30.03.2011

Çağdaş Türkiyədə masonluq


Sayı sürətlə artan və bu gün sıralarında 14 min nəfərdən artıq adamı birləşdirən massonlar Türkiyə iqtisadiyyatının 60 faizindən çoxunu əllərində saxlayaraq, ölkənin daxili və xarici siyasət kursunun müəyyənləşdirilməsində önəmli rol oynayırlar. Bəzi məlumatlara görə, iqtidardakı AKP üzvləri arasında da masonçular var. Son bir neçə ildə dünyanın tanınmış KİV-də İsmət İnönü, Süleyman Dəmirəl, Turqut Özal, Dəniz Baykal və indiki prezident Əhməd Necdət Sezərin də masonçu olduğu iddia edilir.
Bir neçə il əvvəl dekabr ayının 19-da qəribə bir hadisə baş verdi. Türkiyə masonları Böyük Lojanın toplantısında rüşvətalma və quruma məxsus paranın mənimsənilməsi məsələsi müzakirə edildi. Rüşvətalma və para mənimsəməkdə suçlanan isə Türkiyə Böyük Lojasının rəhbəri Qaya Paşakay idi. Uzun müzakirə və debatlardan sonra masonlar səsçoxluğu ilə rüşvətalma və quruma aid 7 milyon dollar pul mənimsənildiyi üçün Paşakay və üç müavini qurumdan çıxarıldı. Hadisə bütün dünyanın diqqətini cəlb etdi: doğrudanmı, sirlərini həmişə qoruyan masonlar ləkəli bir hadisədən mətbuatın xəbər tutmasına imkan veriblər? İzah etmək çətindir. Ancaq mason tədqiqatçılarının fikrincə, Paşakayın rüşvət alması və 7 milyon dollar pul mənimsəməsi ağlabatan deyil və belə fakt olsaydı da, gizli saxlanacaqdı.
Ehtimal ki, Türkiyədə tanınan və sevilən Paşakayın Böyük Lojanın rəhbəri vəzifəsi və üç müavinilə birlikdə masonluqdan çıxarılmasının daha ciddi səbəbi var. Səbəblərdən biri Paşakayın Türkiyənin milli mənafeyinə hədsiz bağlılığı ola bilər. 2003-cü ildə səsçoxluğu ilə Türkiyə Böyük Lojasının rəhbəri seçilən Paşakay, nəinki Türkiyədə, həm də dünya masonları arasında nüfuzlu bir şəxsdi. Onun dünya masonlarının fəaliyyətinin güclənməsində xüsusi rolu olub. Bundan əlavə, Paşakay masonlar arasında islahatçı şəxs kimi tanınırdı. O, masonların gizli fəaliyyətdən yarımqapalı iş şəraitinə keçməsinin tərəfdarı idİ. Təsadüfi deyil ki, Paşakay Türkiyə Böyük Lojasının rəhbəri seçilən kimi mətbuat və dövlət qurumları ilə isti münasibətlər qurdu. Bu, Türkiyə və dünyadakı bəzi masonlar tərəfindən narazılıqla qarşılandı. Masonlarla türk dövlət qurumlarının əlaqəsi xüsusi tədqiqatın predmetidir. Yeri gəlmişkən, tədqiqatçıların bir çoxu latın əlifbasına keçid, ibadətlərin ərəbcə deyil, türkcə edilməsi, məscidlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı XX əsrin 30-cu illərində türk hökumətinin verdiyi qərarlarda masonların təsiri olduğunu iddia edirlər. Masonların öz sirlərini o dövrdə kifayət qədər qoruyub saxlaya bilməsinə baxmayaraq, haradansa yenə də mətbuata bəzi məlumatlar sızdı. Məsələn, 1965-ci ildə Ədalət Partiyasının rəhbəri Süleyman Dəmirəlin mason olması barədə məlumat yayıldı. Hakimiyyətə can atan Dəmirəlin siyasi karyerasına bununla da son qoyula bilərdi. Dəmirəl təcili şəkildə Türkiyə Böyük Lojasına müraciət edərək mason təşkilatının üzvü olmaması barədə arayış aldı. Bununla da, Dəmirəli gözləyən təhlükə sovuşdu. Amma o dövrdə Türkiyənin siyasi xadimlərinin çoxu masonların arayışına şübhə ilə yanaşaraq məsələnin araşdırılmasını tələb etsələr də, onları eşidən olmadı. Qeyd edək ki, ötən əsrin 50—80-ci illərində mason qurumlarının Türkiyədə neqativ fəaliyyəti və ölkənin siyasi, iqtisadi inkişafına mane olmaq cəhdləri yüksək səviyyəyə çatmışdı. Onlar xaricdən aldıqları göstərişlə Türkiyəni həmişə xəstə halda saxlamaq və inkişafına mane olmağa çalışırdılar. Hadisələrin gedişi göstərdi ki, onlar həmin dövrdə buna nail oldular. Türkiyədə masonların hədəfə götürdükləri digər bir sahə islam diniydi. Masonların islama qarşı barışmazlığı və ona əsl müharibə elan etdiklərini digər bir fakt sübut edir. Ötən əsrin 50-ci illərində ölkədəki böhrandan istifadə edərək hakimiyyətə gələn və Türkiyəni xilas etmək istəyən baş nazir Adnan Menderes masonların güclü müqavimətilə üzləşdi. Yeni baş nazir qısa müddətdə iqtisadi islahat apardı və ölkə sürətli inkişafa başladı. Menderesin  həm  də  məscidlərin  fəaliyyətinə  Atatürkün qoyduğu bəzi qadağaları ləğv etməsi masonları lap əsəbiləşdirmişdi. Onlar xaricdəki mason qurumlarının maliyyə yardımı ilə yeni baş naziri devirmək üçün ordudakı bəzi adamları ələ alaraq ölkədə hərbi çevriliş etdilər. Nəticədə baş nazir Adnan Menderes həbs edildi. Bununla kifayətlənməyən masonlar orduda yüksək vəzifələr tutan adamları vasitəsi ilə baş nazirin edamına (dar ağacından asılma) nail oldular. Əgər o vaxt masonlar olmasaydı, Menderes Türkiyəni Avropanın qabaqcıl dövlətinə çevirəcəkdi. Masonlar hazırda da islam dininə qarşı mübarizələrini davam etdirirlər. Bunu Böyük Lojanın 2003-cü ildə keçirilmiş toplantısında səslənən fikirlər de sübut edir. Toplantıda professor Nur Sərtər AKP-ni hədəf alaraq «Türkiyədə inqilabçılar hakimiyyətdədirlər. Bununla barışmaq olmaz» deyib.
Türkiyə Yazarlar Birliyinin sədri Nail Gureli də hakimiyyətə qarşı kəskin çıxış edib. Tanınmış mason İlhan Səlcuk: «Türkiyədə başqa bir siyasi iqtidarın hakimiyyətə gəlməsi üçün bütün imkanlardan istifadə etməliyik» deyib.
Paşakay da Türkiyədə hicabın qadağan edilməsinin qızğın tərəfdarı olub. O, mətbuata verdiyi müsahibəsində: «Siz bir nəfər də olsun sıralarımızda xanımı hicablı adam görə bilməzsiniz», — demişdi. Bununla belə, ötən əsrin 80-ci illərindən başlayaraq Türkiyə masonları öz fəaliyyətlərində tədricən milli dəyərləri önə çəkməyə başladılar. Buna səbəb Yunanıstanda fəaliyyət göstərən mason qurumlarının Kipr məsələsində radikal davranması oldu. Yunan mason lojası 1978-ci ildə «Psigoras» adlı mətbu orqanında Kiprin xəritəsini dərc etdirmiş və altından «Deksehnuma», yəni «Unutmayacağıq» yazmışdı. Bununla kifayətlənməyərək, yunan masonları Kipr yunanlarına maliyyə yardımı göstərmək üçün xüsusi kampaniya təşkil etdilər. Bu, Türkiyə masonlarını hərəkətə gətirdi. Onlar bu məsələnin mason prinsiplərinə zidd olması və bununla bağlı dünya masonlarının Şotlandiyada yerləşən Ritinə (Ali Mərkəzinə) şikayət edilməsini öz rəhbərlərindən xahiş etdilər. O dövrdə Türkiyə Böyük Lojasının rəhbəri olan Can Arpac buna qarşı çıxdı, nəticədə masonlar arasında böyük narazılıq yarandı. Narazılardan biri — 1976-cı ildən mason qurumunun üzvü olan və bir müddət Türkiyənin Afinadakı səfirliyində mətbuat xidmətinin rəhbəri işləmiş Öndər Aktac Arpaçı masonları türk millətinin mənafelərini yunanlara ayaqlatmaqda günahlandırdı. 1993-cü il oktyabr ayının 29-da Atatürkün uyuduğu Anıtı ziyarət edən Aktac xatirə dəftərində bu sözləri yazdı: «Rahat uyu, ulu öndər. Biz sənin haqq yolunu davam etdirəcək, Türkiyənin haqlarının tapdanmasına, ölkəmizin müstəqilliyinə xələl gətirilməsinə imkan verməyəcəyik. Biz əlimizdən zorla alınan Mosulu, Kərkükü, 12 adalarımızı unutmayacağıq». Bunun ardınca, Arpaca tənqidi bir məktubla müraciət edən Aktac mason sıralarını tərk etdiyini bildirdi və səbəbini masonların pozuculuq fəaliyyəti və ölkənin gələcəyini təhlükə altına qoymalarıyla izah etdi. Aktacın mason sıralarından istefası quruma üzv digər adamlara da güclü təsir göstərdi. Onlar rəhbərlikdən Türkiyənin milli maraqlarının tapdalanmasına son qoyulmasını tələb etdilər. Bundan sonra Türkiyə masonlarına rəhbərlik edənlər milli dəyərlərə üstünlük verməyə məcbur oldular. 1999-cu ildə Türkiyədə mason təşkilatlarının qurulmasının 90 illiyi ilk dəfə açıq şəkildə qeyd edildi. Bayram ərəfəsi KİV nümayəndələri üçün mətbuat konfransı keçirən Türkiyə masonlarının rəhbəri Tələt Akev: «Biz çox dəyişmişik və bu gün öz milli mənafelərimiz üçün çalışırıq. Bizim sayımız kifayət qədər çoxdur. İçərinizdə düşündüyünüzdən dəfələrlə çox üzvümüz var», — dedi.
2003-cü ildə masonların böyük ustadı seçilən Paşakay isə onların milli ruhda köklənməsində böyük rol oynadı. O, 2004-cü il oktyabr ayının 28-də İstanbuldakı Böyük Lojada Cümhuriyyətin qurulmasının 81-ci ildönümü münasibəti ilə keçirilən təntənəli gecəyə 10-cu il marşı ilə başlanması barədə göstəriş verdi. Toplantıya gələn masonlar əllərində Türkiyənin bayrağı ayaqüstə bu marşı oxudular. Bundan sonra bu marş bütün tədbirlərdə yerli masonların milli marşı kimi səslənməyə başlandı. Masonların milli fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirildi. Türkiyə prezidenti Əhməd Necdət Sezər 2005-ci il yanvar ayının 11-də Canqaya köşkündə Paşakayın başçılığı ilə masonların nümayəndə heyətini qəbul edərək onlarla 45 dəqiqə söhbət etdi. Sezər mason liderinə müraciətlə demişdi: «Sizi ölkəmizdə Atatürkün davamçıları kimi görməkdən çox şad oldum». Amma hadisələrin sonrakı gedişi və Paşakayın vəzifəsindən götürülməsi göstərdi ki, beynəlxalq mason təşkilatı milli mənafelərlə barışmır. Hər halda, şübhə yoxdur ki, Paşakayın vəzifəsindən çıxarılması onun milli fəaliyyətilə bağlıdır. Türkiyədəki masonların hansı yolu seçəcəyini isə tarix göstərəcək.


Mənbə Mirzə Ənsərli Türkiyədə masonların və sionistlərin fəaliyyəti kitabı
Müəllif MUSTAFA ƏZİZ «Geopolitika» qəzeti, 26.08.2006, N«32(94)

Комментариев нет:

Отправить комментарий