12.06.2016

Heydər Əliyev DTK-ya kimin vasitəsilə sədr gətirilmişdi?

Cəmil Həsənli

Heydər Əliyevin təyinatında Vəli Axundovun rolu

1967-ci ilin iyun ayında respublikada çox ciddi kadr məsələlərindən biri Heydər Əliyevin Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi idi. Ötən əsrin 40-cı illərindən respublika təhlükəsizlik orqanlarında əmək fəaliyyətinə başlayan Heydər Əliyev 1965-ci ilin yanvarında Azərbaycan DTK-nın sədr müavini təyin olundu. Bu təyinat onun sonrakı vəzifə karyerasında həlledici rol oynadı. 1967-ci ilin yayında Semyon Sviqun SSRI DTK-sı sədrinin birinci müavini postuna təyinat aldıqdan sonra respublika təhlükəsizlik orqanlarına kimin rəhbərlik etmək məsələsi gündəmə gəldi. Heydər Əliyev haqqında çox yazılıb, çox deyilib, həyatının müxtəlif dövrləri ilə bağlı çoxlu sənədli filmlər çəkilib. Lakin onun bu vəzifəyə təyinat alması ilə bağlı bir sıra suallar bu gün də qalmaqdadır. Bir sıra müəlliflər onun namizədliyinin Semyon Sviqun tərəfindən, digərləri Sviqundan öncə respulika DTK-nın sədri işləmiş və həmin vaxt SSRİ DTK-da rəhbər vəzifədə işləyən Aleksandr Kardaşov tərəfindən irəli sürüldüyü barədə mülahizələr irəli sürürlər. Bir az çəkinə-çəkinə Vəli Axundovun da onun təyinatında rolu olduğunu deyənlər var. Əlbəttə, qeyd edilən təhlükəsizlik orqanları işçilərinin onun haqqında yaxşı zəmanət verə biləcəkləri istisna edilmir. Lakin bu təyinat bilavasitə Vəli Axundovla bağlı idi. DTK sədri Mərkəzin respublikaya nəzarət funksiyasını həyata keçirən iki mühüm postdan biri idi və Axundov çox istəyirdi ki, bu vəzifəni azərbaycanlı tutsun. Xüsusilə, qonşu Gürcüstan və Ermənistanda təhlükəsizlik orqanlarına yerli kadrların başçılıq etməsi Mərkəzin Azərbaycan rəhbərliyinə etimadsızlıq təəssüratını doğururdu. Sviqunun Moskvaya aparılmasından sonra Axundov DTK rəhbərliyinə azərbaycanlı kadrın təyin edilməsi üçün əlverişli məqamın yetişdiyini hiss edirdi və o, bu fürsəti qaçırmadı. Belə ki, Heydər Əliyevin təyinatından təxminən bir ay öncə SSRİ DTK-da ciddi dəyişikliklər baş vermiş, Vladimir Semiçastnıy sədr vəzifəsindən uzaqlaşdırılmış, Sov.İKP MK katibi Yuri Andropov mayın 19-da həmin vəzifəyə təyin edimişdi. Mərkəzi Komitə katibləri bilavasitə respublika partiya təşkilatının rəhbərləri ilə işlədiklərindən Vəli Axundovun Yuri Andropovla normal münasibətləri var idi. Ona görə də nəinki Vəli Axundov Heydər Əliyevə yaxşı zəmanət vermiş, eyni zamanda, Yuri Andropova zəng edərək Əliyevi qəbul etməsini xahiş etmişdi.
Sonralar çıxışlarının birində Heydər Əliyev özü də bunu etiraf edirdi. 1997-ci ildə MTN-nin şəxsi heyəti qarşısındakı çıxışında o deyirdi: “Tarixi həqiqət naminə demək lazımdır ki… o vaxt – 1967-ci ildə məhz Andropovun bu işə şəxsi münasibəti və həqiqət naminə demək lazımdır ki, o vaxt Azərbaycanda Mərkəzi Komitənin birinci katibi olan Vəli Axundovun bu barədə düzgün mövqeyi nəticəsində… ilk dəfə olaraq, azərbaycanlı bu orqanın rəhbərliyinə təyin edildi”.
Həqiqət bundan ibarətdir və sənədlər də bunu deyir. Onu başqa bir yerdə axtarmağa ehtiyac yoxdur.
Şübhəsiz ki, burada hər iki ailənin xanımlarının oftalmoloq kimi uzun müddət Elmi Tədqiqat Göz Xəstəlikləri Institutunda birlikdə işləmələri və bu peşə həmkarlığının dostluq münasibətləri səviyyəsinə yüksəlməsinin də müəyyən rolunu istisna etmək olmaz. 1996-cı ildə Vəli Axundovun 80 illik yubleyində çıxış edərkən Heydər Əliyev həmin illəri xatırlayaraq deyirdi: “Vəli Axundovun ailəsi çox sadə idi, mən onun ailəsi ilə tanış idim, onun həyat yoldaşı Sara xanım çox sadə qadın idi”.
Əgər məsələnin bəzi kiçik detallarına varsaq, Heydər Əliyev Andropov tərəfindən qəbul edilib Azərbaycan DTK-nın sədri vəzifəsinə təsdiqini alanda Zərifə xanım Əliyeva öz yaxın rəfiqəsi Sara xanım Axundovanın qonağı idi və bu məlumatı da onlara Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov zəng edib bildirdi.

Stepanakert iğtişaşlarının və azərbaycanlıların qətlinin arxasında kimlər dayanırdı?

Araşdırmalar zamanı müəyyən edilmişdi ki, hələ Stepanakert iğtişaşlarından bir həftə əvvəl ermənilər şəhərdə ehtirasları qızışdıran vərəqələr yaymışdılar. Azərbaycan Nazirlər Soveti yanında DTK-nın sədri Heydər Əliyev respublikanın birinci katibi Vəli Axundova yazırdı: “İyun ayının 23-dən 24-nə keçən gecə erməni dilində çap olunmuş 300-dən artıq vərəqə Stepanakert şəhərinin küçələrinə səpilmişdir. Həmin vərəqələr 8×9 sm-lik foto-kağızlarda çap olunmuşdur. Vərəqələrdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri irəli sürülmüş və milli ehtirasları qızışdıran yalançı, uydurma fikirlər irəli sürülmüşdür. Bu vərəqələrin müəllifləri və kim tərəfindən yazılıb yayılmasını müəyyənləşdirmək üçün Stepanakert şəhərinə operativ qrup göndərilir”.
İyul ayının 3-də 1962-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmiş Sabir Rəzzaqovun sədrliyi ilə baxılan 114 nömrəli cinayət işindən məlum olur ki, hadisədə günahkar bilinən 1920-ci ildə Qaradağlı kəndində anadan olmuş Ərşad Məmmədov Kuropatkin kəndinin 8 illik məktəbənin diroktoru, 7 nəfər ailə üzvü olan ali təhsilli bir müəllimdir. Əlamşad Xanlar oğlu Məmmədov isə 1931-ci ildə Ağcabədi rayonun Avşar kəndində doğulmuş, sonralar Kuropatkin kəndinə köçmüş, 7 nəfər ailə üzvü olan, kolxozun əkin sahələrində gözətçi işləmiş sadə bir kolxozçu idi. Hadisədə adı keçən Zöhrab Süleyman oğlu Məmmədov isə 1932-ci ildə Kuropatkin kəndində doğulmuş, 3 nəfər ailə üzvü ilə orada yaşayan, Martuni rayon tədarük məntəqəsində fəhlə işləyən bir azərbaycanlı idi. İşdə əsas dəlil kimi 3 erməninin (A.Arutunyan, S.Tovmasyan və M.Movsesyan) ifadəsi götürüldü və onların ifadəsində qeyd edilirdi ki, Nelson Movsesyanın meyidi olan yeri axtarmağa başlayanda Ərşad Məmmədov (o, özü də uşağın axtarışında iştirak edib) deyib ki, buranı gündüz axtarmışıq, ayrı yerlərə baxmaq lazımdır. İstintaq zamanı Nelson Movsesyanın nə bədənində, nə də paltarlarında Ərşad və Ələmşadın əl üzləri müəyyən edilməmişdi. Vəkillərin vəsatətinə baxmayaraq erməni müstəntiqlərinin apardığı istintaq bu faktı ekspertizadan keçirmədi. İstintaq və məhkəmə zamanı onlar hər ikisi uşağın ölümündən xəbərsiz olduqlarını dəfələrlə bildirmişdilər. Şahid ifadələrindən aydın olur ki, iyulun 3-də iğtişaşlara rəhbərlik edən ermənilərin böyük əksəriyyəti Yerevandan gəlmişdilər və Ermak Arakelyanın ifadəsinə görə, məhkəmədə olan konvoyları məhz Livandan gəlmiş ermənilər təcrid etmişdilər. Bütün bunlar iğtişaşlara qabaqcadan hazırlıq görüldüyünü təsdiqləyir. Cinayət işində Xananovun ifadəsində göstərilir ki, “müttəhimləri özümüz öldürəcəyik, sonra da onları gəldikləri maşında yandıracağıq. Bu sözləri mənə Oqanov Con dedi. O, Livan ermənisi idi. Hökm hələ oxunmamışdı, ancaq ssenari qabaqcadan ona məlum idi”. Şahid ifadələrinə görə, həmin gün məhkəmə hökmünü öyrənmək üçün məhkəmənin keçirildiyi kinoteatrın qarşısındakı parka təxminən 10 min erməni toplanmışdı. Məhkəmənin gedişində Benik Movsesyanın Qaradağlı kəndində erməni qızına sataşması səbəbindən onun oğlunun qisasçılıq zəmində ermənilər tərəfindən öldürülməsi haqqında yayılan şayiələr təsdiqini tapmadı. İğtişaşlar qabaqcadan planlaşdırıldığı üçün Ərşad və Ələmşada verilən ən ağır cəza (güllələnmə) onları öz fikrindən döndərmədi.
1967-ci ilin iyul ayının 3-də Stepanakertdə baş vermiş hadisələrlə, xüsusilə üç nəfər azərbaycanlının linç edilməsi, məhkəmənin daş-qalaq edilməsi ilə bağlı Azərbaycan KP MK Bürosunun 11 iyul qərarında göstərilir ki, bu hadisələr üçün şəxsi məsuliyyət vilayət milis idarəsinin başçıları Poqosyan və Abramyan, vilayətin prokuroru Petrosyan, vilayət partiya komitəsinin katibləri Melkumyan və Artyunyan, Stepanakert şəhər partiya komitəsinin katibləri Qalstyan və Movsesyan, icraiyyə komitəsinin sədri Oqancanyan və onun müavini Baqdasaryan daşıyırlar. Büronun qərarı ilə Qurgen Melkumyan və Muşeq Oqancanyana töhmət elan edildi. Vəli Axundov məsələyə səhlənkar münasibətlərinə görə Azərbaycan hüquq mühafizə orqanlarının rəhbərlərinə də partiya cəzası verilməsini büroda səsləndirdi. Büronun qərarı ilə Azərbaycan SSR ictimai asayişin qorunması naziri Məmməd Əlizadəyə, respublika prokuroru Qambay Məmmədova, Ali Məhkəmənin sədri Abdulla İbrahimova partiya töməti verildi. Respublika rəhbərliyinin qərarı ilə təcili olaraq Stepanakert şəhər partiya komitəsinin birinci katibi Qalstyan və vilayət milis idarəsinin rəis müavini Abramyan tutduqları vəzifələrdən azad edildilər. Büronun qərarı ilə respublika hüquq mühafizə orqanlarına tapşırıldı ki, 1967-ci ilin iyul ayının 3-də Stepanakert şəhərində insan ölümü və iğtişaşlar törədilməsində günahkar olan şəxslər cinayət məsuliyyətinə cəlb edilsin və onların əməlləri dəqiq araşdırılsın. Büroda xüsusi şəkildə qeyd edildi ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Dağlıq Qarabağ vilayət partiya komitəsinin bürosu əhali arasında ideya-siyasi və tərbiyəvi işlərin aparılmasının zəruriliyi haqqında tövsiyələrdən lazımi nəticə çıxarmayıb. Vəli Axundovun təklifi ilə Büro “Sovetakan Karabax” qəzetində dərc olunmuş materialların ideya-siyasi səviyyəsini müəyyən etməyi, qəzetin redaksiyasını və vilayət radio-televiziya idarəsinin kollektivini gücləndirməyi, vilayətin partiya və sovet orqanlarında kadrların seçilməsi və yerləşdirilməsi məsələsinə baxılmasını zəruri hesab etdi.
Stepanakertdə baş vermiş iğtişaşlar kütləvi xarakter aldığı üçün vilayətə prokurorluq orqanlarının və DTK-nın əlavə istintaq qrupu göndərildi. Vilayətdə vəziyyət son dərəcə gərgin olduğu üçün Vəli Axundovun tapşırığı ilə Azərbaycan DTK-nın yeni sədri Heydər Əliyev Dağlıq Qarabağa ezam edildi. Bu ezamiyyət müddəti 2 həftəyə yaxın davam etdi. DTK xətti ilə yaradılan xüsusi istintaq qrupuna DTK-nın istintaq şöbəsinin müstəntiqi mayor Ə.B.Arutyunov, Baş müstəntiq kapitan A.A.Talanov, baş leytenant, müstəntiq R.A.Baxşəliyev daxil edildilər. DTK-nın vilayət idarəsinin rəisi işdən azad edildi və onun yerinə Komitənin mərkəzi aparatında işləyən milliyyətcə rus olan Bıstrov təyin edildi.
İlk addım kimi dövlət orqanlarının gözü qarşısında üç nəfərin vəhşicəsində qətlə yetrilməsində və öldürülmüş adamların meyidlərinin təhqir edilməsində, şəhərdə kütləvi iğtişaşlar törədilməsində şübhəli bilinən 20 nəfər həbs edildi. Stepanakert iğtişaşlarının istintaqı bir ilə qədər davam etdi. Çoxlu şahid ifadələri və maddi sübutlar əsasında hadisələrin tam mənzərəsi yaradıldı. Şahid Məmməd Məmmədovun ifadəsində göstərilirdi ki, mən Zərifə Məmmədovanın (Ərşadın həyat yoldaşı) xahişi ilə onunla Stepanakertə getdim. Zərifə zala keçə bildi. Mən isə bayırda qaldım. Bu vaxt parkda 12 minə qədər erməni toplanmışdı. İçəridən güllə səsləri gəlməyə başladı. Nə baş verdiyini görə bilmədim. Sonra isə bircə onu gördüm ki, Ələmşadla Ərşadın qana boyanmış meyidlərini maşına apardılar. Zöhrab o vaxt maşında idi. Maşını çevirib yandırdılar. Malimonov istintaqa verdiyi ifadədə yazırdı ki, Ambarsum rus dilində atəş hədəfə, yəni müttəhimləri qoruyanlara atın deyə qışqırıb əmirlər verirdi. Bütün prosesi, hadisələri fotoqraf çəkirdi. Özü də bir yox, bir neçəsi çəkirdi. Sergey Petrosov qeyd edirdi ki, parka 10 mindən çox erməni yığılmışdı. Benik Movsesyan kimlərəsə göstəriş verirdi. Qərar oxunandan sonra bizi və müttəhimləri daş, taxta atəşinə tutdular. Movsesyan Benikin əlində stul qırıntısı var idi. O, taxta ilə bizi döyürdü. Kütlə içərisindən bizə atəş açmağa başladılar. Müttəhimlər hələ sağ idilər. Mən dəmir alətlə başımdan zərbə aldım, huşumu itirdim.
Fatma Məmmədova adlı şahid deyirdi ki, ermənilər onları (Ərşad, Ələmşad, Zöhrabı) işgəncə ilə döyüb öldürdülər. Yaxınlıqda milislər durmuşdular. Mən onlara yaxınlaşıb, buna yol verməməyi, bu vəhşiliyi dayandırmağı xahiş etdim. Onlar mənə “rədd ol burdan” deyib, yuxarı mərtəbəyə qalxdılar və oradan mənzərəni seyr etməyə başladılar. Yanğından mühafizə idarəsinin rəisi Qurgen Saturyan istintaqa bildirirdi ki, bizi yanan meyidləri söndürməyə qoymadılar. Qasımovu vurub huşsuz etmişdilər. Bizə də soyür, hədə-qorxu gəlirdilər. Milis işçisi Yusif Məmmədov qeyd edirdi ki, ermənilər avtomobili çevirib yandıranda Ələmşad və Ərşad ölmüşdülər, ancaq Zöhrab, görünür, sağ idi. Onun qışqırığı aləmi götürmüşdü. Payçar Mkrtıçyan izahatında yazırdı ki, Ernest və başqaları silahlı idilər, başqalarını tanımıram, onlar Yerevandan gəlmişdilər. Sümuzər Kərimova deyirdi ki, bizim evimizə soxuldular. Onların arasında Çolyanı və Caqa ləqəbli erməniləri tanıyıram. Evdən çıxıb getməyimizi əmr etdilər. Silahlanmışdılar və bizi öldürəcəkləri ilə hədələyirdilər. Uşaqları zirzəmidə gizlətmişdik. İstintaq işləri başa çatdıqdan sonra məhkəmə prosesi başladı və Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə iğtişaşlarda günahı sübuta yetrilmiş 19 nəfər erməni haqqında hökm çıxarıldı. Onlardan 5 nəfəri güllələnmə, 2 nəfəri 12-15 il, qalanları isə müxtəlif illər üzrə cəzaya məhkum olundular.
Lakin Mərkəzdəki ermənilərin dəstəyi nəticəsində SSRI Məhkəmə Kollegiyası qərarı ilə 1969-cu ilin iyul ayının 4-də Azərbaycan Ali Məhkəməsinin qərarı ilə güllələnmə cəzası verilmiş Artyuş Asribabayan, Albert Danelyan və Benik Movsesyanın güllələnmə cəzası dəyişdirilib, 15 il həbslə əvəz olundu. 19 dekabr 1969-cu ilin dekabr ayının 19-da  Conrik Oqonovun və Ermak Arakelyanın da ölüm hökmü 15 il həbs cəzası ilə əvəz edildi. Müvafiq qaydada SSRİ Ali Soveti və digər Ittifaq orqanları qalan məhbusların da həbs müddətini azaltdı və bəziləri müxtəlif adlar altında, hətta cəzanın qalan hissəsindən azad edildilər.

Ermənistan rəhbərinin görüş təklifi niyə rədd edildi?

Dağlıq Qarabağda vəziyyyət sakitləşdikdən sonra Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyan Vəli Axundovla görüşüb vilayətdə və ümumiyyətlə, iki respublika arasında yaranmış bəzi məsələləri müzakirə etmək istəyirdi. Lakin Vəli Axundov 1967-ci ilin sentyabr ayında Rumıniyaya səfər edəcəyini əsas gətirib onunla görüşdən imtina etdi. Həmin ilin payızında Axundov Qara dəniz sahillərində yerləşən kurort şəhəri Konstansda istirahət etdi. Müalicəvi mineral suları, günəşli çimərlikləri ilə tanınan Konstansa Dobruja regionunda Rumıniyanın ən böyük liman şəhəri sayılırdı. Şəhərin əhalisi əsasən türklərdən və Krım tatarlarından ibarət idi.
İstirahətdən döndükdən sonra 1967-ci ilin payızında Vəli Axundov ilk növbədə Dağlıq Qarabağ və xüsusilə, Stepanakert hadisələri ilə bağlı Azərbaycan KP MK Bürosunun qəbul etdiyi qərarların həyata keçirilmə vəziyyəti ilə maraqlandı. Vilayətdə yaranmış vəziyyətlə bağlı Azərbaycan DTK-nın sədri Heydər Əliyev onun adına məxfi məlumat hazırlamışdı. Orada göstərilir ki, vilayət ərazisində qarmaqarışıqlıq yaratmaq məqsədi ilə millətçi ermənilər Yerevan ətrafında gizli silah saxlayırlar və bu silahdan DQMV-nin partiya və sovet orqanlarına rəhbərlik edən şəxslərin terror edilməsi məqəsdilə istifadəsi nəzərdə tutulmuşdur. Yerevan emissarlarının dindirilməsi zamanı müəyyən edilmişdi ki, bu “intiqam” hissi vilayət rəhbərliyinin Stepanakert hadisələri ilə bağlı çox adamın tutulmasına laqeyd münasibəti ilə bağlı olmuşdur. Həmin məlumatın bir sıra məqamları DTK sədrinin “tam məxfi” qrifi ilə Moskvadan ötrü hazırladığı 1967-ci il üçün illik hesabata daxil edilmişdi. Hesabatın bir surəti respublika rəhbəri kimi Vəli Axundova da göndərilmişdi.
Azərbaycan KP MK Bürosunun 11 iyul 1967-ci il qərarından az sonra, iyul ayının 22-də vilayət partiya komitəsinin bürosu qeyd edilən qərarı müzakirə edib zəhmətkeşlərin ideya-siyasi tərbiyəsi işində partiya təşkilatlarının işinin yaxşılaşdırılması, kadrların düzgün seçilib yerləşdirilməsi, kommunistlərin məsuliyyət hissinin yüksəldilməsi, vilayətin hüquq mühafizə orqanları üzərində nəzarət işinin gücləndirilməsi istiqamətində geniş tədbirlər planı hazırladı. 1967-ci ilin sentyabr ayında keçirilən vilayət partiya komitəsinin bürosunda “Sovetakan Karabax” qəzetində dərc edilən məqalələrin, “Bilik” cəmiyyəti xətti ilə oxunan mühazirələrin ideya-siyasi səviyyəsini yüksəltmək üçün müzakirələr aparıldı. Həmin ilin iyul ayından başlayaraq “Sovetakan Karabax” qəzeti Azərbaycanın Belarusiya, Qazaxıstan, Latviya, Litva, Estoniya, Gürcüstan və Ermənistanla dostluq münasibətləri haqqında xüsusi buraxılışlar nəşr edildi. Vilayət qəzeti Naxçıvan MSSR, Cənubu Osetiya muxtar vilayəti, Kirovabad, Mingəçevir, Ağdam və digər yerli qəzetlərlə səhifə mübadiləsi həyata keçirməyə başladı. İyul ayının sonlarında kənd və qəsəbə sovetləri nümyəndələrinin 3 günlük müşavirəsi, sentyabrda vilayət zəhmətkeş deputatları sovetinin sessiyası keçirildi. Bu tədbirlərdə əsas müzakirələr 3 iyulda baş vermiş hadisələrin pislənməsi, günahkarların tənqid edilməsi, vilayətin normal həyata keçməsinin vacibliyi vurğulanırdı. İctimai asayişin qorunmasını təmin edə bilmədiyinə, milis əməkdaşları arasında intizamın aşağı səviyyədə olduğuna, məhkəmə zalında ictimai qaydaları təmin edə bilmədiyinə görə vilayət ictimai asayişin qorunması idarəsinin rəisi A.Poqosyana iyul ayının 22-də şəxsi uçot vərəqinə yazılmaqla partiya töhməti verildi. Həmin qərarla vilayət prokuroru A.Petrosyana, vilayət məhkəməsinin sədri M.Osipova, DTK-nın vilayət müvəkkili Q.Markarova töhmət elan edildi. Hadisələr zamanı qorxaqlıq göstərdiklərinə, laqeyd münasibətlərinə görə yerli milis idarəsinin 7 əməkdaşı işdən azad edildi, 20 nəfər milis işçisinə isə inzibati və partiya cəzası verildi. Stepanakert şəhər partiya komitəsinin işini gücləndirmək üçün iğtişaşlara görə vəzifəsindən azad edilmiş Q.Qalstyanın yerinə vilayətdə maarif şöbəsinə rəhbərlik etmiş A.Oqancanyan, təbliğat işləri üzrə katib vəzifəsinə S.İsrailyan təyin edildi. İctimai asayişin qorunması idarəsi, prokurorluq və məhkəmə orqanlarını gücləndirmək məqsədilə podpolkovnik Q.Podolski və milis mayoru Ş.Abbasov milis şöbəsi rəisinin müavinləri, Şuşa rayon milis şöbəsinin rəisi mayor Qasımov vilayət milis şöbəsinin istintaq idarəsinin rəisi təyin edildi.
Vilayətin müxtəlif partiya, sovet və inzibati orqanlarında baş verən dəyişikliklər Azərbaycan KP MK Bürosunun 11 iyul tarixi qərarına uyğun edilirdi. Vilayət partiya komitəsinin birinci katibi Qurgen Melkumyan vilayətdə həyata keçirilən dəyişikliklər haqqında 1967-ci ilin oktyabr ayının 2-də respublika partiya təşkilatının birinci katibi Vəli Axundova geniş hesabat göndərdi. Vilayət orqanlarının həyata keçirəcəyi işlərin planı hesabata əlavə edilmişdi. Bu sənədlər əsasında Azərbaycan KP MK təşkilat-partiya işi şöbəsinin müdiri Tofiq Bağırov oktyabr ayının 14-də “Stepanakert şəhərində baş vermiş böyük iğtişaşlar haqqında” Azərbaycan KP MK-nın 1967-ci il 11 iyul qərarının Dağlıq Qarabağ vilayət partiya komitəsi tərəfindən həyata keçirilməsi barədə Vəli Axundova arayış hazırladı. T.Bağırov vilayət orqanlarının bir sıra tədbirlər həyata keçirməsinə baxmayaraq Azərbaycan KP MK qərarının yerinə yetirilməsinin lazımi səviyyədə olmadığını Axundova bildirdi. O qeyd etdi ki, indiyə qədər vilayət partiya komitəsinin bürosundan Stepanakert hadisələrinin əsas təhrikçisi olan Azərbaycan Yazıçılar Ittifaqının vilayət şöbəsinin fəaliyyəti müzakirə edilib lazımi qiymət verilməyib.
Dağlıq Qarabağla yanaşı 60-cı illərin ortalarında Dağıstan istiqamətindən də Azərbaycanın şimal rayonları üçün müəyyən narahatçılıq meylləri qeydə alınmağa başlamışdı. Qusar rayonunda fəaliyyət göstərən “Kotal” (Birlik) adlı ədəbi birlik tədricən Dağıstandan gələn millətçi dairələrin təsirinə meyllənməyə başlamışdı. Əvvəllər bu birlikdə şeirlər oxunub, ədəbi müzakirələr aparılsa da, 60-cı illərin ortalarında bir müddət öncə “Dağlı qızı” jurnalının redaktoru işləmiş şair Bayram Səlimov və yazıçı İsgəndər Qaziyev gizli şəkildə Qusar rayonuna gələrək müstəqil ləzgi respublikasının yaradılması ideyasını “Kotal” üzvləri arasında yaymağa başlamışdılar. Bir neçə nəfərin B.Səlimovun təsirinə düşməsinə baxmayaraq bu fikirlər yayılan kimi Qusar təhsil və mədəni-maarif müəssisələrində çalışan yerl adamlar Azərbaycan KP MK-nı rayon ərazisinə kənardan gətirilən bu millətçilik meylləri haqqında xəbərdar etdilər. Vəli Axundovun tapşırığı ilə rayona Azərbaycan KP MK-nın komissiyası göndərildi və rayon partiya komitəsinin birinci katibi M.Murtuzayevin iştirakı ilə məsələlər araşdırılan zaman Bakıya göndərilən məlumatların xeyli hissəsi təsdiq edildi. Araşdırmalar nəticəsində məlum oldu ki, rayon xalq yaradıcılığı evinin direktoru, rayon radioverilişləri redaksiyasının redaktoru, Samur qəsəbəsindən bəzi müəllimlər Bayram Səlimovun təbliğatının təsiri altına düşmüşlər.
Araşdırmalar zamanı Bakıda və Sumqayıtda yaşayan bir sıra gənc şair və elmi işçilərin “Kotal” birliyinə həvəs göstərdikləri müəyyənləşmişdi. Məsələ araşdırılan zaman bəlli oldu ki, Dağıstan nəşriyyatlarında çap olunmuş zərərli ədəbiyyat gizli şəkildə Azərbaycana gətirilib “Kotal” birliyi üzvləri arasında yayılır. Belə nəşrlərdən biri 1965-ci ildə Dağıstanda nəşr edilmiş və milli məsələ ilə bağlı bəzi səhvlərə yol verilmiş “Xalqlar nəzəriyyəsi haqqında məsələyə dair” kitabı idi. Belə təxribatların qarşısını almaq üçün Vəli Axundov ikinci kaib Pyotr Yelistratova tapşırıq verdi ki, Dağıstan Muxtar Sovet Respublikasının bəzi vətəndaşlarının gizli yollarla Azərbaycan ərazisində millətçilik təbliğatı aparmaları barədə Sov.İKP MK  rəhbərliyini məlumatlandırsın. Yelistratov Qusar rayon partiya komitəsinin birinci katibi M.Murtuzayevlə ətraflı müzakirələr apardıqdan sonra müşahidə edilən xoşagəlməz meyllər barədə Moskvaya geniş məlumat göndərdi.

Əliyevin Axundova məktubunda Cənubi Azərbaycan haqda nələr vardı?

1968-ci ilin Praqa baharı bütün sosilalizm sisteminin canına üşütmə saldı. Dünyanın ən qabaqcıl sosial-iqtisadi sistemi kimi təbliğ edilən Şərq bloku dərin böhran mərhələsinə qədəm qoydu. Mən 2008-ci ildə Vyanada “Praqa baharı və 1968-ci ilin beynəlxalq böhranı” sənədlər toplusunu nəşrə hazırlayan beynəlxalq redaksiya kollegiyasının üzvü olduğum üçün Sovet rəhbərliyinin bu böhranla bağlı keçirdiyi bütün hiss və həyəcanı nəşrə hazırlanan sənədlərdən duymuşam. Bu böyük layihəni Avstriyanın Lüdviq Boltsman İnstitutu, Amerikanın Nyu-Orlean Universiteti, Rusiya Elmlər Akademiyası, Çexiya Ən Yeni Tarix İnstitutu və Almaniya Ən Yeni Tarix İnstitutu həyata keçirirdi. İş elə gətirdi ki, biz 1968-ci ilin Praqa hadisələri ilə bağlı yalnız Rusiya, keçmiş Sovet sənədlərini deyil, Çexoslovakiya, Avstriya, Almaniya Federativ Respublikası və digər ətraf ölkələrin arxiv sənədlərini də araşdırmalı olduq. Nəticədə, Köln və Vyanada alman və rus dillərində ümumi həcmi 1590 səhifədən ibarət olan nəhəng bir sənədlər toplusu ərsəyə gəldi.
Bu sənədlər içərisində mənim diqqətimi cəlb edən mühüm məsələlərdən biri də SSRİ-nin partiya və hökumət rəhbərliyinin Çexoslovakiya hadisələrinin sovet milli respublikalarına keçmək təhlükəsindən ehtiyatlanması idi. Bu qorxunun təsiri altında Siyasi Büro millətçilik meyllərinin müşahidə edildiyi Sovet respublikalarında və bütövlükdə ölkədə vintlərin bərkidilməsinə qərar verdi. Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edildikdən sonra Yuri Andropov Sov.İKP MK-nın qərarına uyğun olaraq kapitalist ölkələrinin “ideoloji təxribatlarına” qarşı mübarizəni gücləndirmək məqsədilə təhlükəsizlik komitəsində Beşinci İdarə yaratdı. Əsasnaməyə görə, həmin idarənin şöbə və bölmələri DTK-nın ərazi orqanlarında da yaradıldı. Bu idarəni yaratmaqda əsas məqsəd ölkə daxilində elmdə, mədəniyyətdə, ədəbiyyatda və sənətdə gedən proseslərə nəzarət etmək, millətçilik meyllərinin qarşısını almaq, yadfikirliliyə qarşı mübarizə aparmaqdan ibarət idi.
1968-ci ilin mayında Yuri Andropov Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevə yazırdı: “Əgər sosializmi içindən sarsıtmaq üçün düşmənin öz niyyətlərində millətçilik təbliğatına böyük ümid bəslədiyini nəzərə alsaq, DTK orqanları ölkənin bir sıra rayonlarında (Ukrayna, Pribaltika, Azərbaycan, Moldova, Ermənistan, Kabardin-Balkar, Çeçen-İnquşetiya, Tatarıstan və Abxaziya MSSR) təşkilatlanmış millətçilik fəaliyyətinə yönəlmiş cəhdlərin qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirib”.
Ümumi əsasnamyə uyğun olaraq Azərbaycan DTK-nın tərkibində 5-ci şöbəsi yaradıldı. Vəli Axundovun təqdimatı əsasında Sumqayıt şəhər partiya komitəsinin ikinci katibi işləyən Ramiz Məmmədzadə bu şöbəyə rəis təyin edildi. Praqa hadisələri başlandıqdan sonra sərhədlərin möhkəmləndirilməsi Sovet rəhbərliyinin və SSRİ DTK-nın qarşısında duran vacib məsələlərdən biri idi. Respublika rəhbərliyi bu sahədə yerli kadrların irəli çəkilməsində maraqlı idi. Məhz Vəli Axundovun səyi ilə SSRİ sərhəd qoşunları sistemində kifayət qədər yaxşı karyerası olan polkovnik Mustafa Nəsirov 1968-ci ildə Zaqafqaziya Sərhəd Dairəsi Əməliyyat-Qoşun şöbəsi rəisinin müavini vəzifəsinə təyin edildi.
1968-ci ildə xarici radiosəsləri vurmaq üçün Pribaltika və Zaqafqaziyada güclü səsboğucu stansiyalar qurulsa da, Çexoslovakiya hadisələri SSRİ-də anti-sovet əhval-ruhiyyəni, milli respublikalarda isə millətçilik meyllərini daha da gücləndirdi. Praqadakı hadisələrlə bağlı gizli yollarla alının məxfi məlumatlardan, Siyasi Büro iclaslarındakı müzakirələrin sənədlərindən aydın olur ki, deklarativ bəyanatlardan fərqli olaraq, sovet rəhbərliyində sosializmin möhkəmliyinə elə də böyük əminlik olmamışdı. Əldə olunan sənədlər göstərir ki, bir sıra hallarda SSRİ-nin siyasi rəhbərliyi “Praqa baharının” nəinki digər sosialist ölkələrinə, hətta sovet cəmiyyətinin müxtəlif təbəqələrinə, ilk növbədə isə ziyalılara və tələbə-gənclərə, milli respublikalarda millətçi dairələrə mənfi təsir göstərəcəyindən ehtiyatlanırdılar. Xüsusilə Slovakiyanın timsalında “Praqa baharının” milli çalarlar kəsb etməsi, həmin hadisələrin sovet respublikalarına təsiri baxımından sovet rəhbərliyi üçün müəyyən dərəcədə çəkindirici amil rolu oynayırdı. Çexoslovakiya hadisələrinin dərinləşməsinin gedişində Sov.İKP MK Siyasi Bürosunun 1968-ci il martın 3-də keçirilən iclasında ideoloji baxımdan əhaliyə mənfi təsir göstərə biləcək memuar ədəbiyyatının üzərində nəzarətin gücləndirilməsi, müəyyən məsələləri özündə əks etdirən arxiv sənədlərinin ayrı-ayrı adamların əlinə keçməsinin qarşısının alınması, Yazıçılar Ittifaqına diqqətin artırılması və gündən-günə güclənən dissident hərəkatının qarşısının alınması tövsiyə edildi. Leonid Brejnev həmin iclasda ziyalılarla iş məsələsinin ciddi məsələ olduğunu və bunu sadəcə olaraq inzibati yollarla həll etməyin mümkünsüzlüyünü etiraf etdi. O bildirdi ki, sovet hakimiyyətinə qədər də, sovet hakimiyyətinin bütün dövrlərində də bu məsələyə xüsusi əhəmiyyət verilib və ziyalıların müəyyən dairəsi, o cümlədən yazıçılar həmişə mükafatlandırılıblar.
1968-ci ilin yayında Çexoslovakiyada vəziyyət və Rumın rəhbərliyinin bəzi xarici siyasi addımları haqqında Moskvadan gəlmiş məxfi məlumatlarla respublika partiya, dövlət və hökumət rəhbərləri tanış olduqdan sonra başqalarının əlinə keçməmək üçün sənədlər aktlaşdırılıb məhv edilirdilər. Məsələn, 1968-ci ilin may ayının 8-də Sov.İKP MK-dan alınmış “Çexoslavakiya hadisələri haqqında məlumat”ın məhv edilməsi haqqında aktda deyilirdi: Məlumat rotatorda (surət çıxaran aparat) 70 nüsxə çoxaldılmış, şəhər və rayon partiya komitələrinin, təftiş komissiyasının üzvlərini tanış etmək üçün şəxsi imzalarla şəhər və rayon partiya komitələrinin katiblərinə verilmişdir. Bu iş başa çatdıqdan sonra bütün paylanmış nüsxələr tam halda MK-ya qaytarılmış, 7 səhifədən ibarət olan 70 möhürlənmiş tiraj (cəmi 490 səhifə) 1968-ci ilin may ayının 15-də yandırılma yolu ilə məhv edilmişdir. Bəzi hallarda isə ümumiyyətlə, bu məlumatlar yerlərə verilmir, şəhər və rayonların rəhbər işçiləri Bakıya dəvət edilərək həmin məlumatlarla tanış edilirdilər. Bütün bu məxfiliklər Çexoslavakiya hadisələri haqqında, hətta tam olmayan məlumatları geniş əhali kütləsindən gizlətmək məqsədi ilə edilirdi. Baş verən hadisələr fonunda mətbuat, radio və televiziya, ədəbiyyat və sənət tədricən nəzarətə götürülməyə başladı. Tək respublika əhalisinə deyil, respublika DTK-nın təklifi üzrə hətta Arazın o tayındakı azərbaycanlılara təsir göstərmək üçün radio verilişlərində marksizm-leninizm ideyasının yayılması, müasir kommunist və fəhlə hərəkatı, sosializm və kommunizm quruculuğu haqqında proqramların artırılması təklif edilirdi.
DTK-nın sədri Heydər Əliyev 1969-cu ilin aprelində Vəli Axundova yazırdı: “Daxil olan məlumatlara görə, İran Azərbaycanı əhalisinin bəzi hissələri arasında Azərbaycan radiosunun verilişlərinə böyük maraq yaranmışdır. Onlar marksizm-leninizm tematikasında, müasir kommunist və fəhlə hərəkatı Zaqafqaziya respublikalarında sosializm və kommunizm quruculuğu, kolxoz quruluşunun əsaslar, SSRİ-də milli məsələnin həlli haqqında verilişlərin sayının artırılmasını arzu edirlər”.
Çexoslovakiya hadisələrinin qızğın vaxtında belə, Sovet rəhbərləri erməniləri unutmurdu. Naxçıvan və Qarabağ iddialarında əlləri boşa çıxan Ermənistan rəhbərliyi Sovet rəhbərliyinin dəstəyi ilə 1968-ci ilin yayından başlayaraq, Azərbaycan torpaqlarını metrə-metrə almaq yoluna qədəm qoymuşdular. Ilk addım olaraq, 1968-ci ilin yazında Ermənistan SSR Azərbaycanın qoyunçuluq təsərrüfatlarının bu respublikanın ərazisində yerləşən yaylaqlardan istifadə etmələrinə qadağa qoydu. Gözlənilməz şəkildə qəbul edilən bu qərar Azərbaycanın heyvandarlıq təsərrüfatlarına böyük ziyan vurdu. Azərbaycan KP MK-nın ikinci katibi Pyotr Yelistratov 1968-ci ilin mayında Sov.IKP MK-ya müraciət etsə də, məsələni həll etmək mümkün olmadı. Əvəzində isə 1968-ci ilin iyun ayının 10-da və 20-də SSRI Nazirlər Soveti, iyun ayının 23-də isə Sov.IKP MK hər iki respublikaya tapşırıq verdi ki, Azərbaycan SSR və Ermənistan SSR-in ayrı-ayrı kolxozları arasında ərazi mübahisələri nizama salınsın.  Əlbəttə ki, bu göstərişlər bilavasitə Ermənistan rəhbərliyinin Moskvadakı havadarlarının səyi nəticəsində meydana çıxmışdı.

Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı razılaşmada nələr vardı?

Uzun mübahisələrdən sonra 1968-ci il oktyabrın 29-da Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov, Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyan və SSRİ Kənd Təsərrüfatı naziri Vladimir Matskeviç arasında 5 bənddən ibarət razılaşma imzalandı. Orada qeyd edilirdi:
"Ermənistanla Azərbaycan SSR arasında Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən 1928-ci ildə təsdiq edimiş sərhədlərin dəyişilməzliyi tanınır. Bununla bağlı Gədəbəy və Şəmşəddil rayonlarının başçılarının iştirakı ilə hər iki tərəfin müvafiq təsərrüfatlarının sərhəddi natura (mövcud sənədin orijinalı) üzrə müəyyən edilir və bununla da iki rayonun təsərrüfatları arasında torpaq mübahisəsi tənzim edilir.
Ermənistan SSR-in Şəmşəddil rayonunun meşə təsərrüfatı ərazisində yerləşən Azərbaycan SSR-in Gədəbəy rayonunun Tağlar kəndinin Azərbaycan SSR-in Qubadlı rayonunun ərazisində yerləşən Ermənistan SSR-in Gorus rayonun Şurnux kəndinin bir hissəsinin gələcək inkişafı üçün perspektivin olmamasını nəzərə alaraq, hər iki məntəqədə yeni tikinti işlərinin aparılması qadağan edilsin. Bu kəndlərin sakinlərinə kənd təsərrüfatı təyinatı məqsədilə ayrılmış zəruri ölçüdə torpaq sahəsi müvəqqəti istifadəsi üçün onların adına sənədləşdirilsin. Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın ki, bu torpaqların 5 il müddətinə verilməsin rəsmiləşdirsin.
Torpaq sahəsindən istifadə məsələsində gələcəkdə kolxozlar arasında münaqişəyə yol verilməməsi məqsədilə Azərbaycan SSR-in Gədəbəy rayonu və Ermənistan SSR-in Şəmşəddil rayonunun kolxozçuları arasında zəruri izahat işləri aparılsın.
Ermənistan və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətlərinə tapşırılsın ki, Ermənistan və Azərbaycan SSR arasında sərhədlərin qrafik cizgilərinin Zaqafqaziya Mərkəzi Icraiyyə Komitəsinin 1927-1929-cu illərin qərarlarına uyğunlaşdırılması haqqında hər iki respublikanın paritet komissiyasının təqdimatlarına baxıb onu təsdiq etsinlər.
Ermənistan və Azərbaycan kənd təsərrüfatı nazirliklərinə tapşırılsın ki, hər iki respublikanın Ali Soveti Rəyasət Heyətlərinin təsdiqindən sonra sərhəd xətti bütün mübahisəli sahələrdə naturaya keçirilsin və gələcəkdə onun pozulmasına yol verilməsin".
Bir qayda olaraq Heydər Əliyevin bioqrafiyasından yazan müəlliflər məsələni axıra qədər aydınlaşdırmadan bundan Vəli Axundova qarşı istifadə edir və yazırlar ki, məhz 1969-cu ildə Əliyevin gəlişindən sonra qeyd edilən sərhəd məntəqəsindən ermənilərə torpaq verilməsi məsələsinə son qoyuldu. Əgər Rusiya Federasiyasının Dövlət Arxivində SSRİ Nazirlər Sovetinin sənədlərinin saxlandığı fondda bu məsələyə aid olan bir sənədə rast gəlməsəydik, ola bilsin ki, bu iddiaların üzərindən sükutla keçmək olardı. Vəli Axundovun 80 illik yubileyində çıxış edərkən Heydər Əliyev özü də bu məsələyə toxunub dedi: “Ermənistan çalışırdı ki, Azərbaycanın Ermənistanla sərhəd rayonlarında bəzi torpaqlarımızı öz torpaqları kimi ələ keçirsinlər. Onlar köhnə xəritələri- 28-ci ilin, yaxud, 29-cu ilin xəritələrini ortaya çıxarmışdılar. İki-üç il danışıqlar getdi. Bu danışıqları tək Vəli Axundov deyil, Məmməd İsgəndərov, Ənvər Əlixanov, ikinci katib Yelistratov birlikdə aparırdılar. Təəssüf ki, bu danışıqlar nəticəsində 1969-cu ilin may ayında Azərbaycanın Ali Soveti elə bir qərar qəbul etmişdi ki, həmin sərhədyanı torpaqlar guya Ermənistana mənsubdur və ona verilməlidir. Mən iyul ayında Azərbaycana rəhbər seçilən kimi bu məsələni bir ay müddətində təhlil etdim və həmin qərardan imtina etdim. Çox çalışdılar ki, bu qərar həyata keçirilsin, lakin mən buna imkan vermədim”.
Bununla belə, proseslərin sonrakı gedişlərinin izlənilməsi məsələnin bir sıra yeni məqamlarını ortaya qoyur. Araşdırmalar nəticəsində müəyyən edildi ki, 1969-cu ilin iyulunda hakimiyyətə gəldikdən sonra Sov.İKP MK katibliyinin qərarı ilə Heydər Əliyev də həmin ilin noyabr ayının 17-də Ermənistan rəhbərliyi ilə bu mübahisə ilə bağlı sənəd imzalayıb. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyan və SSRİ Kənd Təsərrüfatı naziri Vladimir Matskeviç arasında 1969-cu ilin noyabr ayının 17-də imzalanmış 3 bənddən ibarət razılaşmada deyilirdi: "Azərbaycan KP MK, Ermənistan KP MK və SSRİ Kənd Təsərrüfatı Nazirliyi Sov.İKP MK katibliyinin qərarına uyğun meydana çıxmış əlavə halları nəzərə alaraq, Azərbaycan SSR-in Gədəbəy rayonunun və Ermənistan SSR-in Şəmşəddil rayonunun kolxozlarının torpaqdan istifadə haqqında məsələyə baxıb aşağıdakıları qərara alır:
Azərbaycan SSR Gədəbəy rayonunun Tağlar kəndinin gələcək inkişafının olmadığını nəzərə alaraq, iki il ərzində həmin kəndin sakinlərinin Azərbaycan SSR Gədəbəy rayonunun digər yaşayış məntəqəsinə köçürülməsinin məqsədəuyğunluğu qəbul edilsin.
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 1927-1929-cu illərdə müəyyən etdiyi sərhədlərin Azərbaycan SSR-in Gədəbəy rayonun Qaravəllər və Məmmədcəfərli kəndlərinin və Ermənistan SSR-in Şəmşəddil rayonun Ayqedzor kolxozunun istifadə etdiyi torpaqların bilavasitə yaxınlığından keçməsinin gələcəkdə arzuolunmaz insidentə gətirib çıxara biləcəyini nəzərə alaraq, respublika sərhədlərinin Qaravəllər kəndinin şimal-qərb hissəsindən və Məmmədcəfərli kəndinin qərb hissəsindən 46 hektar torpaq sahəsi müvəqqəti olaraq Gədəbəy rayonunun Kalinin adına kolxozuna verilsin. Gədəbəy rayonunun kolxozlarının hazırda istifadə etdiyi Ceyrançöl massivindən 100 hektara qədər qış otlağı müvəqqəti olaraq Şəmşəddil rayonunun Ayqedzor kolxozuna verilsin. Ermənistan SSR və Azərbaycan SSR Nazirlər Sovetlərinə tapşırılsın ki, bir ay ərzində qeyd edilən Gədəbəy rayonunun Kalinin adına kolxozu və Şəmşəddil rayonunun Ayqedzor kolxozu arasında torpaq ayırmalarını rəsmiləşdirsin.
Gələcək insidentlərin aradan qaldırılması üçün respublika sərhədi yaxınlığında inşa edilmiş Ermənistan SSR Şəmşəddil rayonu Ayqedzor kolxozunun mal-qara ağılı Tağlar kəndi köçürüləndən sonra hazırda onun sakinlərinin istifadə etdiyi meşə sahəsinə köçürülsün".
Lakin bir sıra müvəqqəti addımların atılmasına baxmayaraq bu məsələlərin müzakirəsi 1983-1984-cü illərə qədər uzandı. 1983-cü ildə Ermənistan SSR Nazirlər Soveti sədrinin müavini Movsesiyanın SSRİ Nazirlər Sovetinə və 1984-cü ilin fevralında Ermənistan Kənd Təsərrüfatı nazirinin müavini Sadoyanın SSRİ Kənd Təsərrüfatı nazirliyinə şikayətlərindən sonra SSRİ Nazirlər Soveti sədrinin müavini Ziya Nuriyevin tapşırığı ilə məsələ yenidən gündəliyə gəldi və bu da respublikanın Ermənisanla sərhəd olan Qazax rayonunda ciddi sərhəd münaqişəsinə, hətta 1983-cü ilin yazında Azərbaycan hökumətinin yüksək vəzifəli şəxslərinin yerli əhali tərəfindən döyülməsinə gətirib çıxardı. Bununla bağlı Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Şamil Rəsizadə 1983-cü ilin dekabr ayının 22-də və 1984-cü ilin mart ayının 6-da Azərbaycan KP MK-ya məlumat hazırlamışdı. Hər iki məlumatın üzərində MK-nın birinci katibi Kamran Bağırovun dərkənarı vardır.
1968-ci ilin yayında Azərbaycan komsomolunun keçmiş birinci katibi Məsud Əlizadənin prorektor işlədiyi Nərimanov adına Tibb Institutunda öz iş otağında qətlə yetrilməsi əhali arasında çoxlu söz-söhbətin və şayiələrin yayılmasına səbəb olmuşdu. Məsud Əlizadə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin, 1944-cü ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa olunduqdan sonra 1944-1954-cü illərdə Qafqazın VIII Şeyxülislamı olmuş Axund Ağa Əlizadənin nəvəsi idi. 1956-cı ildə Tibb İnstitutunu bitirdikdən sonra həmin institutda komsomol komitəsinin katibi işləyən Əlizadə 1959-cu ildə Nazirlər Sovetinin sədri işləyən Vəli Axundovun təqdimatı ilə 27 yaşında Nazirlər Sovetinin mədəniyyət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Vəli Axundov respublika partiya təşkilatının birinci katibi olandan az sonra, 1960-cı ilin fevralında Məsud Əlizadəni Azərbaycan komsomolunun birinci katibi vəzifəsinə irəli çəkdi. 1960-cı ilin fevral ayının 10-da Moskvadan gələn SSRİ komsomolunun katibi V.Mironenko və Ümumittifaq gənclər təşkilatının təşkilat işləri üzrə məsul nümayəndəsi V.Mironovun iştirakı, Vəli Axundovun sədrliyi ilə keçirilən Azərbaycan komsomolunun birinci plenumunda Məsud Əlizadə birinci, Viktor Popov ikinci, Sərvər Aslanov üçüncü, Rəhilə Rəhimova isə dördüncü katib seçilmişdilər. Elə həmin iclasda yeni seçilən katiblik daxil olmaqla, Bakı Hava Hücumundan müdafiə dairəsinin siyasi şöbəsinin rəisi Boçenkov, Azərbaycan idman cəmiyyətinin sədri İsgəndərov, “Azərbaycan gəncləri” qəzetinin redaktoru Cəmil Əlibəyov, Bakı şəhər komsomol təşkilatının birinci katibi Şerbakov, Naxçıvan vilayət komsomolunun birinci katibi Şəfiyev, Dağlıq Qarabağ vilayət komsomolunun birinci katibi Xaçaturov və Politexnik institutunun komsomol komitəsinin katibi Əliyevdən ibarət Azərbaycan komsomolu Mərkəzi Komitəsinin Bürosu formalaşdırıldı. Məsud Əlizadə çalışqan adam idi. Qısa müddətdə o, Mərkəzin və respublika rəhbərliyinin etimadını doğrultdu, Sovet kommunist partiyası üçün kadr bazası rolunu oynayan SSRİ gənclər təşkilatının rəhbərliyi və aparatı ilə yaxşı əlaqələr yarada bildi. Həmin vaxt Vəli Axundovun dəstəyi ilə Məsud Əlizadə Azərbaycan gənclər təşkilatının mərkəzi aparatında və Bakı komitəsində həlledici postları tutan bir sıra erməniləri tədricən vəzifələrdən uzaqlaşdıra bildi. O, daha çox Azərbaycanın rayonlarından gələn gənclərin komsomolun mərkəzi aparatında yerləşdirməyə üstünlük verirdi. Bununla bağlı işdən uzaqlaşdırılan ermənilər ondan Sovet komsomolunun və dövlətinin rəhbərliyinə şikayət məktubları yazırdılar. 1966-cı ilin martında Məsud Əlizadə Azərbaycan komsomolunun birinci katibi vəzifəsindən azad edilib, Azərbaycan KP MK Bürosunun 2 aprel 1966-cı il qərarı ilə Nəriman Nərimanov adına Tibb İnstitutuna tədris işləri üzrə prorektor vəzifəsinə təyin edildi. Şübhəsiz ki, 6 il respublika gənclər təşkilatına rəhbərlik etmiş bir adam üçün bu elə də yüksək vəzifə deyildi. Ondan əvvəl Azərbaycan komsomoluna rəhbərlik etmiş Əbdürrəhman Vəzirov 1959-cu ildə SSRİ komsomolunun mərkəzi aparatına dəvət edilmiş, 1959-1960-cı illərdə respublikanın birinci komsomolu A.Məmmədov isə Azərbaycan KP MK aparatına rəhbər işə qəbul edilmişdi.
Məsud Əlizadə Tibb Unistitutuna prorektor vəzifəsinə göndərilməsi çoxları üçün gözlənilməz oldu. Çünki 60-cı illərin ortalarında onun haqqında artıq açıq və gizli söz-söhbət yayılırdı və bu söz-söhbətin içərisində Əlizadənin gələcəkdə respublikanın birinci şəxsi ola biləcəyi də istisna edilmirdi. Xüsusilə, vəzifədən getdikdən sonra onun Azərbaycan KP MK üzvlüyünə namizəd kimi saxlanması belə şayiələrin geniş yayılmasına rəvac verirdi. Belə bir şəraitdə Məsud Əlizadə 1968-ci ilin iyul ayının son günlərində günorta vaxtı müəmmalı şəkildə öz iş kabinetində güllələndi.
Maraqlı burasıdır ki, respublika hüquq mühafizə orqanlarının təcili əməliyyat-axtarış işlərinə başlansa da, bir sıra istintaq hərəkətlərinin aparılsa da, qatil tapılmadı və qətlin üstü açılmadı. İyul ayının 29-da Azərbaycan KP MK Bürosu toplanıb Məsud Əlizadənin dəfni ilə bağlı partiya və hökumətin birgə qərarını qəbul etdi. Azərbaycan KP MK-nın ikinci katibi Sergey Kozlov və Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun hazırladıqları qərada Əlizadənin dəfnini təşkil etmək üçün komissiyanın yaradılması təklif edilirdi. Büronun qərarı ilə K.Hüseynov dəfn komissiyasının sədri, R.Abdullayev, S.Cabbarov, E.Əlizadə, X.Həsənov, F.Vəkilov, S.Mustafayev və A.Məmmədov isə komissiyanın üzvləri təsdiq edildilər. Büro qərar aldı ki, Məsud Əlizadə Fəxri Xiyabanda dəfn edilsin və onun dəfn xərcləri dövlət hesabına ödənilsin.

Azərbaycanda Heydər Əliyev erası necə başlandı?

1969-cu il mayın 21-də həmin ilin 4 ayında respublikada sənaye və tikinti işlərinin yekunlarına dair Azərbaycan KP MK Bürosunda geniş müzakirə keçirildi. Bu sahədə müşahidə edilən gerilikdən ciddi narahatlıq keçirən Vəli Axundov iclasda geniş məruzə ilə çıxış etdi. Bir sıra təsərrüfat məsələlərinə, rəhbər işçilərin fəaliyyətindəki tənqidi məqamlara toxunduqdan sonra o, milli kadrların qorunub saxlanmasının zəruriliyini qeyd etdi: “20 ildən artıq davam edən Bağırov rejimi dövründə bizdə, Azərbaycanda özbaşınalıq tüğyan etdi, cüzi günahlara görə, bəzən isə heç bir əsas olmadan ən yaxşı kadrlar məhv edildi. Qorxu, insan ləyaqətinin alçaldılması, haqq-hesab çəkmək, özbaşınalıq həmin dövrün acınacaqlı atributları və iş metodları kimi yaddaşlarda qaldı”.
Axundov xəbərdarlıq edirdi ki, bundan uzaq olmaq, böyük çətinliklər hesabına yaradılmış respublikanın kadr potensialını qoruyub saxlamaq lazımdır. O, qeyd edirdi ki, bəziləri ona barmaq silkələməyi, stol üzərinə yumruq vurmağı, insanları hədələməyi məsləhət görürdü: “Amma yoldaşlar, iyirmi illik Bağırov idarəçiliyinin nəticələri bir daha sübut etdi ki, yumruğa yox, insanların ağlına və zəkasına güvənmək lazımdır”.
Bu sözlər sanki Vəli Axundovun özündən sonrakı hakimiyyətə mesajları idi.
İyulun ilk iki həftəsini Vəli Axundov gərgin iş qrafiki ilə işlədi. İyulun 1-də o, Məmməd İsgəndərov, Ənvər Əlixanov, Sergey Kozlov və Cəfər Cəfərovla birlikdə dünya kommunist və fəhlə partiyalarının iyun ayında Moskvada keçirilmiş beynəlxalq müşavirəsində iştirak etmiş Suriya KP MK-nın baş katibi Xalid Baqdaşı qəbul etdi. 1969-cu il iyulun 3-də Dzerjinski adına klubda bu müşavirənin yekunlarına həsr edilmiş Azərbaycan Partiya fəallarının yığıncağında geniş məruzə ilə çıxış etdi. Müşavirənin yekunlarını qeyd etdikdən sonra o dedi: “Mən Çerkasovun baş rolda çəkildiyi bir filmə baxmışam. Həmin filimdə onun bu sözləri mənim xoşuma gəldi: ”Xeyirxahlıq etməyə tələsin”.
Bu süjet həmin anda Vəli Axundovun ovqatına çox uyğun idi. Artıq onun respublika rəhbəri postundan azad edilməsinə 10 gündən də az vaxt qalırdı. İyulun 7-də o, Moskva müşavirəsində iştirak etmiş Monqolustan Xalq İnqilab Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Monqolustan Nazirlər Şurası sədrinin müavini D.Madyar başda olmaqla, Monqolustan nümayəndə heyətini qəbul etdi. İyulun 8-də Azərbaycan KP MK-nın bürosu keçirildi və iclasda Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizə aparmış şəxslərin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul edildi. Həmin şəxslərin 53 nəfərlik bir siyahısı tərtib edilmişdi və əsasən azərbaycanlılardan ibarət olan həmin siyahı İbrahim Əbilovla başlayıb, Ağababa Yusifzadə ilə qurtarırdı.
Maraqlıdır ki, Seyid Cəfər Pişəvərinin adı da həmin siyahıda var idi və orada onun adına küçə verilməsi, vaxtilə Bakıda yaşadığı evə xatirə lövhəsi vurulması təklif edilirdi. İyulun 9-da isə Azərbaycana Suriya Ərəb Respublikasının dövlət başçısı Nurəddin Atasi başda olmaqla, Suriya partiya və dövlət nümayəndə heyətinin səfəri başlandı. Həmin vaxt Suriya müdafiə naziri Hafiz Əsəd də nümayəndə heyətinin tərkibində idi. İyulun 10-da Axundov və Məmməd İsgəndərov 1966-cı ildən Suriya dövlətinə başçılıq edən Nurəddin Atasinin şərəfinə ziyafət verdilər. Ziyafətdə Vəli Axundov geniş nitq söylədi.
Nəhayət, 1969-cu il iyulun 14-də səhər Azərbaycan Elmlər Akademiyasının ümumi yığıncağı keçirildi və Vəli Axundov Akademiyanın vitse-prezidenti seçildi. Günün ikinci yarısında isə Sov.IKP MK katibi İvan Kapitonovun iştirakı ilə Azərbaycan KP MK-nın plenumu işə başladı. On illik səmərəli fəaliyyətinə görə Vəli Axundova təşəkkür edən Kapitonov yeni birinci katib vəzifəsinə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyevin namizədliyini irəli sürdü və açıqca dedi ki, bu Sov.IKP MK-nın və Sovet rəhbərliyini fikridir.
Əlbəttə, Vəli Axundov vəzifədən gedəcəyini bilirdi, lakin son günlərə qədər onu DTK-nın sədri Heydər Əliyevin əvəz edəcəyini təsəvvür etmirdi. Kommunist partiyasının kadr siyasətində büro üzvü, KP MK-nın üzvü olmayan şəxslərin birinci katib postuna seçilməsi demək olar ki, mümkünsüz görünürdü. Heydər Əliyev isə həmin vaxt tutduğu vəzifəyə görə Azərbaycan KP MK-nın üzvlüyünə namizəd idi. Ona görə də, yeni namizəd barədə rəyi soruşulanda Axundov Azərbaycan KP MK-nın katibi Əli Əmirovun namizədliyi üzərində dayanmışdı. Texnika elmləri doktoru olan Əli Əmirov ixtisas etibarı ilə neftçi idi və Azərbaycan KP MK-nın sənaye və tikinti məsələləri üzrə katibi idi. 1962-ci ili fevralında Ənvər Əlixanov Nazirlər Sovetinin sədri seçildikdən sonra Axundov onu Mərkəzi Komitə katibi vəzifəsinə irəli çəkmişdi. O, 1971-ci ilin mart ayına qədər bu vəzifədə işlədi və sonra yenidən Azneft sisteminə qayıtdı.
Moskvada birinci katib vəzifəsinə bir neçə nəfərin namizədliyi müzakirə edilmişdi. İlk söhbətə çağrılanlardan biri Bakı Hərbi dairəsi Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Hüseyn Rəsulbəyov idi. Əslində birinci söhbətə Rəsulbəyovun dəvət edilməsi, Sovet rəhbərliyinin yüksək rütbəli hərbçini MK-nın birinci katibi vəzifəsinə namizəd kimi Moskvaya çağırması artıq onların kadr seçimində məqsəd və məramından xəbər verirdi. Söhbət vintləri bərkitməkdən, “Praqa baharı”ndan sonra narahat görünən Azərbaycanı ram etməkdən gedirdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov, respublika Nazirlər Sovetinin sədri Ənvər Əlixanov da birinciliyə iddialı şəxslər idilər. Xüsusilə, Siyasi Büroda yaxşı əlaqələri olan Məmməd İsgəndərov daha şanslı görünürdü və o, son 15 ildə MK katibi, respublika Nazirlər Sovetinin sədri vəzifəsində çalışmış, dəyişiklik zamanı isə Ali Sovetin Rəyasət Heyətinin sədri postunu tuturdu. 14 iyul plenumunu Vəli Axundov açıb sözü Sov.IKP MK katibi İvan Kapitonova verdi. O, çıxışında dedi: “Axundov respublika iqtisadiyyatının və mədəniyyətinin inkişafı, təşkilatı partiya və ideoloji işin yaxşılaşdırılması üçün az qüvvə sərf etməyib və mümkün olan hər şeyi edib. Son vaxtlar yoldaş Axundovun səhhəti pisləşdiyindən, o, özü də başa düşür ki, onun sağlıq durumu Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində böyük və mürəkkəb işləri yerinə yetirmək üçün çətinlik törədir. Bununla əlaqədər o, Sov.IKP-ya müraciət edərək, elmi işə keçirilməsini xahiş edib. Sizə məlumdur ki, yoldaş Axundov çoxdan elmə meyl göstərir, o, tibb elmləri doktoru, professordur. Sov.İKP MK yoldaş Axundovun xahişinə qayğı ilə yanaşıb. Bildiyiniz kimi, o, bu yaxınlarda akademik seçilib, Elmlər Akademiyasının bugünkü ümumi iclasında isə Azərbaycan Elmlər Akademiyasının ümumi məsələlər üzrə vitse-prezidenti seçilib”.
10 illik səmərəli fəaliyyətinə görə Kapitonov Vəli Axundova təşəkkür etdi. Sonra isə Moskvanın adından o, DTK-nın sədri Heydər Əliyevin birinci katib vəzifəsinə namizədliyini irəli sürdü.
Kapitonovdan sonra söz alan Vəli Axundov haqqında deyilən xoş sözlərə görə Moskvanın nümayəndəsinə öz minnətdarlığını bildirdi: “On il ərzində respublikaya rəhbərlik etmək mənə və bizim partiyanın Mərkəzi Komitəsinə etibar edilməsindən qürur hissi duyuram. Bu, mənim həyatımın ən yaxşı illəri olub, mən bununla fəxr edirəm və bu etimada görə sağ olun”.
MK-nın birinci katibi vəzifəsinə yeni namizədə gəlincə, Vəli Axundov dedi: “Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yaxşı birinci katibi olmaq üçün bütün xüsusiyyətlərə – həm siyasi, həm işgüzar xüsusiyyətlərə malikdir. O, qısa müddətdə böyük həcmdə işi mənimsəmək üçün kifayət qədər savadlı, məlumatlı, hərtərəfli hazırlıqlıdır, o dərəcədə obyektivdir ki, bütün kadrlara eyni gözlə baxa bilər. Azərbaycanda isə kadr məsələsi, əgər keçmişi və indini nəzərə alsaq, həlledicidir. Biz onu vicdanlı, ləyaqətli kommunist kimi tanıyırıq. Dzerjinski deyirdi ki, ”çekistin isti ürəyi, aydın ağlı və təmiz əlləri olmalıdır”.
Respublika KP MK-nın 14 iyul plenumunda “Azərbaycan KP MK-nın birinci katibi haqqında” məsələ müzakirə etdikdən sonra 4 bənddən ibarət qərar qəbul edildi. Orada göstərilirdi: “Səhhəti ilə bağlı və Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti seçilməsinə görə yoldaş V.Y.Axundovun Azərbaycan KP MK-nın birinci katibi və KP MK Bürosunun üzvlüyündən azad edilməsi haqqında xahişi təmin edilsin; Yoldaş H.Ə.Əliyev Azərbaycan KP MK üzvlüyünə namizədlikdən üzvlüyə keçirilsin; Yoldaş H.Ə.Əliyev Mərkəzi Komitənin birinci katibi və Azərbaycan KP MK Bürosunun üzvü seçilsin; Bu qərarın təsdiq edilməsi Sov.İKP MK-dan xahiş edilsin”.
Plenumun qərarlarını MK-nın ikinci katibi Sergey Kozlov imzaladı. İclasın sonunda Kozlov təklif etdi ki, Axundovun səhhətinə görə birinci katib vəsifəsindən azad edilməsi məsələsi ictimaiyyət üçün verilən rəsmi informasiyada göstərilməsin. Plenum üzvləri buna razılıq verdi və həmin axşam radio və televiziyada bir gün sonra mətbuatda gedən məlumatlarda göstərildi ki, iyulun 14-də Azərbaycan KP MK-nın plenumu keçirilib. Plenum təşkilati məsələləri müzakirə edib və V.Axundovu Azərbaycan SSR Elmlər Akademiyasının prezidentinin müavini seçilməsi ilə əlaqədar Azərbaycan KP MK-nın birinci katibi və büro üzvlüyündən azad edib.
Plenumdan az sonra- iyulun 21-də Azərbaycan KP MK bürosu Axundovun birinci katib olarkən istifadə etdiyi tibbi və məişət xidməti təminatının onun üçün saxlanması haqqında qərar qəbul etdi. Bununla da respublikanın siyasi həyatında artıq tarixə çevrilmiş Axundov dövrü başa çatdı və Əliyev erası başlandı.

azadliq.info

Комментариев нет:

Отправить комментарий