdim.

- Hələ sənə borca gələn olmayıb?

- Yox. Sizin fikriniz varsa, borc istəyirsinizsə, verə bilərəm.

- Başqası borca gəlsə, verə bilərsən?

- Bunu yazıb ünvanlı sosial yardıma ehtiyacı olanları bizim üstümüzə göndərmək istəyirsiniz? İstəyirsinizsə buyurun, elan edə bilərsiniz. Zamin Hacı fondu açıram. Ancaq gərək siz də bu fonda pul köçürəsiniz.

- Mən görürəm ki, sənə borca gələnlərin hamısını diplomatik yolla başından edə biləcəksən.

- Bəli, mən onların hamısını Heydər Əliyev fonduna göndərəcəm. Orda daha çox pul var.

- O pulu hansısa fonda keçirmək fikrin yoxdur?

- Açığı elə bir planım var, bir neçə kasıb fond var: Heydər Əliyev fondudur, silahlı qüvvələrə yardım fondudur.

- Həyat yoldaşın Sevinc xanım məhsuldar jurnalistdir. Sən də gündə bir köşə yazırsan. Bu qədər əziyyətin qabağında var-dövlətdən nəyin var?

- "Xalq" qəzeti bir ay olar yazmışdı ki, Zamin Hacının “Hammer”i var. “Hammer” ingiliscə çəkic deməkdir. Mənim həqiqətən hammerim var, amma çəkic şəklində.

- İctimai nəqliyyatdan istifadə edirsən?

- 200 min dollarlıq maşında gəzirəm.

- Avtobusu deyirsən?

- Ziya Məmmədov avtobusun birini 200 min dollara alır. Belə baxanda biz daha bahalı maşında gəzirik.

- Taksiyə minməyə pulun çatır?

- Niyə çatmır? Avtobusa da minirik, taksiyə də minirik, Hacıbala trolleybusu sökənə qədər trolleybusa da minirdik, tramvaya da minirdik.

- Səndə kompleks yoxdur ki, birdən fikirləşərlər tanınmış jurnalist avtobusa minir?

- Yox, nə kompleks ola bilər?

- Yazılarından bilirəm ki, Biləcəridə evin var. Neçə otaqlıdır?

- 8 il olar almışam. İki otaqlı hökumət evidir. Adı iki otaqdır, iki otaq təsəvvür edin 27 kvadratdır. Özbək proyektidir.

- Buna da şükür. Jurnalistlər var ki, kirayə haqqını ödəmək imkanı yoxdur.

- Əlbəttə ki, mən neçə il kirayədə yaşamışam, yataqxanalarda qalmışam. 15 ilə yaxın Bakının o yeri qalmayıb ki, kirayədə, yataqxanada qalmayım.

- Evini satsan, mükafatı da üstünə qoyub şəhərdə 3 otaqlı mənzil ala bilərsən?

- O pulla nə ev almaq olar? Mənim bu Biləcəridəki evimi kim alar? Satmaq mümkün deyil.

- Jurnalistikada pul yoxdur?

- Jurnalistikada pul, əlbəttə, yoxdur. Uzağa getmirəm, Türkiyədə hər gün köşə yazsaydım nələrim olardı.

- Bəs deyirlər köşə yazısı bahadır, 50 manatdır?

- Verirsinizsə gəlim işləyim sizdə.

- Köşə yazısını yazmaq üçün gündə neçə saat vaxt itirirsən?

- Özünüz də qəzetçisiniz, bilirsiniz, bəzən adamlar fikirləşirlər ki, üç min işarədir. O üç min işarəni yazmaq üçün mən neçə saat oxuyuram, internetdə informasiya portallarını izləyirəm, kitab oxuyuram, kinoya baxıram. Çalışıram ki, köşə yazarı kimi formada olum. Boş-boş şeylər yazmayım, köşə yazım sudan ibarət olmasın. Oxucu fikirləşsin ki, o yazar mənim bilmədiyim nələrisə bilir. Hamının bildiyi şəkildə desəm, onda heç kim oxumaz.

- Kəskin yazılar yazırsan. Başqalarını tuturlar, kəsirlər, asırlar, bəs nəyə görə sənə dəyib dolaşmırlar?

- Bunu bir komplement kimi qəbul edirəm, başqa cür qəbul etmək istəmirəm. Əvvəllər olub təzyiqlər. Şəxsən mən təsadüf hesabına salamat qalmışam. Bəlkə də bəxtim gətirib.

- Mən o sualın cavabını özüm tapmışam. Sən xalqın, dövlətin maraqlarından yazırsan. O birilər kimi mafiyaların, xarici dövlətlərin marağından yazmırsan.

- O cür deməzdim. Mənim bir kriteriyam var. Çalışıram elə yazım ki, hətta düşmən də onu qəbul eləsin. O da fikirləşsin ki, bəlkə jurnalist bunu mənim haqqımda düzgün yazıb, durub gedib onu təpiyimin altına salmayım. Satira da yazmaq olar, təhqir də yazmaq olar. Çalışıram ki, təhqir yazmayım. "Leon" filminin qəhrəmanının bir sözü var: "Qadınlardan və uşaqlardan başqa hamı". O, killer olur. Mən çalışıram ki, qadınlar və uşaqlar mövzularında yazmayım.

- Tərbiyən, əxlaqın buna yol vermir?

- Tərbiyə deməzdim. Əslində tərbiyə də demək olar. Amma jurnalist mənim aləmimdə bir az tərbiyəsiz olmalıdır. Hesab eləmirəm ki, qadınlardan yazmamaq üstün cəhətdir. Bu gün bizim ölkədə bir çox mafiyalara qadınlar rəhbərlik edir. Bundan yazmamaq hesab etmirəm mənim üstün keyfiyyətimdir. Kişi ilə etdiyim məzələnməni qadına qarşı edə bilmirəm. Bu mənim üçüm çətindir.

- Səni satın almaq üçün nə əcəb təklif gəlməyib?

- İdeya verirsiniz? Siz bu gün mənə qarşı mənfi fikirlərlə köklənmisiniz. Əvvəllər reportyor işləyərkən obyektlərə gedəndə mənə rüşvət təklif etmə cəhdləri olurdu. Hətta cibimə zorla pul basmaq istəyiblər. Bunu mən qəbul etmirəm. Bəlkə də onlar bilirlər ki, bunu mənə desələr, tutaq ki, ağır cavab alarlar, yaxud biabır olarlar. Mənə hörmət edirlər ki, təklif etmirlər. Çünki, doğrudan, mən onu özümə hörmətsizlik hesab edirəm. Əgər onlar mənə təklif etmirlərsə, üzr istəyirəm, demək, onlar məni satlıq mal hesab etmirlər. Bunu da bir hörmət hesab edirəm. O təklifin olunmamağı mənim üçün çox böyük qiymətdir.

- Belə bir təklif olsa necə cavab verərsən?

- Birincisi, dediyim kimi, utanaram. Fikirləşərəm səhv addım atmışam, artıq hardasa çaşmışam ki, mənə bu təklifi edirlər. İkincisi, çalışaram kifayət qədər mədəni şəkildə rədd edim. Mənə belə bir təklif olsa, özümü söyərəm. Abırlı adamlara adətən belə təklifi eləmirlər.

- Korrupsiyaya qarşı mübarizəyə inanırsan, yoxsa sən də başqaları kimi gülürsən?

- Əlbəttə, gülünc bir şeydir. Vəzifədən sui-istifadə edib qohumları üçün biznes yaratmaq, gəlirlər haqqında deklorasiya verməmək - budur korrupsiya.

- Məmurlarımız bu qədər milyardları ola-ola niyə sadə vətəndaşların qəpiyinə göz dikirlər?

- Acgözdürlər. Atalar sözü var ki, kasıb mərd olar. Boş söhbətdir. Kasıblıq insanın psixologiyasında, adətən, ağır izlər buraxır. Fikir versəniz görərsiniz ki, indiki acların dədəsi-babası muzdur filan olub.

- Sənin ki gözün belə toxdur, atan-baban nəçi olub?

- Mən bəy nəslindənəm. Babam bəy olub. Füzulidə torpaq sahələri, dəyirmanı, sürüləri, dəvələri olub. Mənim soyadım Hacıyevdir. Hacı mənim babamın adı olmayıb. Kişinin adı İmamqulu olub. İmkanı olub ki, Həccə gedib.

Mətanət Əliyeva                                                          faktxeber.com

Комментариев нет:

Отправить комментарий