Dərdi çəkəndə də elə çəkərəm,
Sürünə-sürünə gələr dalımca.
Əlli il uzaqda bir uşaq qalıb,
Yetim quzu kimi mələr dalımca.
Bu fani dünyaya tərsə gəlmişəm,
Boğulub hikkəyə, hirsə, gəlmişəm.
Elmimi az görüb, dərsə gəlmişəm,
"Yox"lar arxasınca, "hə"lər dalınca...
Hərçənd, dağlar boyda kədərik, qəmik,
Rəfail, demə ki, dərdə məhrəmik.
Dünya ac canavar, biz ona yemik,
Biz bura gəlmişdik nələr dalınca?...
Комментариев нет:
Отправить комментарий