19.04.2016

Əfrahim Hüseynli - Vətən sevgisi

SEVGİ VƏTƏN SEVGİSİDİR

Ömrün bahar fəsli də var,
Nə çox alagözlü də var...
Kərəm də var, Əsli də var,
Sevgi - Vətən sevgisidi!

Səcdə qılmağa dur dayan!
Göz baxıb ürək doymayan, 
Bizi ölməyə qoymayan
Sevgi - Vətən sevgisidi!

Hamının yazısı da var,
Qardaşı, bacısı da var,
Qəlb ağrı, acısı da var...
Sevgi - Vətən sevgisidi!

Nəğmədi, şeirdi, sözdü,
Külə çevrilməıyən közdü.
Biçilsək də, biçilməzdi,-
Sevgi - Vətən sevgisidi!

Anam dinəndə, dərd yalan!-
Yuxu olur olub-olan.
Anam üçün də and olan
Sevgi - Vətən sevgisidi!

ANA TORPAQ

Qalaram yolunun, izinin üstə,
Axır baş qoyaram dizinin üstə.
Ölsəm, səpilərsən gözümün üstə,
Çəkərsən üstümə özünü, torpaq!

Çölündə, düzündə otun olaram,
Doğma ocağında odun olaram.
Şərəfin, qeyrətin, adın olaram,
Babamın vüqarı, dözümü torpaq!

Sənə əyilibdir, çalıb-çapan da,
Səni parçalayıb, alıb-satan da.
Səndən ayrılanda, səni tapanda
Əyilib öpərəm üzünü, torpaq!

Ətrini duymuşam beşiyimdə mən,
Dadınla evimdə, eşiyimdəsən.
Dayana bilməsəm keşiyində mən,
Saxlama sinəndə izimi, torpaq!

Dərdin, kədərin var bu dünya boyda,
Əyilməz olubsan namərdə, yada.
Məni harayına çağırmasan da,
Eşidib gələrəm səsini, torpaq!

Qalaram yolunun, izinin üstə,
Axır baş qoyaram dizinin üstə.
Ölsəm, səpilərsən gözümün üstə,
Çəkərsən üstümə özünü, torpaq!

VƏTƏN

...Atam, qardaşım,
Anam, bacım oldun,Vətən!-
Bilə bilmədim.
Başı göylərdən uca Vətən,
Gözun ustə yer verdin mənə,
Ayağın altında ölə bilmədim. 
***
Gözü mənə baxan Vətən,
Mən sənə baxa bilmədim.
Dərdi su yerinə axan Vətən,
Damla olub
Suyunda axa bilmədim.
Oduna yandığım Vətən,
Yandın,
Su olub
Üstünə çilənə bilmədim.
**
Üşütdu şaxtalar səni,
Bir ocaqlıq od olub 
Üstünə ələnə bilmədim.
Sənə quyu qazdılar,
Kəsilmədi kəndirin.
Dar ağacı qurdular,
Tapa bilmədilər kəndiri.
İkiyə böldülər,
Bölünmədi ürəyin.
Çörəyindən yeyənin
Dizi üstəymiş çörəyi.
***
Atam, qardaşım,
Anam, bacım oldun,Vətən!-
Bilə bilmədim.
Başı göylərdən uca Vətən,
Gözun ustə yer verdin mənə,
Ayağın altında ölə bilmədim.

Комментариев нет:

Отправить комментарий