06.03.2017

Dəmir Adam - Nazarbayevin portret cizgiləri

Həmid Herisçi

Türk dünyasının ağsaqqalı Xaqan adına layiqdir

Çinlilərin “Tan-şu” salnaməsini əgər vərəqləsəniz, görərsiz ki, dəmirəritmə peşəsi, prosesi, presi elə lap əvvəldən türklərə... bəli, məhz türklərə məxsus bir sənətmiş. Qədim türk xaqanı Aşina, tabeçiliyindəki 500 ailənin çörək pulunu məhz poladəritmədən çıxarırmış.
Əhvalat belə baş verir: düşmənlərdən qurtulan yeddi-səkkiz ailə qaçıb bir mağaraya sığınır. Qaçqınları labüd ölümdən, ac-susuzluqdan gəlib bir yalquzaq dişi boz qurd xilas edir. Qurd südü əmmiş bu nəsildən sonra 500 ailə törəyib Aşina adlı bir xana tabe olurlar. Dəmirdən xırda-mırda əşyalar düzəldib birtəhər baş girləyirlər özləri üçün. Aşina bu poladəritmə prosesini intensivləşdirir lap. Girişir qılınc, qalxan, ox ucları və sair və ilaxır hərbi ləvazimatlar istehsalına. Nəticədə çox keçmədən ətraf xalqları, ulusları özünə tabe edərək uca Xaqan titulunu qazanır.
Dediyim əfsanə Qurani-Kərimin 18-ci “Əl-Kəhv” surəsi ilə də təsdiqlənir. Həmin surədə mağaraya sığınmış “Yeddi kimsənə”nin dərin yuxusunu qoruyan Qıtmır adlı bir köpəkdən (bozqurdan?) də danışılır, Aşinanı xatırladan Zülqərneyn adlı bir hökmdardan da. Surənin bu cümlələri isə “Tan-şu” əfsanələri ilə demək olar eynidir: “Dedi- ”Mənə dəmir parçaları gətirin!" Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda “körükləyin!” dedi. Dəmir közərən kimi “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”- dedi" (Qurani-Kərim, 18/96, 97).
Zülqərneyn, bax bu cür hərəkət edərək öz əlacsız xalqı üçün əlçatmaz hündür müdafiə istehkamları qurur. Vəhşi Yəcuc-Məcuc tayfalarının labüd, qaçılmaz işğalından xilas edir öz zavallı millətini.
Hər iki oxşar əfsanəni öz həyatında, əməllərində təkrarlayan bircə hakim, ölkə başçısı tanıyıram mən bu dünyada. İstəyirəm indi həmin mükəmməl, möhtəşəm şəxslə sizləri yaxından tanış edim.
***
Ən çox sevdiyi əsər Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanıdır. Bədən quruluşu, fiziki göstəriciləri ilə elə lap uşaqlıq günlərindən digərlərindən xeyli seçilib. Gərilmiş əzələlərini görsən, deyərsən bədəni poladdan tökülüb sanki. Poladəritməyə məhəbbəti lap gənclik günlərindən başlayır. Komsomol çağırışı ilə Temirtau poladəritmə karxanasına gəlincə day bir də domna sobası önündən ayrılmayıb. “Domna sobası kürəçisi”, “marten sobası poladəricisi” sənətinə elə buradaca, qaynar-qızmar poladəritmə sexlərində yiyələnib. Əlində uzun dəmir maşa, domna sobaları önündə aylarla, illərlə dayanıb. İxtisasını artırmaq günü gələndə uzaq Ukraynaya getməkdən əsla çəkinməyib.
Adı Nursultan, soyadı Nazarbayevdir bu müasir Aşinanın.
Sovet vaxtları ən yüksək maaş bilirsizmi kimlərə verilirdi, hə? Dəmirəridənlərə. Xüsusən domna sobası önündə, dözülməz cəhənnəm istisinin düz qarşısında saatlarla durub ölkəni bax bu vacib strateji məhsulla təmin edən sosialist əməyi qabaqcıllarına.
Nursultan Nazarbayev vaxtilə belə öncüllərdən biri, bəlkə də ən birincisi olub büs-bütün SSRİ ərazisində.
***
1940-cı ilin 6 iyul tarixində Qazaxıstanın, Turanın düz göbəyində, qaramat bir qışlaqda deyil, ürəkaçan Uşkonur yaylağında doğulmuş Nursultan Nazarbayev Abiş oğlu elə ilk günlərdən başlayaraq taleyin sərt imtahanlarına məruz qalır.
Ancaq... ancaq, əvvəldən bir xoş bəxti, necə deyərlər naxışı da olur bu qürurlu, dikbaş oğlan uşağının. Anadangəlmə fiziki gücü ona imkan verir ki, giclərə, axmaqlara anında sərt cavab qaytarsın. Nursultanın bircə dəmir yumruğu, yaxud kəlləsi bəsmiş ki, rəqiblərini tirtap yerə uzatsın. Biləndə ki, bəs uzaq Qaraqandada, yəni Qarakənddə “Temirtau” metallurgiya kombinatı tikilir, orda gənc metallurqlara çox yüksək maaş verirlər, heç nə, Nursultan bir yerdə dinc dayanmır day. Gəlib bu zərbəçi komsomol tikintisində domna sobasının önünü kəsdirir. Aldığı yüksək maaşın az qismini, qəpik-quruşunu cibində saxlayır, qalanını göndərir öz əziz valideynlərinə- anası Aljan xanıma, atası Əbiş kişiyə. Dəmirəritmə sirlərinə o vaxt bircə ünvanda- Ukraynanın Dneprodzerjinsk şəhərində yiyələnmək mümkündür deyə, Nursultan qərara gəlir növbəti dəfə məhz orda sınasın öz dəcəl bəxtini.
***
Komsomol xətti ilə Dneprodzerjinskiyə göndərilən Nursultana fəhlə yataqxanasında kiçik bir hücrə ayırılar. Cırıltılı dəmir çarpayı... masa üstə tinli yonma stəkan... Nəm yorğan-döşək... Tozlu pəncərəni bəzəyən sadə çit pərdə... Bir sözlə, subay həyatın qəmli, sevincli mənzərələri.
Metallurq xoxollar sən demə, çox tərs, zarafatcıl adamlarmış. Gənc kadrlara yuxarıdan aşağı baxar, yeri gəldi-gəlmədi onlara öz tərs sifətlərini göstərədilər. Belələrindən biri- Nikolay Litoşko adlı nəhəng pəhləvan bir dəfə sataşır Nursultana, iki dəfə... Görür daşdan səs çıxır, ancaq bu qazax balasının cınqırı belə çıxmır onun şit zarafatlarına qarşı. Növbəti dəfə Nikolay öz cızığından çıxarkən Nursultanın üzü bozarır. Qaşları düşür düyünə. Rəqiblər qərara gəlirlər idman meydançasında həll etsinlər aralarındakı bütün umu-küsüləri. Cəmi üçcə dəqiqə Nursultana bəs edir ki, bu “Mikola”nı kürəyi üstə yerə çırpsın.
Ancaq bu andan etibarən onların rəqabəti qarşılıqlı hörmət hisləri, bir növ xalqlar dostluğu ilə əvəzlənir. Litoşko Mikola ilə Nursultan Nazarbayev döyüşdən sonra bir-birilərinin isti ovuclarını sıxıb dönüb olurlar bir almanın iki parçası. Domna, marten sobaları önündə qazandığı bütün zəngin təcrübəsini Mikola öz həmkarı Nursultana halal edib birdəfəlik sakitləşir. Day qəmiş qoymur bu badamgöz qazax balasına.
1959-cu ildə SSRİ Həmkarlar İttifaqı domnaçılar arasında sosialist yarışına start verərkən Nursultan hiss edir ki, bu şansı əldən buraxmaq olmaz. Yarış 1960-cı ildə Temirtauda ilk domna sobasının açılışı ilə nəticələnib növbəti orden-medallarla bəzəyir Nursultanın polad sinəsini.
Domna, marten sobaları önündə saatlarla durub polad əritmək, maye qızmar dəmirdən öz gözlərini qara şüşə eynəklər arxasında qorumaq bacarığı sizə indi zarafat görünməsin. SSRİ-də ən yüksək maaşla, bəzən hətta 7-8 min rubl pulla mükafatlandırılan bu poladəritmə mütəxəssisləri barmaqla sayılan qədər az idilər. Belələri dövlət tərəfindən qorunur, fotoları fabrik girəcəklərindəki şərəf lövhələrini, “Pravda”, “İzvestiya” kimi gündəlik paytaxt qəzetlərinin ön səhifələrini bəzəyirdi. Nazarbayev də belələrindən biri, bəlkə də ən məşhuru idi ucsuz-bucaqsız SSRİ ərazisində.
***
Domna, marten sobalarının qızmar məşəli, müəyyən bir hərarət şkalası üzrə yuxarı qalxıb day bir də nə aşağı enməli, nə də sönməlidir. Məşəl söndüsə, texniki qəza baş verdisə, bil, sən buna başınla cavabdehsən.
Günlərin biri dəlisov həyat Nazarbayevi bax bu cür imtahana çəksə də, axırda ona ailə xoşbəxtliyi də bəxş etməyi unutmur. Əhvalatı gəlin sizə burda bir azacıq xırdalayım.
***
O gün, lap bəri başdan, ertədən işlər nəsə düz gəlmir deyə Nazarbayev bərk səksəkəli, xoflu idi.
Qəfil bütün sexdə bərk vurnuxma, hərəkət, canlanma baş verdi. Xəbər gəldi bəs domna sobasından polad məhlulu qəliblərə tökərkən qəza törəyib öz-özünə. Qalıblar çartlayıb, qızmar polad məhlul bütün əraziyə yayılıb.
Nazarbayevin soba önündə bu qəza ilə təkbaşına döyüşünü o vaxt çoxları kənarda dayanıb izləyirdilər. İzləyicilər arasındakı Sara adlı bir qızcığaz o vaxt sakit qala bilmir bu vahiməli mənzərəyə qarşı. İlk fürsət tapınca domna sobasının altına keçib oradakı Nursultana ilk yardım əlini uzadır. Tərini silir alnından... İçməyə bir fincan su gətirir özü ilə ora...
Göz qamaşdırıcı alov şölələri arasından bu qızın gözəl çöhrəsini görmək çətin olsa da, 25 yaşlı Nazarbayev qəfil geri qanrılarkən buna birtəhər müvəffəq olur. Ürəyinin dərinliyində qərara gəlir ki, qəzadan sağ çıxarsa, mütləq öz həyatının qalan hissəsini bu dəli afətə tapşırsın. Alov qarşısında verilən bu and beş-altı dəqiqə sonra özünü tam doğruldur. Polad soyuyur. Əvəzində iki nəfərin ürəyinə sevgi qığılcımları səpələyir. Nursultan əlindəki uzun dəmir maşanı, nəhayət, yerə ataraq kürəklərini soyuq divarların birinə söykəyir. İlk dəfə öz gələcək taleyi barədə dərin xəyallara dalıb durduğu yerdəcə, elə ayaq üstə şirin yuxuya dalır...
Qəzadan az sonra xudmani fəhlə kafesində kiçik komsomol toyu baş tutur. Qara kostyumlu Nursultan qazax dombrasını dizi üstə basıb “Aday” təranəsini səsləndirir bu kafedə. Sara ağ gəlinlik libasında məclisin o başından bu başına su pərisi kimi süzür.
***
Evliliyindən sonra Qaraqanda Politexnik İnstitutunun qiyabi şöbəsini əla qiymətlərlə başa vuran Nursultan tezliklə partiya işinə dəvət alır. Karyera pilləkanında kosmik sürətlərlə yüksələrək tezliklə Dinməhəmməd Kunayevin- o vaxtkı Qazaxıstan rəhbərinin tam rəğbətini, etimadını qazanır.
Temirtau metallurgiya kombinatının o vaxtlar 30 minlik çox tərs fəhlə kollektivi vardı. Hər partokratın işi deyildi bu nəhəng kollektivdə partiya rəhbəri vəzifəsinə gəlsin. Hadisələrin sonrakı gərgin cərəyanını öyrənmək istəyirsizsə, Nazarbayevin mükəmməl “Qazaxıstanın dəmir profili” əsərini vərəqləyin. Poladəritmənin bütün incəliklərini özündə əhatə edən bu əsər, müasir kommersiya tələblərinə də tam cavab verir. Oxucu bu kitabdan sonra əsl poladəritmə menecerinə çevrilib dünyanın istənilən nöqtəsində poladəritmə prosesi qura bilər.
***
İstehsalat uğurlarının sorağı axır gedib çatır Moskvaya. Nazarbayevə respublika rəhbərliyini etibar edən Kreml sonra lap dərinə gedir. Yenidənqurmanın lap axır günlərində istəyir SSRİ-ni MDB-yə çevirib rəhbərliyini Nazarbayevə tapşırsın. Ancaq Yeltsin bundan bərk hürkərək hadisələri qabaqlayır. SSRİ-ni buraxıb MDB-ni oyuncaq bir quruma çevirəndə Nazarbayevin sərt sifətini görür öz qarşısında. Lal-dinməzcə Nazarbayevə başa salır ki, türk-slavyan birliyinin ünvanı burda deyil.
Ancaq zaman özü indi Nazarbayevin bu Avrasiya modelini həyata keçirməyə başlayıb sanki. Məlum təyyarə böhranından sonra Putinlə Ərdoğanın arasını düzəldən Nazarbayev prosesi taleyin ixtiyarına buraxmağa tələsmir. Vaxtilə domna sobasını körüklədiyi kimi indi bu prosesi körükləyir. Bilir ki, bu domna sobasının istisinə başına tezliklə çoxları toplanacaq.
Azərbaycan maraqlarını həmişə yüksək səviyyədə müdafiə edən Nazarbayev qoy özünü tək hiss etməsin. Türk dünyasının bu ağsaqqalı indi Xaqan adına tam layiqdir.
Xaqanlığa gedən uzun yol isə həmişə yüksək keyfiyyətli polad istehsalından başlayır.

musavat.com

Комментариев нет:

Отправить комментарий