02.02.2015

Fazil Mustafa Heydər Əliyev və onun oğlu barədə


Zaman gələcək, nankor ermənilər İrəvanda Sasunlu Davidin heykəlini uçurub  Heydər Əliyevə abidə ucaldacaqlar

Mənə subut edin ki, H.Əliyev turkdü, edə bilməzsiniz, çünki hakimiyyətə gələn kimi mənim dilimin adını dəyişməyi onun türkə qarşı genetik nifrətindən irəli gəlirdi. Mənə sübut edin ki, H.Əliyev müsəlmandı, mənə sübut edin ki, H.Əliyev insandı!

Bu seçim başqa seçim olacaq. Azərbaycanda prezidentin yenidən seçimi bəlkə da aysberqin görünən tərəfidi. Bu gün Azərbaycan aydınının seçimidi. Bu gün Azərbaycan üçün müttəfiq və düşmən dövlətlərin seçimidi. Bu gün Azərbaycanın ya bir millət-iki dövlət olmaq, ya da bir millət-bir xaraba-bir dövlət olmaq seçimidi.
Bu gün sənətini qarın yalına bulaşdıranlarla millətin sənətçilərinin seçimidi. Bu gün vətən üçün xidmət istəyən sahibkarlarla Ailə sahibkarlarının seçimidi. Bu gün Şeyxülislam Allahşükür Paşazadənin mənəviyyatı ilə mömin müsəlmanların mənəviyyatının seçimidi. Kim kimin yanında duracaq?
Bir yandan şeyxülislam öz təbliğatı ilə sübut etməyə çalışdı ki, qumar oynamaq və əyyaşlıq Qurana zərrə qədər də zıdd deyil və bu, elə möminlik kimi bir şey sayılır. Mənim çox hörmət etdiyim Vasım müəllim də təqribən eyni şeyi təsdiqlədi. Həm də Mirmövsüm ağanın ziyarətgahında rahatca yalan danışmağı qəbahət saymadılar. Onların hər ikisinin birgə tərcümə etdiyi Quranda buyrulur ki, “Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız”. Şeyxülislamla Vasim müəllim, eləcə də Aristoteldən sonra yetişmiş ən böyük bəşər filosofu, toxumluq üçün bircə fəlsəfi cümləsinə rast gəlmədiyim Fuad Qasımzadə də hamının hörmətlə yanaşdığı bir ziyarətgahda milləti əmin etdilər ki, artıq bu nicat tapılmışdır və İlham Əliyev həmin zaddı ki, var. Onların sözlərindən anlaşılan budu ki, qumar gözəl əməldi və Azərbaycana başçını məhz bu keyfiyyətə görə seçməlisiniz. İndi bir sürü alim deyilən şəxslər Marksa, Leninə sevgilərini izhar edərək yaşadıqlarına görə onların şeytanla yaxınlığını başa düşmək olar. Bəs Quranı tərcümə edənlərin şeytana yaxılığını necə qiymətləndirək? Nədir axı insanları bu qədər haqdan döndərən? Heydər Əliyevin yalan danışdığını bilə-bilə qorxudan onu dəstəkləməyiniz başa düşüləndir. Üstəlik, yanınıza salıb Həccə apardınız, o isə qayıdandan sonra bu millətə daha böyük sitəm tutmağa başladı. Deməli, bu adama Həccin də faydası olmadı. Ancaq şeyxin sinəsinə döyərək bəyan etməsi ki, o, ölkənin ən mənəviyyatlı adamı kimi İlhama dəstək verir, buna qətiyən gülüb keçməyin. Bu qədər naqis əməllərdən sonra onun şeyxülislam olaraq qaldığı bir məmləkətdə İlham niyə prezident olmaq istəməsin?
Digər yandan, hakimiyyət dairələri külli miqdarda para xərcləyarək nəyin bahasına olursa-olsun, seşkiləri saxtalaşdırmaq üçün total aksiyaya hazırlaşırlar. İndidən qorxuducu tədbirlərdən də söz açılır. Ancaq quyruqları qapı arasındadı. Kim hakimiyyətdən gedəndə şələ-şüləsini rahatca yığışdırıb gedir? Hər halda, sonuncu cəhdlərini göstərməlidilər. Biz də bir millət olaraq öz addımlarımızı atmalıyıq. Əslində məşhur lətifədə olduğu kimi, əvvəlcə lotereya almaq lazımdı ki, sonra maşın udmağı arzulayaq. Əvvəl seçkini udmaq lazımdı ki, səslərin qorunması üçün qətiyyətli mübarizəyə başlayaq.
Bu rejimə diktatura deyib barmaqarası baxmayın. Çox zaman H.Əliyevin hərəkətlərini Əbu Ləhəblə, Əbu Cəhllə müqayisə edənlər yanılırlar. İnanın ki, onlar xeyli insaflı kişilər olublar. Peyğəmbərimizə deyiblər ki, bir il sən bizim dinimizə ibadət et, bir il də biz sənin. Bunlar isə deyirlər ki, 34 il ata bütümüzə, 34 il oğul bütümüz., 34 il də nəvə bütümüzə ibadət edin, haqqa ibadət deyilən şey olmayacaq. Heydəri heç Stalinlə, Bağırovla da müqayisə etmək düzgün olmaz. Bu adamlar heç olmasa, öz ailəsini dövlətin başına çıxarmamışdılar. Stalin oğlunu hamı kimi döyüşə göndərmişdi. H.Əliyevin özünün əsgərlikdən yayınması bir yana dursun, tayfasından bir nəfər tanıyırmısınız ki, vətən savaşında döyüşməməsi cəhənnəm, heç olmasa, döyüşənlərə çörək daşısın?
Qərbi Azərbaycan mənim ürəyimin ən ağrılı yeridi. Dərbənd, Borçalı, Qarabağ kimi. Ata babam 1917-ci ildə erməni zülmündən qurtularaq Naxçıvana gəlib. Ana babam isə köklü-köməcli Naxçıvanın məşhur Nehrəm kəndindəndi. Qərbi Azərbaycandan olan yüzlərlə qaçqın düşmüş qohumlarım var. Bu seçkidə İsa Qəmbəri dəstəkləyirəm və onun prezident olması üçün bütün imkanlarımla çalışıram. Layiqlik meyarına, milli-demokratik dünyagörüşü daha keyfiyyətli təmsil etdiyinə görə. Axı illər öncə böyük öndərimiz Əbülfəz Elçibəyi də həmyerli kimi dəstəkləmişəm. Ən böyük TÜRK kimi, AZƏRBAYCANLI kimi, ŞƏXSİYYƏT kimi onu lider qəbul etmişik. İndi nə istəyirsiniz, mənə subut edin ki, H.Əliyev turkdü. Edə bilməzsiniz. Çünki hakimiyyətə gələn kimi mənim dilimin adını dəyişməyi onun türkə qarşı genetik nifrətindən irəli gəlirdi. İndi mənə sübut edin ki, H.Əliyev müsəlmandı. Müsəlman olan birisi hətta düşmən kimi qəbul etdiyi Ayaz Mütəllibovun atasının yasına gəlməyinə şərait yaradar, geri dönəndən sonra düşmənçiliyini davam etdirərdi.
Tez-tez indiki iqtidar nümayəndələri 1992-93-cü illərə ekskurs etməyi xoşlayırlar. Əxlaq mövzusunda da həmin dövrlərə istinad etsəniz, xeyli əxlaqi məziyyətlər qazanmanız mümkün ola bilərdi. Prezident Elçibəy Vəzirovu Moskvadan gətirərək, anasını yasında iştirakına hər cür şərait yaratdı, özü də şəxsən gedib hüzrdə iştirak etdi. H.Əliyevə siyasi rəqib olmasına baxmayaraq, qardaşının yasına gəlməyə hər cür şərait yaratdı və hörmətlə qəbul etdi. Niyə əxlaqla bağlı məsələlərdə müqayisə aparmaqdan qaçırsınız? İndi bu misallardan sonra mənə sübut edin ki, H.Əliyev insandı. Baxın qul bazarındakı ümidsiz insanlara və eyş-işrət içində yaşayan Əliyev tayafasını durumuna, söyləyin görüm, insan olan bu qədər sərvəti özü ilə gora apara bilməyəcəyini düşünməzmi? İndi sizlər hansı ölçülərlə H.Əliyevin siyasi kursunun davamını tələb edirsiniz? H.Əliyev öz millətinin dirçəlişi üçün yaşadı, bunun sizə nə aidiyyəti, ay Qərbi Azərbaycanın başbilən türkləri? Heç olmasa, içinizdən bir türk şəxsiyyət tapıb dəstək verə bilməzsinizmi?
Mən əminəm ki, bir zaman gələcək, bu nankor ermənilər İrəvanda Sasunlu Davidin heykəlini uçurub Heydər Əliyevə abidə ucaldacaqlar. Çünki erməninin heç bir milli qəhrəmanı Ermənistan üçün bu qədər geniş ərazi qazandırmayıb. Bunu etməsələr, həqiqətən ermənilər nankor millətdi, qədirbilməz və çörəkitirəndi! Bunun əvəzinə mənim Qərbi Azərbaycandan olan, fəqət qəlbi Azərbaycanımdan olmayan ziyalı batalyonu (onların sayı 112 olaraq göstərilib) çörəklə bağlı öz mülahizələrini cəmiyyətin diqqətinə çatdırdılar və H.Əliyevin çörəyini yemiş hər kəsi oğlunun da çörəyinə ağız sulandırmağa çağırırdılar. Xüsusilə da çörəklə bağlı Əhliman Əmiraslanovun iradları daha böyük olmalıdı. Çünki Elçibəy onu vicdanlı ışləmək, təhsilimizə xidmət etmək üçün Tibb Universitetinə rektor gətirmişdi. O isə rektorluğa çörək yemək məsələsi kimi baxdığına görə Misir Mərdanovla birgə təhsil sistemimizə öldürücü zərbələr vurmaqla ziyalı adını daşımağa nə qədər haqqı çatdığını göstərdi.
İndi də qəzəbləniblər ki, Qərbi Azərbaycandan olan insanlar niyə İsa Qəmbərə səs verməyi düşünürlər. Səs verib-verməmək onların müstəsna hüququdu və demokratik düşüncə sahibi olan kimsələr başa düşürlər ki, başqasının da seçiminə hörmətlə yanaşmaq lazımdı. Yaxşı ki, özləri də qeyd edirlər ki, sadə qərbi azərbaycanlılar kimin kim olduğunu yaxşı dərk edirlər. Nə yazıq ki, adının önündə “f.e.d.”, “p.e.d.”, “t.e.d.”. “h.e.d.”, “akademik”, “professor” olan bir sıra mürəkkəb qərbi azərbaycanlılar on ildir sürən H.Əliyev zülmünün davam etməsini istəyirlər və öz mənfəətlərindən savayı başqa bir şey düşünmürlər. Çünki özləri tutdiğu vəzifələrin ləzzətini düşünərək, özləri üçün xırda obyekt-vətənlər düzəldib rahat yaşayırlar. Birinin vətəni Tibb Universiteti, digərininki Bakı Dövlət Universiteti, o birininki pedaqoji və ya özəl universitetdir, hansınınsa tibb müəssisəsi, YAP və s.-dir. O sadə dedikləri Qərbi Azərbaycan turkləridi Göyçəni, Vedini, Qarakilsəni, Zəngəzuru, Basarkeşəri və bütövlükdə Azərbaycanı vətən hesab edən, ermənini oradan qovmaq istəyən, ora dönmək istəyənlərdi. O sadə dedikləri qərbi azərbaycanlılar qəlbi Azərbaycandan olan insanlardı.
Bəzi mürəkkəb qərbi azərbaycanləlar, naxçıvanlılar, qarabağlılar heç bir prosesə ümummilli təfkkürdən yanaşa bilmirlər. Dönə-dönə demişik ki, öz bölgələrinin, tayfalarının böyük adamı olmaqdan Azərbaycanın böyük adamı olmağa doğru ucala bilməyənlər özləri üçün böyüklük etalonunu əvvəlcə Heydərdə, sonra isə İlhamda görürlər. Onların H.Əliyevə münasibətini anlamaq olar. Günü bu gün onun ölüsündən də qorxurlar və torpağa verilməyincə diriləcəyinə inanmaqdadılar. Əgər ölkənin 112 professoru İlham Əliyevi özlərindən ağıllı hesab edirsə, əgər Qafqaz müsəlmanlarının ömürlük şeyxülislamı Paşazadənin, Azərbaycan yazarlarının ömürlük şeyxülislamı Anarın, Azərbaycan rəssamlarının, bəstəçilərinin və onların timsalında bütün adi azərbaycanlıların şeyxülislamları öz dövləti üçün İlham Əliyevi alternativsiz lider görürlərsə, Azərbaycanda din, elm, sənət, ədəbiyyat deyilən sahələrin durumunun çox-çox acınacaqlı olduğu göz qabağındadır. Deməyin ki, onların çoxunu tutduğu vəzifəyə görə məcbur ediblər. O imza atanların içində mənim tanıdığım Məmmədəli Zeynalov obrazı var ha, o, hələ incik qalar ki, niyə ona iki dəfə imza atdırmayıblar. 80 yaşında YAP-a daxil olubsa, deməli, gələcəyi parlaq olan adamdı, fəlsəfi biliyi də gunu-gundən artmaqdadı. Bir neçə imza sahibi istisna olmaqla, qalanları Məmmədəlidən geri qalanlar deyil.
Bunca faciələri yaşamağımızın səbəbini iki şeydə axtarmaq lazım gəlir: ədalət və dövlətçilik hisslərinin zəif olmasında. İndi anlayırsınızmı nədən Azərbaycan xanlıqları zəif olub, birləşə bilməyib? Məsələn, İbrahim xan Hüseynqulu xana deyib ki, gəl Fətəli xanın liderliyini dəstəkləyək, o, daha böyük nüfuza sahibdi və ölkəni birləşdirə bilər, Hüseynqulu xan da deyib ki, o qubalı, mən bakılı, sən də qarabağlı, biz onu necə dəstəkləyə bilərik? Rusiya imperiya olub, ancaq rus aliminin ədalət və dövlətçilik hissi Stalin repressiyası dövründə də qalıb. Rus akademikləri Xruşşovun akademik seçilməsinə səs verməyəndə, Saxarovun akademikliyini əlindən almaqla razılaşmayanda düşünmürsünüz ki, o zaman da KQB vardı? İndiki Azərbaycanda Heydər Əliyev adlanan KQB yoxdu və olmayacaq, nəyin qorxusunu yaşayırsınız? İndi fürsət verin şərqi naxçıvanlılar, şimali zaqatalılar, cənubi lənkəranlılar da bircə-bircə öz sözlərini danışsınlar.
Bu mürəkkəb naxçıvanlılar da Naxçıvanı Azərbaycandan daha böyük göstərmək üçün götürüb yekə bir ensiklopediya buraxıblar. On ildir müstəqil Azərbaycan üçün ensiklopediya buraxa bilmirlər, amma Naxçıvana həsr olunmuş geniş bir kitab ərsəyə gətirirlər. Kim nə qədər pul veribsə, ona pulun miqdarına görə səhifə ayırıblar. Deyəsən, bircə Mirzə Cəlildən və Caviddən pul almayıblar. Novella xanımı da Naxçıvan hava limanında ona görə döyürmüşlər ki, pul ver, sənin də adını ensiklopediyaya salaq. Bunun ardınca cənubi lənkəranlılar da tələb edəcəklər ki, məhz portağala yox, limona milli meyvə statusu verilsin. Vallah, axmağın qərblisi, şərqlisi, şimallısı, cənublusu, naxçıvanlısı, qarabağlısı, qərbi azərbaycanlısı olmur. Və hətta axmağın ziyalısı da olmur. Axmaq, sadəcə, ziyasız olur. Gəlin ziyalı və aydın sözlərinin tərifi üzərində bir də ciddi düşünək. Bunun tərifini tapa bilməsək, kim Ali Attestasiya Komissiyasından bir elmi rütbə alacaqsa, adının qabağına bir ziyalı sözünü də əlavə edib, hay-həşir salacaq.
“Ot kökü üstə bitər” deyib, bir misal da çəkirlər. İlham da Heydərin kökü üstündə bitib. Elə ötən gün telekanalların birində çıxış edərkən baxdım ki, elə Vaqif Səmədoğlu da Səməd Vurğunun kökü üstündə bitibmiş. Bu, əslində işi asanlaşdıran bir şeydir. Kökünə baxıb ota qiymət vermək olur. Ancaq bu cəmiyyətdə çoxları öz atasının deyil, H.Əliyevin kökü üstündə bitmiş otlardı. Payız gəlib və bu kök quruyub. İndi bunlar İlham Əliyevin kökü üstündə bitmək istəyirlər. Əksəriyyəti də saralmış otlardı. Qısaca belə deyilsə yaxşıdır: hansı vəzifə, mövqe tutursan-tut, hansı titul daşıyırsan-daşı, ancaq adam gərək kişi olsun, ot olmasın. Ot olmağı ideala çevirənlər, heç olmazsa, öz atalarının kökü üstündə bitsinlər.
Allahşükürün əməlləri hamını Quranla zarafat etmək həddinə gətirib çıxardı. Ötən günlərdə müxalifətin tanınmış simalarından biri düz on dəqiqə əlini Quranın üstünə qoyub televiziyada çıxış etdi ki, biri qan töküb hakimiyyətdə qalmaq, digəri qisas almaq üçün hakimiyyətə gəlmək istəyir. Bəlkə də əlini üstünə qoyduğunuz Quranın içinin mənasına öncə diqqət yütiriləndən sonra bu taktikadan istifadə etməyə normal baxmaq olardı. “Əl-Hucurat”(Otaqlar) surəsinin 12-ci ayəsində deyilir ki, “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır.” Çıxışda qeyd olunan birincini 1993 və 1995-ci ildə görmüşük. H.Əliyev onlarla insanın qanı bahasına hakimiyyəti əldə saxladı. Yəni onun hərəkətləri barədə danışmaq zənn deyil. Bəs nəzərdə tutulan ikincisi? Müxalifət liderlərinin üzdə olanlarından kiminsə qisas almaq üçün hakimiyyətə gəlməsi baradə fikir söyləmək açıq bir zənndir, gümandır. Onun qəlbinimi oxuyub bu zənnə düşülüb? O vədə Qurana əl basmadan bunu söyləmək daha təhlükəsiz bir iş olardı. Quranın tələbinə əhəmiyyət vermədən ona isnad etməyin adı nə?
Həzrəti Əli də “Nəh-cül-Bəlağə”də yazır ki, “Eşitdim, duydum batildir, gördüm haqdır”. Əgər eşitmək və duymaqla müəyyən etmişlər ki, məsələn, İsa Qəmbər qisas almağa gəlir, o vədə yenə də görmədiyinə görə bunu haqq kimi sırımaq olmaz. Quranın tələblərinə öz həyatında əməl etməyən insanların dar məqamda Qurana istinad etməsi xoş qarşılanası bir şey deyil. Ən azı H.Əliyevin Qurana əl basdıqdan sonra törətdiyi əməllərin aqibətinə görə necə əzab-əziyyətlə ölüm prosesi keçirdiyi hamıya ibrət olmalıdır.
Bildiyim odu ki, bu dava MAP (Milli Azərbaycan Partiyası) ilə YAP (Yezidi Azərbaycan 
Partiyası) arasında gedən və yekunlaşmaqda olan son davadır. Əlbəttə, bunlar rəmzlərdir. Gerçəkdə Milli Azərbaycan Partiyası qalib gəlməlidir. Azərbaycan türkləri öz dövlətinə sahib olmalıdır. Bu gedişat yeni quruluşda, yeni dəyərdə milli bir Azərbaycan dövlətini meydana çıxaracaq. O zaman millət də, vətən də prezidentdən çox-çox uca dəyərlər olacaq. Hələliksə ən uca dəyər demokratik və ədalətli prezidentdir. Milləti, vətəni ən uca dəyərə çevirmək istəyənlər ilk öncə bu prezidenti seçməlidirlər...

(Bu məqaləni Fazil Mustafa (Qəzənfəroğlu) "QƏLBİ AZƏRBAYCANDAN OLMAYANLARA TÖVSİYƏ" başlığı ilə "Yeni Müsavat" qəzetinin 14 oktyabr 2003-cü il, №278 (2205)-də çap etdirib)

Комментариев нет:

Отправить комментарий