Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı rüşvət videosunda maraqlı məqamlardan biri də parlamentin siyahılar əsasında formalaşdırılması barədə Gülər Əhmədovanın dedikləridir.
Videodan göründüyü kimi sabiq deputat açıq şəkildə bildirir ki, parlament hakimiyyətin yuxarı eşolonunda təmsil olunan şəxslərin siyahısı əsasında formalaşdırılır. “Adamlar var Fərhadın adamıdır. Konkret bilirlər ki, bu Fərhadın siyahısıdır. Bu Əli Insanovun siyahısıdır. Bilirlər ki, bu Kəmaləddin Heydərovluqdur, bu Ramiz Mehdiyevlikdir, bu İlham Əliyevlikdir, bu Mehriban Əliyevalıqdır...”, - deyə Gülər Əhmədova vurğulayır.
YAP-ın rəhbərliyinə daxil olan şəxslər Gülər Əhmədovanın bu dediklərini ciddi-cəhdlə təkzib etsələr də, əslində sabiq deputatın söylədikləri barədə zaman-zaman mətbuatda yazılıb.
Elə hazırki Milli Məclisin tərkibinə nəzər saldıqda da hər şey aydın olur. Doğrudur, parlamentdə elə deputatlar var ki, onlar konkret olaraq hansısa məmura bağlı deyillər və konkret siyahı əsasında mandat sahibi olmayıblar. Amma həmin deputatlar da hakimiyyətdəki qruplaşmaların ümumi razılığı əsasında Milli Məclisə düşə biliblər. Lakin elə deputatlar var ki, onlar konkret məmura bağlıdırlar və məhz həmin məmurların dəstəyilə seçkidə “qalib” olublar.
Məsələn, Oqtay Əsədov, Ziyad Səmədzadə, Səməd Seyidov, Sabir Hacıyev, Fuad Muradov, Aydın Abbasov, (baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu), Qənirə Paşayeva Paşayevlərə yaxın şəxslər hesab edilirlər və onların dəstəyilə deputat seçildikləri bildirilir.
Parlamentdəki YAP-çıların əksəriyyəti o cümlədən əsas fiqurlar Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Bahar Muradova, Rəbiyyət Aslanova, Hadı Rəcəbli, Məlahət Ibrahimqızı Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin komandası hesab edilir. Ramiz Mehdiyevin YAP-a nəzarətində saxlaması onun deputat korpusunun sayının digərlərindən çox olmasını şərtləndirib. Ramiz Mehdiyevin kürəkəni Ilham Əliyev də deputatdır. Bundan başqa Səttar Mehbalıyevlə, AzTV-nin rəhbəri Arif Alışanov da PA rəhbərinə yaxın şəxs hesab edilir.
Jalə Əliyeva, Elton Məmmədov, Cavid Qurbanov, Əliağa Hüseynov, Fəzail Ağamalı isə nəqliyyat naziri Ziya Məmmədovun deputat korpusunun üzvləridir. Cavid Qurbanov nəqliyyat nazirinin sağ əlidir. Elton Məmmədov onun qardaşı, Əliağa Hüseynov isə qudasıdır. Jalə Əliyevaya gəlincə, bu şəxs Zərdabdan deputat seçilib. Zərdab isə Ziya Məmmədovun kurasiyasındadır və bu rayondan başqa bir oliqarxa yaxın şəxsin deputat seçilməsi sadəcə mümkün deyil. Fəzail Ağamalı isə son dövrlər nəqliyyat naziri ilə yaxınlaşıb.
Nəzərə alsaq ki, Ziya Məmmədovun özü də Paşayevlərin komandasına daxildir, o halda onun deputat korpusunun hakimiyyətdəki adıçəkilən qruplaşmanın Milli Məclisdəki təmsilçiləri hesab etmək olar.
Rövnəq Abdullayev, Muxtar Babayev, Sədaqət Vəliyeva, Iqbal Məmmədov və Nazim Fərəcov isə Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun komandasının üzvləridir. Rövnəq Abdullayevlə məsələ aydındı. Bu şəxs iqtidardakı şərti olaraq “kürd qruplaşması” adlandırılan və Bəylər Əyyubovun rəhbərlik etdiyi klanın tanınmış nümayəndəsidir. Sədaqət Vəliyeva onun yaxın qohumu, Muxtar Babayev neft şirkətinin tabeliyində olan “Azərkimya”nın prezidentidir. Iqbal Məmmədova gəlincə, bu şəxsin Rövnəq Abdullayevlə biznes əlaqələrinin olduğu deyilir. Təsadüfi deyil ki, Rövnəq Abdullayev bir müddət əvvəl yaradılan və sonradan naməlum səbəbdən ləğv edilən “Azəriqazservis”ə rəhbərliyi Iqbal Məmmədova tapşırmışdı. Nazim Fərəcovun isə Bəylər Əyyubovla qohumluq əlaqələrinin iddia edilir. Bu şəxs həm də Abşeronun icra başçısı Zakir Fərəcovun qardaşıdır. Fərəcovların isə kürd kökənli olmaları barədə dəfələrlə yazılıb.
Kəmaləddin Heydərova gəlincə, onun deputat korpusuna aşağıdakı şəxslərin daxil olduğu deyilir: Fəttah Heydərov (Kəmalləddin Heydərovun atası), Ağacan Əbiyev, Elmira Axundova, Əsabil Qasımov (Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən “Karmen” şirkətinin rəhbəri), Qüdrət Həsənquliyev, Rüstəm Xəlilov, Azər Kərimli, Rüfət Quliyev (“Fövqəlnazir”in nəzarətində olan “European Tobacco”nun prezidenti), Ülvi Quliyev, Aqil Abbas, Nəriman Əliyev.
Malik Həsənovun əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun qardaşıdır və onun dəstəyilə deputat olub.
Sonda bir daha qeyd edək ki, adını çəkdiyimiz şəxslərin ayrı-ayrı oliqarxlara bağlı və onların siyahısı əsasında parlamentdə təmsil olunduqları barədə mətbuatda dəfələrlə yazılıb. Sadəcə Gülər Əhmədovanın məlum videosundan sonra bu mövzu yenidən gündəmə gəldiyinə görə, bu məlumatları oxucuların diqqətinə çatdırmağı lazım bildik.
Namiq Cəfərli azadliq.info
Комментариев нет:
Отправить комментарий