İbrahim Sel Professional Oxucu Liqası
Görən Yaradanı varmı Yaradan?
Yoxsa Yaradanı bizik yaradan?
Firuz Mustafa
KOLLEKTİV NEVROZ. Freydə görə din- insanın təbiət qüvvələri qarşısındakı zəifliyindən doğan instinktlərin təzahürüdür. Din insan cəmiyyətinin ilkin inkişaf mərhələlərində meydana çıxan psixoloji dərketmə prosesidir. O mərhələ ki insan təbiət qüvvələrini dərk etməyə, onları başa düşməyə, bu və ya digər formada özünü təbiət qüvvələrinə və ya bu qüvvələri özünə yönəltməyə gücü çatmır, bu zəiflikdən doğan instinktlə ağlın dərk edə bilmədiyi şeylərə ancaq başqa bir qüvvənin özü üzərindəki hökmdarlığı kimi baxır.
Freydə görə insan bu ilkin mərhələdə özü üçün müəyyən bir “illüziya” yaradır ki, bu “illüziya”ya sərf olunan dərketmə insanın fərdi uşaqlıq təcrübələrinə əsaslanır. Öz daxilində, eləcə də onu əhatə edən xarici mühitdə, təhlükəli, gücçatmaz, dərkolunmaz bir qüvvə qarşısında aciz qalan insan, bu qüvvələrə kiçik yaşlı uşağın öz valideynlərinə qarşı göstərdiyi hisslərlə cavab verir.
İnsan təbiəti bu cür dərketmə prosesində sanki öz uşaqlığına qayıdır. O dövrə ki uşaq atasını himayəsi altında olur, ata gücünü, ata hökmünü hiss edir, öz hərəkətləri ilə onun məhəbbətini qazanmağa çalışır. Beləliklə, Freydə görə din- uşaqlıq təcrübələrinin şüursuz şəkildə təkrar olunmasıdır. İnsan onun üçün təhlükəli olan qüvvələrdən uşaqlıqda atasından qorunduğu kimi qorunmağa can atır. Yəni uşaq atasından qorxur, onun gücü ilə fəxr edir, onu hamıdan qüvvəli sayır və özünü onun himayəsi altında tamamilə təhlükəsiz hiss edir. Əgər bu uşaqlıq hisslərini “nevroz” adlandırsaq, deməli Freydə görə, din kollektiv nevrozdur. Ətraf mühitin təsiri altında meydana çıxan uşaq nevrozlarının təkrar təzahürüdür.
Dinin psixoloji köklərini açmağa çalışan Freyd, Allah ideyasının hansı arzu və istəklərdən əmələ gəldiyini analiz edərək, sübut edir ki teizm konsepsiyası məhz illüziyadır. İnsanın fərdi arzularından doğan bir illüziya. Ancaq Freyd təkcə bu konsepsiya ilə kifayətlənmir. O, göstərməyə çalışır ki dinə belə münasibət təhlükəli və qorxuludur, çünki insan bütün ömrü boyu bu illüziyalarla yaşayaraq ona inanır. Öz ağıl və dlüşüncəsini ancaq yaratdığı illüziyalara qurban verir. Freyd göstərir ki dinə belə münasibət, yəni bütün dərketmənin müəyyən bir qüvvə qarşısındakı zəifliyi ağlın və idrakın bütün qüvvələrindən istifadə edilməsini ləngidir.
Freydin dinə qarşı üçüncü inkarı isə əxlaqla bağlıdır. Freydə görə din, əxlaq üçün o qədər də etibarlı deyil. Əgər əxlaqi normalar, tanrının vəsiyyətləri ilə bilavasitə bağlıdırsa, onda gələcək etikanın taleyi bir növ Allahla və ona qarşı inamla bağlı olur. Dinə olan inam itib getmək qorxusu qarşısında qalanda əxlaqı dinlə birləşdirən bağlılıq da pozulur. Nəticə etibarı ilə bu pozulma etik keyfiyyətlərin dağılmasına gətirib çıxarır.
Bu tənqidi fikirləri ilə birgə, Freyd dində hansı keyfiyyətləri qiymətləndirdiyini də göstərir- qardaşlıq məhəbbəti, həqiqət və azadlıq.
Ağıl və Azadlıq bir-birilə sıx bağlıdır. Əgər insan illüziyalar əsaslanıb Allah yaradırsa, əgər insan özünü torpaqda tənha atılmış, heçlik hesab edirsə, onda o öz ata öcağından qovulmuş uşağa bənzəyir. İnsan məhz bu infantil bağlılığı aradan qaldırmaqla öz üzərinə düşən vəzifəni yerinə yetirmiş olur. Yerdə yaşayan insan reallığa əsaslanmalıdır. İnsan dərk edəndə ki öz qüvvəsindən başqa heç bir qüvvə yoxdur, o zaman güclü bir atlanta çevrilir. Öz taleyini yalnız özü həll edir. Ancaq azad insan öz ağıl və təcrübəsi ilə dünyanı dərketmə qüvvəsinə malikdir. Heç bir illüziya, heç bir qüvvə ona dünyadərkində kömək etmir.
PSİXOANALİZ BAXIMINDAN DİN. “Analitik psixologiya”nın banisi, İsveçrə psixoloqu Karl Yunq isə dinləri maraqlı bir konsepsiyada araşdırırdı: 1) Avtoritar dinlər; 2) Humanitar dinlər.
O, bu dinlərin arasındakı fərqləri necə görürdü?
Avtoritar din nədir? “Oksford lüğəti” dinə tərif verərkən elə bil, avtoritar din haqqında anlayış verir: “Din- insan tərəfindən ali qüvvələrin etirafı olub, onun taleyini təyin edən, bununla da onun hörmət və məhəbbətini qazanan bir qüvvədir”.
Avtoritar dini humanits dindən fərqləndirən əsas məsələ məhz insanın başqa bir qüvvə tərəfindən idarə olunmasını iddia edən fikirdir. Bundan başqa mən diqqəti belə bir fikrə yönəltmək istəyirəm ki, “məhəbbət, əməletmə və inam” ilahinin əxlaqi keyfiyyətlərindən irəli gəlmir. Əslinə qalanda bu, tanrının ağalıq və diktatorluq hisslərindən başqa bir şey deyildir. Bundan başqa “ali qüvvə” (Allah) bizi ondan asılı olmağa məcbur (!) edir. Bunun əksinə getməksə günahdır. Beləliklə, avtoritar dinin əsas elementi insanın Allah qarşısında bütünlüklə təslim olmasıdır. Allah nə qədər qüdrətli və güclü, insan nə qədər mənasız və gücsüz sayılsa, bu tanrıya daha xoş gələr və onun mərhəmətinə layiq olar. Avtoritar dində Allah hökmranlıq və qüdrət, insan isə zəiflik və köməksizliyin simvoludur.
Humanist din isə əksinə, özünə mərkəz olaraq insan və onun qüvvəsini seçir. Bütün inam, güc, qüvvə insanın üzərinə düşür. Humanist dinə görə, insan özünü dərk etmək üçün öz ağlını inkişaf etdirməlidir. Yalnız öz imkanları daxilində həqiqətə çatmalıdır. Humanist dində insanın məqsədi özünün böyük gücə malik olmasını, özünü idarə etməsini, öz ağlı, düşüncəsi ilə ən yüksək mərtəbələrə çata bilmək bacarığını sübut etməkdir. Humanist dində insan əhval-ruhiyyəsi sevinc-şadlıqdan ibarətdir, avtoritar dindən fərqli olaraq, əzab-əziyyətdən yox. Bəzi hallarda humanist din teizmlə bağlı olsa da, Allah burada insan gücünün simvolu kimi görülür, zorakılıq, diktatorluq simvolu kimi yox. Humanist dinlərə misal olaraq buddizmin ilk mərhələsini, daosizmi, İsanın təbliğ etdiyi dini, Sokratın, Spinozanın fikirlərini göstərmək olar.
Elə dinlər də var ki onlar həm avtoritar, həm də humanist dini konsepsiyaları özündə birləşdirir. Kiçik bir misala baxaq. Əhdi-Ətiqin başlanğıcı avtoritar din ruhunda yazılmışdır. Buradan belə çıxır ki Allah insanı öz arzusuna görə yaradıb və özü istədiyi vaxt da məhv edə bilər. Allah insana həyat ağacının (xeyir və şər ağacı) meyvəsini dadmağa qadağan edir və əks təqdirdə onu ölümlə hədələyir. Ancaq ilan- “heyvanların içində ən bic varlıq”- Həvvaya deyir: “Qorxmayın, ölməyəcəksiz. Allah bilir ki siz o meyvələri yesəniz, gözləriniz açılacaq, siz Allah kimi xeyir və şəri başa düşəcəcəksiz”.
Və növbəti hərəkəti ilə Allah ilanın sözlərini təsdiq edir. Adəmlə Həvva günah işlədəndən sonra Allah onlar cəzalandırır (əlbəttə, ölümlə yox). İnsanla təbiət arasında, qadınla kişi arasında düşmənçilik başlayır. Düzdür, insan ölmür. Ancaq işlətdiyi günahlarına görə əbədi yaşamaqdan məhrum olur. Cənnətdən qovulub yerə göndərilir.
Göründüyü kimi, Adəmlə Həvvanın bu hərəkəti günah yox, cadəcə olaraq Allahın əmrinə qarşı etirazdır. Aydın görünür ki, Allahın motivləri qorxu motivləridir. İnsanla bir bərabərdə durmaqdan, onunla bir səviyyədə olmaqdan irəli gələn qorxu hissləri.
Allahla insan arasındakı təkrar ziddiyyət dünyəvi daşqınla əlaqədardır. Allah gördü ki, yerdə yaşayan insanlar artıq həddi keçiblər. Heç bir qayda-qanuna tabe olmurlar. Onda Allah insanı yaratdığına peşman oldu. Öz ürəyində onları lənətlədi və dedi: “Yer üzündəki yaratdığım insanları, heyvanları, quşları- hamısını məhv edəcəyəm”.
Burada belə bir sual meydana çıxır ki, Allah öz yaratdığını məhv etməkdə haqlıdır, ya yox?
Göründüyü kimi, insanların günahları cinayətkarlıq kimi qələmə verilir. Ancaq təkcə “günah işlədən yox”, heyvanlar və bitkilər də Allahın qəzəbinə düçar olurlar. Təkcə Nuh öz hərəkətləri ilə Allahın etimadını qazanır və öz ailəsi ilə birlikdə xilas olur. Deməli, Allah qəbilə başçısı kimi, nə istəsə onu da edə bilir. Ancaq daşqından sonra insanla Allah arasında bir növ saziş yaranır. Onların arasındakı radikal münasibət dəyişir. Allah söz verir ki, bir daha daşqın olmayacaqdır. Əvəzində isə insana yeni bir vəsiyyət əta edir: “Öldürmə!” Bu dəqiqədən Allahla insan arasında münasibət bir daha dərindən dəyişir. Artıq Allah “absalyut” diktator deyil, o necə deyərlər, “konstitusiya” qanunlarına uyğun olaraq hərəkət edir. Allah insanı bu “konstitusiya”nı pozduğuna görə cəzalandıra bilər. Ancaq insan da Allahı günahlandıra bilər,- əgər Allah qoyulmuş qanunları pozsa.
Allahla insan arasındakı yeni bir münasibət isə, İbrahim peyğəmbərin Sadom və Homorra şəhərlərini insanların günahı üzündən məhv etmək istəyəndə meydana çıxır. İbrahim peyğəmbər Allahı “konstitusiya” qanunlarını pozduğuna görə ittiham edir. İnsanın ilk günaha batması ilə bu arqument arasında böyük fərq var. Birinci halda (cənnətdən qovulma) insana xeyir və şəri başa düşmək qadağan olunur, ikinci halda isə insan xeyir və şər qanunları ilə çıxış edərək Allahı ədalətə çağırır. Və Allah güzəştə getməyə məcbur olur.
Bu kiçik analiz onu göstərir ki, iudaxristian dinində həm avtoritar, həm də humanist dinlərin prinsipləri özünü göstərir.
Beləliklə, yuxarıdakı mülahizələrlə psixoanaliz baxımından dinin necə göründüyünü izah etməyə çalışdıq.
Psixoanaliz göstərir ki, insan müxtəlif dini aspektlər arxasında gizlənə bilsə də, əslində bu aspektlərin nəticələri eynidir. Məsələn, insan həyatı, onun reallığı Buddanın, Xristosun, Sokrat və Spinozanın ideyaları arxasında gizlənsə də, axır nəticə bir nöqtəyə gəlib çıxır. Bunların hamısında məhəbbətə, həqiqətə, ədalətə can atmaqdan söhbət gedir.
Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, əgər dini yol, dini vəsiyyətlər insan gücünü, azadlığını, xoşbəxtliyini etiraf edirsə- bu dinlərdə məhəbbət toxumları, humanistlik, əgər insanın bədbəxtliyini, qul psixologiyasını, öz qüvvəsinə inamsızlığı təlqin edirsə, burada avtoritar hakimiyyətin diktatorluq toxumları görünür.
Комментариев нет:
Отправить комментарий