20.04.2016

Saramaqonun acı xəbərdarlığı və ya Ponti Pilatın uzun sürən yuxusuzluğu

Mətləb Ağa

“Arxamca, oxucu! Kim sənə deyib ki, dünyada həqiqi, möhkəm, əbədi məhəbbət yoxdur? Yalançının murdar dilini kəssinlər.”
Doğrudan da, bizə belə bir söz deyən olubmu?
Olmayıbsa, bəs onda niyə  bu cür fikirləşirik?
Mixail Bulqakovun sonuncu kitabı, üzərində 12 il işlədiyi - “Master və Marqarita” romanının Volandı Yer üzünə öz növbəti missiyasını yerinə gətirmək üçün gəlmiş İblisdir.
Yüz illərlə bildiyimiz, eşitdiyimiz, kitablardan oxuduğumuz, filmlərdən gördüyümüz, bir sözlə, bu kitaba qədər beynimizə həkk olunmuş İblis obrazından  fərqli olaraq, Voland  şərin xidmətçisi deyil.
Ədalətin Bulqakovun qələmiylə ümumiləşdirilmiş surətidir (Bu baxımdan, mən bəzi tədqiqatçıların Volandın əslində, çox sifətli surət olaraq alt qatlarda şərə qulluq etməsi barədə mülahizələriylə razı deyiləm).
Volandın mahiyyəti Bulqakovun Hötenin “Faust”undan alıb epiqraf kimi öz əsərinin girişində yazdığı “mən daim pislik arzulayan və daim yaxşılıq edən qüdrətin bir hissəsiyəm” misralarında açılır.
Lakin İblis Voland, əsərin lap ilk vərəqlərindən bizi inandırır  ki, heç pislik arzulayan biri də deyil.
İnsanlara yaxşılıq, xeyirxahlıq, doğruluq arzuladığınısa demək olar.
Şəksiz, Ədalətin bir ayrı adı da elə bu dəyərlərdir.
Yaxşılıqdır. Doğruluqdur. Xeyirxahlıqdır.
Volandın Yer üzündə bu dəfəki peyda olmasına səbəb nədir?
İblisin bu gəlişi azğınlaşmış insanları yenidən cəzalandırmaq istəyinə bağlıdırmı? Yox.
Bu onun hazırki missiyasının yanında cılız bir şey olardı.  
Baxmayaraq ki, Masterin həmvətənləri və həmzamanları olub, şərə qulluq etmələri səbəbindən Volandın silahdaşlarının özlərini saxlaya bilməyib amansız cəzalandırdığları və cəzalandırılmalı insan obrazları kitabda bütöv bir qalareyadır.
Yazıçılar içində, teatrda, məmurlar arasında, cəmiyyətin hansı təbəqəsində desən, harda istəsən bu insanlardan qalaq-qalaqdır. Rəzil, yalançı, tamahkar, alçaq və s.
Masterin paralel obrazı onun özünün məhv elədiyi və sonradan Volandın geri qaytardığı kitabının qəhrəmanı İsa peyğəmbərdirsə, Volandın da Masterin həmin kitabındakı eyni statusdakı təmsilçisi, İsanı edama göndərməsi səbəbindən iki min il ərzində yatmayıb aramsız ağrı-acı çəkən prokurator Ponti Pilatdır.
(Lakin tarixi mənbəyə - 1961-ci ildə tapılmış Kesari  yazısına görə, Pilat heç də prokurator olmayıb, 6-41-ci illərdə Roma imperatopluğunun İudeya əyalətinin prefekti vəzifəsini tuturdu. M.Bulqakovun bunu bilməməsi təbii idi, çünki “Master və Marqarita” nı 1937-ci ildə yazıb bitirmişdi.)
Əhdi -Cədiddə də yazılır ki, İudeyanın ali dini məhkəmə orqanının (sinedrionun) tələbini əvvəl qulaqardına vuran Ponti Pilat (Pontius Pilatus) İsanı çarmıxa çəkdirməkdən üç dəfə boyun qaçırmaq istəmişdi.  
Kitabın son səhifələrində Master Ponti Pilatı çəkdiyi əzablardan, iki min illik yuxusuzluğundan və İsanın öldürtdüyü üçün özünə istədiyi bəraət yalvarışlarından azad edir.
Ancaq Voland İblisin özüdürsə, Pilat insandır, İudeyanın beşinci prokuratorudur və İsayla görüşənə qədər tamam fərqli  birisidir.
Yəni, Pilat Voland deyil, buradan da bilinir ki, onun qədər  söz və zor sahibi də deyil.
Elə buna görə də, ürəyində nə qədər  çox istəsə də, İsanı amansız edamdan, çarmıxdan  qoruya bilmir.
Ancaq, əslində bu edam düşmənlərindən çox elə İsaya lazımdı.
Bu ölüm İsanın yeni doğuluşu və insanların düşüncələrinə, qəlblərinə hakim olması yolunda irəli  atdığı misilsiz, əzəmətli bir addım deyildimi?
Elə bu cəhətdən götürsək, Voland da Masteri fiziki ölümdən qurtarmır.
Voland öz növbəti missiyasını yekunlaşdırıb gəldiyi yerə qayıtdığında,  özündən sonra bu yer üzündə, bu həyatda Masterə çətin olacağını, Masterin Volandsız müdafiəsiz və köməksiz qalacağını bilir. 
Bilir və Masterə sevdiyi Marqaritayla birlikdə əbədi həyat və əbədi sığınacaq bağışlayır.
Masterin və Marqaritanın istədikləri də elə bu deyildimi? 
Bir yerdə olmaq və bir yerdə olacaqları zaman nələri arzulayırdılarsa, onları etmək.
Volandın Yer üzündəki növbəti missiyası da elə bundan ibarət idi və uğurla bitir- Sözün Masterini əlini, içində Marqaritasının da olduğu əbədi səadət dünyasına qovuşdurur.
***
Masterin zamanındakı şər cəmiyyəti və şeytansifət insanlarla Frans Kafkanın bu günlərdə təkrar oxuduğum “İslah düşərgəsində” də rastlaşırıq.
Kafka əsərində yazır ki, zabit, məhkum və əskər əslində bir şərin üç tərəfidir.
Məhkum da, əskər də, məhkumu məhkəməsiz - filansız öldürmək istəyən və bu cür edamlarda istifadə edilən, düşərgənin əvvəlki komendantının hazırladığı  ölüm aparatını fəxrlə səyyaha nümayiş etdirən zabit kimi qeyri-insanidirlər.
Bu cür cəmiyyətdə - düşərgədə zabitin yerində məhkum, ya da məhkumun yerində əskər olsaydı yenə heç nə dəyişməyəcəkdi. 
Çünki, hər üç varlıq yaşadıqları düşərgənin bişirib-düşürüb ortaya çıxartdıqları, canımıza daraşdırdıqlarıdır.
Məhz ona görə də səyyah baş götürüb düşərgədən qaçanda arxasınca yüyürən əskər və məhkumu öz qayığına götürmür, onların öz edam aparatının altında qalıb gəbərən beyinsiz zabitdən fərqlənmədiklərini bilir.
Burada səyyahla Voland arasında az da olsa, oxşarlıq tapmaq olar.
İnsanlar arasında nəyisə dəyişməyi bacarmayan, düşərgədə əlindən heç bir şey gəlməyən və buranı tərk edib gəldiyi ölkəyə qayıdan səyyah, edama hazırlıq zamanı zabitə müqavimət göstərib məhkumun ölümünə mane olsa da, başa düşür ki, bundan artığına gücü çatmayacaq, çünki, Voland kimi, səyyahın da cəmiyyəti islah etməyə gücü yoxdur, təkbaşına cəzalandırmaq və yaxud şərə təkbaşına müqavimət göstərmək, etiraz etmək az şeyi dəyişir, nəhayət, gəldiyi yerə qayıtmalıdır.

***
Bu anlamda, Bulqakovun (Masterin) da,  Kafkanın da gücü yazdıqları, demək istədikləri Sözə çatır. 
O Sözü götürə biləcək Yiyələrisə çox azdır.
Bəlkə də, İsrail krallığının üçüncü kralı və qanunvericisi olmuş Süleymanın (Solomonun) müəllifi olduğu deyilən “Ekklesiast kitabı”nda  da elə bu nəzərdə tutulub “nəsillər ötür, nəsillər gəlir, dünya isə əbədi olaraq qalır. Nə olubsa, o da olacaq; və nə edilibsə, o da ediləcək; və günəş altında yeni heç nə yoxdur” yazılıb. 
Bu nə demək olur onda?
Sözün gücsüzlüyümü?
Buna görə də Hyuz qardaşlarının (Albert və Allen Hughes) rejissorluğuna kökləndikləri “Tanrının kitabı” filmində anladılanlar (“The book of Eli” - 2010-cu ildə ABŞ- da, fantastik, neo-vestern, dram və post-apokaliptik janrlarında  çəkilmiş film ) mənim üçün bu mənada qəbuledilən deyil.
Nüvə müharibəsindən 30 il sonra, artıq xarabalığa dönmüş dünyamızda yaşanan hadisələrdən söz açan, bu post- apokalipsis dövründəki sakinlərin həyatını mövzuya alan filmdə müəlliflərin demək istədikləri sözü insanların başa düşüb ona əməl edəcəklərinə inanmaq ən azı sadəlövhlükdür.
Elinin (Denzel Vaşinqton) Bibliyanı insanlara çatdırmaq üçün ABŞ-ın salamat qalmış qərb sahillərinə doğru əziyyət dolu piyada səyahəti  mənasız və səmərəsiz bir yolçuluq deyildimi?
Artıq nüvə partlamasının darmadağın etdiyi, tamaşaçıya ağ- qara fonda göstərilən dünyadakı insanlara Elinin çatdırmaq istədiyi kitabda yazılan Sözü  əvvəllər, dünyanın salamat vaxtında yaşayan  insanlara da demişdilər, ancaq yenə də heç nə yaxşılığa doğru getmədi.
Bu kitabın (İncilin) əvvəllər də mövcud olduğu dünyanı insanlar nüvə müharibəsi həddinə qədər gətirib çıxartmışdılarsa, bu apokalipsisdən sonra daha da vəhşiləşmiş, qudurmuş, Kitabdan uzaq düşmüş insanlara Sözün hansı təsiri ola bilərdi?    
Aydındır ki, Elinin Qərbə gedən yolunun ətrafında yerləşmiş yaşayış məntəqəsində at oynadan Karnegiyə məhz belə bir kitab lazımdır. İnsanlar üzərində daha artıq nəzarətə malik olmaq və yeni şəhərlər tikdirmək istəyir. 
Bəs necə olur ki, Xeyirin təzahürü olduğu deyilən Söz  şərin dirçəlməsinə və yüksəlməsinə də yardımçı ola bilir?
Hər halda, Karnegi belə düşünürdü ki, o, Bibliyada yazılmış sözlərdən  istifadə edib indikindən qat-qat qüvvətlənəcək.
“Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” (M.Füzuli)
Məsələ bundadır yəqin.
Elinin getdiyi o son dayanacaqda, o təhlükəsiz məntəqədəki insanlarasa bu kitab nə verə bilər? Bundan sonra nə öyrədə və nə aşılaya bilər? 
Filmin adının dilimizə “Tanrının kitabı”  kimi tərcümə edilməsinə baxmayaraq, orijinalda “Elinin kitabı” olması da bu anlamda simvolikdir -bu kitab elə Elinin kitabıdır, onun özünün inandığı və insanlara çatdırmaqdan ötrü  bu qədər azab-əziyyətlərə dözdüyü, bu qədər yolu keçib-getdiyi  kitabdır.
Bu mənada, Eli o Kitabın bəlasına düşmüşdü. 
***
“Mən əslində pis adam deyiləm, ancaq həmişə dilimin bəlasına düşürəm” deyən, ədəbiyyat üzrə Nobel mükafatının 1998-ci ildəki sahibi, familiyası (Saramaqo) dilimizə “acı turp” kimi tərcümə olunan  Joze Saramaqonun da “dilimin bəlasına düşürəm” deməsi, əslində “sözümün bəlasına düşürəm” deməkdi.
Məşhur “İsanın incili” romanının yaratdığı söz-söhbətdən sonra arvadıyla birlikdə baş götürüb Portuqaliyadan İspaniyaya köçməyə məcbur qalan Saramaqo, mənə hardasa bir suyundan Masteri, bir suyundan Elini  xatırladır. 
Portuqaliyada kitabları iki milyona yaxın tirajla nəşr edilən Saramaqo İspaniyaya köçməyə məcbur ediləndə, vətənindəki iki milyon oxucusu haradaydıi? Saramaqo ki, onlar və demokratiya üçün çalışırdı.
Ancaq deyəsən, Saramaqo öz ölkəsində Nobeldən sonra daha çox məşhurlaşmışdı.
Bu insanlar nəyə qiymət verirdilər? Şöhrətə, ya Ləyaqətə və Sözə ? 
Masterin Sözünü də başa düşən və onu eşidən, onu sevən  barmaqla sayılacaq qədər azdı.
 İblis Voland, ifritəyə çevrilmiş Marqarita.
Ponti Pilatın dövründə yaşamış insanlar, Masterin həmvətənləri, Elinin piyada keçib getdiyi yolda rastlaşdıqları, Saramaqonun oxucuları və vətəni Portuqaliyanın o  vaxtkı hakimiyyəti eyni adamlardı.
Masterin (Bulqakovun), Elinin və Saramaqonun taleyi oxşardı.
Baxmayaraq ki, Bulqakovun (Masterin) İsasıyla  “İsanın incili”ndəki  İsanın taleləri bu kitabların bir çox  səhifələrində kəsişmir. Yəni, özündə “Mənim üçün Allah deyə bir şey yoxdur... Mənim dünyanı və kainatı dərk etməyimin içində Tanrıya yer yoxdur ” deməyə cəsarət tapan Saramaqo, Bulqakovdan fərqli olaraq, kitabında İsaya, ənənəvi baxış bucağından yanaşmır.  
...Beləliklə, zaman dəyişir, aradan min illər keçir, ancaq insanlar yenə də eyni nöqtədən tərpənmirlər ki, tərpənmirlər... 
Yoxsa, biz insanlara arxayın olsaydı, müdrik Voland o boyda yolu bir Masterdən ötrü niyə durub gəlirdi ki?
O başqa söhbətdi ki, Master Volandın bu münasibətinə layiqdi.
Bütün bunları müdrik yazıçı beyniylə müşahidə və dərk edən  Saramaqo bəlkə elə bu səbəbdən doğru deyirdi ki, “İnsan deyilən varlıq ruhi xəstədir. Əgər elə olmasaydı, dünya bugünkü gündə olmazdı. İndiki dünyadakı vəziyyəti ortaya çıxaran hər halda sağlam düşüncəli ruh halı deyil... Əslində biz bu həyata layiq deyilik... ”
Nə deyirsə desin, Saramaqonu mühakimə etmək bizlik deyil.
Ümumiyyətlə, biz insanların kimisə ittiham etməyə haqqımız çatırmı?
“Nə olubsa, o da olacaq; və günəş altında yeni heç nə yoxdur.”
...Bizim arxamızca gələnin Voland olmayacağınısa, görəsən bilirikmi?

Комментариев нет:

Отправить комментарий