27.03.2011

“Mənə dedilər ki, bu indi SSRİ-nin deyil, Azərbaycanın sirridir"

Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, dedektiv əsərləri ilə dünyada şöhrət qazanmış Çingiz Abdullayevin müsahibəsi
 
- 150-dək roman və povestin, 400-ə qədər publisistik məqalənin, 50-dən artıq ssenarinin müəllifi bütün bu işləri cəmi 18 ilə görüb. Bu cür gərgin iş rejimi sağlamlığınıza mənfi təsir etməyib ki?

- Doğrudan da, mənim çox gərgin iş rejimim var. Hətta bir çox insanlar bu qədər işin öhdəsindən tək gələ bildiyimə inanmırlar. Düşünürlər ki, buna nə fiziki, nə də mənəvi güc yetməz. Bir neçə il öncə «Oqonyok» jurnalında yazılmışdı ki, «Çingiz Abdullayev adlı yazıçı yoxdur. Bu ad uydurmadır. Dörd nəfərdən ibarət yazıçı, jurnalist, müstəntiq qrupu birlikdə «Çingiz Abdullayev» adı altında detektiv əsərlər yazır. Axı, ola bilməz ki, bir insan tək bu qədər yazsın». Mən də onlara məktub göndərdim və orada qeyd etdim ki, əgər müəllifi olduğum kitablardan birində mənim yazmadığım bir sətir tapsanız, sizə 10 min dollar verəcəyəm. Əgər tapmasanız, mənə bir rubl verin və üzr istəyin. Düzdür, onlar sonradan üzr istədilər, ancaq bir rublu vermədilər.
Gərgin fəaliyyətin səhhətimə təsirinə gəlincə isə, deyə bilərəm ki, əvvəllər bu heç bir narahatlıq yaratmasa da, artıq müəyyən problemlər hiss edirəm. Həkim məsləhətinə ehtiyacım olur. Ayaqlarımda ağrılar var. Mən həm çox otururam, həm də çox gəzirəm. Bəlkə də səbəb budur. Ancaq irsi problem də ola bilər. Mənim atamda, babamda da ayaq ağrıları olub. Bütün hallarda düşünürəm ki, fasiləsiz işləmək doğru deyil.

- Gözləriniz niyə belə şişib?

- Mən əsasən gecələr yazıram. Gecə cəmi iki saat – 11-dən 1-ə qədər yatmışam. Saat 1-dən səhərə qədər yazmışam və sonra işə gəlmişəm. Burada da ki yenə çalışıram.

- Tibb mütəxəssisləri gecə yuxusunun sağlamlıq üçün çox vacib olduğunu söyləyirlər, ümumiyyətlə, yuxusuzluğun insan orqanizminə mənfi təsirləri ilə bağlı daim xəbərdarlıq edirlər. Bunun psixoloji problemlərə, yaddaş pozulmasına və s. səbəb ola biləcəyini deyirlər…

- Mən hər zaman gecələr yazmışam. Əlbəttə ki, müəyyən narahatlıq, yorğunluq olur. Ancaq nə qədər yorulsam da, ürəyim istəyən kimi işləyə bilirəmsə, yazıramsa, özümü çox xoşbəxt hiss edirəm. Bu elə gözəl duyğu, elə bir həzzdir ki, onu ifadə etmək mümkün deyil. Yaddaşsızlıqdan və ya psixoloji problemlərdən şikayətim yoxdur və heç vaxt olmayıb. Mən bilmirəm istirahət nədir. Oturub heç nə etməsə, insan dəli olar. Əsl psixoloji problemlər o vaxt ortaya çıxar.

- Siz həm də Sosiologiya və sosial psixologiya fakültəsini bitirmisiniz. Yaxşı psixoloqsunuz?

- Düzü, bu haqda özümün nəsə deməyim doğru olmazdı. Ancaq dostlarımın və yaxınlarımın fikrincə, insan psixologiyasından yaxşı anlayıram. Əslində, yazıçı insan psixologiyasını yaxşı bilməlidir ki, onun yazdıqlarını oxusunlar. Əsərlərim dünyanın 27 dilinə tərcümə edilib, kitablarım Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində – Türkiyədə, Amerikada, Fransada, Bolqarıstanda, Rumıniyada, Ukraynada 25 milyondan artıq tirajla nəşr olunub. Norveçdə olarkən əsərlərimi insanların baha qiymətə – 32 avroya həvəslə aldığını görəndə istəyirdim onlara deyim ki, ay balam, almayın bu kitabları belə qiymətə. Mən o qədər də ağıllı adam deyiləm.
Hər halda, onlar mənim gözlərimə vurulmamışdılar. Mənə deyirlər ki, sən insanları yaxşı başa düşürsən. Deməli, insan psixologiyasından anlayıram.

- «Alçağın üslubu»əsərində Balzakın «Vəkillər, həkimlər və keşişlər həmişə bir qədər abırsız olurlar, belə ki, onlar həmişə insan nöqsanları haqqında daha çox şey bilirlər» fikrindən istifadə etmisiniz. Balzakla həmfikirsiniz?

- Mən bir daha vurğulamaq istəyirəm ki, bunu mən yox, Balzak deyib. Amma etiraf etmək lazımdır ki, bu bir həqiqətdir.

- Deyirlər ki, Çingiz Abdullayev hüquqşünas olmasaydı, belə məşhur detektiv yazarı ola bilməzdi. Digər tərəfdən isə, bizə məlumdur ki, məşhur detektiv əsərlərin müəllifi, ingilis yazıçısı Konan Doyl ixtisasca hüquqşünas yox, həkim olub. Maraqlıdır, siz həkim olsaydınız, qarşımızda bugünkü Çingiz Abdullayevi görə bilərdikmi?

- Belə fikirləri mən də eşidirəm. Hətta bəziləri deyirlər ki, Çingiz Abdullayev hüquq-mühafizə orqanlarının məxfi sənədlərinin saxlanıldığı arxivlərə girmək imkanına malik olmasaydı, belə əsərlər yaza bilməzdi. Arxivlərdə arxiv işçiləri də çalışırlar, tək hüquqşünas da mən deyiləm. Hər şey yazıçının istedadından asılıdır. Yazıçı yaza bilmirsə, heç bir ixtisas, arxiv ona kömək edə bilməz. Amma bu peşənin yaradıcılığıma təsirini də istisna etmirəm. Həkimliklə yazıçılığı əlaqələndirməyinizə gəlincə isə deyə bilərəm ki, mən heç vaxt həkim olmazdım.

- Nə üçün?

- Əslində, mənim həkimlərə də, həkimlik peşəsinə də böyük hörmətim var. Ancaq mən uşaqlıqdan bilirdim ki, hüquqşünas olacağam. Mənim ulu babam, babam, atam hüquqşünas olub. Qardaşlarım, əmilərim də…
Yəni bizdə beş nəsil boyunca hamı hüquqşünasdır. Sovet vaxtı uşaq bağçasında soruşanda uşaqların hamısı kosmonavt olmaq istədiyini deyirdi, amma mən hüquqşünas. 10-cu sinfi qurtaran kimi hüquq fakültəsinə daxil oldum. Uşaqlarım da hüquqşünasdır. Heç vaxt həkim olmaq haqqında düşünməmişəm. İnstitutda oxuduğum dövrlərdə məhkəmə tibb ekspertizası üzrə keçilən dərslərdə bizi morqa aparırdılar. Mən heç vaxt getmirdim. Əsərlərimdə ölüm faktları çox olsa da, ölülərə baxa bilmirəm.

- Əsərləriniz əsasında seriallar, bir çox filmlər çəkilib. Onlardan biri də «Məhkumların cənnəti» əsərinin motivləri əsasında çəkilmiş «Məhkumlar» filmidir. Necə oldu ki, belə bir əsər yazmaq qərarına gəldiniz? Və necə oldu ki, yüzlərlə əsərləriniz içərisindən film çəkmək üçün məhz bu seçildi?

- Mən bilirdim ki, əgər mən cüzam xəstəxanasına getməsəm, orada yaşayan xəstələrin dəhşətli həyatı ilə tanış olmasam və bu haqda yazmasam, oraya heç kim getməyəcək. Belə xəstələrlə heç kim ünsiyyət qurmaq istəmir. Mən əsərimdə onların yaşadıqları həyatı təsvir etməyə çalışmışam. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının vacibliyi göstərilib. Hadisələr real həyatdan götürülüb və əlacsız xəstəliklərə məruz qalmış adamların xilası naminə onlarla insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddi sökmək, insanlarda onlara münasibətdə mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film cəmiyyətdən təcrid olunan insanların sağ ikən cəmiyyət üçün ölü olmalarına qarşı üsyandır. Onlar elə bir bəlaya düçar olublar ki, hətta dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda, hətta yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər. Dərdlərinin isə çarəsi yoxdur.
Bu əsərin ekranlaşdırılmasını rejissor Mehriban Ələkbərzadə təklif etdi. Mən razılaşdım və filmin ssenarisini yazdım. Filmdə Umbakı qəsəbəsində yerləşən cüzam xəstəxanasının sakinlərindən bəhs olunur. Düzdür, mən filmə baxanda ssenaridə müəyyən dəyişikliklərin edildiyini gördüm. O dəqiqə bilinir ki, qadın sentimentallığı öz işini görüb. Mənim ssenarimdə qəhrəmanların hər ikisi sonda vəfat edirdi. Filmdə isə onlar sağ qalırlar və qovuşurlar.

- Əsərlərinizdə sovet dövrü ilə bağlı nostalji hisslər geniş yer tutur. Sovet səhiyyəsi ilə bağlı da belə düşüncələriniz varmı?

- Əslində, sovet dövründə hər şey indi təsvir edildiyi kimi pis deyildi, axı. O dövrün yaxşı cəhətləri də çox idi. Həmin dövrdə səhiyyə xidməti də yaxşı səviyyədə idi. Deməzdim ki, bugünkü Azərbaycan səhiyyəsinin səviyyəsi məni qane etmir. Son dövrlər bu sahədə ciddi irəliləyişlər hiss olunur. Amma problemlər də çoxdur. Məncə, məbləğin çox və ya az olmasından asılı olmayaraq, müayinə və müalicə üçün lazım olan pulu kassaya ödəyib, qəbz almaq daha yaxşıdır. Pulsuz səhiyyə, yaxud başqa cür ödəmə mənə görə deyil.

- Həkimə ancaq ehtiyac olanda müraciət edirsiniz, yoxsa?..

- Əvvəllər ancaq ehtiyac olanda həkimə gedirdim. İndi həyat yoldaşımın təkidi ilə ildə bir və ya iki dəfə tam müayinədən keçirəm.

- Bilirik ki, xarici ölkələrə çox səfər edirsiniz. Azərbaycanda, yoxsa xarici ölkələrdə müayinə və ya müalicə olunmağa üstünlük verirsiniz? Ümumiyyətlə, bunun sizin üçün fərqi varmı?

- Azərbaycanda da, xarici ölkələrdə də həkimə müraciət edirəm. Fərqə gəldikdə isə, «yoxdur» desəm, yalan olar. Çox fərqi var. Yeri gəlmişkən, sizə xarici ölkələrdən birində xəstəxanada müalicə olunmağımla bağlı hadisəni danışım. Portuqaliyadan Fransaya gedərkən qatarda özümü pis hiss etdim. Məni Fransada xəstəxanalardan birində xüsusi palataya yerləşdirdilər.
İlk dəfə idi ki, belə gözəl xəstəxana görürdüm. Mənə tərcüməçi verdilər, Azərbaycanın Fransadakı səfirliyinə xəstələnməyimlə bağlı məlumat çatdırdılar. Şəhərin meri ziyarətimə gəldi. Məni müayinə edən qadın həkim ciddi problemin olmadığını dedi. Gecə necə yatdığımı soruşdu. Dedim ki, Portuqaliyadan Fransaya gəlirdim, yatmamışam. «Bəs, dünən gecə?» – deyə soruşdu. «Afrikada, Seneqalda olmuşam» dedim. «Bəs, o biri gün?» Deyəndə ki, «Buenos-Ayresdə idim», bu cavabım palatadakı hər kəsin gülüşməsi ilə nəticələndi. Həkim narahatçılığın yorğunluqla əlaqədar olduğunu dedi. Mən bir gündən sonra xəstəxananı tərk etdim. Onu da qeyd edim ki, həmin o bircə gün bir neçə min dollara başa gəldi.
Mənim Afrikaya da, Amerikaya da tibbi sığortam var idi. Ancaq Fransada bir neçə saat qalacağımı düşündüyüm üçün sığortaya ehtiyac duymamışdım. Bu hadisədən sonra mən hansısa ölkəyə lap bir saatlıq da getsəm, mütləq sığorta alıram.

- Əsərlərinizdən hiss olunur ki, yeməyi çox sevirsiniz. Qorxmursunuz ki, çox yemək adamı az yeməkdən də qoyar?

- Doğrudan da, mən gözəl yeməklər yeməyi xoşlayıram. Dünya mətbəxlərini, ən çox isə Azərbaycan (Bakı) və italyan mətbəxlərini sevirəm. Dünyanın ən yaxşı 10 restoranından 8-də olmuşam və onların adlarını əsərlərimə də salmışam. Amma bu o demək deyil ki, mən çox yeyirəm. Xarici ölkələrdə yemək mədəniyyəti bir az fərqlidir.
Orada çox yemək deyil, ləzzətli yeməklərin dadına baxmaq önəmlidir. Bununla bağlı da bir xatirə danışım. Ad günlərimdən birini xarici ölkələrdən birində azərbaycanlı dostlarımla qeyd edirdim.
Restoranda bizə iri boşqabların ortasına çox az qoyulmuş yemək verdilər. Dostlarım bunu görəndə ilk reaksiyaları belə oldu: «Bu nədir, bu yeməkdir?» Əvvəllər mən də çox yeyirdim. 1990-cı ildə 114 kq idim. Onda hiss etdim ki, köklük yatanda, gəzəndə, işləyəndə, ümumiyyətlə, bütün hallarda mənim normal həyat tərzimə mane olur. Ondan sonra arıqlamağa qərar verdim və tədricən 17 kq arıqladım. Bunu isə sadəcə yeməyimi azaltmaqla bacardım.

- Zərərli sayılan qidalardan imtina edirsiniz?

- Heç vaxt seçmirəm ki, bunu yeyim, çünki zərərsizdir, ancaq onu yeməyim, çünki zərərlidir. Orqanizmə mənfi təsiri baxımından daha çox «fast fud»la bağlı xəbərdarlıq edirlər. Ancaq hesab edirəm ki, bunu əfsanəyə çeviriblər. Mən, əgər ürəyim istəyirsə, «fast fud»dan da imtina etmərəm, alıb yeyərəm.

- Həyat yoldaşınız oftalmoloqdur. Sizin isə yaxşı atıcı olduğunuzu bilirik. Gözlərinizin belə yaxşı görməsində Züleyxa xanımın xidmətini necə dəyərləndirirsiniz?

- Bax, indi mənə göz dəyəcək. Mənim gözlərim həqiqətən yaxşı görür. Qeyd etdiyiniz kimi, 150-ə qədər kitab yazmışam. Buna baxmayaraq, gözlərimlə bağlı heç bir problem yaşamamışam. Göz həkimləri gözlərimi nə vaxt yoxlasalar, belə yaxşı görməyimə təəccüblənirlər. Mən indiyə qədər eynək taxmamışam.
Düzdür, mənim həyat yoldaşım göz həkimidir, amma mən onun pasiyenti deyiləm. Mənim atam da 80 yaşına qədər eynəkdən istifadə etməyib. Görünür, bu keyfiyyət mənə atamdan keçib. Bəlkə də, atıcılıq idman növü ilə məşğul olmağım, ya da çox işləməyim onları zəifləməyə qoymur, bilmirəm, amma, maşallah, yaxşı görürəm.

- Həkim həyat yoldaşı ilə yaşamaq necədir?

- Çox yaxşıdır. Hər ailədə mütləq heç olmasa bir nəfər həkim olmalıdır. Bu, ailə üzvlərinin sağlamlığı baxımından çox vacibdir. Həkimlik çox çətin, məsuliyyətli, həm də çox vacib peşədir.

- Övladlarınız niyə anaları kimi həkim deyil, ataları kimi hüquqşünas olmaq istədilər? Onların seçimində sizin rolunuz oldumu?

- Yox, bu onların öz seçimidir. Ümumiyyətlə, mən valideynlərin övladlarının sənət seçiminə müdaxiləsini doğru hesab etmirəm. Bu onların bütün həyatlarını korlaya bilər.

- Çingiz müəllimin hansı zərərli vərdişləri var?

- Heç vaxt siqaret çəkməmişəm. Çox içən də deyiləm. Biz dostlarla oturanda Anar müəllim həmişə deyir ki, gəlin, Çingizin xanımını sevindirək. Həyat yoldaşım məni 25 ildə hələ sərxoş görməyib. Mən ancaq təyyarədə çox içirəm. Çünki təyyarədən çox qorxuram.

- 80-dən artıq ölkədə olmuş, uçuş saatlarını üst-üstə gəlsən, bəlkə də, göydə aylarla, illərlə vaxt keçirmiş Çingiz Abdullayev hələ də təyyarədən qorxur?

- Hələ də qorxuram. Niyə yalandan deyim ki, qorxmuram? Bəlkə, baş verən bəzi hadisələr buna səbəb olub. Bir dəfə mənim uçduğum təyyarə yerdəki benzin daşıyan maşına dəyib. Nə yaxşı ki, nə zavod, nə də təyyarə partlamadı.
Bir dəfə də təyyarədə tufana düşmüşük, pilot istiqaməti dəyişməli olub. 1996-cı ildə isə mənim içərisində olduğum Moskva – Bakı təyyarəsi yanıb. Təyyarəmizin necə qurtulduğunu bilmirəm. Bəlkə də, belə hadisələrdən sonra daha çox qorxmağa başlamışam. Amma qorxsam da, yenə də uçuram.

- Yaradıcılığın sizin sağlamlığınıza müsbət, yaxud mənfi təsiri varmı?

- Mən yazmasam, yaşaya bilmərəm. Atam mənə bir dəfə dedi ki, Çingiz, yazdıqlarının qarşılığında sənə pul verməsələr, yenə də yazarsan?
Dedim ki, yazaram. Hərçənd bilmirəm, necə yaşayardım onda? Yəqin ölərdim acından. Çünki məndən biznesmen çıxmaz. Yazmaq daxili ehtiyacdır. Mən əsərlərimin oxunduğunu biləndə çox sevinirəm. Mənim əsərlərimi dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə insan oxuyur və mən ömür boyu fəxr edəcəyəm ki, onların arasında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın baş naziri Vladimir Putin, Rusiya Prezidenti Dmitri Medvedev, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze kimi insanlar var. Elə oxucularım var ki, onlar mənim bütün əsərlərimi oxuyublar.
Yaradıcılıq narkotikdən asılılıq kimidir. Tolstoy 82 yaşına, Qılman İlkin 94 yaşına, Sergey Mixalkov 97 yaşına qədər yaşayıb və yaradıb.
Bəlkə də, yazıçılar elə yazmaq üçün yaşayırlar, bəzən onlar yazmaq xatirinə xəstəliklərə də qalib gəlirlər.
Ümumiyyətlə, yaradıcılığın insan həyatına çox müsbət təsiri var. Əgər sən bu sahədə uğur qazanırsansa, bu, ikiqat müsbət təsir edir.

- Yaradıcılığı narkotiklərlə müqayisə edirsiniz. Amma bəzən oxumaq da asılılığa çevrilir, kitabı başa vurmadan əldən yerə qoymaq olmur. Əsərlərinizi gənclər üçün zərərli asılılıq hesab etmirsiz ki?

- Yox, zərərli deyil. Kitab, sənət, ədəbiyyat, incəsənət adama yaşamaq üçün kömək etməlidir. İnsanı inandırmalıdır ki, Allah var və hər şey yaxşı ola bilər. Bu baxımdan, hesab edirəm ki, əsərlərimlə insanlara kömək edə bilirəm.

- Əsərlərinizdə niyə dünyanın səhiyyə problemləri qaldırılmır? Saxta dərman biznesi, həkim cinayətləri…

- Həqiqətən də, bunlar çox vacib məsələlərdir. Azərbaycan da dünyanın bir hissəsidir və ölkəmizdə bir vaxtlar saxta dərmanlarla bağlı ciddi problem var idi. Düzdür, son zamanlar bu sahədə xeyli işlər görülüb. Ancaq yenə də apteklərimizdən dərman alanda adam bir az qorxur.
Bu mövzuda əsərlər yazmağa gəlincə isə, siz dediniz, mənim də marağımı cəlb etdi. Öncə bu sahədə maraqlı məlumatlar, faktlar toplamalıyam.

- Çingiz müəllim, yaralarınız necədir? Bildiyimizə görə, sovet dövründə işinizlə bağlı ezamiyyətdə olarkən iki dəfə yaralanmısınız…

- Yaralarım sağalıb, heç bir problem yoxdur. Bu haqda heç vaxt danışmırdım, çünki bu barədə söhbət düşəndə anam həyəcanlanırdı.
Mən həmişə deyirdim ki, belə hadisə olmayıb, onu yalandan yazıblar. Evdə uşaqlar da bilmirdilər.
Amma bir gün qızım ayağımda böyük bir çapıq izini gördü və artıq mən ona yalan demədim. Amma bu haqda yenə də geniş məlumat verməyəcəyəm. Bir dəfə söhbət əsnasında hadisənin təfərrüatları barədə danışırdım. Fikirləşirdim ki, SSRİ dağıldığına görə, bu hadisə də artıq sirr deyil. Onda mənə dedilər ki, bu indi SSRİ-nin deyil, Azərbaycanın sirridir.

- Söhbətimizin sonunda arzularınızı eşitmək istərdik.

- O insanlar xoşbəxtdir ki, onlar yaşayırlar və xəstələnmədən ölürlər. Bir yaxşı ifadə var: Əgər siqaret çəkmirsənsə, içki içmirsənsə, sağlam öləcəksən. Mənim atam da, anam da 80 ildən artıq yaşayıblar və yuxuda vəfat ediblər. Bu hesabla, mən də 95 il sağlam yaşamalıyam. Arzum odur ki, insanlar xəstələnməsinlər. Həkimlərə isə arzum odur ki, ən yüksək maaşı onlar alsınlar. Həkimlər ən yaxşı dolanışığa və ən böyük hörmətə layiqdirlər.


                                                                                  yenilik.az

Комментариев нет:

Отправить комментарий