21.02.2015

General Rail Rzayevin qətlinin sensasion təfərrüatları

Fevralın 11-də müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin öldürülməsinin 6-ci ili tamam oldu. Rzayev öldürüldü, ancaq qatil və sifarişçi bu gün də məlum deyil...
R.Rzayev üçün həmin gün adi günlərdən biri idi. O, günlərlər, aylarla, illərlə hərəkət etdiyi marşrut üzrə iş yerinə getməli idi. Qətldən sonra belə aydın oldu ki, bunu onu sifariş verən, sifarişi icra edən də bilməmiş olmayıb. Generalı güdüblər. Hərəkət trayektoriyasını müəyyən ediblər. Bəs necə olub ki, xüsusi xidmət orqanları bundan xəbərsiz olub? Sual bu gün də açıqdır...
Həmin gün general adəti üzrə evdən çıxıb Azərbaycan Müdafiə Nazirliyindəki iş yerinə getmək üçün xidməti maşına əyləşib. Generalın olduğu xidməti maşını evinin təxminən 200-300 metrliyində - İ.Qutqaşınlı küçəsi, 125 ünvanının qarşısında, S.S.Axundov adına 172 saylı orta məktəbin yaxınlığındakı zibil qutularının yanında dayanıb. Sürücü evdən götürdüyü zibil dolu torbanı yanında saxladığı zibil qutularına atmaq üçün maşından düşüb. Geri dönəndə isə generalın ağzından qan axdığını, maşının arxa şüşəsində güllə dəliklərinin olduğunu görüb. Sürücü generalı hospitala çatdırsa da, artıq gec olub...

Hadisə yerində olan istintaqçılar gördüklərindən  belə qənaətə gəliblər ki, hadisə yeri qətl törətmək üçün ideal hesab oluna bilər. Bu yer təsadüfi seçilməyib! Generalın öldürüldüyü yerdəki zibil qutularının yanında üzü aşağı pilləkənlər var. Həmin pilləkənlər ötən əsrin 50-60-cı illərində tikilən həyət evlərinin arasına gedən yola düşür. Oradan isə Bakının dörd bir tərəfinə, ən əsası kameraların “göz”ündən iraq hərəkət imkanları yaradır. Qatil generala açdığı atəşlərdən sonra sakitcə həmin pilləkənlər vasitəsi ilə ərazidən uzaqlaşa bilər.
Bu versiya sonradan təsdiqini tapıb. İstintaqçılar zibil qutuların qoyulduğu yolun əks tərəfində quraşdırılan, “Azərbaycan Beynəlxalq Bank”ın İnşaatçılar prospektində yerləşən əsas binasının izləmə kameralarına düşüb. Həmin kameraların yaddaşındakı kadrlara baxan istintaqçılar kapüşonlu (yağmurluqlu) idman geyimində olan, kapüşonu üzünü örtmüş bir şəxsin ərazidə o tərəf-bu tərəfə qaçdığını müşahidə ediblər.
Görüblər ki, Rzayevin sürücüsü maşından düşüb zibil qutularına yaxınlaşarkən həmin idman geyimində olan şəxs maşına generalın oturduğu tərəfdən, qaçış tempini dəyişmədən yaxınlaşır və geri dönərək sola burulmaqla pilləkənlərdən üzü aşağı düşməklə kameraların əhatə dairəsindən itir. Həmin videoyaddaşda kapüşonlu şəxsin generalın olduğu maşınına atəş açarkən sürücünün buna reaksiya verməməsi də diqqəti çəkib. Axı necə ola bilər ki, yaxınlıqda atəş açılır, güllənin tapançanın lüləsindən çıxarkən yaranan səsi 3 addımlıqda dayanan sürücü eşitmir, atəşə reaksiya vermir? Bu məqam araşdırılıb. Belə qənaətə gəlinib ki, qatil generala səsboğucusu olan silahdan atəş açıb. Həmin gün havanın yağmurlu olmasını, 5 addım o tərəfdə, İnşaatçılar prospektində şütüyən maşınların uğultusunu nəzərə alanda sürücünün atəş səslərini eşitməməsi mümkündür.
Həmçinin məlum olub ki, qatil ərazidə 10-15 gün əvvəldən peyda olub. Hər gün səhər general işə getməzdən 10-15 dəqiqə əvvəl əraziyə gələn kapüşonlu qatil, generalın maşını ərazidən keçəndən 10-15 dəqiqə sonra oranı tərk edib. Əgər kənardan qatili həmin günlərdə kimsə müşahidə etsəydi, onun ərazidə o tərəf - bu tərəfə qaçaraq sadəcə idman etdiyi qənaətinə gələrdi. Odur ki, ona xüsusi olaraq heç kim diqqət verməyib. Bakı küçələrində səhərlər qaçaraq idman edən çox adam var. İstintaqçılar belə qənaətə gəliblər ki, qatil həmin günlər ərzində ərazini, oradan generaldan savayı hərəkət edənləri də müşahidə etməklə vəziyyəti qiymətləndirib. Maraqlı məqamlardan biri də videokameraların qatilin üzünü fiksə etməməsidir. Qətl günü və ondan əvvəlki günlərin videoyaddaşında həmin şəxsin ərazidə idman etdiyi açıq-aydın görünür. Lakin onun üzü kapüşonu burnunun üstünə qədər çəkdiyindən görünmür. Qatil qətldən sonra onu ələ verə biləcək məqamları xırdalığına qədər nəzərə alıb və qətldən sonra əraziyə gəldiyi pilləkənlər vasitəsi ilə oradan uzaqlaşıb...
Ötən 6 ildə nə dəyişdi? Ötən 6 il qətl baş verəndən sonrakı günlərdə səslənən fikirləri də təsdiqləmiş oldu. Bilindi ki, R.Rzayevin qətlinin istintaqı da akademik Ziya Bünyadovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətllərinin istintaqı kimi imitasiyadan o yana keçmir.
Əsas cinayət işinin ətrafında “var-gəl” edən istintaqçılar ili ilə calamaqla, günahsız insanları istintaqa cəlb etməklə hərəkətlilik görüntüsü yaradırlar. Beləcə 6 il ötdü.
6 il əvvəl R.Rzayev qətlə yetiriləndə onun birbaşa tabe olduğu şəxs – nazir Səfər Əbiyevin Bakıda olmadığı haqda rəsmi məlumat yayıldı. Həmin məlumatlarda S.Əbiyevin vacib xarici səfərdə olduğu deyilirdi. Amma sabiq naziri öz müavininin 3 mərasimində də görən olmadı. Sonradan R.Rzayevin 7 mərasimi və 40 mərasimi də beləcə keçdi. Səfər Əbiyev müavininin yasına getmədi, heç onun qətlinin üstünün açılması üçün də hansısa addımlar atmadı. Hər halda, Səfər Əbiyevin belə bir təşəbbüslə çıxış etməsini eşidən olmayıb. Maraqlı məqamlardan biri də general Rzayevin ölümündən 1 həftə əvvəl S.Əbiyevə raport yazaraq izlənilməsi haqda məlumat verməsi ilə bağlıdır. Bu xəbər bu günə qədər təkzib və ya təsdiq olunmayıb. Əbiyev istefaya göndəriləndən sonra da bu mövzuda danışmamağa üstünlük verir.
Əvvəlki illərdə yazmışdıq, bir də yada salaq. Generalı həmin gün tələm-tələsik, demək olar ki, ildırım surəti ilə dəfn etdilər. Bunun ardınca da xəbər yayıldı ki, R.Rzayevin qəbri hələ o öldürülməzdən əvvəl qazılıb. Onun dəfn mərasiminə nazirlərdən heç kim qatılmadı. Dəfndən sonra xəbər yayıldı ki, R.Rzayev ölümündən az müddət əvvəl II Fəxri Xiyabana gedib. Orada özünə qəbir yeri sifariş verib.
R.Rzayevin özü üçün, həm də ölümündən az əvvəl seçdiyi  yer 2005-ci ildə sifarişlə qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı yaxınlığında yerləşir!
Qətl baş verən gün prezident yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə cinayətin tezliklə açılması üçün xüsusi əməliyyat-istintaq qrupunun yaradılması, ən peşəkar əməliyyatçı və istintaqçıların ora daxil edilməsi tapşırığı verildi. Lakin yaradılan istintaq qrupu bu günə kimi yerində sayır. Bu günə qədər generalın qətli ilə bağlı ən müxtəlif versiyalar səslənib. Versiyaları araşdırmaq istintaqın işidir. Amma görünür, istintaqçıların öz işini görmək üçün kifayət qədər vaxtları olsa da, generalın qətlini açmaqda nədənsə aciz qalıblar. Belə xəbərlər də vardı ki, bu acizlik heç də istintaqçıların qeyri-professionallığı ilə bağlı deyil. İstintaq davam edir. Nəticə isə sadəcə yoxdur!!! /musavat.com/

Комментариев нет:

Отправить комментарий