Mirmehdi Ağaoğlu Azad Yazarlar Ocağı
Bu xalq hara gedir bilmirəm. Mən isə həmən gün səhər saat dörddə qazellə Bakıya gedirdim. İşimlə əlaqədar hər həftə sonu belə edirəm. Səhər saat dörddə yuxudan qalxıb bizim rayondan Bakıya çıxan ilk qazellə yollanıram şəhərə.
Bu dəfə qazel həmişəkindən də soyuq idi. Arxa oturacaqda yumaq kimi büzüşüb oturmuşdum. Bir yandan sümüyə işləyən soyuq, digər yandan isə salonu başına götürmüş muğam səsləri, zəngulələr, qışqırıqlar, hıçqırtılar, gəyirmələr, bağırmalar, nəriltilər, zingiltilər...
Müğənni iki zəngulə arasında fasilə verərkən fürsətdir deyib şoferdən maqnitofonun səsini qısmasını xahiş etsəm də o məni qoluna da almadı. Deyəsən heç salonda məndən başqa rahatsız olan da yox idi. Bakıdan mal almağa gedən alverçilər, neft sektorunda çalışan işçilər, tikintidə fəhlə işləyənlər– bir sözlə bütün sərnişinlər öz kefində idi, kimi yuxulayır, kimi də əsnəyirdi.
ABŞ həbsxanalarında məhbuslara işgəncə vermək üçün onları 24 saat yüksək səsli musiqi dinləməyə məcbur edirlər. Bu üsulu isə amerikalılar ilk dəfə iraqlı əsirləri cəzalandırmaq üçün tətbiq edirmişlər. 24 saat ağır janr musiqi (nəzərə almaq lazımdır ki, əksər iraqlılar İraq folklor musiqisindən başqasını heç dinləməyiblər) dinləyən məhbusda diskomfort, şüur pozğunluğu yaranır. Bu cür işgəncə görən məhbuslarda intihara meyl əmələ gəlir.
İntihar həddində olmasam da şüur pozğunluğum qarantili idi. Cəld qulaqlıqları taxıb B. Manconun “Kara Sevda”sını təkrar-təkrar dinləyərək bu pozğunluğu birtəhər aradan qaldırdım. Mahnının oynaq ritmləri isinməmə da kömək edirdi.
Şoferin bir dəqiqəlik maşını saxlayıb şaxtadan don vurmuş faraları təmizləməsindən istifadə edərək böyründəki oturacağa keçdim. Həm qızınmağa başladım, həm də xahiş minnətlə bir təhər maqnitofonu söndürtdürdüm. Bu şoferlə aramızda keçən dialoq:
-Dayday, kimdi bu oxuyan?
-Vidadi Bərdəli.
-O “Toylar kralı”nda oxuyan?
-Hə.
-Səhər saat dörddə də Vidadi Bərdəliyə qulaq asarlar? Səhərdən başımı aparıb.
-Eh, sən bilməzsən o necə oxuyur, oğlanlar var deyir ki, pulum olsun aparım verim Vidadi Bərdəliyə mənimçün azan oxusun.
Bəli! Oğlanlar var ki, pulu olsaydı aparıb basardılar Vidadi Bərdəlinin cibinə ki, o azan oxusun. Bu oğlanların pulu isə ona görə yoxdur ki, pullarına kontor alıb Vidadi Bərdəliyə sms göndəriblər ki, “toylar kralı” olsun.
Vidadi Bərdəli özünün bar-bar bağırmasıyla kiminsə sevimlisi ola bilər. Amma bu o demək deyil ki, sərnişinlərin elementar haqları pozulmalıdır.
Bakıda əksər marşrut şoferləri əyalətdən gəlmələrdir. Onların zövqü də açıq aşkar ortada. “Amma anan bilməsin”i dinləyən birinin intellektual səviyyəsi bəllidir. Şoferə etiraz edəndə isə deyir düş başqa marşruta min. Guya başqa marşrutun şoferi bu birinin tayı deyil.
Məlum atalar sözünü bir az dəyişsək belə alınar: “Hansı musiqini dinlədiyini de, deyim sən kimsən”.
Azlıqda qalıb lümpenləşən çoxluqla mübarizə aparmaq isə hədsiz çətindir. Bütün təsisatlar onların əlindədir. Oyunun qaydalarını da özləri müəyyənləşdirilər. Və istədikləri an səni oyundan kənar vəziyyətə sala bilərlər. Cəmiyyətdən təcrid edilmiş sən binəva isə evində dinməzcə oturub televizorda onlarına özlərinə “toylar kralı” seçmələrinə tamaşa etməyə məcbursan. Ruh halın isə ABŞ-da yüksək səsli musiqi dinləməyə məcbur edilməklə işgəncə görən məhbusların halından heç də yaxşı deyil.
Комментариев нет:
Отправить комментарий