15.06.2016

MUĞANŞÜNAS ALİM

Əsgər Sərdar oğlu Zahidov 7 noyabr 1928-ci ildə Masallı rayonunun Xırmandalı kəndində dünyaya göz açmışdı. On altı yaşı tamam olmamış- 1944-cü ilin sentyabrın 1-dən pedaqoji fəaliyyətə başlamışdı.
Hələ kənd orta məktəbində müəllim, sonra direktor işləyən Əsgər Zahidov Azərbaycanda tarixi abidələrin müdafiəçisi və tarix dərslərini təkcə tədris kitabları ilə deyil, arxeoloji tədqiqatlarla öyrədən zəhmətsevər bir pedaqoq kimi ad-san qazanmışdı.
Doğulub boya-başa çatdığı Xırmandalı kəndində, sonra direktor işlədiyi Həsənli kənd orta məktəblərində Əsgər müəllimin təşəbbüsü ilə tarix diyarşünaslıq muzeyi yaradılmışdır. 60-cı illərin ortalarında Xırmandalı kənd orta məktəbinin tarix müəllimi Əsgər Zahidov rayon mətbuatının səhifələrində “Abidələrimizi öyrənək” məqaləsində Masallının zəngin maddi-mədəniyyət abidələrinin olduğunu bildirərək, həmin mədəniyyət nümunələrinin toplanması, rayon mərkəzində tarix diyarşünaslıq muzeyinin yaradılması təşəbbüsünü irəli sürdü. O vaxt rayonda nəşr olunan “Çağırış” qəzeti “Abidələrimizi öyrənək” rübrikası altında geniş müzakirə keçirdi. 6 aya yaxın davam edən müzakirələrə “Çağırış” qəzeti “Abidələrimizi öyrənmək və qorumaq vacib məsələdir” sərlövhəli məqalə ilə yekun vurdu. Məqalə müəllifi o vaxt Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspirantı Əjdər Ağayev Əsgər müəllimin təşəbbüsünü bəyənərək yazırdı: “Hər bir rayon mərkəzində tarix, ölkəşünaslıq muzeyi yaratmaqla qədim insan ürəyinin döyüntülərini eşitməkdə, elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmini öyrənmək sayəsində xeyli faydalı iş görmək olar”.
Masallıda dövlət muzeyinin yaradılmasında Əsgər Zahidovun misilsiz xidmətləri danılmazdır. Yeni yaranmış muzeyə Əsgər müəllimin rəhbərliyi ilə qədim Muğanın Şəhriyar, Xırmandalı, Hacıtəpə kəndlərinin ərazilərindən tapılmış 500-ə yaxın eksponat təhvil verildi. Bu eksponatlar arasında, təxminən, 2 min yaşı olan küp, qəbir daşları muncuqlar, mis pullar və s. var idi.
Əsgər müəllimin respublika səviyyəsində daha böyük maraq doğuran və geniş müzakirəyə səbəb olan 1969-cu ilin oktyabrında “Ulduz” jurnalında dərc etdirdiyi “Haradasan, Muğan şəhəri” məqaləsi idi. Müzakirədə respublikada tanınmış tarixçılər, coğrafiyaşünaslar, etnoqraflar çıxış edib, tədqiqat üçün maraqlı fikirlər söylədilər.
Tarixi mənbələrdə “Şiri-Muğan”, “Muğan şahlığı”, “Muğaniyyə” və s. adlanan Muğan haqqında tədqiqatları Əsgər Zahidovu bir muğanşünas alim kimi tanıtmışdı. 
1968-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi alması, bacarıqlı və təcrübəli pedaqoq kimi tarix fənninin tədrisində qazandığı nailiyyətləri, tədqiqat xarakterli elmi məqalələri, kitabları Əsgər Zahidovu, nəhayət, 1970-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna gətirib çıxardı. Düz otuz il həmin institutda tarix fakültəsində baş müəllim, professor elmi dərəcəsi alandan sonra dekan, kafedra müdiri vəzifələrində çalışmışdır.Tarix elminin tədrisi metodikası fənni üzrə yeganə mütəxəssis kimi fəaliyyət göstərən Əsgər Zahidovun elmi axtarışları çoxşaxəli sahələri əhatə edirdi. Məhz burada 100-dən çox metodik vəsaitin müəllifi olan Əsgər müəllim etnogenez, toponimika, qədim şəhərlərin, eləcə də Gəncə şəhərinin tarixi ilə bağlı bir sıra maraqlı elmi əsərlər yazıb nəşr etdirmişdir.
Ə. Zahidov toponimlərin öyrənilməsini əsl vətənpərvərlik işi sayırdı. O yazırdı ki, toponimlər Vətən yarixinin əlifbasıdır. Toponimi öyrənmək adama doğma diyarını sevdirir. Alimin uzun müddət axtarışlarının bir qismi “Azərbaycanın bəzi toponimləri” kitabında nəşr edilmişdir. Bu kitabda “Gəncə və Gəncəbasarın bəzi toponimləri”nə aid ayrıca fəsil daxil edilmişdir. 
O, Gəncə şəhərinə gəldiyi ilk gündən ömrünün sonuna kimi Təkmilləşdirmə İnstitunda mühazirələr oxumuş, tarixin tədrisi metodikasını və Azərbaycan tarixinin yeniliklərini pedaqoji kadrlara öyrətmiş, onların ixtisaslarının artırılmasına əməli kömək etmişdir. 
Əsgər müəllim qələmə aldığı irihəcimli “Muğan” kitabında öz ənənələrinə sadiq qalaraq, qədim diyarın keçmişini hərtərəfli araşdırmış, bu ərazidəki yer adlarının izahını vermişdir. 
1999-cu ildə pedaqoq alimin, professor Əsgər Zahidovun həyat və yaradıcılığına həsr olunmuş “Zəhmətlə yoğrulmuş ömür” adlı kitab işiq üzü görmüşdür. Kitabın müəllifi Hüseyn Əsgəroğlu tarix müəllimi kimi atasının ömür yolunu davam etdirir. Hansı sahələrdə çalışmaqlarından asılı olmayaraq övladları Əsgər müəllimin xeyirxah əməllərini yaşadırlar.
Əsgər müəllimin həyatı, üzləşdiyi haqsızlıqlara sinə gərməsi, vətəndaş təəssübkeşliyi, alicənablığı, ziyalılığı özü də bir kitablıq mövzunun materialıdır. El-obanın xeyir-şərində canla-başla iştirak edən Əsgər müəllim, həm də müdrik bir ağasaqal kimi adamların dərd-sərinə şərik olmağı özünə borc bilirdi. 
4 aprel 2000-ci ildə- 72 yaşın astanasında dünyasını dəyişən bu muğanşünas alimin ruhu önündə ehtiramla baş əyir, ona Allahdan rəhmət diləyirik.

https://www.facebook.com/X%C4%B1d%C4%B1r-M%C9%99mm%C9%99dov-ad%C4%B1na-X%C4%B1rmandal%C4%B1-k%C9%99nd-orta-m%C9%99kt%C9%99bi-955263014518984/?fref=nf

Комментариев нет:

Отправить комментарий