10.03.2011

Faydalı oxu üçün



 KİTABXANALAR “CİBİMİZDƏ”. Son illər ölkəmizdə kitab oxuyanlar xeyli azalsa da, çap olunan maraqlı kitabların sayı və keyfiyyəti xeyli artıb. Hələ bu azmış kimi internetin verdiyi imkanlardan faydalanıb heç bir xərc çəkmədən evindən otura-otura dünyanın ən məşhur əsərlərini kompüterə yükləyərək evinə gətirə bilərsən. Hələ bu da son deyil. İndi korlar da, gözləri zəif görənlər də kitablardan daha rahat faydalana bilərlər. Belə ki xüsusi pleyerlər avtobusda, metroda istədiyin kitabı sənə oxuya, daha doğrusu “danışa” bilər.

 Elmi-texnika inkişaf etdikcə onlardan istifadə qaydaları, biliklərə yiyələnmə qaydaları da yenilənir. Hazırkı texniki inkişaf isə insanların, necə deyərlər, qalın-qalın kitabları özü ilə daşıması problemini də həll edir. Bu gün Azərbaycanda bir kitabı dükandan və ya köşkdən almaq üçün ən azı 5 manat xərcə düşmək tələb olunur. Ancaq digər vasitələrdən istifadə etməklə bir yox, bir neçə kitabı çox ucuz qiymətə əldə etmək və onları çox kiçik bir əşyada gəzdirmək mümkündür.

 Necə?

 Bütün dünyada olduğu kimi bu gün Azərbaycanda da kitabların elektron versiyası hazırlanıb. Buna elmi dildə elektron kitabxana deyilir. Bu kitabları müxtəlif saytlardan yükləməklə hər hansı bir fləşkarta və ya mobil telefonun yaddaşına yazmaq mümkündür. Maraqlı olan odur ki, bu kitabların tutumu çox az olur. Məsələn, 1 giqabaytlıq gücü olan karta və ya mobil telefona 1000-ə yaxın kitab yükləmək mümkündür. Bunun üçün isə ölkəmizdə bir sıra saytlar fəaliyyət göstərir ki, onlardan kitabxana.net, kitab.az, anl.az, kitabklubu.org, profliqa.blogspot.com və digərlərinin adını çəkmək olar. Bu saytlara daxil olaraq oradakı kitabları çox rahat şəkildə fləşkartın və ya kompüterin yaddaşına köçürmək mümkündür.

 Mobil kitabların yüklənməsi isə bir az başqa formada həyata keçirilir. Bunun üçün də əvvəlki kimi saytlara girib oradan kitabın word faylında olan formasını yükləmək lazımdır, ancaq həmin kitabı telefonun yaddaşına köçürmək üçün faylı “java” formatına köçürtmək lazımdır. Bunu bacarmayanlar üçün də sadə yollar müəyyənləşdirlib. Belə ki google.az saytına girib oradan “java” proqramını yükləmək lazımdır. Həmin proqramı yükləyəndən sonra isə lazım olan faylı müəyyən olunmuş proqram vasitəsi ilə təyinatı üzrə formata köçürmək olar.

 Dünyanın inkişaf etmiş ölkələrində isə artıq gündəlik qəzetləri də nəqliyyatda gedə-gedə, cibdə gəzdirilməsi mümkün olan, sadə “İpfon” aparatları vasitəsi ilə oxumaq mümkündür. Bu texnikadan ölkəmizdə hazırda istifadə olunmasa da, ekspertlərin hesablamaları göstərir ki, yaxın 3-4 ildə “İpfon”lar ölkəmizə də “ayaq açacaq”.

 Təki kitab oxumağa həvəsiniz və mənəvi tələbatınız olsun, bir az da internetdən baş açmaq bacarığınız- kitabları əldə etmək isə elə də çətin olmayacaq. İnsanı daha uca zirvələrə aparan kitablara öyrəşəndən sonra isə bir çox cılızlıqlara baş qoşmağa heç vaxt tapmayacaqsnız.

 ÖZÜNÜZƏ BLOG YARADIN. Blog nədir? Blog dedikdə hər hansı bir fərdin özünün fikir və düşüncələrini yaza biləcəyi, öz maraq dairəsinə uyğun olaraq yerləşdirə biləcəyi video və foto qalereyalardan ibarət olan beynəlxalq internet şəbəkəsinə çıxışı və istənilən sayda insanın izləyə biləcəyi bir sayt başa düşülür. (Qısaca desək, hər hansı şəxsin internet gündəliyi). Bu saytın sahibi isə blogger adlanır. Qlobal internet şəbəkəsində hazırda kifayət qədər gücə malik olan bloglar bu gün medianın da əsas rəqiblərindən birinə çevriliblər. Hətta elə bloglar var ki, onların gündəlik izləyiciləri Azərbaycanda çapdan çıxan istənilən qəzetin tirajından dəfələrlə çoxdur. Məsələn, məşhur siyasətçi Yuri Merjliyakovun şəxsi blogunun gündəlik izləyiciləri orta hesabla 100 min nəfərə bərabərdir.

 Bəzi inkişaf etmiş ölkələrdə bloggerlərin sayı ölkə əhalisinin təqribən yarısına bərabər olur. Konkret olaraq qeyd edə bilərik ki, ABŞ-da hər üç nəfərdən biri bloggerdir.

 Bu gün tərkibində blog yaradılması mümkün olan kifayət qədər ststem mövcuddur. (Azərbaycanda isə bu sahədə ən məşhur sistem Azərbaycan dilində olan azeriblog.com idi ki bu yaxınlarda məhv edildi). Hal-hazırda fəaliyyətdə olan blogspot.com, wordpress.com və s. kimi populyar sistemlər var (azeriblog.com və azersayt.com bağlandı). Bu sistemlərdə hər şəxs öz blogunu yarada bilər. Blog yaratmaq istəyən şəxsin mütləq elektron ünvanı (e-mail) olmalıdır. Sonra göstərilən sistemə daxil olub “Ana səhifə”də olan şərtlərlə tanış olmaq, “İndi blog yaradın” düyməsini basmaq lazımdır. Bundan sonra qarşınızda açılan pəncərədəki anketi doldurmaqla siz artıq blog yaratmış olursunuz. Blogunuz ən geci bir sutka ərzində aktiv olacaqdır.

 Əgər siz yaratdığınız blogda hər hansı bir informasiyanı yerləşdirmək istəyirsinizsə, onda yenidən həmin sistemə daxil olub adınızı və parolunuzu daxil etməklə sizə aid olan səhifənin qarşınızda açıldığını görəcəksiniz. Burda isə istənilən əməliyyatı aparamaq üçün hər şey aydın göstərilib. Qeyd edək ki, sizin blogunuzun tanınmasının da bir neçə yolu var. Bunlardan ən sadəsi hər hansı bir mediada reklam və yaxud internet saytlarında olan forumlarda və ya yahoogroupslarda elan verməkdir.

 Çoxları özlərini ifadə etmək, sosiallaşmaq üçün blog yazmağı seçirlər. Bu ən rahat vasitədir. Texniki biliklər blogçuluqda elə də böyük rol oynamır. Çox sadə blogun ola bilər, onu izləyənlərin sayı blogçunun yazılarının keyfiyyətindən asılıdır.

 İnterneti ələk-vələk edib blog yazan məşhurlar haqqında məlumat toplamaq istədim. Topladım da. Məşhur aktyorları axtardım əvvəlcə, ilk qarşıma çıxan isə Alek Bolduinin blogu oldu. O, ABŞ-ın ən çox oxunan Huffingtonpost İnternet qəzetində hər mövzuda blog yazır: iqtisadiyyat, siyasət, öz sahəsində və s. Bu internet qəzetdə o ən çox izləyənləri olan bloggerlər arasında 6-cı yerdədir.

 İkinci qarşıma çıxan Anna Kurnikovanın blogu oldu. O, öz fəaliyyəti haqqında blogunda özü yazır. Bundan başqa onun video blogu da var ki, onun iş və işdən kənar həyatı haqqında videolara baxmaq olar.

 Moby- təsəvvür edirsizmi ki, Mobynin blogu var? Blogunda da öz həyat tərzinə xəyanət etməyib. Çox maraqlı dizaynı və blog yazıları var- özü kimi. Elə günlər olur ki, bir gündə iki blog post yazır.

 Emile Hirsch- bəziləriniz deyəcəksiz ki, bu kimdir? Bu əslində hamımızın tanıdığımız, amma adı bizim tərəfimizdən əzbərlənməmiş hollivud ulduzlarındandır. Çəkildiyi filmlərdən ən məşhurları: “Milk”, “Into the Wild”, “The Girl Next Door”, “Romeo+Juliet” filminin bəzi epizodlarında, “The Air I Breath” filmlərində rol almışdır. Hazırda isə “Hamlet” filminə çəkilir. Əminəm ki çox filmləri sizə tanış gələcək. Emil öz blogunda başına gəlmiş hadisələrdən, səyahətlərdə gördüklərindən yazır və bəzən də baş verən mühüm hadisələrə öz fikrini bildirir. Yazılarına olan şərhlər heç də az sayılmaz.

 Ben Afflekin blogu. Düşünürsüz ki, onun vaxtı var blog yazmağa? Düzdür, vaxtı yoxdur. Olsa idi ilk və son blog yazısını 2007-ci ildə yazmazdı. Bu yazı 2008-ci ildə keçiriləcək seçkilərə çağırış tipli bir yazıdır. O da Amerikanın ən çox oxunan  Huffingtonpost İnternet qəzetinin blogçularından biri olub. Yəqin bir dəfə yazıb və sonra “blogçuluq mənlik deyil” deyib bu işdən əl çəkib. Məncə düz seçimdir. Passiv blogçu olmaqdansa filmlərə çəkilsin, biz də məmnuniyyətlə baxaq. (Yeri gəlmişkən, gələn yazılarımızdan biri maraqlı filmlər barədə olacaq). 

 Düzü Pamela Andersonun blogunu görəndə çox təəccübləndim. Düşündüm ki, görəsən o öz blogunda nə yazır? Yəqin ki hamıya maraqlı gəldi o öz blogunda nədən yazır. Bildiyimə görə, daha yazmır. Son blog yazısı 2005-ci il iyunda yazılıb.

 Növbəti blog ən çox yeniyetmə fanatları olan Hillari Dafın blogudur. Onun haqqında National Ledger jurnalı yazır ki, o həddən artıq məşğul biri olsa da, blog yazmağa vaxt tapır. Yazılarının birində o uzun müddətli uçuş zamanı internetsiz qaldığından şikayət etmişdi.

 Məşhurların blogunda sevmədiyim şey o oldu ki, onların öz şəxsi blogları var, lakin onların blogunda özləri yox, başqa biri yazır. Məsələn, Britni Spirsin blogunda onun fəaliyyəti haqqında yazan o özü deyil. Blog şəxsi olduğu üçün, məncə bu düz deyil. Çünki fəaliyyətin haqqında başqa biri yazırsa, bunun üçün ayrıca blog səhifəsi yox, saytın özündə də yazmaq olar və ya bu blogu haqqında yazılan adamın blogu adlandırmaq olmaz.

 GƏNC YAZARA ON NƏSİHƏT. Yaxşı kitabı necə yazmaq olar? Əlbəttə, çox reseptlər fikirləşmək mümkündür, amma ədəbiyyata yeni qədəm qoyanlar, heç olmasa, on əsas qaydanı bilməlidirlər. İtaliyanın “Eynaudi” nəşriyyatı tərəfindən buraxılmış “Əmək aləti” kitabının müəllifləri K.Fruttero və C.Luçentini belə hesab edirlər.

 Aydındır ki, yeni yazmağa başlayan adamın qarşısında bir çox çətinliklər yaranır. Belə ki əgər təzə səhnəyə qədəm qoyan aktyora əlləri mane olursa, onları harada gizlətməyi bilmirsə- onda yaradıcılığa yeni başlayan yazıçıya “mən” əvəzliyi mane olur: “mən” mətn ağırlaşdırır və zibilləyir. Müəlliflər məsləhət görürlər ki, “biz”, yaxud digər şəxs əvəzliklərindən istifadə etmək daha məsləhətdir, ona görə ki polifoniya nəqletməyə daha böyük obyektivlik və kinayə gətirir.

 Amma kinayə belə vacibdirmi? Fruttero və Luçentini təsdiq edirlər ki, lazımdır, ona görə ki kinayə dili ciddi şeylər haqqında danışmaq üçün ən yaxşı vasitədir. Diqqət yetirməli olan daha vacib elementlər isə dialoqlardır. Personajların nitqləri təbii və sərbəst səslənməlidir. Şübhəsiz ki əsərin qəhrəmanları boşluqda münasibət saxlamırlar və yazıçının əsas vəzifələrindən biri onların yaşadıqları aləmi fikirləşib tapmaq, lazım gələrsə unutmaqdır. Mahiyyətcə, hər bir roman da elə bu cür aləmin yaradılmasıdır.

 Ümumiyyətlə, müəlliflər kitabın adı ilə xatırlatmaq istəyirlər ki, yazıçılıq zəhmətdir, həm də asan zəhmət deyil; buna görə də yeni yazmağa başlayanlar dərhal öz iddialarından əl çəkməlidirlər və qısa müddət ərzində uğur qazanmağa çalışmalıdırlar. Ona görə ki əsl yazıçsı heç zaman kütlə qarşısında alçalmağı və biqələmun kimi rəngdən-rəngə girməyi özünə rəva bilməyəcəkdir.

 Yazıçı üçün lazım olan digər keyfiyyət- hər şeylə maraqlanmaqdır; əgər adi adamın ətraf aləmə marağı bakirə sevgini xatırladırsa, yazıçının marağı xüsusi növ maraqdır: bu maraq onu eruditə çevirməlidir. Jan Renuarın filarmoniyasını bilmək, Monparnasdakı məşhur kafeni tanımaq, 18-ci yüzilliyin qravürlərindən baş çıxarmaq və antik müəllifləri orijinalda oxumaq- bütün bunların hamısı ədəbi iş üçün detallara çevrilə bilər. Amma dünyanı dərk eləyə-eləyə şəkkaklığı saxlamaq lazımdır, çünki hədsiz heyranlıq dalana aparıb çıxarır.

 Nəhayət, ikilikdə yazmaq daha yaxşı olar. Bu zaman ədəbi yaradıcılq əyləncəyə çevrilir. Şərikli müəlliflər özlərini əyləndirə-əyləndirə yəqin ki oxucuları da əyləndirməyi bacaracaqlar.

 Bu on nəsihəti həmin “yazıçı peşəsinin dərsliyi” kitabındakı məsələnin əsas məğzi hesab etmək olar.


İbrahim Sel         Professional Oxucu Liqası 

Комментариев нет:

Отправить комментарий