19.04.2016

Sabir Nəsiroğlunun «Muğan salnaməsi» kitabı barədə

Jurnalist Sabir Nəsiroğlu 40 ildən çoxdur ki, qədim Muğan diyarının, o cümlədən indiki Biləsuvar və Cəlilabad rayonlarının tarixinin, arxeologiyasının, etnoqrafiyasının tədqiqatı ilə məşğul olur. Onun bu barədə yüzlərlə tədqiqat yazıları müxtəlif qəzet və jurnalların səhifələrində, internet saytlarında çap olunmuşdur.
S.Nəsiroğlunun ilk elmi əsəri, «Sehrli diyarın sirri» adlı monoqrafiya 1976-cı ildə Orta Asiyada, 2-ci və sonuncu əsəri «Həməşəradan gələn səslər» adlı kitabı isə 2002-ci ildə Bakıda çapdan çıxmışdır. Hal-hazırda müəllifin bu kitablarına oxucu tələbatı olduqca çoxdur. Elə bunu nəzərə alaraq, jurnalist S.Nəsiroğlu doğma diyarımız olan qədim Muğanın tarixindən bəhs edən «Muğan salnaməsi» adlı kitabını nəşr etmək üçün tərtib edib, tam şəkildə çapa hazırlamışdır. Bu kitabın nəşri bizim bölgənin əhalisi üçün vacibdir.
Hörmətli oxucular, doğma yurdumuzun tarixini əks etdirən bu kitabın həcmi elə də böyük deyil. Lakin orada təsvir edilən arxiv sənədləri, tarixi faktlar və baş vermiş olaylar olduqca maraqlı və zəngindir. Kitabı oxuyan hər bir şəxs qədim Muğan torpağının Azərbaycan tarixində nə qədər böyük rol oynadığını, necə silinməz izlər qoyduğunun şahidi olur. Əsasən Biləsuvar, Cəlilabad rayonlarının, eləcə də onlara bitişik ərazilərin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən məktəblərin və digər mədəniyyət ocaqlarının nəzdindəki kitabxanalar, o cümlədən muzey və qiraətxanalar üçün nəzərdə tutulmuş bu kitabın nəşri alim və tədqiqatçılara, tələbələrə, məktəblilərə, bütünlüklə elmi ictimaiyyətə, bölgəyə səfər edən səyyahlara və tarixi keçmişimizə maraq göstərən hər kəsə qiymətli bir töhfə olacaqdır.

Anar Məlikov

Комментариев нет:

Отправить комментарий