Sovetler birliyi dağıldıqdan və dünya ilə aramızdakı dəmir pərdə qalxdıqdan sonra pəncərələri açılmış evə döndük. O açıq pəncərələrdən içəri çiçək ətri ilə bərabər üfunətin, ağcaqanad və milçəklərin də dolduğu bina kimi, bizim də auramız Qərbdən zor xoş idxal etdirdiyimiz maddi və mənəvi dəyər və dəyərsizliklərlə doldu. Qərbdən gələn hər şeyin mütləq ən yaxşı olduğuna inandırılaraq hər şeyi kor koranə təqlid etməyə başladıq.
Nə avropalı parlamentarilərin məclisin ortasında bir birilərini “eşşək sudan gəlincəyə” qədər döymələrini tərbiyəsizlik, nə də ailə fərdlərinin bir birini aldatmasını əxlaqsızlıq olaraq görmədik. Çünki bütün bunlar bizə insan hüquq və azadlıqlarının ən yüksək mücəssiməsi, insanın öz bədəni üzərində qərar verə bilməsinin ən real nümunəsi olaraq göstərildi. Biz binəvalar da illər uzunu qərblilərin bu modernlik nağıllarına inandıq, inandıqca da açılıb saçıldıq. Marks nahaq yerə “mədəniyyətin sonu vəhşilikdir” deməyibmiş ki.. Hər halda o mənsub olduğu cəmiyyətin sonunun hara getdiyini daha öncədən kəsdirə biləcək qədər böyük düha sahibi imiş.
Bizdə də günah yox idi əslində. Çünki rus əsarəti altındaykən qapalı şəraitdə yaşamış, nə milli mentalitetimizə, nə də mənəvi dəyərlərimizə radikal müdaxilələrlə qarşılaşmamışdıq. Amma indi anidən azadlığa çıxınca, artıq hər şeyin sərbəst olduğunu zənn edib avropalıları yamsılamağa başladıq. Hətta parlamentdə belə qəlyan çəkərkən, ictimai yerdə tüstüləmənin ən azı tərbiyəsizlik olduğunu düşünmədik. Əksinə o lənət olası “insan azadlığı”na sığındıq. Və elə o azadlıqlar da anarxiyanı, özbaşınalığı gətirdi.
Bu gün dövlət idarə strukturlarında o anarxiyanın qarşısı alınıbsa da, ictimai və fərdi həyatımızda bunun olmaması hələ çox insanın evini yıxacaq, çox ailənin dirəyini sındıracaqdır.
Bu yaxınlarda Adriatik dənizində gəmi bərə yandı. Adı yanılmıramsa, “Nordon Atlantik” idi. İndi o demokrat sandığımız avropalıların insana münasibətinə fikir verin. Dənizin ortasında Avropa Birliyi vətəndaşları ilə dolu gəmi bərənin yandığı zaman belə ilk öncə öz vətəndaşlarını qurtarmağa çalışan italyan və yunan “demokratiya”sının yanğınsöndürən geyimli təmsilçiləri öncə insan deyil, öncə milliyətçiliyə önəm verəcək qədər faşizanca davranarkən, bizim nacizanə milliyətçiliyimizi öz qanında boğmaq üçün nələr etmədilər ki? Bu yüksək “demokratiya” və sonsuz “mədəniyyət”in bayraqdarları (söhbət burada bütün Avropa Birliyi bayrağı altındakı dövlətlərdən gedir- Leyla) əlbəttə öz aralarında maviliyi, lezbiyanlığı, hətta bacı-qardaş evliliyini xoşgörü ilə qarşılaya bilər, hətta bütün bu sarsaqlıqları qanuniləşdirərkən utanıb sıxılmaz. Hər insanın fikirlərinin azad olduğu kimi cinsi seçim haqlarında da azad olduğu fikrini müdafiə edərlər. Necə ki, bu gün Avropanın böyük əksəriyyətində eynicinslər arasında evlilik qarşısında heç bir qanuni əngəl olmadığı kimi. Hətta bəzi ölkələrdə bacı-qardaş evlilikləri belə qanuniləşdirilmişdir. Güman edirəm ki, yaxında ata-qız və ana-oğul evlilikləri də bu “mədəniyyət beşiyi” Avropada qanuniləşdiriləcək.
Biz istəsək də, istəməsək də avropalılar “dəyər” deyə adlandırdıqları, amma bizim mentalitetimizin qətiyyətlə əxlaqsızlıqdan başqa bir ad verməyə yanaşmadığı bu davranışları bizə də sıramağa çalışırdılar. Bütün bunlar Hollivud məhsulu olan kinolar, Avropa maliyyəsinin dəstəyi ilə çəkilmiş teleseriallar, son vaxtlar isə xüsusilə sosial şəbəkələr vasitəsilə gənclərimizin beyninə yeridilməyə çalışılmaqdadır. Ayrıca tanınmış kinoulduzlar, müğənnilər və digər sənət sahibləri arasındakı cinsi oriyentasiyasını dəyişmiş “ulduzlar”ın dəbdəbəli həyatını reklam etməklə yeniyetmə yaşında sayıla biləcək gəncləri bu həyata özəndirmək, onların hələ təzəcə bərkiməkdə olan psixologiyalarına, ən önəmlisi isə şüuraltı düşüncə tərzlərinə təsir edərək elit təbəqə arasında hər şeyin mübah olduğunu göstərməklə cəmiyyətimizi sosial əxlaq prinsiplərindən uzaqlaşdırmağa çalışmaqdadırlar. Bütün bunlardan əlavə, bir tərəfdən də idxal edilən ərzaq məhsullarının tərkibindəki mənşəyi naməlum vasitələrinin sayəsində xüsusən kişilərdə cinsi aktivliyin xeyli aşağı düşməsi də ailədaxili problemlərin və boşanmaların artma səbəblərindən biri kimi göstərilə bilər.(Tibbi ekspertlərin sözlərinə görə son iyirmi ildə cinsi zəiflik və iqtidarsızlıq problemləri ilə şikayət edənlərin orta yaş həddi 45-dən 25-ə düşüb. Ayrıca arzuladıcı pereparatların qəbulu da otuz il cavanlaşaraq 50-dən 20 yaşlara düşüb-Leyla.) Bütün bunlar sadəcə ailələrin dağılmasına və cinsi meyillilikdə sapmalara səbəb olmaqda qalmayıb, Avropa otelinin arxasında və artıq şəhərimizin onlarca digər nöqtəsində keşik çəkən “mavi”lərin sürətlə artıb, törəməsinə səbəb olmuşdur.
Son vaxtlar görsəl media orqanlarında yayınlanan El içində, Ümid var, Bizi barışdırın və artıq yayından qaldırılan Onun yarısı, Toy olsun kimi proqramlar da gənc ailələrin Avropa rüzgarı ilə zəifləyən bağlarını əməlli başlı incəltməkdədir. Şükürlər olsun ki, şoumenlərin pul qazanmaq xatirinə insanları ekranlardan təhqir etdiyi, qızlı oğlanlı neçə-neçə insanın hissləri ilə oynanılaraq geniş audiotoriya qarşısında açıqdan açığa ələ salındığı evlilik proqramları yayından qaldırıldı. Digər proqramlarda isə əsasən ya arvadı uşaqlarını evdə qoyub başqa kişiyə qoşulub qaçan qadınları göstərir, ya da ərlərini başqa kişilərlə aldadan, onların ardından minbir oyun çevirən qadınları utanmadan bütün Azərbaycan tamaşaçısı ilə paylaşmaqdadır. Bütün bunlar təəssüf ki, bugünkü həyatımızın reallıqlarıdır. Amma reallıq olanda nə olar? Tarix boyu hər zaman əxlaqi dəyərləri zəif olan kişilər və xəyanətə meyilli qadınlar olmuşdur. Amma onların cəmiyyət içində təkəmseyrək olması və ayrıca da ictimai qınaqdan çəkinərək hərəkətlərini mümkün qədər nəzarət altına alması, ən azından günah kateqoriyasına girəcək hərəkətlərini ətraflarından gizləmələrinə səbəb olurdu. Amma indi elədirmi? İnsanlar nəinki öz problemlərini özləri həll etmir, hətta ictimailəşdirmək yolunu seçirlər. Bu əlbəttə sadəcə onların fərd olaraq zəifliklərindən xəbər vermir, həm də gənc ailələrə pis nümunə olmaqdadır. Bu gün sabah hər halda başqa kişiyə qoşulub gedən arvadları üçün studiyalarda gəzib göz yaşı tökən kişiciklər görsək təcüblənməyəcəyik. Çünki insanların üzərindəki sosial, elektron və yazılı media basqısı bunu empozə etməkdədir.
Keçən bazar ertəsi yuxarıda adını çəkdiyimiz tok şoulardan birinə müraciət edən vətəndaş arvadının beş uşağı qoyaraq başqa kişiyə qoşulub getdiyindən danışır və qayınatası gildə olan uşaqlarını götürmək istədiyini deyirdi. Şikayətçinin sözlərinə görə arvadı tərəf bu qeyri qanunu evlilikdən xəbərdar imiş, ayrıca onun övladları ilə görüşməsinə də imkan vermirlərmiş. Sonra studiyadakı ekspert adlı artistlər hərəsi bir tərəfdən başladılar zavallı gənci günahkar çıxartmağa. Əlbəttə o günahkar oldu. Çünki öz ailə problemini ictimailəşdirərkən başına gələcəklərdən bixəbər deyildi. Hər halda arvadının kira qaldıqları evdən bütün pullarını və ona məxsus qızıl zinət əşyalarını da götürdüyünü söylədiyində də yəqin ki, onun nə qədər əxlaqsız biri olduğunu vurğulamaq istəyirdi. Doğrusu, onun nikahlı həyat yoldaşı halal ərini aldatmaqla qalmayıb,ona qarşı evlənərkən üstünə götürdüyü bütün mənəvi dəyərləri heçə sayıb və həyat yoldaşına qarşı edilə biləcək əxlaqsızlıqların ən böyüyünü edib. Bu tip qadınlar nəinki geniş auditoriya qarşısında müzakirə mövzusu edilməli, hətta ən ağır şəkildə cəzalandırılmalıdır. Bizim milli mənəvi dəyərlərimiz ailə fərdləri arasında sonsuz sədaqəti və bağlılığı əmr edərkən, mentalitetimiz yad kişilərlə danışarkən ölçülü olmağı, onlara heç bir şəkildə ümid oyandıracaq tərz və hərəkətlərdən qaçınmağı istərkən birilərinin dilinə doladığı modern yaşam tərzi də zorla evimizin ən məhrəm guşəsinə qədər soxulmaqdadır.
Bütün bunların qarşısını necə almalı? Doğrudur, El içində, ya da Ümid var kimi verilişləri bağlayaraq olan naqislikləri də sanki yoxmuş kimi göstərməklə bir yerə varmaq mümkünsüzdür. Amma əlbəttə ki, verilişlərin profilində kiçicik dəyişikliklər etməklə maarifləndirici yönü ön plana çıxarmaq və bir birinə əxlaqsızca xəyanət edən cütlərin bu hərəkətlərini bağışlamaq, ya da cəmiyyət qarşısındakı günahlarını yüngülləşdirməyə çalışmaq yerinə onları daha çox ictimai qınaq obyektinə çevirməklə izləyicilər arasındakı potensial xəyanətçilərə “nə olacaq sonunda barışırlar” xülyası vermədən, “gör necə rəzil-rüsvay oldular” düşüncəsinin hökmran olması üçün çalışmaq daha dürüstcə olmazdımı?
Təəssüf ki, qərblilik deyəndə demokratiyanın və mədəniyyətin ən ali səviyyəsini anlayırıq. Amma bu zaman unutduğumuz həyati əhəmiyyətli bir şey var ki, bu da istənilən idxal məhsulun, bu istərsə demokratik dəyərlər olsun, istər mədəniyyət səviyyəsi, istərsə də əxlaq kodeksi, heç bir zaman milli mentalitetimizlə yoğrulmadan təkbaşına qəbul oluna bilməz. Hər şey öz təbii halında gözəldir. Unutmamalıyıq ki, Qərbin bizə söykədiyi sivil dəyərlər sadəcə yaraşıqlı qablaşdırması ilə gözəldir. O üzlüyü söküb qutunun içini görə bildiyimiz zaman hər şeyin göründüyü kimi olmadığını görərik. Bu gün qadın-kişi münasibətlərində maksimum tolerantlığın yaşandığı Amerikada belə boşanmaların 75 faizə yaxını “facebook” sosial şəbəkəsi üzündəndirsə, bizim mühavizəkar ailə quruluşumuzun facebook, odnoklassniki, agent və sair eyni tipli sosial şəbəkələr sayəsində necə zəhərlədiyini deməyə ehtiyac belə yoxdur.
Sonda şəxsən şahidi olduğum bir hadisədən örnək verəcəyəm və sosial şəbəkələr, geniş anlamda isə internetin gənc ailələrin başılarına bilərək və ya bilməyərək etdiyi xətalar ucbatından nə kimi oyunlar aça biləcəyini misal çəkəcəyəm.
Bu yaxınlarda bir cavan oğlanla tanış olmuşdum. O, daha yenicə evlənmiş, ailəsini rayonda- atası gildə qoyaraq Bakıya fəhləliyə gəlmişdi. Bir neçə ay keçdikdən sonra kirayə ev tutub xanımını da yanına gətirmişdi. Qəhrəmanımız inşaatda fəhlə işləyir, xanımı isə bütün gününü evdə keçirirdi. Bir gün həmin oğlan, yoldaşıma note 3 alacam dedi. Onun telefonuna baxıb, xeyr ola dedim. Məqsədim başqasının ailə işlərinə qarışmaq deyildi, sadəcə olaraq on manatlıq çin malı telefon işlədən birinin xanımı üçün5-6 yüz manatlıq telefon almaq istəməsi təəccübümə səbəb olmuşdu. Həm də bir aylıq maaşından daha artıq qiymətə.
-Yoldaşım evdə tək qalır darıxır, deyir bir telefon al girim internetə başımı qatım.
-Nə deyim, Allah xeyir versin, Allah ağıl ehsan etsin.
Doğrusu bilmədim telefon aldı ya yox, heç sonralar o oğlanı da görmədim. Amma bazar ertəsi arvadı qoşulub qaçan oğlanı Elgizin verilişində gördükdən sonra adamın imanı gedir istər istəməz...
Avropa Birliyi qeyri hökumət kanalları vasitəsilə gender bərabərliyi adı altında qadınlarla kişilərin eyni hüquqlu olduğunu beynimizə yeritmək üçün dəridən qabıqdan çıxır. Qadınlar hüquqsuz olsun demirəm, qadın öncə anadır, bunu bilir, dərk edir və elə danışıram. Amma mənəvi dəyərlərimizin göstərdiyi, milli mentalitetimizin istədiyi kimi, qadının yeri ərinin yanıdır deyirəm.
Avropalıların inkişaf səviyyəsi və ya milli mentalitetlərində artıq ailə, nəsil bağları çoxdan tarixə qovuşmuşdur. Birgə yaşayışa deyil, fərdi həyat tərzinə üstünlük verən bu qitənin sakinləri məsələn ailədə uşaq deyil, köpək saxlamağa daha çox üstünlük verirlər. Səbəb isə çox sadədir, uşaq üzə qayıdır, amma it üzə qayıtmır. Şəxsi rahatlıqlarını bu qədər gedən bir toplum üçün iqtisadi şərtlər də əl verdiyi müddətcə əlbəttə fərdi həyat tərzi daha optimal seçənək sayıla bilər. Amma gəlin unutmayaq ki, insan yaradılış etibarı ilə sosial məxluqdur və qətiyyən yalnız yaşaya bilməz. Yeni, biz Robinzon Kruzo deyilik.
Mənim bundan başqa fikrim yoxdur. Gender bərabərliyinin qızğın müdafiəçiləri, ya da feministlərə sadəcə bir məsləhətim var. Müqəddəs kitabımızı açıb Əl-bəqərə surəsini və qadın-kişi münasibətlərini tənzimləyən digər surə və ayələri oxusunlar. Hər halda uca yaradan yaratdığının nəyə qadir olduğunu yaradılmışdan daha yaxşı bilir...
Leyla milletim.info
Комментариев нет:
Отправить комментарий